PDF Oxu

MİA

  • 5 572

İnsan hüquqları liberal-demokratik dəyərlər kontekstində

image

Göründüyü kimi, həm Amerika Birləşmiş Ştatlarında, həm də Fransada qəbul edilmiş sənədlər insan hüquqlarının qanuniləşməsi istiqamətində çox uğurlu addımlar kimi dəyərləndirilə bilər. H.Qrotsi, C.Lokk, Ş.Monteskye və başqa mütəfəkkirlərin insan hüquqları və dövlətlə əlaqədar fikir və ideyaları Amerikada qəbul olunmuş sənədlərdə təsbit edilən hüquqların təşəkkülündə vacib rol oynamışdır. Fransada qəbul olunmuş Bəyannamənin əsas qayəsini isə J.J.Russonun təbliğ etdiyi bərabərlik, xalqın iradəsi, suverenlik kimi fikirlər təşkil etdiyini desək, yanılmarıq. Həm Amerika Birləşmiş Ştatlarında qəbul edilmiş "İstiqlaliyyət Bəyannaməsi" və konstitusiya, həm də Fransada qəbul edilmiş "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi" dövlətin təməlində hakimiyyətin bölgüsü prinsipinin olması şərti ilə səciyyələnir. Bu sənədlər insan hüquq və azadlıqlarının konstitusiya səviyyəsində təmin olunması və müdafiə edilməsi istiqamətində pioner rolunu oynamışdır. Belə bir tərəqqiyə qovuşmaqda, əvvəldə qeyd etdiyim şəxslərdən başqa, Con Milton, Emmanuel Cozef Siyes, Bencamen Konstan, Con Stüard Mill, Tomas Cefferson, Ceyms Medison, Corc Vaşinqton, Tomas Peyn, Aleksandr Hamilton, Con Adams, İyeremiy Bentam, Bencamin Franidin kimi böyük şəxsiyyətlərin də xidmətləri danılmazdır.

Ə.Abbasov yazır: "İnsan haqlarının tarixi inkişafına nəzər salsaq, belə bir xronologiyanın şahidi olarıq. Feodalizmin hakim olduğu orta əsrlərdəki kilsə hakimiyyətinə qarşı yönəlmiş hüquq və azadlıqla əlaqəli fikirlər və həmin dövrün cəmiyyəti üçün səciyyəvi münasibətlərdən irəli gələn, burjuaziyanın təşəkkül tapması ilə genişlənərək özündə təbii hüquq və ictimai razılaşmanın meyarlarını əks etdirmiş insan hüquq və azadlıqları ideyası daha sonralar Amerika Birləşmiş Ştatlarında və Fransada qəbul edilmiş sənədlərdə liberal-demokratik xüsusiyyətlərə malik hüquq və azadlıqlar kimi möhkəmlənmişdir. İnsan hüquq və azadlıqlarının həm sosial-fəlsəfi, həm də siyasi-hüquqi baxımdan tarixi inkişaf kontekstində öyrənilməsi onlarda fərdiyyətçilik ideyasının güclü olmasını göstərir. Hüquq və azadlıqların subyekti olan fərdə verilən dəyər və önəm dövlətin onu müdafiə etməsi, hüquqlarını tanıması və onların təmin olunması, pozulmasının qarşısının alınması kimi öhdəliklərinin yaranmasını şərtləndirmişdir.

Qeyd edək ki, hüquq və azadlıqların tanınması, hələ onların təmin olunması demək deyildir. Dövlət, hüquq və azadlıqları normativ- hüquqi aktlarında təsbit etməklə, onların reallaşmasına təminat yaratmalıdır. Hüquq və azadlıqlar uğrunda mübarizə ilk mərhələdə bu hüquq və azadlıqların hakimiyyət tərəfindən tanınmasına xidmət etsə də, onların təmin olunması fərdlərdən daha çox, hakimiyyətdən asılı idi".

Müəllif qeyd edir ki, belə bir təminatın olmaması XIX əsrin ortalarında Avropada sosial-siyasi vəziyyəti yetərincə gərginləşdirmişdir. Həmin dövrün dövlətçilik ideologiyasının güclənməsi burjuaziyanın daha da sürətli inkişafına zəmin yaratmaqla yanaşı, cəmiyyətdə sosial təbəqələşməni dərinləşdirdi. Bu, təbii olaraq, sosial narazılığı artırdı. İnsan hüquq və azadlıqlarının genişlənməsini, digər tərəfdən, zamanın tələbi ilə də əlaqələndirmək olar.

Avropada kapitalizmin qərarlaşması fəhlə sinfi və sahibkarlar arasında münasibətlərin getdikcə gərginləşməsinə (ağır iş şəraiti, az əmək haqqı və s. ilə əlaqədar olaraq) səbəb olmuşdur. Ümumi maraqlar ətrafında birləşən fəhlələrin ilk ciddi tələbləri - birləşmək (sərbəst toplaşmaq) haqqı və əmək hüququ 1831-ci ildə Lion üsyanı ilə nəticələndi. Demək olar ki, əksər iri sənaye şəhərlərində fəhlələrin nümayişləri intensivləşməkdə idi. Bu tələblər insanların əmək hüququ, seçib-seçilmək hüququ, siyasi birliklər yaratmaq hüququ, iş şəraitinin yaxşılaşdırılması, sosial təminatın təşkili, azad həmkarlar ittifaqında birləşmək və tətil etmək kimi "yeni" hüquq və azadlıqların üzə çıxmasına vəsilə olmuşdur. Fəhlə sinfinin tələblərinin səciyyəvi cəhətlərindən biri də ondan ibarət idi ki, onlar, sadəcə, hansı hüquqlarını tələb etdiklərini deyil, həmin hüquqların təmin olunması yollarını da bilirdilər. Məsələn, siyasi bərəbərsizliyin seçib-seçilmək hüququnun hər bir şəxs üçün tanınması ilə, iqtisadi bərəbərsizliyin siyasi birliklər və tətil yolu ilə, ictimai bərəbərsizliklərin isə dövlətin sosial siyasəti vasitəsilə aradan qaldırıla biləcəyinə əmin idilər.

Ə.Abbasov daha sonra yazır: "Birinci Dünya müharibəsindən sonra hüquq və azadlıqların ictimailəşməsi ilə sosial dövlət anlayışı meydana çıxaraq, yayılmağa başlamışdır. Əsasən, insanların iqtisadi və sosial maraqlarını güdən sağlamlıq, əmək, ailə və uşaqların müdafiəsi, istirahət, təhsil almaq, minimum əmək haqqı, sosial təminat, mənzillə təmin olunmaq, sığorta, tətil etmək kimi hüquqlar insan hüquqları kimi qəbul edilərək, bir çox dövlətlərin konstitusiyalarında təsbit edilmişdir. Külli miqdarda insan tələfatı ilə nəticələnən İkinci Dünya müharibəsindən sonra dövlətlər insan hüquqlarına daha ciddi yanaşmış, bu hüquqların etibarlı təmin edilməsinin zəruriliyini anlamışlar. XX əsrin ortalarından başlayaraq, dövlətlər, artıq insanın təbii hüquqlarının təmin olunmasından daha çox, iqtisadi, sosial və siyasi hüquqlarının təminatına diqqət yetirirdilər. Beləlikiə, insan hüquqları insanların iqtisadi, sosiai və siyasi maraqlarını güdən hüquqlarla tamamlanaraq, daha dolğun bir məzmun almış oldu".

XX əsrin ortalarından başlayaraq, insan hüquqlarının reallaşması, artıq ayrı-ayrı dövlətlərin vəzifəsi olmaqdan çıxmış və universallaşma mərhələsinə qədəm qoymuşdur. İkinci Dünya müharibəsinin faciələri dövlətlərin bu cür müharibələrin gələcəkdə yol verilməməsi məqsədilə təşkilatlanması zərurətini ortaya çıxartdı. Belə təşkilatlanma zərurəti 26 iyun 1945-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının yaradılması ilə nəticələnmişdir. Təşkilatın Nizamnaməsində insan hüquq və azadlıqları ilə əlaqədar əks olunmuş məqsədlərə nail olmaq üçün yaradılmış İnsan Hüquqları Komissiyasının hazırladığı və 10 dekabr 1948-ci ildə Baş Assambleya tərəfindən qəbul edilmiş "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi" insan hüquq və azadlıqlarının dünya dövlətləri tərəfindən ali normalar kimi qəbul edilməsinə tarixi və mənəvi baxımdan, yüksək qiymət vermişdir. Qəbul olunmuş Bəyannamə klassik hüquq və azadlıqlarla (şəxsin toxunulmazlığı, işgəncə və köləliyin qadağan edilməsi, qanunsuz həbsin qarşısını alma, qanun qarşısında bərəbərlik, şəxsi həyatın mühafizəsi, mənzil toxunulmazlığı, din, vicdan, fikir və söz azadlıqları, birləşmə hüququ, idarəetmədə iştrak hüququ, ümumi və bərəbər səsvermə hüququ) yanaşı, iqtisadi, sosial və mədəni hüquqları da (sosial təminat, əmək hüququ, həmkarlar ittifaqı yaratmaq, bərəbər maaş, istirahət, əyləncə, sağlamlıq, təhsil hüquqları, qadın və uşaqların müdafiə olunması, azad şəkildə mədəni, ədəbi fəaliyyət göstərmək hüququ) təsbit etməklə, insan hüquqlarının müasir dövrümüzdə dərk edilən mənasını müəyyən etmişdir.

Müəllif qeyd edir ki, 1948-ci il Bəyannaməsində təsbit edilməklə, universallaşan insan hüquq və azadlıqları təminat və müdafiə baxımından da, artıq ayrı-ayrı dövlətlərin məsuliyyət obyekti olmaqla yanaşı, beynəlxalq birliyin də məsuliyyət obyektinə çevrilmişdir. Başqa sözlə desək, bir dövlətdə insan hüquqlarının təmin edilmə və pozulması məsuliyyəti də universallaşmış olurdu. Bu səbəbdən, həmin hüquqların müdafiəsi üçün beynəlxalq mexanizmlərin yaradılması zəruriyyəti də yaranmışdır. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin məqsəd və vəzifələrini həyata keçirmək üçün 1966-cı ildə iki beynəlxalq hüquqi sənəd qəbul etdi. Bunlardan birincisi insanların bütün iqtisadi, sosial və mədəni hüquqlardan bərabər istifadə etmələrini təmin etmək öhdəliyi müəyyən edən "İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt", ikincisi isə insanların bütün mülki və siyasi hüquqlardan bərabər istifadəsini təmin etmək öhdəliyi müəyyənləşdirən "Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt" olmuşdur. Hər iki sənəd Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş hüquq və azadlıqları əhəmiyyətli dərəcədə genişləndirmiş və yeni hüquqları da nəzərdə tutmuşdur. "Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt"ın 28-ci maddəsinə əsasən, insan hüquq və azadlıqlarının universal səviyyədə müdafiə olunması üçün ilk beynəlxalq mexanizm hesab edilən İnsan Hüquqları Komitəsi yaradılmışdır. Paktda iştirak edən dövlətlər onun 40-cı maddəsinə əsasən, orada tanınan hüquqların həyata keçirilməsi ilə əlaqədar gördükləri tədbirlər və həmin hüquqların istifadəsində əldə edilmiş uğurlar barədə komitəyə dövri məruzələr təqdim etmək öhdəliyi daşıyırlar. Qeyd edim ki, 1999 -cu ilin yanvar ayında "Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş ikinci fakultativ protokoluna qoşulmaq barədə" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər