Avropa İttifaqına daxil olmayan ölkələrdə bu neqativlər, xüsusən də, siyasi hüquqlarla (seçib-seçilmək, hakimiyyətin təşkilində və idarəetmədə xalqın iştirakı, azad toplaşmaq, fikir-söz azadlığı və s.) bağlı məsələlərdə, qabarıq surətdə ortaya çıxır. Mahiyyətinin transferində, dəyərli eiementlərinin kənara proyeksiyasında öz ayrı- seçkilik yanaşması ilə əvvəlcədən qüsurlara şərait yaradan xartiya, bu gün ona gətirib çıxarıbdır ki, Avropa İttifaqı və ABŞ başda olmaqla "demokratik ölkələr" başqa qitə və bölgələrdə siyasi hüquqların kütləvi surətdə tapdalanmasına, necə deyərlər, "göz yummalı" olurlar.
Ə.Abbasov yazır: "Fərdlərin hüquqları pozulduğu zaman beynəlxalq instansiyalara müraciət imkanlarının yaradılması dövlətlərin beynəlxalq hüquqi sənədlərdə əks olunmuş öhdəliklərinə daha ciddi yanaşmaları istiqamətində mühüm addımlardan idi. Əminliklə demək olar ki, gələcəkdə bu istiqamətdə əhəmiyyətli işlər davam etdiriləcək və beynəlxalq təşkilatların rolu daha da artırılacaq. Ola bilsin ki, beynəlxalq müdaxilə məsələsinə də yenidən baxılsın. Buna, hər halda, bir zərurət var və o, artıq sanballı mütəxəssislər tərəfindən səsləndirilir. Lakin 2000-ci il tarixli "Əsas hüquqlar haqqında" Avropa İttifaqının Xartiyasını, bütün müsbət cəhətlərinə baxmayaraq, bu yönümdə də işlərin təşkili və gedişində ciddi maneələrdən biri kimi qeyd etmək olar.
İnsan hüquqları ideyasının inkişaf tarixində liberal fikirli filosofların rolu, yəqin ki, xüsusi qeyd olunmalıdır. Liberalizmin banilərindən hesab edilən görkəmli ingilis filosofu C.Lokk insan hüquqları konsepsiyasına fərdiyyətçilik ideyasını gətirərək, liberal görüşlərin əsasını qoymuşdur. Ona görə, hər bir insan hüquqlara anadan olması ilə sahibdir və ömrünün sonunadək sahib olmaqda davam edir. Dövlət, insanın hüquq və azadlıqlarını pozan, onları məhdudlaşdıran qurum olmalı deyil, bu hüquq və azadlıqların reallaşmasına təminat verən qurum olmalıdır".
Müəllif qeyd edir ki, insan hüquqlarının təşəkkül və inkişafında ciddi məna kəsb edən XVII əsr İngiltərə inqilabı dövründə levellerlərin fəaliyyətinə və Con Lokkun əsərlərinə, xüsusi olaraq, diqqət yetirək. Bu dövr insanların feodalizmdən azad olma, kapitalizmə keçid, özündə azadlıq və bərabərlik ideyalarını qabarıq şəkildə əks etdirən liberalizmin inkişafı dövrü idi. Fərdlərin iradəsinə uyğun fəaliyyət göstərməli olan dövlətin insan hüquqlarının məhdudlaşdırılmasına yönəldilmiş siyasətinin qarşısının alınması üçün çağırışlar öz əksini normativ-hüquqi aktlarda tapmışdır. Liberal baxışların əsas mahiyyəti də, məhz bundan ibarət idi. Yüz il sonra bu ideyalar liberalizm məfkurəsini əvvəlcə Avropaya, sonralar isə bütün dünyaya yaymış, Amerika və Fransa inqilablarına ruh və təkan vermişdir. İngiltərə inqilabı (1640) zamanı levellerlər tarixdə birinci olaraq insan hüquqlarını dövlətin müdaxiləsindən qorumalı olan yazılı konstitusiyanın qəbul olunmasını tələb edirdilər; bu, bizim insan hüquqları haqqındakı bugünkü təsəvvürümüzə uyğun şəkildə, yəni bu hüquqların toxunulmaz və ayrılmaz olması uğrunda mübarizə aparan ilk kütləvi hərəkat idi.
Şəxsi və siyasi hüquqlar uğrunda mübarizə aparan levellerlərin fikirləri qanun qarşısında hamının bərabərliyi, parlamentdə nümayəndələrin iştirakı ilə hakimiyyəti idarə etmək hüququ, söz və din azadlığı, əmək və ticarət azadlığı, inhisarlığın ləğvi, azad doğulmuş kişilərin seçki hüququ və hökumətin ədalətsiz siyasətinə qarşı xalqın üsyan etmək hüququnu ehtiva edirdi. Daha sonralar bütün bu hüquqlar Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət Bəyannaməsində və Konstitusiyasında yer almışdır.
Bu gün haqqında danışılan insan hüquqlarının levellerin və C.Lokkun irəli sürdüyü fərdiyyətçilik, bərabərlik, azadlıq və təbii haqlar prinsipləri əsasında formalaşdığını söyləmək olar. Fərdiyyətçilik fərdin anadan olduğu andan başlayaraq, özünü ictimai praktikada ifadə etməsi ilə davam edir. Lokka görə, fərd cəmiyyətin mərkəzində duraraq, hüquqlu olduğu və zəhməti ilə əldə etdiyi mülkiyyəti hesabına öz fərdiyyətçiliyinin təməlini qoyur. Onun fikrincə, hakimiyyətin legitimliyi o zaman tanınar ki, fərdlərin hüquqları eyni şəkildə təmin edilib qorunsun. Filosof mütləq hakimiyyətin məhdudlaşdırılmasını əsaslandıraraq, liberal demokratiya və konstitusiyon quruluşun yaranma şərtlərini göstərmişdir. Bu məqsədlə də hüquqi dövlət nəzəriyyəsinin təməllərini işləyib-hazırlamışdır. Azərbaycanda həmin nəzəriyyəyə xüsusi həssaslığı ilə fərqlənən, bu mövzuda yazan ilk sanballı müəllifimiz və dəyərli fikirlərin sahibi hüquqşünas-siyasətçi İlyas İsmayılovun təbirincə desək, "C.Lokk hüquqi dövlətin varlığını təbii hüquqa uyğun olan insan hüquqlarını və şəxsiyyət azadlıqlarını etiraf edən qanunların şah olduğu, hakimiyyətin bölünməsi prinsipinin həyata keçirildiyi dövlətdə görürdü" və onun müddəaları "XVII əsrdə yaranmaqda olan burjua konstitusionalizminin əsasını təşkil etdi".
Ə.Abbasov yazır: "Liberalizmə dair fikirlər fransız mütəfəkkirlərindən də yan keçməmişdir. Fransada liberalizmin təməlini qoyanlardan sayılan B.Konstan insanı azadlığı olmadan təsəvvür etmir və onun bu azadlıqlarla vəhdətdə cəmiyyətin dəyərli subyekti olduğunu və tarixi inkişafın, məhz bu azadlıqların əldə olunmasına gətirib çıxaracağını qeyd etmişdir. Böyük ingilis alimi C.Bentam cəmiyyətdə insanların hüquq və azadlıqlarının müdafiəsini, hüquqi bərabərliyin təmin olunmasını və bununla da, insanların ehtiyaclarının ödənilməsini vacib bilirdi. C.Lokk kimi, digər ingilis mütəfəkkiri H.Spenser də insanların təbii hüquqlara dünyaya gəldikləri andan malik olduqlarını, onların mülkiyyət hüquqlarına hörmət göstərilməli və şəxsi həyatlarına hakimiyyətin hər hansı bir şəkildə müdaxilə etməməli olduğunu iddia edirdi.
Daha sonralar dahi ingilis alimi Con Stüart Mill mövcud liberal fikirlərdə əks olunan azadlıq ideyasını genişləndirərək, azadlıq üçün təhlükənin yalnız dövlət deyil, eyni zamanda, dözümsüzlük göstərən çoxluqdan və mühüm təsirə malik ictimai rəydən də qaynaqlana biləcəyini söyləmişdir. Onun liberalizmi yalnız şəxsiyyətin fərdi azadlığı, onun haqlarının keşiyində durmaqla kifayətlənmir, həm də dövlət mexanizminin özünün demokratik və hüquqi əsasda təşkil edilməsini tələb edirdi. C.S.Millin nəzəriyyəsinə görə, cəmiyyətin sabit inkişafına və ümumi rifaha çatmaq üçün insan hüquqlarının təmin olunması əsas şərtlərdən biridir. C.S.Mill həm "Azadlıq haqqında", həm də digər əsərlərində liberalizmin başqa bir aspektini - sosial aspektini önə çəkmişdir. Bu, nəticə etibarı ilə, fərdin dövlətlə münasibətləri kontekstində hüquq və azadlıqların genişlənərək, sosial hüquqları da əhatə etməsi ilə nəticələnmişdir. Fərdiyyətçilik anlayışının yeni aspektlərini üzə çıxaran belə sosial yanaşma ictimaiyyət tərəfindən bəyənilib dəstəklənmişdir (Qeyd edim ki, bu istedadlı şəxsiyyətin atası - Ceyms Stüart Mill klassik liberalizmin sayılıb-seçilən simalarından olmuşdur)".
C.S.Mill məntiq, elmin metodologiyası və epistemologiya sahələrindəki fundamental biliyi əsasında klassik liberalizmə sosial dəyər qataraq, onu elmi cəhətdən inkişaf etdirmişdir. Bu səbəbdən də, onu siyasi nəzəriyyədə sosial liberalizmin banisi hesab edirlər. O, eyni zamanda, hesab edirdi ki, sosializm insan hüquq və azadlığı üçün təhlükəli ola da bilər. Onun fikrincə, cəmiyyətdə müəyyən imtiyazlara malik olan təbəqə öz hakimiyyətindən şəxsi məqsədi üçün istifadə edə bilər. Bu səbəbdən də, C.S.Mill "asılılıq və müdafiə" nəzəriyyəsini inkar edərək, "müstəqillik" nəzəriyyəsini irəli sürmüşdür. Onun "müstəqillik" nəzəriyyəsinə görə, yalnız ədalət və özünüidarəetmə meyarlarının hakim olduğu cəmiyyətdə xalqın rifahından danışmaq mümkündür. O, bu məqamı vurğulayırdı: fərdin azadlığının sosial ədalətlə mütənasibliyi, fəhlə sinfinin hüquqlarının təmin edilməsi üçün üsyan və inqilabdan deyil, sülhyaradıcı, qeyri-inqilabi vasitələrdən istifadə olunmalıdır. Qeyd etmək istərdim ki, mütəfəkkirin ictimai yeniləşmədə, haqq və ədalət uğrunda mübarizədə sülhyaradıcı amil və üsullara, siyasi tolerantlığa, qeyri-inqilabi vasitələrə, birmənalı üstünlük vermək ideyası sonralar öz müsbət rolunu oynamışdır. Son yüzilliklər Avropa, demək olar ki, bu ideyanı rəhbər tutub və bu gün də tutmaqdadır. Təqdirəlayiq nəticələr də göz qabağındadır və heç də təsadüfi deyildir ki, həmin ideyadan doğan məna əsas hüquqlar haqqında 2000-ci il tarixli Avropa Xartiyasında da öz əksini tapıb.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru