Bəşəri problemə münasibət bildirən Fukuyama öz fikirlərinin yekun nəticəsini sonralar yazdığı "Etimad. Sosial fəzilətlər və çiçəklənməyə doğru yol" əsərində ortaya qoyur. Çox maraqlı və faydalı olan bu əsərdə, tam həqiqət aşkar deyilməsə də, lazımi istiqamətdə ciddi addımlar atılır. O, faktiki olaraq, "iqtisadi adam" formalaşdıran idarəetmədən yox, insaniliyi, qarşılıqlı məsuliyyəti artıran və zəruri edən, münasibətləri sosial kapitala çevirən idarəetmədən bəhs edir. Bu istiqamətdə dünya təcrübəsindən əhəmiyyətli nümunə və faktlar da göstərir.
Bəli, yalnız mənfəət güdülən yerdə və zamanda, xüsusən də, gəlir-mənfəət hərisliyinin hakim kəsildiyi dövrdə fəzilətlər, o cümlədən də, həqiqi azadlıq, bərəbərlik, ədalət və insanilik mümkün deyil, çünki bir araya sığışmırlar. Kütiəviləşmiş və günbəgün qloballaşdırılan qəbahət - gəlir-mənfəət püskürməsi fəzilətləri məhv edərək, onları öz məşum seli altında basdırır. Hələ çox-çox əvvəl bu fikri İsa Peyğəmbərə istinadən Hegel özünün "İlsusun həyatı" adlı əsərində vurğulamışdır. O, İsanın bu kəlamını oxuculara xatırladır: "Həyatın məqsədi eyni bir vaxtda mənfəət və fəzilətə xidmət ola bilməz - bunlar bir-birini istisna edir".
"Müasir Qərb liberalizmi" və yaxud "Qərb liberal) demokratiyası dedikdə", geniş planda, biz iki xətti nəzərdə tutmalıyıq: a) liberalizmin Hegel anlamını və b) anqlo-sakson liberalizmini. İctimai praktikada reallaşması və nisbi zəfər çalması baxımından, şübhəsiz ki, üstünlük anqlo-sakson xəttinə məxsusdur. Hüquq və azadlıq, ədalət və həqiqət zəminlərinin əvvəlcədən daha səlistliyi və universal məğzliyi cəhətdən isə, Hegel xətti danılmaz üstünlüyə malikdir. Ən vacibi, bu xətt bəşəriyyətin perspektivi, insani dəyərlərin təntənəsi baxımından, anqlo-sakson liberalizmi ilə heç müqayisə edilən deyil. Bu səbəbdən, bütün mütərəqqi ideya və prinsiplərin, ümidverici idealların yalnız anqlo-sakson xətti ilə bağlı olduğunu düşünmək, sadəcə olaraq, səhvdir. Əksinə, bütün maddi-iqtisadi, informasion-texnoloji, industrial və postindustrial qazanclara, nailiyyətlərinə baxmayaraq, anqlo-sakson liberalizmi dalana dirənmiş və fəaliyyət göstərdikcə, bəşəriyyətə daha çox fəlakətlər gətirən istiqamətə, "çıxış yolu"dur. Həqiqi demokratik siyasi rejimlərin və ədalətli dünya nizamının formalaşması anqlo-sakson modeli əsasında mümkün deyil, baxmayaraq ki, bu modeli və bu xətti indinin özündə də çoxları alqışlayır və dəstəkləyir. Postsovet məkanında da, istər iqtidar, istərsə də müxalifət olsun, bu, yanlış yolda idi. Bəzi tanınmış siyasətçilər və politoloqlar bu yolda, hətta "qlobal vətəndaş cəmiyyəti" qurmaq cəhdlərindədir ki, bu da nəticə etibarilə əbəs işdir. Fikrimcə, anqlo-sakson variantına (ümumi "Qərb liberal demokratiyası" adı altında) mütləq istinad, artıq fəsadlarını açıq-aşgar büruzə verən bu "ideala" pərəstiş, son nəticədə, dünyanı daha irimiqyaslı və qarşısıalınmaz fəlakətli böhranla uzləşdirə bilər. Faktiki olaraq, biz bu ümumdünya fəlakətinin bir addımlığındayıq. Ona görə də, qloballaşma deyə-deyə öz əlimizlə "tarixin sonu"nu başa vurmağa çalışmayaq. Hələ ki, az da olsa, düşünüb, hərəkət etməyə vaxt var!
Ə.Abbasov yazır: "Fakt ondan ibarətdir ki, anqlo-sakson liberalizmi bütün gücü ilə yalnız müsəlman ölkələrini viranə qoyan, xalqlarını zülmətə, zillətə sürükləyən "ideal" deyil, o, Avropada, hətta Amerika Birləşmiş Ştatlarının özündə insanları amansızcasına bir-birindən ayıran, hipertəbəqələşmə və yeni istismar formaları ortaya qoyan, "insanilik" deyilən nə varsa, hamısını silib-süpürən pis və ədalətsiz bir yoldur. Onu da deyək ki, bu yolun hansısa ikinci, üçüncü dərəcəli qolunda "narıncı" və "məxməri" inqilablar həyata keçirməklə, qətiyyən heç bir müsbət nəticəyə nail olmaq mümkün deyil. Bu mənada, Qazaxıstan Prezidenti N.Nazarbayevlə tamamilə razılaşmaq olar. İkincisi də, elə artıq belə inqılablar baş vermiş Ukrayna, Gürcüstan və Qırğızıstan respublikalarını götürək. Ekspertlərin bu ölkələr barədə verdikləri məlumatlar, öz gözümüzlə görüb, qulaqlarımızla eşitdiklərimiz heç də ürəkaçan deyil. Növbəti inqilab - Maydan Hərəkatından sonra Ukrayna, ümumiyyətlə, böyük bir faciə yaşamaqdadır. Vəziyyətin gərginləşməsində, əlbəttə ki, Kremlin, müxtəlif daxili və xarici irtica qüvvələrinin rolu vardır. Lakin əsas səbəb odur ki, avtoritar-totalitar rejimlərdən can qurtarmaq naminə birbaşa "anqlo-sakson gəmisi"nə atılanlar elə birbaşa da bu çürümüş, dəlinib-deşilmiş, tarixin "sərhəd qalasına" dirənmiş gəminin qurbanlarına çevrilirlər. Sadəcə olaraq, bu anqlo-amerikan monstr öz yaşaması üçün kənardan əlavə resurslara ehtiyaclıdır".
Vaxtilə ABŞ-ın aparıcı politoloqlarından olan S.Hantinqton etiraf edirdi: "Bütün dünyada, xüsusən də, ABŞ-da, iqtisadi qlobalizasiya demillətləşmiş elita və millətçi ictimaiyyət arasında uçurumu dərinləşdirir. Biznesmenlərdən, məmurlardan, alim və jurnalistlərdən ibarət beynəlxalq sinif yaranmışdır ki, daim səyahət edirlər, bir-birilə ünsiyyətdə olurlar; onlar ticarətin, investisiyaların və gəlirlərin genişlənməsi siyasətini müdafiə etməklə, liberal demokratiyaya və bazar iqtisadiyyatına yardımçı olurlar. Bu məqsədlər isə, onların ölkələrində geniş ictimaiyyətin iqtisadi maraqlarına ziddir". Çıxış yolu kimi, o, klassik konservatorlarla neokonservatorların sağlam millətçiliyə dəstək vermək ətrafında birləşməsini təklif edir. Aydındır ki, böyük tarixi problemdən çıxış yolunu yalnız millətçiliyə yardım zəminində ölkədaxili qüvvələrin birləşməsində görən politoloq bu fikirlə çıxış etməlidir: "sivilizasiyalar arasında toqquşma zəruridir".
Belə baxanda, fikir özlüyündə düzdür. Bir halda ki, dünyanın superdövlətinin aparıcı politoloqu, hətta ölkədaxili ziddiyyətlərin həllini yalnız millətçiliyə dəstək verməkdə görürsə, deməli, ciddi ehtiyatlanmağa dəyər və bu bədniyyət nəticənin hasil olmasına da o qədər şübhə yeri qalmır. Düzdür, filosof Yusif Rüstəmov son əsərlərinin birində həmin məsələ ilə əlaqədar yazırdı: "Qeyd etmək lazımdır ki, sivilizasiyaların başqa sivilizasiyalarla toqquşmasını labüd hesab edən Hantinqtonun bu fikrini kökündən yalnış hesab edirik. Toqquşma deyil, dialoq zəruridir". Analoji fikirlərlə, yəni sivilizasiyaların dialoqu, qlobal sinergizmin zərurəti barədə bir neçə yazılarımda mən də çıxış etmişəm. Onlardan birini, hətta belə adlandırmışdım: "Dünya qlobal sinerqizmə ehtiyaclıdır".
Lakin bu günün reallıqlarından nəzər saldıqda, hesab edirəm ki, hörmətli Yusif müəllimin "bəşəriyyət tam halında real olaraq mövcuddur, onun bütövlüyü diskretliyə (bölünməyə, fasiləliyə) üstün gəlir" fikri, humanist səciyyə və insani motiv daşısa da, ontoloji, qnoseoloji və aksioloji müstəvilərdə müəyyən qədər formal xarakter daşıyır, bir növ yaxşı niyyət, insani arzu rolunda çıxış edir. Bu gün qloballaşma hay-küyündə "tam" kimi təsvir edilən dünya, həqiqətən də, ciddi surətdə çat verib, şaqqalanıb, hədsiz dərəcədə qütbləşib və diskretləşib. Barışmaz ziddiyyətlərin də olduğunu inkar etmək (istər beynəlxalq münasibətlər sistemində, istərsə də ölkədaxili vəziyyətdə), sadəcə olaraq, mümkün deyil. Bir sözlə, müasir dünya çoxşaxəli və dərin böhran içindədir. Beynəlxalq hüquq sistemi, demək olar ki, işləmir. Belədirsə, onda insan hüquqlarının qlobal təminatına da yer qalmır.
Gerçəklik ondan ibarətdir ki, hər tərəfdə cəmiyyətdaxili güclü differensiasiya müşahidə edilir; insanların maraqları, vəziyyətləri, mənəvi-psixoloji durumları hədsiz dərəcədə bir-birindən uzaqlaşıb, yadlaşıb. Hətta ABŞ kimi ən zəngin və güclü dövlətdə "ümumi ovqat"dan əsər-əlamət qalmayıb. Bir az yuxarıda verdiyimiz S.Hantinqtonun fikirləri də geniş ictimaiyyətin maraq və dəyərlərinə elita şəbəkəsinin məqsədlərinin zidd olması buna bir etirafdır. Anqlo-sakson ənənəsindən törəyən amerikasayağı qloballaşmanın ortaya atdığı "iqtisadi adam" xalqların və ölkələrin inkişafında baş verən qeyri-tarazlığı, ədalətsizliyi nəinki aradan götürməyə və yaxud onları yumşaltmağa qadirdir, əksinə, bu natarazlığı və təzadları dərinləşdirməyə məhkumdur. O, qəddar dünyanın qaydaları ilə hesablaşmalı, total hökmlü kapitalın diktəsi altında hərəkət etməlidir. Bütün sərhədləri keçmiş "kapital diktəsi" diktaturaların, despotiyaların, yalan və dezinformasiyaların başlıca səbəbi və havadarıdır! Onu da deyək ki, hər bir diktatura həqiqət üzərində diktədən başlayır.
Ə.Abbasovun fikrincə, insan və vətəndaş hüquq və azadlıqları barədə minlərlə sənədlər qəbul edib, kitablar yazmaq olar. Lakin bu işin kökündə demokratiya pərdəsinə bürünmüş kapital diktəsi varsa, deməli, insan haqlarına (geniş və dar mənada) heç bir real və səmimi təminat yoxdur. Deməli, insanın yaşayıb yaratmasında, onun daxili aləmində, ümumən sosiallaşmasında nəsə bir konflikt potensialı hökm sürür ki, bəzən də müxtəlif istiqamətlərdə açıq kinetik formalar alır.
Konfliktli durum müasir insanı üç əsas istiqamətdə, bir-birilə çarpazlaşan özgələşmə formalarına vadar edir:
a) özü-özünə münasibətdə özgələşmə;
b) başqasına, ətrafına münasibətdə özgələşmə;
c) dünyaya, o cümlədən, təbiətə rnünasibətdə özgələşmə.
Aydındır ki, bu istiqamətlər üzrə cərəyan edən özgələşmə formaları, bir sosial hadisə-proses kimi, müasir sosiallaşmanın mahiyyətini səciyyələndirməlidir. Müasir sosiallaşmada maddi-iqtisadi amillərin üstünlük təşkil etdiyini nəzərə alaraq, bəzi mütəxəssislər onu "iqtisadi epoxa"nın ifadəsi kimi qiymətləndirir və bu kontekstdə də mövcud dövrü xarakterizə etməyə çalışırlar. Onların ümumi fikrinə görə, "iqtisadi epoxa"nın bir qəbahəti ondadır ki, insanlar iki düşərgəyə bölünür: birində mənəvi və maddi sərvətləri yaradanlar (alimlər, ixtiraçılar, konstruktorlar, yazıçılar, rəssamlar, fəhlələr, kəndlilər və s.), ikincidə - müxtəlif mənimsəmə üsullarını işlədənlər, sərvətləri əldə edənlər, bu sərvətlərdən istifadəyə "hüququ" olanlar (hər cür vasitəçilər, işbazlar, irreal iqtisadiyyatın xadimləri, həmçinin, müxtəlif növ reketiriər və s.) yerləşir. Birincilərə yaratdıqları sərvətlərdən cüzi hissə, ikincilərə isə - saya-hesaba gəlməyən pay düşür. Beləliklə, dirçəldib-yaradanlar və mənimsəyib-özəlləşdirənlər heç də layiq olduqları miqdarda, ölçüdə və keyfiyyətdə pay götürmürlər.
Bu faktın özü müasir dövrün sosial-iqtisadi həyatının ziddiyyətlərinə sübut olmaqla yanaşı, ağa-qul problematikasının anqlo-sakson ənənəsi üzrə həllinin yararsızlığını, qeyri-insaniliyini göstərir. Onun artıq bütün dünya xalqlarına, bəşəriyyətin perspektivlərinə təhlükə yaratdığını təsdiqləyir. "Görünməz əl"ə (bazar mexanizminin daxili potensialına) bəslənən ümidlər bir illüziya, xəyal, bazar apologetlərinin təbliğatı və yalanı olaraq qalmaqdadır.
Bazar mexanizmini özlüyündə iqtisadi və sosial problemləri qaneedici surətdə həll edə bilmir, sosial nizamın, stabilliyin və tarazlığın qarantı rolunda çox aciz və hətta, deyərdim ki, maraqsız görünür. O, heç cür rasionalizmi və ədaləti uzlaşdıraraq, elmi-texniki və texnoloji tərəqqinin nəticələrini hamı üçün əlçatan məhsula, predmetə, vasitəyə və xidmətə çevirə bilmir. Beləliklə də, insanın sivilizasion inkişafı texniki-texnoloji inkişafdan xeyli dərəcədə geri qalır. İnsan varlığı tarixi və sosial zamanla ayaqlaşmır, onun ali varlıq kimi statusu, mənəvi-ruhi aləmi, təbliati tənəzzülə uğrayır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru