PDF Oxu

MİA

  • 12 084

Qloballaşma, özgələşmə və yeni nəsillərin hüquq və azadlıqları

image

Nizamsızlığın, hədsiz qeyri-müəyyənliyin, dolaşıqlıq və xaosun, pozğunluq və deqradasiyanın daşıyıcısı olan sosial entropiya, qadağa prinsipinin yoxluğu və yaxud fəaliyyətsizliyi şəraitində, açıqlığa və demokratiyaya can atan cəmiyyətin inkişaf prespektivini əlindən alır. Fəlsəfə üzrə elmlər doktoru Ə.Abbasov yazır: "Dünyada intensivləşən qloballaşmanı da nəzərə alsaq, bu təhlükənin böyüklüyünü anlaya bilərik. Qloballaşma, bütün müsbət tərəflərlə birgə, hər bir zəif, özünü mühafizə edə bilməyən cəmiyyət üçün qlobal entropiya mənbəyidir. Qloballaşmadan mənfəət götürmək üçün onun mənfi təsirlərindən yayınmaq və qorunmaq - bir zərurətdir.

Problematiklik ondadır ki, avropalaşma və universallaşma adı altında mədəniyyətimizə və həyat tərzimizə edilən açıq-aşkar müdaxilə nəticəsində milli ənənələrimiz, ictimai dəyərlərimiz, sosial institutlarımız aşınmaya məruz qalır, onların mühafizəsi əsaslı şəkildə zəifləyir. Bu gün müxtəlif informasiya-kommunikasiya vasitələri sayəsində milli özünüifadədən, insanilikdən uzaq, intellekt gücündən və ruhlandırıcı enerjidən məhrum, məsuliyyət və vicdan hissindən xali olan "mədəniyyət"in yayılması demokratiya və insan haqlarına heç də az ziyan vurmur.

Bu baxımdan, yeni nəsillərin hüquq və azadlıqlarını dərk etməsi, onlar üçün elm və zəka müstəvisində mübarizə aparması, tarixən formalaşmış müdriklik məbədlərinə, qəhrəmanlıq və vətənpərvərlik nümunələrinə həssaslıqla yanaşması, nizamlı, mədəni və məsuliyyətli fəaliyyət göstərmək təcrübəsini mənimsəməsi çox əhəmiyyətli bir faktordur. Hələlik, deyə bilmərik ki, vəziyyət və aparılan işlər qaneedicidir. Bunun nəticəsidir ki, gənclərimizin ayrı-ayrı seqmentləri müxtəlif niyyətli siyasi və dini dairələrin mənəvi təcavüzünə məruz qalır, məkrli qüvvələrin əlində bir alətə çevrilir. Gənclər bu dairələr tərəfindən elm-zəka, yaradıcı əmək və quruculuq, daxildən gələn nizam və insan azadlığı, məsuliyyət və vicdan müstəvisində deyil, xurafatçılıq, elmsizlik, dağıdıcılıq, qaragüruhçuluq, uydurma-yalançı "dəyər" və "lider"lərə vurğunluq, itaətkarlıq istiqamətində formalaşdırılır. Bununla da, əslində, insanın insan olmaq haqqı əlindən alınır, gəncin həyat proyektinə ciddi zədə yetirilir".

Köklü transformasiya şəraitində insan hüquqlarına ən böyük əngəl, hətta təhlükə yaradan mənfur amillərdən biri sosial özgələşmədir. Təəssüflər olsun ki, bizim elmi ədəbiyyatda çox vaxt bu kontekst nəzərdən qaçırılır, demək olar ki, özgələşmə hadisəsinə, nə qədər aktual olsa da, müraciət edilmir. İnsan hüquq və azadlıqlarına, xüsusən, son illərdə, çoxsaylı əsər və məqalələr toplusu həsr olunsa da, sosial özgələşmə problemi nədənsə xüsusi olaraq gündəliyə gətirilmir, bu isə, öz növbəsində, mövzunun geniş araşdırılmasına mane olur. Nəticədə isə, insan fenomeninin bir mücərrəd, konkretikası olmayan varlıq kimi, müqəvva qismində "tədqiqini" görürük. Belə olduqda, aydındır ki, şəxsiyyət probleminə, insan haqları mövzusuna aid bir sıra məqamlar qaranlıq qalır, aktual məsələlər öz həllini tapmır.

Ə.Abbasovun fikrincə, özgələşmə, xüsusən, köklü və mürəkkəb transformasiya prosesində insan hüquq və azadlıqlarının adekvat anlaşılmasına, bu haqların təmin olunmasına, bilavasitə təsir göstərən sosial hadisədir. Bir sosial proses və hadisə olan özgələşmə insanın sosiallaşmasında aparıcı mövqe tutursa, deməli, şəxsin öz hüquq və azadlıqlarına biganəliyi və laqeydliyi formalaşır. Özgələşmə - insanı həm özündən, həm başqalarından, ətraf mühitdən uzaqlaşdıran, onun ali varlıq kimi təyinatının reallaşmasına imkan verməyən, mövcud olduğu mühitdə qarşılıqlı hörmət və etiraf, ünsiyyət tellərini qıran, müxtəlif növ destruksiyalara yol açan bir hadisə-prosesdir.

Özgələşmə həm mahiyyəti, həm də təzahür formaları baxımından variativdir. Necə deyərlər, hər bir dövr özgələşməyə öz möhürünü vurur. Sosial zamanın cərəyan sürəti daim artır, deməli, özgələşmənin variativliyi də artır. Fikrimcə, variativlik o dərəcədə yüksələ bilər ki, sürətlə mürəkkəbləşən özgələşmə nəticəsində insan bir fərd kimi, "fəlakət zolağından" çıxa bilməz. Bu xüsusiyyət, əgər kütləviləşərsə, bütöv cəmiyyəti, bəşəriyyətin özünü fəlakətə, dəhşətli sonluğa sürükləyə bilər. Bu mənada, bir çox alimlərin insan taleyinin, ayrı-ayrı sivilizasiyaların gələcəyi ilə bağlı ciddi narahatlıqları başa düşüləndir. Əbəs deyildir ki, bu gün dünyanın müxtəlif yerlərindən həyəcan təbili çalınır və bəşəriyyəti xaosa, sivilizasiyalar toqquşmasına aparan səbəblər sırasında insanın öz varlığı ilə bağlı neqativ faktor və tendensiyalar vurğulanır.

İnsanın sosiallaşması ictimai mühitlə, mövcud mədəniyyətlə ünsiyyətdə baş verən prosesdir ki, fərdi sosial sistemin müəyyən statuslu üzvünə çevirir. Bu prosesdə cəmiyyətin norma, dəyər və inancları fərdlərə ötürülür, sosial institutlar daxilində onların üzərinə vəzifələr qoyulur və hüquqlar verilir.

M.N.Rzayev yazır: "Sosiallaşma prosesində üç mühüm amil müşahidə edilir: 1) fərd mövcud sosial normaları və dəyərləri, mədəniyyəti əxz edir; 2) fərd öz baxışlarını, dəyərlər sistemini, sosial tələbatlarını, "yaxşı"ya və "pis"ə münasibətini formalaşdırır; 3) mənimsənilən dəyərlər və formalaşan baxışlar, tələbatlar əsasında fərd ictimai həyata qovuşur. Öncə ailədə, qohum-əqrəba şəbəkəsində, məhəllə və məktəbdə başlanan və müxtəlif səviyyələr üzrə, ayrı-ayrı sosial institutlar daxilində davam edən sosiallaşma nəticəsində insan özünü dərk edir, şəxsi kimliyini formalaşdırır və təsdiqləyir, cəmiyyətdə müəyyən sosial rol və sosial status sahibi olaraq şəxsiyyətə çevrilir. Çoxmərhələli və çoxölçülü sosiallaşma nəticəsində fərdin şəxsiyyətə çevrilməsi, sözün adekvat mənasında, elə insanın inkişafının göstəricisidir. Qeyd edim ki, insanın inkişafı müxtəlif münasibətlərin xarakteri və bu zaman ortaya çıxan ziddiyyətlərin necə həll olunması ilə bağlıdır".

Müəllifin fikrincə, insanın öz hüquq və azadlıqlarına, ictimai vəzifələrinə adekvat və həssas münasibəti, məhz şəxsiyyət səviyyəsində qərarlaşır. Fərdin şəxsiyyətə çevrilməsində, bir tərəfdən, insanın sosiallaşması özünü göstərirsə, digər tərəfdən, şəxsiyyətin fərdiləşməsi prosesi baş verir. Bu proses insanın özünəməxsusluğunun göstəricisidir, o, insanı müəyyən müstəqilliyə, muxtariyyətliyə sövq edir və onda başqalarından fərqlənmək, digərlərini təkrarlamamaq, öz orijinallığını ortaya qoymaq, seçilmək, kütlə daxilində əriməmək kimi keyfiyyətləri yaradır. Bir çox alimlərin fikrincə, insanın öz hüquqlarını, ictimai borcunu və vəzifələrini anlaması bu istiqamətdə fəallıq göstərməsi xeyli dərəcədə onun muxtariyyətliyə sahiblik dərəcəsindən asılıdır.

Elmi ədəbiyyatda şəxsiyyətin özünəməxsusluğu "fərdiyyət" anlayışı ilə ifadə edilir. Ə.S.Bayramov yazır: "Biz insanı fərdiyyət kimi nəzərdən keçirərkən, onu başqa adamlardan fərqləndirən cəhətləri, onun psixikasının və şəxsiyyətinin özünəməxsus xüsusiyyətlərini xarakterizə edirik". Fərdin sosiallaşması və şəxsiyyətin fərdiləşməsi yalnız cəmiyyət daxilində, sosial institut və münasibətlərin mövcudluğu şəraitində mümkündür. Cəmiyyət və şəxsiyyət dialektik əlaqədə olaraq, bir-birini tamamlayır və bir-birinə qarşılıqlı təsir göstərir. Şəxsiyyət cəmiyyətə, ictimai proseslərin gedişinə müxtəlif cür təsir edir. Bu təsir şəxsiyyətin sosial statusundan, həyat təcrübəsi və intellekt səviyyəsindən, peşə yönümü və əməli səriştə qabiliyyətindən, nüfuz və iradəsindən asılı olur. Əlbəttə ki, başqa amillər də var və onlar da insanın cəmiyyətdəki rolunu şərtləndirir. Burada bir mühüm məqama da diqqət yetirmək vacibdir. Belə ki, şəxsiyyətin cəmiyyətə təsiri yalnız onun öz fərdi keyfiyyətləri ilə, bacarıq və qabiliyyətlər tutumu ilə şərtlənmir. Mühitin öz həssaslığı, şəxsiyyət tərəfindən təsirə müyəssərliyi də çox əhəmiyyətlidir.

Bəzən elə olur ki, dövlət idarə formasından, siyasi rejimdən, ictimai psixologiyanın durumundan və s. asılı olaraq, hətta böyük potensiala malik şəxsiyyətin bacarıq və qabiliyyətləri istifadəsiz qalır, göstərə biləcəyi təsir reallaşmamış qalır. Adətən, belə vəziyyət avtoritar və totalitar rejimli qapalı cəmiyyətlər, xüsusən də, "namestnik"-satrapların hökmranlıq etdiyi protektorat tipli ölkələr üçün xarakterikdir. Bu tip cəmiyyətlər, bir qayda olaraq, şəxsiyyətin təşəbbüslərini, fərqlənən insanların intellektual alovunu, səy və bacarıqlarını söndürməyə, "boy verən sünbüllərin başını vaxtında üzməyə" daha meyilli olurlar. Başqa sözlə desək, insanın ən başlıca hüquqlarından birini - yaradıcılıq hüququnu əlindən alırlar. Beləliklə də, onun həyat layihəsinin reallaşmasına imkan verilmir. Bu məqsədlə müvafiq siyasi rejimlər mənəvi və siyasi repressiyalara, hətta terrora və məxfi agentura şəbəkəsinin yardımına da əl atırlar. Keçmiş və indiki tarix bunu dəfələrlə sübut edib və etməkdədir. Ölkələrin tarixi-ictimai təcrübəsi onu göstərir ki, anti-insani rejimlər öz məqsədlərini reallaşdırmaq naminə demokratik frazeologiyadan da istifadə edirlər, insan hüquqlarına qarşı cəhdlərdə öz əməllərinə insani görkəm verməyə çalışırlar.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər