Cəmiyyət daxilində insan tək yaşamayan, digər insanlarla eyni hüquq və azadlıqları bölüşən bir ictimai subyekt olduğu üçün, onun sahib olduğu hüquqlar da ictimai xarakterlidir. İnsanlar arasında bir-birinə hörmət və qarşılıqlı məsuliyyətin vicdan, əxlaq və mədəniyyət kimi anlayışların təsiri ilə formalaşması da bir reallıqdır. Bütün bunlar hüquqi nizamlamanın obyektinə çevrilərək, "yumşaq öhdəlik" formasından "sərt öhdəlik" formasına keçir. 1789-cu il tarixində qəbul edilmiş Fransa İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində əks olunmuş müddəalar sonradan dövlətlərin əsas qanunları olan konstitusiyalarında da yer almışdır. Bu müddəalardan aşağıdakılar xüsusilə əhəmiyyətli mənbəyə çevrilmişlər: azadlıq başqasına zərər verməyən hər şeyi etmək imkanından ibarətdir; buna görə hər bir insanın təbii hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin eyni hüquqlarından istifadə etməsini təmin edən hədlərlə məhdudlaşdırılır; bu hədlər ancaq qanunla müəyyənləşdirilə bilər.
Ə.Abbasov yazır: "Burada həm insanların, həm də dövlətin maraqlarının qorunması baxımından hüquqların qanuni əsaslarla məhdudlaşdırılmasının labüd olduğu bildirilir. Fransa Bəyannaməsində insan hüququ və azadlıqlarının məhdudlaşdırılmasının kimin edə biləcəyi və necə etməli olduğunun da qanunda əks edilməsi göstərilmişdir. Bütün demokratik cəmiyyətlərdə belə məhdudlaşdırma qanunverici orqan tərəfindən və qanuna əsasən həyata keçirilir. Bunun da çox məntiqi bir əsası vardır. Xalqın iradəsi ilə formalaşan və onu hakimiyyətdə təmsil edən qanunverici orqan xalqın hüquqlarını onun maraqlarına ziyan vurmadan və mənafeyinə uyğun olaraq məhdudlaşdıra bilər. Hüquq və azadlıqların məhdudlaşdırılması konkret insanlara və ya bir kateqoriya insanlara yönəldilmiş olmur. Bu məhdudlaşdırmanın qanunla həyata keçirildiyini və qanunun da hamıya eyni dərəcədə şamil edildiyini nəzərə alsaq, əvvəl söylədiyim fikri təsdiqləmiş olarıq. Qanunların hər bir demokratik dövlətdə konstitusiyaya uyğunluğu tələbi də qərarların özbaşına qəbuluna imkan verməmək şərtidir.
İnsan hüquqlarının məhdudlaşdırılması ilə əlaqədar ümumdünya İnsan Hüquqları Bəyannamasində də müddəalar (cəmiyyətə qarşı fərdi öhdəliklərin varlığı, hüquq və azadlıqların BMT-nin məqsəd və prinsiplərinə qarşı istifadə edilməməli olduğu, başqalarının hüquq və azadlıqlarının tanınması və onlara hörmət edilməsi, demokratik cəmiyyətdə əxlaqın, ictimai asayişin və ümumi rifahın şərtlərinə uyğun olaraq hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyü) mövcuddur".
Bundan başqa, insan hüquqları sahəsində qəbul edilmiş ən mütərəqqi beynəlxalq hüquqi sənəd hesab edilən İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasında da insan hüquq və azadlıqlarının dövlətin milli təhlükəsizliyinin, ictimai asayişin və əhalinin sağlamlığının təmin olunması baxımından məhdudlaşdırılması imkanları nəzərdə tutulmuşdur.
İctimai praktikada bir insanın digərinin hüquqlarını pozmasına yönəlmiş və ya bununla nəticələnən hərəkətlər qanunla qadağan edilir. Eyni zamanda, demokratik cəmiyyətdə söz, mətbuat, ifadə azadlığı hüquqlarına istinad edərək və onlardan sui-istifadə hallarına yol verərək, insanın ləyaqətini alçaltmaq qanunla qadağan edilməklə yanaşı, həm də cəzalandırılır. Oxşar şəkildə, ümumi əxlaqa zidd olan və ya əxlaqın müəyyən meyarlarına görə ifrat səciyyə daşıyan haqdan istifadəyə görə (pornoqrafik, irqçi ədəbiyyat və kino, ifrat marginal qruplaşmalar, məhdudiyyətlər müəyyən olunur.
Müəllif qeyd edir ki, istər demokratik, istərsə də qeyri-demokratik cəmiyyətlərdə insan hüquqlarının fövqəladə vəziyyətlərdə "əlavə olaraq məhdudlaşdırılması da baş verə bilər. Belə məhdudlaşdırma isə konkret bir halın yaranması ilə sanksiya alır və bu hal aradan qaldırıldıqda da legitimliyini itirmiş olur. Bu "əlavə" məhdudiyyətlərin tətbiq edilməsinə əsas verən hallar bəzən -dövlətlərin qanunvericiliyində məqsədyönlü şəkildə təsbit edilmir. Lakin insan hüquqlarına dair əsas beynəlxalq hüquqi sənədlərdə bu hallar konkretləşdirilir. Belə ki, dövlətlər ictimai-siyasi sistemin təhlükədə olmasını əsas gətirərək, fövqəladə tədbirlər (hərbi vəziyət, fövqəladə vəziyyət, səfərbərlik) görə bilərlər.
"Belə fövqəladə tədbirlər zamanı insan hüquq və azadlıqları hansı həddədək məhdudlaşdırıla bilər" sualını dövlətlər İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasında cavablandırmağa çalışmışlar. Konvensiyaya əsasən, müharibə və ya millətin varlığını təhdid edən başqa bir ümumi təhlükə olduqda hər bir dövlət, yalnız vəziyyətin tələb etdiyi qədər, beynəlxalq hüquqdan yaranan başqa öhdəliklərə zidd tədbirlər həyata keçirə bilər. Avropa Konvensiyasında yaşamaq hüququnun, işgəncəyə və alçaldıcı cəza və davranışlara məruz qalmamaq hüququnun, kölə və qul edilməmək hüququnun və qanunsuz cəzalandırılmamaq prinsipinin hər hansı şəkildə pozulmayacağı nəzərdə tutulmuşdur. Konvensiya bəzi hüquqları daha prioritet hüquqlar hesab edərək, onları "toxunulmaz hüquqlar" kimi dəyərləndirir. Bu hüquqlar insanın təbii və təməl hüquqları olduğu üçün, vəziyyətin "fövqəladəliyindən'' asılı olmayaraq, müdafiə edilməli zəruriyyətini qazanmışlar. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi "Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt"da fikir, vicdan və din azadlıqları da bu kateqoriyaya daxil edilmişdir. Dövlət daxilində əhalinin həyatını təhlükə altına alan fövqəladə vəziyyət zamanı və belə halın mövcudluğu rəsmən elan edilərkən, Paktın iştirakçısı olan dövlətlər zəruri tədbirləri o qaydada həyata keçirməlidirlər ki, bu, insanın yalnız irqi, dərisinin rəngi, cinsi, dili, dini və ya sosial mənsubiyyəti ilə bağlı əlamətləri əsasında ayrı-seçkiliyə yol verilməsinə gətirib çıxarmasın.
İnsan hüquqlarının dövlət tərəfindən fövqəladə vəziyyətlərdə məhdudlaşdırılmasının həddi fövqəladə vəziyyətin tələbinə adekvat (mütənasib məhdudlaşdırma prinsipi olmalıdır. Məhdudlaşdırmanı tələb edən fövqəladə vəziyyət aradan qalxdıqda, məhdudiyyətlər də qüvvəsini itirmiş olmalıdır (müvəqqəti məhdudlaşdırma prinsipi). Bu prinsiplər, dövlətlərin fövqəladə vəziyyətlərdən sui-istifadə etməsinə yol verməmək məqsədi daşıyaraq, məhdudiyyətlərin özünü də müəyyən hüdudlara alır. Əks təqdirdə, fövqəladə vəziyyətin elan olunması qeyri-demokratik və avtoritar bir rejimin yaranması, habelə, insan hüquq və azadlıqlarının aradan qaldırılması ilə nəticələnəcəkdir. Ümumiyyətlə, fövqəladə vəziyyət zamanı insan hüquqları və azadlıqlarının məhdudlaşdırılması zərurət qarşısında atılacaq bir hərəkət kimi qəbul edilməlidir.
Ə.Abbasov daha sonra yazır: "İnsan haqlarının bir ideya kimi qəbul edilməsi onların ictimai praktikada təmin olunaraq, müdafiə edilməsi ilə tamamlanmalıdır. Bunun üçün dövlətin və fərdin bir-biri qarşısında hüquq və vəzifələri elə müəyyən olunmalıdır ki, hakimiyyətə malik olan dövlət hüquqları olan insanların rifahına xidmət etsin. Aralarında güc bərabərsizliyi olan vətəndaş və dövlətin münasibətləri ikincinin hakimiyyətinin məhdudlaşdırılması ilə elə tənzimlənməlidir ki, birinci öz hüquq və azadlıqlarının reallaşmasından məmnun olsun. Dövlət insanla qayğılı rəftara borclu və məsuliyyətlidir.
Qeyd edim ki, dövlət hakimiyyətinin məhdudlaşdırılması zərurəti, bu hakimiyyətin qeyri-məhdud olmadığı fikri hələ çox qədimlərdə ortaya çıxmış və beləliklə də, dövlət hakimiyyətinin mənşəyi və mahiyyəti barəsində fikirlə hakimiyyətin məhdudlaşdırılması fikri paralel inkişaf etmişdir. Müxtəlif zamanlarda hakimiyyətlə bağlı "ilahi qanunlar" və "Tanrı iradəsi", "ictimai müqavilələr", "təbii hüquq" və "fərdi azadlıqlar", dövlətin öz-özünə məhdudiyyət qoyması, dövlətin ali hüquqa tabe edilməsi və əxlaqi meyarlar ilə məhdudlaşdırılması haqqında fikirlər olmuşdur."
Dövlət hakimiyyətinin hüquqi baxımdan məhdudlaşdırılması hüquqi dövlətin formalaşması ilə həyata keçirilə bilər. Hüquqi dövlət - ictimai həyatın qanunlar, hüquqi prinsiplər və vasitələr əsasında qurulub tənzimlənməsidir. Hüquqi dövlətdə fərdlər hüququn subyektlərinə, fərdin digər şəxslərlə və dövlətə münasibətləri isə hüquq münasibətlərinə çevrilir. Hüquqi dövlət dedikdə, onun qəbul etdiyi qanunların konstitusiyaya uyğun olması, hakimiyyətin üç qola bölünməsi, yaxşı idarəetmə, qanun qarşısında hamının bərabərliyi, ədaləti mühakimənin təmin olunması, qanunun aliliyi və s. elementlərin mövcud olduğu "məhdud" hakimiyyət başa düşülür.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru