Beynəlxalq Paktın ən əhəmiyyətli yeniliyi onun 41-ci maddəsinə əsasən, həmin paktın iştirakçısı olan dövlətin istənilən vaxt digər iştirakçı dövlətin bu pakt üzrə öz öhdəliklərıni yerinə yetirmədiyini iddia etməsi barədə komitəyə məlumat vermə imkanının təsbit olunması idi. Komitə onun səlahiyyətlərini tanıyan bütün iştirakçı-dövlətlər barədə məlumat almaq və onlara baxmaq səlahiyyətinə malik idi.
Həmin pakta dair Fakultətiv Protokolda isə, daha mütərəqqi addım atılaraq, protokolun iştirakçısı olan dövləti komitənin bu iştirakçı dövlətin yurisdiksiyasında olan və paktda təsbit olunmuş hər hansı hüququn həmin dövlət tərəfindən pozulmasının qurbanı olduğunu iddia edən şəxslərdən məlumat almaq və onlara baxmaq səlahiyyəti müəyyən edilmişdir. Komitə müraciətlərə baxaraq və maraqlı dövfətlərə məruzələr təqdim edərək, bu hüquq pozulması faktlarının araşdırılması və məsələnin tənzimlənməsi, eləcə də, nəticələr barədə dövlətin dövri hesabatında məlumat verilməsini tövsiyə edir.
Ə.Abbasov yazır: "Birləşmiş Millətlər Təşkilatı çərçivəsində mövcud olmuş insan hüquqlarının müdafiəsi məqsədilə yaradılmış digər bir qurum isə BMT Nizamnaməsinin 68-ci maddəsinə uyğun olaraq, BMT-nin İqtisadi və Sosial Şurasının ilk iclasında 10 dekabr 1948-ci ildə təsis edilmiş İnsan Hüquqları üzrə BMT Komissiyasıdır. Komissiyanın mandatı ayrı-ayrı ölkələrdə insan hüquqlarının vəziyyətinin öyrənilməsi, monitorinqi və məruzə hazırlamaq idi. Komissiyanın fəaliyyətini iki dövrə bölmək olar. 1947-1967-ci illəri əhatə edən absentizm dövründə komissiya insan hüquqlarının təşviqi və bu sahədə qəbul edilmiş müqavilələrdəki müddəaların həyata keçirilməsində dövlətlərə yardım etmək vəzifəsi daşıyırdı. Bu dövrdə komissiya insan hüquqlarının pozulmasına yol vermiş dövlətləri suverenlik prinsipinə hörmət baxımından "istintaq etmək və pisləmək" səlahiyyətinə malik deyildi. Afrika və Asiyada başlayan dekolonizasiya dövründə, xüsusən də, Cənubi Afrikada kütləvi aparteid cinayətlərinin baş verməsi ilə əlaqədar BMT-nin insan hüquqları məsələsində daha fəal siyasət yürütməsini tələb edən dövlətlərin təzyiqi ilə 1967-ci ildə komissiya interventsionizm siyasətini qəbul etdi. Bu dövrdən başlayaraq, komissiya ayrı-ayrı dövlətlərdə insan hüquqlarının pozulmasını araşdırmaq və məruzə təqdim etmək səlahiyyətini əldə etdi. Komissiyanın gördüyü işin arzu olunan nəticəni verməməsi və qurumun siyasiləşməsi iddiasının ortaya çıxması artıq cəmiyyətin ona etimadını itirməsilə və insan hüquqları sahəsində fəaliyyət göstərən ictimai təşkilatların, bəzən isə elə dövlətlərin özlərinin tənqidinə məruz qalması ilə nəticələndi. Komissiya 27 may 2006-cı ildə yekun iclasını keçirərək, öz yerini 15 mart 2006-cı ildə BMT Baş Assambleyasının Qətnaməsi ilə yaradılmış yeni quruma - BMT-nin İnsan Hüquqları Şurasına verdi".
Birləşmiş Millətlər sistemində hökumətlərarası qurum olan BMT-nin İnsan Hüquqları Şurası, əsasən, üç elementi ilə səciyyələnir. Bunlardan birincisi, insan hüquqlarına dair Universal Dövri Hesabatın hazırlanması, ikincisi şuraya insan hüquqları ilə əlaqədar mövzular barədə tövsiyə və məsləhət verəcək Məşvərət Komitəsinin yaradılması, üçüncüsü isə, şuraya insan hüquqlarının pozulması barədə fərd və təşkilatlardan şikayətlər təqdim etmək üçün Şikayət Prosedurlarının müəyyən olunması idi.
Müəllifin fikrincə, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Hüquq və 1948-ci il Ümumdünya İnsan Hüquqları haqqında Bəyannaməsində təsbit olunmuş insan hüquqlarının təşviqi və müdafiəsi ilə məşğul olan digər qurumu Baş Asasambleya tərəfindən 20 dekabr 1993-cü ildə təsis edilmiş İnsan Hüquqları üzrə Birləşmiş Millətlərin Ali Komissarının Ofisidir. Ofisə İnsan Hüquqları üzrə Ali Komissar rəhbərlik edir. Ali Komissar BMT sistemində insan hüquqları üzrə fəaliyyəti əlaqələndirir və İnsan Hüquqları Şurasına nəzarət edir.
İnsan hüquqları sahəsində Birləşmiş Millətlər Təşkilatının himayəsi altında qəbul edilmiş "İrqi ayrl-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya" "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya", "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya" "Köləliyin ləğv edilməsi haqqında Konvensiya", "Məcburi əməyin ləğv edilməsi haqqında Konvensiya", "Uşaq hüquqları haqqında Konvensiya" və s. beynəlxalq hüquqi sənədlərin insan hüquq və azadlıqlarının qorunması üçün beynəlxalq hüquqi çərçivə yaratdığını söyləmək olar.
Regional səviyyədə insan hüquqlarının qorunması ilə əlaqədar qəbul edilmiş ən mütərəqqi sənəd, heç şübhəsiz ki, Avropanın demokratik dövlətləri tərəfindən 1949-cu ildə imzalanmış və 3 sentyabr 1953-cü ildə qüvvəyə minmiş Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarını Müdafiəsi Konvensiyası və ona əlavə edilmiş protokollardır. Konvensiyada yaşamaq haqqı (m.2), işgəncə (m.3), köləlik və məcburi əməyin qadağan olunması (m.4), azadlıq və şəxsi toxunulmazlıq haqqı (m.5), ədalətli mühakimə (m.6), şəxsi həyatın və ailənin müdafiəsi (m.8), düşüncə, vicdan və din azadlığı (m.9), ifadə azadlığı (m.10), birləşmək və sərbəst toplaşmaq azadlığı (rn.ll), ailə qurmaq hüququ (m.12), müraciət hüququ (m.13) nəzərdə tutulur. Əlavə Protokollar isə mülkiyyət, təhsil, azad seçki, səyahət hüquqlarını, habelə, borca görə azadlıqdan məhrumetmənin, vətəndaş və əcnəbilərin kütləvi şəkildə deportasiyasının qadağan edilməsi, ölüm cəzasının ləğvi, məhkəmə səhvinə görə zərərçəkən şəxsin təzminat istəmək, eyni cinayətə görə iki dəfə məhkum edilməmə haqqı, evlilikdə qadın-kişi bərabərliyi kimi hüquqları tənzimləyir.
Ə.Abbasov daha sonra yazır: "Avropa Konvensiyası insan hüquqlarının müdafiəsinin təmin olunması baxımından dövlətin məhkəmə hakimiyyətindən üstün bir struktur - Avropa İnsan Hüquqları Məhkəməsini yaratmış oldu. Məhkəmə dövlətlərin konvensiyada əks olunmuş öhdəliklərinə əməl etmələri üçün yüksək mənəviyyata malik və yüksək hakim vəzifəsinə təyin olunmaq üçün lazımi tələblərə cavab verən şəxslərdən seçilmiş hakimlərdən təşkil edilir. Konvensiyanın 33-cü maddəsinə əsasən, iştirakçı dövlətlərdən biri konvensiyada nəzərdə tutulan hüquqların pozulmasına görə, digər iştirakçı dövlətdən şikayət edərək, məhkəməyə müraciət edə bilər. Konvensiyanın 34-cü maddəsi isə iştirakçı dövlət tərəfindən hüquqlarının pozulduğunu iddia edən istənilən səxsin, qeyri-hökumət təşkilatının və ya fərdlər qrupunun məhkəməyə müraciət etmək imkanını nəzərdə tutur. Konvensiya iştirakçı dövlətlərin məhkəmə qərarını icra etməsi öhdəliyini də müəyyən etmişdir.
Müasir dövrdə Avropa İnsan Hüquqları Məhkəməsini insan hüquqlarının beynəlxalq səviyyədə müdafiə olunması üçün ən mütərəqqi və effektli mexanizm hesab etmək olar.
İnsan hüquqlarının müdafiəsi sahəsində, Avropa Şurası çərçivəsində qəbul edilmiş mütərəqqi sənədlər kimi, 1961-ci il tarixli Avropa Sosial Xartiyasını, 1987-ci il tarixli İşgəncənin və Qeyri-İnsani, Alçaldıcı Davranış və ya Cəzanın Qarşısının Alınması haqqında Avropa Konvensiyasını, 1992-ci il tarixli Regional və azlıqların Dilləri haqqında Avropa Xartiyasını, 1995-ci il tarixli Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasını, 1996-cı il tarixli Uşaqların Hüquqlarının Həyata Keçirilməsi haqqında Avropa Konvensiyasını, həmçinin, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş sənədlər kimi 1975-ci il tarixli Helsinki Yekun Aktını, 1990-cı il tarixli Yeni Avropa üçün Paris Xartiyasını göstərmək olar.
Humanitar hüquq sahəsində fundamental akt sayılan Avropa İttifaqının 7 dekabr 2000-ci il tarixli "Əsas Hüquqlar haqqında Xartiyasını xüsusi qeyd etmək istərdim. Həmin xartiya təkcə Avropada deyil, bütün dünyada hüquq sistemində insan haqları ideyasının tarixi inkişafına yekun vurur. Burada, ilk dəfə olaraq, şəxsiyyətin həm dövlət və onun orqanlarından, həm də dövlətüstü təşkilat və onun orqanlarından müdafiəsi bir məqsəd kimi qoyulur. Ənənəvi Qərb doktrinasından fərqli olaraq, hüquq və azadlıqlar birinci-ikinci dərəcəlilərə bölünmür, insan və vətəndaşın hüquqi statusuna, bütövlükdə, haqların bərəbərliyi müstəvisində baxılır, necə deyərlər, haqlara münasibətdə diskriminasiyaya yol verilmir. Xartiyada təsnifatın əsasını haqların növü və yaxud onların tətbiq sahələri yox, dəyərlər təşkil edir. O dəyərlər ki, üzərində həmin haqlar qərarlaşmaqla, elə onları da müdafiə edir. Bu məqamda əsas hüquq və azadlıqların bölünməzliyi prinsipi öz ifadəsini tapır."
Avropa İttifaqının Xartiyası insan hüquq və azadlıqlarını yeddi təməl prinsip-dəyər ətrafında təsbit edir: insan ləyaqətinə hörmət prinsipi; insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi prinsipi; bərabərlik prinsipi; həmrəylik prinsipi; demokratiya prinsipi və hüquqi dövlət prinsipi. Həmçinin, qeyri-zorakılığın yenidən dərki xartiyada qırmızı xətt kimi keçir: təkamüli quruculuğa, tolerantlığa, sosial inqilablarla, zorakılıqla deyil, ictimai rekonstruksiya yolu ilə yeniləşməyə birmənalı üstünlük verilir. Düşünürəm ki, Avropa İttifaqı məkanına hesablanmış bu sənədi demokratik qloballaşmaya yol açan və perspektiv verən xartiya da adlandırmaq olar.
Başlıca narahatçılıq isə, hətta deyərdim, ciddi daxili etiraz hissi doğuran məqam bu xartiyanın elə, məhz yalnız Avropa İttifaqı ölkələrinə ünvanlanmasındadır. Bu, universallığı (yəni bütün insanlar üçün zəruriliyi) etiraf və elan olunan bəşəri dəyərin - insan haqlarının - xüsusiləşdirilməsi, tətbiqi və reallaşdırılması baxımından əlahiddə, "təkcə" halına salınması, ayrı-seçkilik yanaşmasıdır ki, qətiyyən məqbul sayıla bilməz, üstəlik də, qloballaşmanın, mədəni inteqrasiyanın genişləndiyi və dərinləşdiyi, humanitar hüququn universallaşdığı bir vaxtda!
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru