T.Hobbs əsas üç təbii qanunun cəmiyyətin inkişafında zəruri olduğunu qeyd edirdi. Bunlardan birincisi, sülhü arzulayaraq, onu axtarmaq və ona əməl etmək lazımdır. İkincisi, başqalarının səninlə necə davranmalı olduğunu istədiyin tərzdə onlarla davran və ya özün üçün arzu etmədiyini başqalarına da rəva görmə. Üçüncüsü, insanlar öz aralarında əldə olunmuş razılaşmaları həyata keçirməlidirlər.
Vətəndaşı, təkcə ictimai varlıq deyil, eyni zamanda, bir fərd kimi görən Hobbs, onun şəxsi həyat sferasında bir sıra zəruri azadlıqlarının tanınması ideyasını irəli sürür. Vətəndaş cəmiyyətinə açıq işarələr etmiş Hobbsun açdığı yolu liberal fikirlərə sahib olmuş başqa filosoflar davam etdirmişlər. Mssələn, B.Spinoza fikir azadlığı, vicdan azadlığı və dözümlülük prinsiplərini ali meyar kimi qəbul etmiş və insan azadlığını təmin edən dövlət nəzəriyyəsi ilə insan haqları ideyasını təkmilləşdirmişdir.
Fəlsəfəsi insan ruhunun, ağılın və rasional yanaşmanın tərənnümünə həsr olunmuş mütəfəkkir, siyasi-hüquqi görüşlərini ümumiləşdirərək, belə nəticəyə gəlmişdir ki, dövlətin əsas məqsədi vətəndaşların azadlığını təmin etməkdir. Spinoza yazırdı: "Azad dövlətdə hər kəs istədiyi kimi fikirləşə, fikirləşdiyi kimi danışa bilər". Onun fikrincə, azadlıq - dərk edilmiş zərurətdir.
Digər görkəmli ingilis filosofu C.Lokk insan haqları ideyasının inkişafına əhəmiyyətli töhfə vermişdir. Onun əsərlərində azadlıq və bərabərliyin bərqərar olduğu cəmiyyətlərdə insanların yaşamaq və azad olmaq hüquqları ilə yanaşı, mülkiyyət hüquqlarının da təmin olunmasının vacibliyi qeyd edilir. O, bu hüquqlara qəsd edənlərin dövlət tərəfindən mühakimə olunmasını insanlar və dövlət arasında mühüm razılaşma sayırdı. Lokk insanların hüquq və azadlıqlarının müdafiəsini dövlətin ən ümdə vəzifəsi olduğunu və insanların da dövləti bu məqsədlə yaratdıqlarını əsaslandırırdı. O, mülkiyyət hüququnun tanınması və ona hörmət edilməsi, vicdan azadlığı və bərabərlik prinsiplərinə riayət olunması, dövlətin insanların hüquq və maraqlarını qoruması öhdəliyi daşıması üçün yaradıldığı, hakimiyyətin bölünməsi prinsipi əsasında mütləq hakimiyyətin məhdudlaşdırılması, xalqın iradəsinin hakimiyyətdə ifadə olunması kimi mühüm ideyalarla insan haqları ilə bağlı baxışlara əhəmiyyətli yeniliklər gətirmişdir.
C.Lokk dövlətin siyasi hakimiyyətinin mütləq forma almaması və zalimanə gücə çevrilməməsi üçün hakimiyyət bölgüsünün vacib şərtlərdən olduğunu iddia edirdi. Ona görə, dövlətin səmərəli fəaliyyəti və azadlıqların qorunması üçün hakimiyyət hüdudlarının və səlahiyyətlərinin dəqiqləşdirilməsi zəruridir. Əsərlərində hakimiyyət bölgüsünün aparılması prinsipinə xüsusi önəm verən C.Lokk, hakimiyyət qollarının bir-birinə nəzarət etməsini və bir-birini qeyri-qanuni hərəkətlərdən çəkindirməsini vacib bilirdi. O, dövlət hakimiyyətinin məqbul fəaliyyəti üçün "çəkindirmə, qarşısınıalma və qadağanetmə mexanizmi"nin yaradılmasını vacib bilirdi.
Filosofun fikrincə, fərdin azadlığı qanunla qadağan olunmayan və sərbəst fəaliyyətindən ibarətdir. C.Lokk qeyd edirdi ki, yaxşı idarəçilik, insan hüquqlarının müdafiəsi, xalqların rifahı o zaman təmin olunar ki, hakimiyyət orqanları öz fəaliyyətlərində qanunları rəhbər tutsunlar. C.Lokkun hakimiyyət bölgüsünə, vahid dövlət hakimiyyətinin müxtəlif qollarının qarşılıqlı əlaqə və fəaliyyət prinsiplərinə dair görüşləri XVII əsrdə yaranmaqda olan burjua konstitusionalizminin əsasını təşkil etmişdir.
C.Lokkun hakimiyyətin bölünməsi ideyasını sonralar görkəmli fransız filosofu və hüquqşünası Ş.Monteskye inkişaf etdirmişdir. Lokkdan fərqli olaraq, Monteskye krala və nazirlər kabinetinə məxsus icra hakimiyyəti ilə yanaşı, azad məhkəmə hakimiyyətinin labüdlüyü fikrini də irəli sürmüşdür. O, İnsanların hüquq və azadlıqlarının təmin olunması üçün hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyəti olaraq, üç qola bölünməsi və bir-birindən müstəqil şəkildə fəaliyyət göstərməsinin zəruriliyini vurğulamışdır. Monteskye siyasi azadlıqların yalnız hakimiyyətdən sui-istifadələrin olmadığı idarəçilik üsulları şəraitində mövcudluğunu qeyd edirdi.
Ə.Abbasov yazır: "Daim dinamikada olan insan hüquqları ideyasının inkişafına əvəzsiz töhfə vermiş filosof J.J.Russo ictimai ədalət və azadlıq problemlərinə həsr etdiyi əsərlərində bu məsələlərə bərabərlik prizmasından yanaşırdı. Onun fikirlərinə görə, mülkiyyət hüququnu ifrat dərəcədə mənimsəyən acgöz və getdikcə hərisləşən insanlar böyük çoxluğun ədalətli cəmiyyətdə azad və xoşbəxt yaşamasına qəsd edirlər. Mülkiyyət hərisliyi, insanları səhv addımlar atmağa vadar edərək, onları asılı vəziyyətə sala bilər. Bunların baş verməməsi üçün dövlətin formalaşmasında ictimai razılaşmanın əldə olunması vacibdir. İnsanlar azadlıqları naminə dövləti qurur, dövlət isə qanunları yaradır və hüquqları müdafiə edir. Beləliklə, insanlar dövlətin yaratdığı, daha doğrusu, özlərinin yaratdıqları qanunlara riayət edərək, azad yaşayırlar. Dövlət vətəndaşlar arasında hüquqi və siyasi bərabərliyi təmin edir. J.J.Russo elə bir ideal cəmiyyət fikirləşirdi ki, burada insanlar qanunlara tabe olaraq, azad və bərabər yaşasın, vətəndaşlar hakimiyyətin formalaşmasında və fəaliyyətində yaxından iştirak etsin, insanlar mülkiyyət hüququndan istifadədə müəyyən hüdudlardan kənara çıxmasınlar. Belə bir cəmiyyətin qurulması ideyası tarixin sonrakı inkişaf mərhələlərində daha aktual olmuşdur. Bu ideya-ideal bu gün də olduqca aktualdır".
İnsan hüquqları özünün tarixi inkişaf prosesinin kulminasiyasına 4 iyul 1776-ci ildə Amerika Birləşmiş Ştatlarında "İstiqlaliyyət Bəyannaməsi"nin elan edilməsi ilə çatmışdır. Belə ki, "İstiqlaliyyət Bəyannaməsi" ictimai praktikada qəbul olunmuş ilk sənəd idi ki, insan hüquq və azadlıqlarına böyük önəm vermişdir. Burada qeyd olunan insan hüquqları və azadlıqları haqqında fikirlər daha sonra 17 sentyabr 1787-ci ildə qəbul edilmiş Amerika Birləşmiş Ştatlarının Konstitusiyasında öz əksini tapmışdır. Həm İstiqlaliyyət Bəyannaməsinin, həm də ABŞ Konstitusiyasının mütərəqqi cəhətlərindən biri də o idi ki, bu sənədlərdə ilk dəfə insan hüquq və azadlıqlarının prinsipiallığı qeyd olunaraq, onların siyahısı təsbit edilmişdir. Bu siyahıya əqidə azadlığı, söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, səadətə canatma hüququ, mülkiyyət hüququ və şəxsi toxunulmazlıq, hüquqların qorunması üçün məhkəməyə müraciət hüququ kimi hüquqlar və azadlıqlar daxil idi.
Müəllifin qeyd etdiyi kimi, Amerika ilə yanaşı, demək olar ki, eyni zamanda, Avropada da insan hüquq və azadlıqlarının çəkisi kifayət qədər artmağa başlamışdı. İnsanlar onlara hüquqların verilməsi fikri ilə kifayətlənmir, əksinə, bu hüquqlara, artıq sahib olduqları kimi davranmağa başlayırdılar. İnsan hüquqlarının bu şəkildə geniş yayılması və təbliğ olunmasında Fransada baş vermiş inqilab və 26 avqust 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş hüquqları Bəyannaməsi"nin əvəzsiz rolu olmuşdur. Bəyannamənin təqdirəlayiq cəhətindən biri o idi ki, nəzərdə tutulan hüquq və azadlıqlar yalnız fransızlar üçün deyil, müxtəlifliklər nəzərə alınmadan bütün insanlara ünvanlanaraq yazılmışdır. İnsan hüquq və azadlıqları ideyasına əhəmiyyətli dərəcədə yenilik gətirən və dəyər verən Bəyannamə azadlıq, mülkiyyət, təhlükəsizlik, zülmə müqavimət hüquqlarını, fikir, söz, yazı və mətbuat azadlıqları kimi insan haqlarını təsbit etməklə, həm də siyasi sistemin əsaslarını (xalq suverenliyi, vətəndaşların qanunvericilik orqanında təmsil olunması, birbaşa iştirakı və hakimiyyətin bölünməsi) yenidən müəyyən edən və onları təkmilləşdirən müddəaları özündə əks etdirirdi. Bəyannamədə əks olunan fikirləri aşağıdakı kimi təsnif etmək olar:
1) İnsan hüquq və azadlığına dair fikirlər:
- İnsanlar doğulduğu andan ölənədək azaddırlar və onların hüquq bərabərlikləri vardır. İnsanlar arasındakı ictimai fərqlər yalnız onların ümumi mənafe ilə bağlı fikirlərə əsasən mövcud ola bilər.
- Azad olmaq başqalarına ziyan vurmamaq şərtilə insanın arzuladığını etmək imkanının olmağı deməkdir. Bir insanın "təbii hüquqlar"ının həyata keçirməsi, digər insanın da bu hüquqlarını həyata keçirməsinə mane olmayan həddə qədər baş verə bilər. Belə bir hədd isə, yalnız qanunla müəyyənləşir.
- Cəmiyyət üçün zərətli olan hərəkətlər yalnız qanunla qadağan oluna bilər. Qanunun icazə verdiyi və ya onunla qadağan edilməyən bütün hərəkətləri etmək olar, eyni zamanda, qanunla tələb olunmayan hərəkətləri etmək məcburiyyəti də yoxdur.
- Toxunulmaz və müqəddəs hesab edilən mülkiyyət hüququ heç kimin əlindən alına bilməz. İnsan belə bir hüquqdan yalnız qanun əsasında, ictimai zərurətin tələb etdiyi halda və əvəzi əvvəlcədən ədalətli şəkildə ödənildikdən sonra məhrum oluna bilər.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru