Qloballaşma prosesi, insanların öz hüquqlarına daha çox mülkiyyəti kimi baxması və onları tələb etməkdən çox qorumağa can atması, sivilizasiyalararası dialoq və fikir ayrılıqları, vətəndaş cəmiyyəti və dözümlülük məfhumlarının funksional meyarlara çevrilməsi insan hüquqları sahəsinə də təsir göstərmişdir. "Vətəndaş cəmiyyəti" anlayışının fəlsəfi və tarixi əsasları nisbətən yaxın dövrlərə təsadüf edir. Avropada (xüsusən, Qərbi Avropada) ictimai şəkildə yaşamanın necə mümkün olduğunu aydınlaşdırmaya istiqamətli analitik bir vasitə olaraq ortaya çıxan vətəndaş cəmiyyəti məfhumu, müxtəlif mərhələlərdən keçərək, özünün müasir anlamına çatmışdır.
Fəlsəfə elmləri doktoru Ə.Abbasov yazır: "Müasir dövrə xitabən vətəndaş cəmiyyətinə belə bir tərif vermək oiar: azad fərdlərə və onların arasında könüllü formalaşan birliklərə istinad edən, dövlətlə münasibətdə muxtariyyəti olan, dövlət ilə özəl sfera arasında duran, üfüqi və qeyri-formal münasibətlərin xarakterik olduğu, insana öz azadlığını və mənafeyini həyata keçirmək imkanının yaradılmasını öz məqsədi sayan mütəşəkkil bir ictimai instituta vətəndaş cəmiyyəti deyilir. Azad fərdin haqq və mənafelərinin üstün tutulması vətəndaş cəmiyyəti üçün səciyyəvi olan fundamental subyekt və qurucu ünsürdür. Bu baxımdan, demokratiya və hüquqi dövlət vətəndaş cəmiyyəti üçün həm ehtiyac, həm də zəruri şərt olan anlayışlardandır. İnsan hüquqları nöqteyi-nəzərindən, vətəndaş cəmiyyətinin mahiyyəti ondan ibarətdir ki, insan ən üstün dəyər sayılır, onun hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin olunması dövlətin əsas vəzifəsinə çevrilir.
Fərdi azadlıqlar insan hüquqları ilə sıx əlaqədə olmaqla yanaşı, vətəndaş cəmiyyətində yeni bir məna ifadə edir, ləyaqət və şərəf prinsipləri ilə birlikdə cəmiyyətdə daxili təşkilatlanmanın əsas meyarları rolunu oynayır. Vətəndaş cəmiyyəti bu cəmiyyət çərçivəsində fərdin və onun hüquqlarının müdafiəsini, insana hörmət edilməsini, şərəf və ləyaqətin qorunmasını tələb edir. Əvvəlki dövrlərlə müqayisə etsək, görərik ki, keçmişdə insan azadlıqları üçün fərd - dövlət arasındakı mübarizə vətəndaş cəmiyyətinin, bilavasitə daxili (məxsusi) dinamikasına aid olmamışdır. Müasir dövrdə isə insan hüquqlarının təmin edilməsi və müdafiəsi naminə ən fəal və davamlı mübarizəni aparan qeyri-hökumət təşkilatları, məhz vətəndaş cəmiyyətinə məxsus olaraq fəaliyyət göstərirlər".
İnsan hüquq və azadlıqları vətəndaş cəmiyyətində, əsasən, fərdiyyətçilik müstəvisində özünü ifadə edir. Bu vətəndaş cəmiyyəti çərçivəsində fərdin sərbəst olmasından irəli gəlir. Vətəndaş cəmiyyəti öz sərhədləri hüdudlarında həm fərqli, həm də nisbi səciyyə daşıyan prinsipləri müdafiə edir. Bu səbəbdən də, onun hüdudları daxilində heç kimin şəxsi, qrup və ya icma mənafeyi digərlərininkindən yüksək tutulmur. Müəllifin fikrincə, vətəndaş cəmiyyətində fərdiyyətçilik bəsit, mexaniki və sabit hal kimi qəbul edilməməli, həmçinin, fərdin hiss və ehtiraslarının sərbəstliyi ümumi və ictimai anlayışları inkar etməməlidir. Hüquq və azadlıqlarının müdafiəsi bütün məhdudiyyətlərin, ümumi hüquq və səlahiyyətlərin ləğv olunmasını nəzərdə tutmur. Hüquq və azadlıqların təmin olunması üçün zəruri norma və qaydalar, balanslaşdırılmış münasibət, mədəni cəmiyyət həyatının rasional atributları vətəndaş cəmiyyətində gözlənilir. Yalnız belə bir şəraitdə, insanın həqiqi azadlığının təmin olunması mümkündür. Bunun üçün, həmçinin, vətəndaş cəmiyyəti daxilində müxtəlif mənafelər və haqlar arasında balanslaşdırılmanı təmin edəcək tolerantlıq prinsipinin funksional rolu da vacibdir. Con Lokka görə, dözümlülüyün nümayiş etdirilməsi bir insanın digəri tərəfindən başa düşülməsi kontekstində müxtəlif narahatlıqları aradan qaldıra bilər. Söz, ifadə, fikir, mətbuat və dini azadlıqların təmin olunmasına demokratik vətəndaş cəmiyyətində tolerantlıq ideyasının reallaşması ilə nail olunur. Cəmiyyətdə dözümlülük yoxdursa, fərqli düşüncəyə, fikir və etiqada malik fərdlərin çoxluğa qarşı müqavimət göstərməsi çox çətin və hətta demək olar ki, mümkün olmur. Göründüyü kimi, tolerantlıq vətəndaş cəmiyyəti üçün vacib bir element olaraq böyük əhəmiyyət daşıyır. Tolerantlığı sosiai-mədəni fərqlərə və ictimai münasibət tipi kimi, digər fikir, etiqad və davranış formalarına dözümlülük kimi, sivilizasiyalılığın fundamental əlamətinin, siyasi mədəniyyət səviyyəsinin göstəricisi kimi qiymətləndirmək olar.
Ə.Abbasov yazır: "Avropada tolerantlıq prinsipi XVI-XVIII əsrlərdən başlayaraq inkişaf etməyə başlamışdır. Dözümlülük hər bir cəmiyyətdə, ilk olaraq, ən qabarıq şəkildə etno-mədəni fərqlərə, milli səciyyəyə, dinə münasibətdə meydana çıxmışdır. Müxtəlif etnik birliklərin, mədəni arealların, dinlərin mövcud olduğu dünyada və bu dinlərə etiqad edən, özünəməxsus mədəni irsə bağlı insanların eyni cəmiyyətdə mövcudluğunun əsas şərti dözümlülükdür.
Dözümlülük ideyasının ən geniş şəkildə araşdıranlardan biri olan C.Lokk "Dözümlülüyə dair oçerklər" (1667) və "Dözümlülük haqqında məktublar" (1685) kimi əsərlərində tolerantlığı geniş şəkildə şərh etmişdir. Dözümlülük barədə yazan tanınmış fransız filosofu F.Volter "Dini dözümlülük haqqında traktat"da (1763) kilsə fanatizmini və dözümsüzlüyü kəskin surətdə tənqid etmişdir. Həm C.Lokkun, həm də və F.Volterin baxışları vətəndaşların təbii hüquqlarının müdafiəsi kontekstində tolerantlığın dünya mədəniyyətində öz yerini tutmasına dəlalət etmiş demokratik təcrübənin toplanılmasına əlverişli zəmin yaratmışdır. Tolerantlıq ideyası ictimai praktikada zəruri olan və konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiəsi baxımından çox önəmli rola malikdir. Belə ki, tolerantlıq insanların söz və dini etiqad azadlığının təmin olunması üçün əsas şərtlərdən biri kimi də təcəssüm edə bilər".
Tolerantlığın müasir dövrümüzdəki anlayışı müxtəlif din və mədəniyyətlərə mənsub olan bütün xalqların layiqli yaşamaq hüququnun tanınması və təsdiq edilməsini ehtiva edir. Bununla belə, müxtəlif sivilizasiyalar üçün fərqli mövcudluq şərtləri olduğundan beynəlxalq müstəvidə tolerantlığın qorunub-saxlanılması üçün cəmiyyətin inkişaf paradiqmasını dəyişməyə ehtiyac duyulur. Tolerantlığın vətəndaş cəmiyyətlərinin formalaşması prosesində qorunub-saxlanılması və inkişaf etdirilməsinə nail olmaq üçün hakim dairələrin inhisarlığının qarşısının alınması labüddür. Buradan belə qənaətə gəlmək olar ki, dözümlülük cəmiyyətdə öz-özünə yaranmır, onun inkişafı üçün mütləq surətdə imkan yaradılmalıdır. Əks halda, müxtəlif baxışlara malik fərdlərin eyni cəmiyyətdə mövcudluğu cəmiyyətin qeyri-sabit olmasına, ictimai inkişafın qarşısının alınmasına səbəb olacaqdır.
Müəllif qeyd edir ki, əgər həqiqi vətəndaş cəmiyyətindən danışılırsa, deməli, bu vətəndaş cəmiyyəti, fərd və qrup fərqlərini, bir dəyər olaraq qiymətləndirərək, dözümlülüyə, daha doğrusu, plüralizmin əhəmiyyətinə yüksək qiymət verir. Tolerantlıq, vətəndaş cəmiyyətində çoxluqda olanların azlıqda olanlara münasibətdə dözümlülük nümayiş etdirməsilə yanaşı, azlığın da bu dözümlülüyü nəzərə almasilə özünü büruzə verir. Başqa sözlə desək, ümumi və ictimai əsaslı tolerantlıq tələblərinə görə hamının bir-birinə qarşı məsuliyyətli və insani həssaslıqla davranması vacibdir. Azad və bərabərhüquqlu fərdlərin könüllü birliyi, qarşılıqlı fayda verən əməkdaşlığı və onların özünütəşkil, özünüidarə səviyyəsində ictimai həyatda iştirakı, bir-birinə dözümlülüyü mümkün olan cəmiyyət vətəndəş cəmiyyəti adlandırıla bilər.
Vətəndaş cəmiyyətinə həsr edilmiş çoxsaylı ədəbiyyata istinadən deyə bilərik ki, vətəndaş cəmiyyətinin mahiyyəti iki formada, yaxud yanaşma mövqeyinə görə şərh edilə bilər: sosiumun müəyyən vəziyyəti kimi və sosiumun müəyyən sferası kimi. Birinci mövqeyə əsasən, vətəndaş cəmiyyəti - xüsusi tip cəmiyyətdir ki, insan hüquq və azadlıqlarını təmin edir və bu səbəbdən də, sivil cəmiyyət sayılır.
İkinci mövqeyə görə isə "vətəndaş cəmiyyəti" məfhumu altında dövlətin müdaxiləsi və tənzimləməsindən kənar olan hakimiyyətdən xaric əlaqə, struktur və institutlar nəzərdə tutulur. Tarixə nəzər salsaq, birinci mövqenin, əsasən, vətəndaş cəmiyyətinin bir ideya və fenomen kimi təşəkkül dövrünə təsadüf etdiyinin şahidi olarıq. Bu, Qərbi Avropada hakim olan kapitalist münasibətləri sayəsində siyasət və iqtisadiyyat arasında ziddiyətlərin kəskinləşməsi dövrünə təsadüf edir. A.Tokvilin "Amerikada demokratiya haqqında" əsərindən sonra ikinci mövqe genişlənərək, inkişaf etmişdir. A.Tokvilin vətəndaş cəmiyyəti ilə əlaqədar nəzəriyyəsi C.Lokkun nəzəriyyəsini üstələməyə başlamışdır. Bunu şəxsin dövlətləri asılılığının azalması, dövlətin vətəndaş cəmiyyətinə müdaxiləsinin məhdudlaşdırılması, cəmiyyətin sosial quruluşunun mürəkkəbləşməsi, cəmiyyətdə üfüqi sosial münasibətlərin möhkəmlənməsi və yeni sosial təşkilat və hərəkatların yaranması ilə izah etmək olar.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru