PDF Oxu

MİA

  • 5 057

İnsan haqları, məlumatlandırma və maarifləndirmə

image

Kütləvi informasiya prosesində informasiyanın ötürülməsi bir istiqamətdə olur. İctimai rəy sorğuları bu prosesin qarşılıqlı istiqamətdə olmasını reallaşdırır. İctimai rəyə təsir edənlər (informasiya vasitələri, mənafe qrupları, siyasi liderlər), artıq ictimai rəyin reallıqlarını nəzərə alırlar. İctimai rəy sorğuları müəyyən ixtisaslaşmaya əsaslanan elmi tədqiqatlardır. Doğrudur, hər cür rəy sorğusu elmi tədqiqat sayıla bilməz. Adətən, rəy sorğuları sosioloji və statistik olçülərə əsasən hazırlanır. Müəyyən qanunauyğunluqla hazırlanan sualları əhatə edən anketlər, respondentlərlə ünsiyyət, verilən cavabların təhlili və yekun rəy sosiolji meyarlara uyğun olmalıdır.

Fəlsəfə üzrə elmlər doktoru Əbdülhəsən Abbasov yazır: "İctimai rəy sorğuları və onların açıqlanması bəzi hallarda müxtəlif mənafe qrupları və siyasi partiyaların, müəyyən siyasi və iqtisadi maraqları olan ayrı-ayrı şəxslərin "sifarişi" əsasında həyata keçirilir. Bu isə ictimai rəyin obyektivlikdən uzaq, istənilən nəticənin əvvəlcədən təmin olunması formasında və elmi dəyərlərlə əlaqəsi olmayan bir görünüş yaradır. Sifariş əsasında ticari meyarlara görə fəaliyyət göstərərək, ictimai rəy sorğusu keçirən şirkətlər çox zaman sifarişçini razı salacaq "nəticələr" ortaya qoyurlar. Bundan əlavə, kütləvi informasiya vasitələri də ictimai rəy sorğularının nəticələrini bəzən öz maraq və mənafeləri istiqamətində şərh edirlər.

Bütün bunlar isə, təbii ki, ictimai rəy və keçirilən sorğuların obyektivliyi haqqında cəmiyyətdə neqativ qənaətlərin yaranmasına səbəb olur.

İctimai rəyin yaranması, struktur və mahiyyət xüsusiyyətləri ilə formalaşdığı siyasi sistem arasında yaxın münasibət var. İctimai rəy siyasi münasibətlərə öz təsirini göstərir və siyasi qərar qəbuletmə prosesinə istiqamət verir. Siyasi sistemdən asılı olmayaraq, hər bir cəmiyyətdə siyasi iqtidar sahibləri, idarə edilənlərin (fərdlər-vətəndaşlar-kütlə) həyata keçirilən hökumət siyasəti və fəaliyyəti ilə əlaqədar baxış və qənaətlərini öyrənmək istəyirlər. Bu qənaətlərin təsir sferası və imkanları isə, öz növbəsində, siyasi sistemin mahiyyətindən asılıdır. Demokratik rejimlərdə "ortaya çıxan" ictimai rəy ilə qeyri-demokratik rejimlərdə (avtoritar və totalitar) "ortaya çıxarılan" ictimai rəy arasındakı fərqi nəzərə almaq lazımdır. Əslində, hər rejimdə az və ya çox dərəcədə ictimai rəyin "ortaya çıxarılmasından" və "formalaşdırılmasından" söz gedə bilər. Bununla yanaşı, aradakı mahiyyət fərqi kifayət qədər önəmlidir".

Ümumi olaraq, sözün həqiqi mənasında, sərbəst bir ictimai rəy informasiya və fıkirlərin maneəsiz yayıla bildiyi bir şəraitdə formalaşır. Bunun reallaşması üçün məlumat, fikir və söz azadlıqları daxil olmaqla, bütün əsas haqq və azadlıqların təmin edildiyi bir hüquqi sistemin mövcudluğu zəruridir. İctimai rəy ancaq belə bir sistemdə, müxtəlif fikirlərin, əks baxışların, ayrı-ayrı şərhlərin, ziddiyyətli versiyaların açıq formada ortaya atıldığı və müzakirə edildiyi bir mühitdə formalaşa bilər. Belə bir mühit və rejimin təmin olunması, ictimai rəyin sərbəst surətdə formalaşması və effektiv olması demokratik bir sistemin mövcudluğundan asılıdır. Müəllifin fikrincə, demokratik olmayan sistemlərdə isə vəziyyət olduqca fərqlidir.

Siyasi sistemə hakim olan ideologiya və ya baxışlar mütləq həqiqət qismində, tənqid və şübhə edilmədən qəbul olunur. Siyasi sistemin baxış və fəlsəfəsinə müxalif baxışların, fərqli fikirlərin yayılması da mümkün deyildir. Bu rejimlərdə ictimai rəyin formalaşmasına ən çox təsir imkanına malik olan kütləvi informasiya vasitələri hakimiyyətin inhisarı altındadır. Kütlələri "məlumatlandırma" və "maarifləndirmə" fəaliyyəti birtərəflidir və ictimai rəy birtərəfli təbliğatla istənilən istiqamətdə formalaşdırılır. Belə rejimlərdə fərqli və əks fikirlərin sərbəst surətdə açıqlanması və müzakirə edilməsi nəticəsində formalaşan bir ictimai rəyin yerinə, təbliğat vasitələri ilə formalaşdırılan ictimai rəy vardır demək daha düzgün olardı.

İnkişaf etməkdə olan ölkələrdə də sərbəst bir ictimai rəyin mövcud olduğunu iddia etmək çətindir. Bu ölkələrin bir-birinə yaxın spesifık problemləri vardır. Fərdlərin siyasi şüuru aşağı səviyyədə olur. Əhalinin əksəriyyəti etnik və dini qruplar, tayfalar halında yaşayır və şəhər əhalisi deyildir. Bu insanlar ölkə və cəmiyyət problemlərindən bixəbər, öz "kiçik dünyalarının əhatəsində yaşayırlar". İnkişaf etməmiş cəmiyyətlərin ənənəvi strukturlarında ictimai qruplaşma və təşkilatlanma meyilləri də zəifdir. Müştərək mənafelər, fikirlər və məqsədlər ətrafında birləşərək, bunların reallaşması üçün fəaliyyət göstərən təşkilat və qruplar sözügedən ölkələr üçün çox nadir hadisədir. Bundan əlavə, iqtisadi problemlər və aşağı təhsil səviyyəsi səbəbilə kütləvi informasiya vasitələri də inkişaf etməmiş və yayılmamışdır. Bu isə, xalqla ünsiyyəti və əlaqəni zəiflədir. Bütün bu neqativ amillər isə ictimai rəyin formalaşmasına adekvat təsir göstərir.

Demokratik sistemlə obyektiv ictimai rəy arasında yaxın bir əlaqənin olduğu fikrini müdafiə edənlər, bunun demokratik sistemin mahiyyətindən irəli gəldiyini göstərirlər. Onlara görə, siyasi liderlər arasında sərbəst mübarizəni həyata keçirmək məqsədini daşıyan birləşmək haqqı və məlumat azadlığı əsas haqq və azadlıqlara əsaslanır. Demokratik norma və prinsiplər pozulursa, deməli, ictimai rəy üzərində diktat, düşüncələrə qarşı zorakılıq həyata keçirilir. Avtikratik və totalitar rejimlər üçün bu əlamət xarakterikdir.

Fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasov yazır: "Yalnız siyasi qənaətlərin sərbəst ifadə olunmasına şərait yaradılan sistemlər demokratik sayıla bilər. Bu sistemlərdə siyasi mübarizə, hakimiyyət fəlsəfəsi liderlərin ölkəni idarə etmə iddialarının, müəyyən "fasilələrlə" və gücə-zora istinad etməyən metodlarla həyata keçirilməsini nəzərdə tutur. Demokratik sistem, heç bir fəal siyasi fiquru mübarizədən kənarda qoymadan bunu reallaşdırmağa çalışır. Vətəndaşların seçmək və seçilmək hüququ əməli surətdə təmin edilir, onların qənaətləri cəmiyyətin idarə olunmasında vacib amilə çevrilir.

Demokratiyanın "mütləq şərti" ictimai rəy tərəfindən sistemə verilən razılıqdır. Bu razılığın idarə edənlər tərəfındən güc tətbiq edilmədən alınması zəruridir. Demokratiya - razılığın ifadə olunmasını təmin edən azad seçkilərə əsaslanır. Cəmiyyət (ictimai rəy) seçkilər vasitəsilə idarə edənləri - rəhbər şəxsləri müəyyənləşdirərək, idarəetmə prosesində, bilavasitə iştirak edir. Demokratik prosesin əsl mahiyyəti seçkilərdə və seçmə fəaliyyətində özünü göstərir. Seçkilər ictimai-siyasi razılığın və konsensusun mövcudluğunu, hüquqi-siyasi məkanın dinamik dayanıqlığını təsdiq edir. Seçici, ictimai rəyin real göstəricisi olan səsvermə ilə onu idarə edənlər haqqındakı qənaət və baxışlarını ifadə edir, bununla da, idarəetmə prosesinin iştirakçısına çevrilir. Bu isə, öz növbəsində, demokratik sistemin funksionallığının güclənməsini təmin edir. Eyni zamanda, cəmiyyətdaxili etimad, qarşılıqlı razılıq hissi, tolerantlıq artır, insanlar haqla batili ayırd etməkdə daha vicdanlı və qabiliyyətli olurlar. Əks halda, Con Stüart Millin təbirincə desək, qəddar rejimlər adamları da qəddarlaşdırır. İctimai rəyin, yəni xalqın siyasi qərarların qəbul olunması prosesində iştirakı, idarə edənlərə nəzarəti və siyasi hakimiyyətə qarşı müəyyən tələblər irəli sürməsi mümkün deyilsə, cəmiyyətdə qəddarlıq və qarşılıqlı nifrətin artması qaçılmazdır. Əql öldürülən, nəfs dirçəldilən yerdə bu, belədir".

Əbülhəsən Abbasovun fikrincə, kütləviləşən qəddarlıq, nifrət, hamının hamıya qarşı potensial düşmənçiliyi, məlumdur ki, hər bir cəmiyyəti içindən parçalayır, pozitiv duyğuları daha da söndürür. Söndükcə də, təbiiliyini itirir. O dərəcədə ki, artıq bədbəxtliyi hiss etmir, ümumi naqisliklərə müxalif olmaq əvəzinə, onlara qahmar çıxır. Güya ki, ruhu təmsil edən bədii yaradıcılıq, elm və incəsənət, musiqi, poeziya, nəsr - bütün bu "mənəvi həyat" toplusu get-gedə daha çox cırlaşır və yalnız xüsusi maraqlarla, ifrat eqoistik istəklərlə yaşayır. Təqdim olunan tədbir, görülən iş və yekun məhsulun təməlində xüsusi maraq - şəxsi və qrup istəkləri dayanır. Təsərrüfat və həyat üsulu bəri başdan unudulur, məqsədli surətdə qapadılır. Yalnız sərfəli yox, dolanışıq yolu və özünüqoruma üsulu olur. Yalnız insan bəndələrinə məxsus bir hiyləgərlik, biclik, acıgözlük, vicdansızlıq, hər cür xəyanətə qadirlik ab-havası hakim kəsilir. Böyük Hegel "Tarixin fəlsəfəsi" əsərində əbəs yerə demirdi: "Dövlət - mənəviyyatlı həyatdır". Onun bu fikirlərini də çatdırmaq faydalı olardı: "Dövlət o vaxt güclüdür ki, vətəndaşların xüsusi maraqları onun ümumi məqsədilə birləşir". "Dövlət - ruhun öz təbii varlığında tam reallaşmasıdır". "Dövlət azadlığı təmin edir". "Dövlətə aid suallar mədəniləşmiş idrakın predmetidir". "Dövlət özünü dərk edən azadlığın ağıllı həyatıdır".

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər