Tarixin hər bir zaman kəsiyindəki fikir və ideyalar, həmin dövrün ictimai-siyasi həyat şərtləri, düşüncə tərzi insan hüquqlarının formalaşmasına öz təsirini göstərmişdir. Bu səbəbdən, bir dövrün insan hüquqlarına dair meyarları, düşüncə səviyyəsini və qəbul edilmiş prinsipləri ondan əvvəlki, yaxud sonrakı dövrlərin insan hüquqlarına aid baxışlarla eyniləşdirmək olmaz. Müasir dövrdə insan hüquqlarının mahiyyəti və bu hüquqların müdafiəsi üçün işlənilib-hazırlanmış müdafiə mexanizmlərinin, əvvəlkilərə nisbətən, kifayət qədər mütərəqqi və effektli olduğu danılmazdır.
Ə.Abbasov yazır: "Digər bir məqam insanın dövlətə münasibətləri müstəvisində vətəndaş kimi insan hüquqların subyektivliyindən irəli gəlir. Bu, dövlətlərin konstitusiyalarında, digər hüquq və normativ aktlarında, beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş və daha çox sosial-siyasi məzmun daşıyan hüquq və azadlıqlardır. İctimai praktikaya nəzər salsaq, görərik ki, ayrı-ayrı dövlətlərdə insan hüquqlarının və azadlıqlarının çərçivəsi (şərhi) müxtəlifdir. Bir dövlətdə insan hüquqlarının pozulması bəzən digər dövlətdə hüquq pozuntusu hesab edilmir. Ümumi olaraq, qeyd etməliyəm ki, insan hüquqları müasir dövrdə, elə bir səviyyəyə gəlmişdir ki, artıq bu ifadə altında bütün dövlətlərdə eyni hüquqlar başa düşülməkdədir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində insan hüquqlarının ayrı-ayrı şəxslərə fərqli həcmlərdə şamil edilməsi deyil, bu hüquqların hamıya eyni həcmdə və eyni dərəcədə aid olması nəzərdə tutulur. Deməli, insan hüquqlarının coğrafi və mədəni mənsubiyyətindən, ictimai və siyasi quruluşundan asılı olmayaraq, bütün dövlətlərdə, birmənalı anlaşılması bu hüquqların beynəlxalq xarakter daşıdığını sübut edir.
Bir sıra tədqiqatçılar fərdlərin daxil olduğu "şəxslərsə mindən", "müxtəlif qruplar", "hüquqi şəxslər" "qaçqınlar" "immiqrantlar" "konfessional birliklər", "icmalar" "etnik qruplar" və "xalqlar" kimi kollektiv subyektlərin hüquqlarından danışılmasının zəruriliyini qeyd edirlər".
İnsanlar, həm müstəqil fərd olaraq, həm də cəmiyyətin üzvü kimi insan hüquqlarına malik olurlar. Məsələn, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində 29.1-ci maddəsində deyilir: "Hər bir insan cəmiyyət qarşısında borcludur, çünki şəxsiyyətinin azad və tam inkişafı yalnız cəmiyyətdə mümkündür".
Müəllifin qeyd etdiyi kimi, ümumiyyətlə, şəxs dedikdə, hüquqları ictimai praktikada reallaşan ictimai varlıq başa düşülür. Cəmiyyətdən və bütünlüklə, sosial-siyasi mühitdən təcrid edilmiş fərd öz hüquqlarının reallaşması imkanından məhrum edilmiş olur. İnsan hüquqları sosial-siyasi, iqtisadi və mədəni münasibətlərdə reallaşdığından bu münasibətlərdəki demokratik prinsiplərin (qanunun aliliyi, azad seçkilər, fikir azadlığı, bazar iqtisadiyyatı və yaxşı idarəçilik və s.) mövcudluğu insan hüquqlarının ən yüksək səviyyədə təmin olunması ilə nəticələnir.
Çox hallarda insan hüquqları dövlətin yeritdiyi, dövlət və qeyri-hökumət təşkilatlarının formalaşdırdığı bir fəaliyyət sahəsi hesab edilərək, qanunverici orqan tərəfindən qəbul olunmuş qanunlardan və dövlətin öz üzərinə götürdüyü beynəlxalq sazişlərdən irəli gələn öhdəliklər kimi qəbul edilir.
Akademik Ramiz Mehdiyev öz əsərlərində, o cümlədən, "Demokratiya yolunda: irs haqqında düşünərkən" kitabında dönə-dönə vurğuladığı bir fikir var. Həqiqi demokratiya, insan hüquqları monomərkəzdən ixrac olunan və "hamılıqla qəbul edilmiş standartlar" kimi xalqlara və cəmiyyətlərə yeridilən sxem-proyektilərlə ziddiyyət təşkil edir - həm məntiq, həm də reallıq baxımından demokratiya və insan hüquqları spesifikadan, o cümlədən, milli-mədəni, irsi-tarixi, dini səciyyədən kənarda mümkün deyildir. Bəlkə də bu səciyyənin vacibliyini dərindən anlayaraq, Bernard Şou deyirdi: demokratiyanın səviyyəsi toplumun "insan materialı"ndan yüksək ola bilməz.
Digər tərəfdən, qeyd etmək lazımdır ki, dövlətin fərd qarşısında öhdəlikləri vardırsa, fərdin də dövlət qarşısında vəzifələri vardır. Belə qarşılıqlı hüquq və vəzifələrin mövcudluğu fərd - dövlət münasibətlərindən daha mütərəqqi olan vətəndaş-dövlət münasibətləri ilə xarakterizə olunur. Təbii ki, vətəndaş dövlətdən təmin olunmasını tələb etdiyi hüquqlarının müqabilində dövlətə şərəf və ləyaqətlə xidmət etməlidir.
Hüquqların hüdudlarının müəyyən olunması çox önəmlidir. İnsan hüquqlarının hüdudları, əsasən, beynəlxalq hüquqi sənədlərdə və dövlətlərin normativ-hüquqi aktlarında təsbit olunur.
Ə.Abbasov yazır: "Tarixin bütün mərhələlərində azadlıq və bərabərlik prinsipləri uğrunda fərd - dövlət və vətəndaş - dövlət müstəvilərində mübarizənin şahidi ola bilərik. Bu iki prinsip insan hüquqlarının ınkişafında fundamental rola malik olmuşdur. İnsan özünü dərk etdiyi gündən bəri daim azad olmağa can atmışdır. Bu, insanın ali varlıq kimi mahiyyətindən irəli gəlir. Azad olmayan insan heç bir hüququnu reallaşdıra bilməz. Azad olmaq və ya azadlığa nail olmaq insan üçün başlıca məqsəddir. Lakin insan, azadlığının sonsuz olmadığını, bu azadlığın digər insanların azadlığı ilə ahəngdə reallaşmasını dərk etməlidir. Şübhəsiz, əgər insan öz azadlıq həddini aşarsa, o, cəzalandırılaraq azadlıqdan məhrum edilə bilər. Bəs azadlıq nədir? Onun sosial-fəlsəfi mahiyyəti nədən ibarətdir? Bu istiqamətdə aparılan araşdırmalar və təhlillər yekdil bir fikir formalaşmamış, əksinə, fikir mtixtəlifliklərini dərinləşdirmişdir. Bu məsələ ilə əlaqədar Ş.Monteskye vaxtilə demişdir: "Başqa heç bir söz azadlıq qədər fərqli mənalar verməmiş və fikirlərdə müxtəlif şəkillərdə iz buraxmamışdır". J.J.Russo "İctimai müqavilə" əsərini, demək olar ki, "insan azad doğulur, amma hər yerdə əlləri bağlanmışdır" fikrinin aydınlaşdırılmasına həsr etmişdir. Bu sahədə yazılmış əsərlər sırasında görkəmli mütəfəkkir C.S.Millin "Azadlıq haqqında" məşhur əsərini qeyd etmək olar. Azərbaycanm tanmmış yazıçı və filosofu M.F.Axundov "Con Stüart Mill "Azadlıq haqqında" və "Kəmalüddövlə məktubları" adlı əsərlərində azadlıqla əlaqəli fikirlərini ifadə etmişdir.
Bir sıra yazılarımda, o cümlədən, "İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə" kitab da mən dahi alman filosofu G.V.Hegelin azadlıq probleminin öyrənilməsinin və dərin fəlsəfi təhlilinin möhtəşəm müəlliflərindən biri olduğunu əsaslandırmışdım. Tarix boyu mövcud olmuş və əksəriyyət tərəfindən qəbul edilən ağa-qul münsibətlərinin hüquq, ali dövlət və vətəndaş cəmiyyəti ilə bir araya sığmayan hal hesab edən Hegel yazırdı: "Ümumiyyətlə, insan yalnız varlıq kimi hüququn predmeti olur. Hüququn əsasında ayrıca götürülmüş adamın azadlığı dayanır və hüquq ondan ibarətdir ki, mən başqaları ilə azad varlıqlar kimi davranıram. Zəka hüququn gözlənilməsini tələb edir. Hər bir kəs mahiyyətcə azad insandır...başqasına hörmət etmək - deməli, özünə hörmət etməkdir. Məhz bu, ona gətirib çıxarır ki, bir insanın haqqının pozulması ilə hamı təhqir olunur."
Hegelə görə hüququn əhəmiyyəti ondan ibarətdir ki, hər kəs digəri ilə hesablaşmalı və onunla bir azad varlıq kimi rəftar etməlidir. Bir insanın başqa bir insanın azadlığını məhdudlaşdıran və ya bu azadlığı etiraf etməyən əməli hüquqa zidd olacaqdır. Onun verdiyi tərifə görə, "dövlət - hüquqi münasibətlərdə olan insanların cəmiyyətidir ki, burada insanlar öz təbii meyillərinə və hisslərinə uyğun hansısa fərdi-təbii münasibətlər hesabına yox, şəxsiyyətlərinin təsdiq (etiraf) edilməsinə görə, bir-birləri üçün əhəmiyyətli olurlar."
Hegel özünün məşhur əsərlərindən olan "Ruhun fəlsəfəsi"ndə qeyd edir: "Bir insanın azadlığının digərində olması bu insanları daxilən birləşdirir. Əksinə, tələbat və ehtiyac onları yalnız zahirən bir yerə yığır. Ona görə də insanlar çalışırlar ki, bir-birində ölərini tapsınlar. Lakin bu, o vaxta qədər baş verə bilməz ki, onlar öz təbiiliklərində, bilavasitəliklərində qalırlar, çünki bu sonuncular, məhz o şeylərdir ki, insanları aralayır və birinin başqasına münasibətində azad olmasına maneə yaradır. Ona görə də, azadlıq, tələb edir ki, özünü dərk edən subyekt həm öz təbiiliyinin üzə çıxmasına yol verməsin, həm də digərlərinin təbiiliyinə dözümlülük göstərməsin. Beləliklə, azadlıq yalnız mübarizə vasitəsilə qazanıla bilər".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru