Dövlətin, iqtisadi sistemin, idarəetmə fəlsəfəsinin, eynilə, bu və ya digər bəşəri dəyərlərə həssaslıq, bütün hallarda, mədəniyyətlə, xalqların ruhu ilə bağlıdır və bu həqiqət dəfələrlə mütəfəkkirlər tərəfindən vurğulanıb. Elə həmin Hegelin "hər bir xalq özünə layiq hakimiyyətə malikdir" kəlamı çoxlarına məlumdur. Müasir sosiologiya və fəlsəfənin ən maraqlı simalarından biri, yapon mənşəli Amerika alimi Frensis Fukuyama isə, məsələn, yazır: "Hər bir ölkənin iqtisadi quruluşu onun mədəniyyəti haqda maraqlı çox şey söyləyə bilər". Düzdür, müasir qloballaşma ayrı-ayrı mədəniyyətlərə öz təsirini göstərir - bir tərəfdən, qarşılıqlı surətdə bəhrələndirir və universallaşdırır, digər tərəfdən, səciyyəvi elementlərdən təmizləyir, yəni simasızlaşdırır. Bununla belə, mədəni qloballaşmanın inadkar və ziddiyyətli gedişinə, müsbət və mənfi nəticələrinə baxmayaraq, mədəniyyətlərə xas olan "maya" özünü saxlamaq cəhdindədir. Dünya xalqlarının mədəniyyətlərinə məxsus olan indiki üsyançılıq da daha çox bununla - özünü qorumaq instinkti ilə bağlıdır. Bu taleyüklü məsələ ayrıca söhbətin mövzusudur, burada mənim vürğulamaq istədiyim başqa şeydir: hər bir ölkənin yeniliyə doğru transformasiyası, dövlətçilik, iqtisadiyyat, sosial həyat, hüquqi nizamlanma baxımından rekonstruksiyası, bir qayda olaraq, mədəniyyətlə səciyyələnir və bu danılmaz həqiqət mütləq nəzərə alınmalıdır. Əks halda, uğursuzluqlar, hətta faciələrə səbəb ola biləcək qəbahətlər və əyriliklər qaçılmazdır.
Əksər xristian ölkələrində iqtisadi inkişaf, hüquqi və sosial təminat, demokratiya və insan haqlarının qorunması, siyasi hakimiyyətin təmizliyi, etibarlığı və məsuliyyəti cəhətdən müsbət nümunə kimi göstərmək olmur. Elə 2013-cü ilin dekabr ayında baş vermiş hay-küylü qalmaqal, bir daha sübut etdi ki, Türkiyənin siyasi hakimiyyəti etibarlı surətdə korrupsiyadan sığortalanmayıb, bir dövlət olaraq onun cinayətə bərəbər, milləti zəlil edən bu "ağac qurdu"ndan immuniteti yoxdur. Əgər rüşvət və korrupsiyaya münbit şərait varsa, obyektiv ictimai rəydən və təminatlı insan haqlarından danışmaq çətindir.
Əbdülhəsən Abbasov yazır: "Bu gün totalitarizm, avtoritarizm və imperializm kimi məhfumlardan yox, daha çox oliqarxiya sözündən istifadə edirlər. Hətta "oliqarxik kapitalizm" ifadəsi də geniş surətdə işlədilir, sanki bununla yırtıcılıqda bütün sərhədləri keçmiş maliyyə-sələmçi kapitalizmə "insan sifəti" vermək istəyirlər. Bir çox ölkələrin idarəetmə sistemlərində qərarlaşmış yüksək çinli məmurlar öz ünvanlarına işlədilən "bu nazir oliqarxdır" kimi ifadələri, hətta böyük məmnunluqla, fəxrlə qarşılayırlar. Bəlkə də onların əksəriyyəti düşünür ki, nazir və yaxud komitə sədri olaraq, "oliqarx" titulunu daşımamaq təhqir və qəbahətdir: cəmiyyətdə və dünyada sanbalın, çəkin varsa, deməli, oliqarxsan!"
Oliqarxiyanı, ən pis idarəetmə forması kimi, vaxtilə böyük mütəfəkkir Aristotel "Politika" əsərində əsaslı tənqid atəşinə tutub. Sonrakı dövrlərdə də bu mövzu bir sıra görkəmli tədqiqatçılar tərəfindən diqqət mərkəzinə alınıb. Məsələn, Maks Veber oliqarxiyanı "kapitalizmin ruhu"nu söndürən, fərdi azadlıqların, mənəviyyatın qəsdində duran məşum amillərdən sayırdı. Çıxış yolunu o, Karl Marksdan fərqli olaraq, xüsusi mülkiyyətin ləğvində yox, əksinə, mülkiyyətə sahibliyin hüquqi, idarəetmə, siyasi, iqtisadi və etik baxımdan daha etibarlı təminatında görürdü. Elə bu səbəbdən də, hakimiyyətdən sui-istifadələrə qadağa qoyan hüquqi dövlət konsepsiyasına böyük ümidlər bəsləyirdi. Onu da deyim ki, Veberin "Protestant etikası və kapitalizmin ruhu", "Protestant sektaları və kapitalizmin ruhu" adlı əsərləri, bütün başqa dəyərlər tutumundan savayı, məhz xüsusi mülkiyyətin, rasional fərdiyyətçiliyin, şəxsi azadlıqların ədalətli-düzgün təşkilinə və qorunmasına həsr edilmiş kitablardır. M.Veberin indinin özündə də çoxları tərəfindən dərk olunmayan və dəyərləndirilməyən misilsiz rolu, ondan ibarət olmuşdur ki, həm kapitalizm quruluşunun özünütəşkilinə və perspektiv inkişafına, həm də bu quruluşun insan və insanlıq, haqq-ədalət və lütfkarlıq naminə cilovlanmasını təmin etməli olan hüquqi dövlət konsepsiyasına etibar və əminlik gətirən, ağıllı və məsuliyyətli fərdiyyətçiliyə şərait yaradan, zəruri aksioloji, coğrafi və milli tələblərə cavab verən fundamental nəzəri sistem ortaya qoymuşdur. Bu gün biz Avropa ölkələrinin qabaqçıl, nümunəvi olmasından, orada kapitalizmin daha məhsuldar, sivil və demokratiya ilə bir yerdə, paralel və uzlaşmış halda inkişafından danışırıqsa, ilk növbədə, Maks Veberin xidmətlərini etiraf etməliyik. Analoji olaraq, Yaponiyada milli dəyər və ənənələrə söykənən sivil və məhsuldar kapitalizmin qərarlaşmasında böyük mütəfəkkir, konfutsian kapitalizmin nəzəriyyə və praktikasının banisi Sibusava Eydzini xatırlamalı və minnətdar olmalıyıq.
Əbülhəsən Abbasov yazır: "O, Yaponiyanın modernləşməsinə və müasir menecmentin təşkilinə həsr olunmuş öz nəzəriyyəsini, məhz ənənəvi Çin mədəniyyətinin nüvəsini təşkil edən "Lun yuy"un (Konfutsinin mülahizə və söhbətlərinin) reinterpetasiyası əsasında yaratmışdır. Qədim mətn yeniliyə can atan, öz yolunu axtaran feodal Yaponiyasının modernləşmə prosesinə cəlb edilmişdir. Bu mətn, həm də, Meydzi islahatlarının akkumulyatoru olmuşdur ki, burada da Sibusava Eydzinin təşəbbüsü, böyük təbliğatçılıq işi əhəmiyyətli rol oynamışdır. O, əxlaqlı kapitalizmin təməlini qoymuşdur və hesab edirdi ki, bicliyə əsaslanan, əxlaqsız kommersiya - diletantizm, fəndgirlik və sofistikadır; belə kommersiyanın həqiqi işgüzarlıq istedadı ilə heç bir əlaqəsi yoxdur; əxlaqi prinsiplərin, mənəvi meyarların gözlənilməsi məqbul təsərrüfatçılığın, yaxşı idarəçiliyin başlıca şərtidir".
Müəllifin fikrincə, M.Veber, S.Eydzi, eləcə də, Den Syaopin nümunəsi, hər şeydən əlavə, ənənəyə ağıllı, həssas və tədbirli münasibətin reallaşdırılması, ondan indiki həyat və gələcək naminə bacarıqlı istifadə təcrübəsidir. Bəşəri miqyasda təsdiqini tapmış həqiqət bundan ibarətdir: müasir olmaq və tərəqqiyə qovuşmaq istəyirsənsə, ən birincisi, öz mədəni-tarixi ənənənə məsuliyyətli, yaradıcı yanaşmalısan, bu ənənəni tənqidi-sinergetik təfəkkür "separator"undan keçirərək, işlək vəziyyətə gətirməlisən! Bu, böyük yaradıcılıq tələb edir, xüsusən də, söhbət sosial-iqtisadi, siyasi-ideoloji, mənəvi-psixoloji rekonstruksiyadan gedirsə! Əks halda, ənanə hamıdan çox "milli olmaq" dəbində bulunan vicdansız fırıldaqçıların, fəndgirlərin şəxsi istismar predmetinə, yiyəsiz qaravaşına çevrilir. Acınacaqlı belə vəziyyət uzun müddət davam edirsə, "bütöv"ün maraqları nəzərə alınmadan, "təkcə" və "xüsusi" xatirinə amansız sui-istifadə həyata keçirilirsə, bu qaravaş, ümumən, insana məxsus məzmun-mahiyyətini itirir. Başqa sözlə, adət-ənənə, milli-mədəni irs daxili yaradıcılıq qabiliyyətindən, həyatverici dinamikadan məhrum olur, bu günün və gələcəyin təşkilində rolunu və yerini itirir, hətta keçmişi dəyərləndirmək baxımından əhəmiyyətsizləşir. Nəticə olaraq, ənənə müasirliklə əl-ələ gedə bilmir, qarşılıqlı fayda verən sinergizm alınmır, mədəniyyət-mənəviyyat zamanın, tarixi gedişatın tələblərinə uyğun adaptasiya qabiliyyətini itirir. Bu halda "milli" sayılan dəyərlər bəşəri sərvətlərlə (hüquqi dövlət, insan haqları, azad rəqabət, pozitiv liberal dəyərlər və s.) uyuşmur, onlar get-gedə daha çox bir-birini rədd edirlər. Beləliklə də, həqiqi mənəviyyat, milli ruh və ənənə gücdən-taqətdən düşdüyü yerdə və zamanda, "qlobal demokratiya ideologiyası" ictimai toplumu tarixin çıxılmaz dalanlarına salır, "başını itirmiş" dünyada itirib-batırır.
Müasirlikdə ənənə, milli mədəniyyət özünə etibarlı yer tapmırsa, zəmanə ilə üzvi əlaqəyə girə bilmirsə, hansısa möhtəşəm ictimai rekonstruksiyadan, mütərəqqi struktur-funksional dəyişikliklərdən danışmaq əbəsdir: ya kimlərisə biabırçı formada yamsılamaq, ya da tədricən süquta uğramaq olar. Düzdür, Şimali Koreya da bir əcaib yoldur - nə qədər də olmasa, xoşbəxtlik günəşinin hardan nur ələdiyini hamılılıqla bilirlər və qəbul edirlər, Amerika, İngiltərə və Fransa sayağı demokratiyanı heç arzulamırlar da. Üstəlik də, qonşu-qardaş ölkədə, Cənubi Koreyada, hansısa bədbəxt hadisəyə görə, baş nazirin öz xoşu ilə istefa verməsini dəlilik əlaməti sayırlar: hər halda, bu premyer də koreyalıdır və deməli, möhkəm olmalıdır, yüz-iki yüz adama görə sentimentallıq etməməlidir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru