Qeyd edim ki, bəzi mütəxəssislərimizin işlərində vətəndaş cəmiyyəti və demokratikləşmə məsələlərinin təhlili zamanı vətəndaş mövqeyi, vətəndaşlıq şüuru, insanların siyasi iradəsi kimi məhfumlara az əhəmiyyət verilir, vətəndaş isə "cəmiyyət" anlayışının bir əlavəsinə çevrilir ki, bu da demokratikləşmənin mahiyyətinin tam təsvir edilməsinə imkan yaratmamış olur. Bu zaman cəmiyyətin özü dövlətlə qarşılıqlı münasibətdə adekvat tərəf kimi yox, xeyli dərəcədə zəif, gücsüz və passiv tərəf rolunda çıxış edir. Nəticədə, fərdlər və bütöv cəmiyyət üzərində dövlətin təzyiqi, siyasi hakimiyyətin məhdudlaşdırılmamış fəaliyyəti üçün ehtimal artır, insan hüquq və azadlıqlarının təmin olunmasında çətinliklər meydana çıxır.
Ə.Abbasov yazır: "Azərbaycanda demokratik proseslərin inkişaf perspektivləri, insan hüquqlarının qorunması xeyli dərəcədə vətəndaş mədəniyyətinin özünü necə göstərməsindən, iqtisadi və siyasi və sosial-mədəni atmosferi necə əhatə etməsindən asılıdır. Vətəndaş mədəniyyəti və vətəndaş cəmiyyəti üçün ictimai passivlik, insanların laqeydliyi, yaxud da onların xırda-subyektiv xarakterli mənfəətdarlıq hisslərinin üstün gəlməsi xüsusi tip ictimai riskə yol açır ki, onun da nəticəsində, həm demokratik institutların, həm də sosial və iqtisadi institutların fəaliyyətinə ciddi zərər yetirilir. Sözsüz ki, burada kütləvi informasiya vasitələrinin üzərinə də böyük məsuliyyət düşür.
Real həyata nəzər salarkən, KİV-in öz qarşısına qoyduğu məqsədin insanları passiv manipulyasiya obyektinə çevirməkdən, ictimai rəyi qeyri-məqbul istiqamətə yönümləndirməkdən ibarət olduğu təəssüratı yaranır. Problematiklik KİV-in, xüsusilə də, telekanalların geniş miqyasda ruhla, ideal olanlarla, müqəddəs hesab edilənlərlə amansız rəftarında, mənfəət və maddiyyat prizmasından hadisələri şərh edib işıqlandırmasında, sosial-mədəni dəyərləri şou-biznes və kommersiya maraqlarına qurban verməsindədir. Təsadüfi deyil ki, bir çox vətəndaşların, elm, siyasət, incəsənət və biznes adamlarının qənaətinə görə, indiki kütləvi informasiya vasitələri, xüsusən də, telekanallar, bəzən tamamilə asosial, anti-insani mahiyyət daşıyan, fərdi və ictimai şüurda nizamsızlığı, destruksiyanı artıran, hiss və zövqləri qəbahətlər istiqamətində formalaşdıran proqram və verilişlər yayımlayırlar, informasiya və şərhlər verirlər".
Yaranmış mövcud vəziyyətə tənqidi münasibət yüksək səviyyəli rəsmilər tərəfindən də bildirilmişdir. Burada, ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsini xüsusi qeyd etmək istərdim. Əfsuslar olsun ki, bu məqalədən sonra da, xeyli vaxt keçməsinə baxmayaraq, mövcud vəziyyətdə müsbətə doğru dəyişikliklər müşahidə olunmur. Xüsusilə, özəl kanallarda vəziyyət acınacaqlıdır.
Müəllifin fikrincə, bu xoşagəlməz və təhlükəli tendensiya qlobal xarakter daşımaqdadır. Maddiləşmiş və maddiləşməkdə davam edən "monstr-mədəniyyət" həqiqi, insan sifətli və mahiyyətli mədəniyyəti ortadan çıxartmaqdadır. Müasir dünyanın səciyyəvi, ən acınacaqlı problemlərindən söhbət gedərsə, ilk növbədə, məhz "monstr-mədəniyyət" problemini və onun kökündə dayanan əsas səbəbləri qeyd edərdim. Başlıca səbəb, fikrimcə, budur: ifrat dərəcəsinə çatmış, məqsədli surətdə təşviq və təbliğ olunan "kapital-gəlir ideologiyası". Artıq söyləmək olar ki, supermaterialist istək və meyilləri alovlandıran bu ideologiya dünya xalqlarını öz təsiri altına almış, insanların düşüncə və həyat tərzinə hakim kəsilmiş və dayanmadan xalqlar və ölkələr üzərində öz nəzarətini həyata keçirməkdədir. O, sivil bükümdə, müasirləşmə adı altında yeni barbarlıq yaymaqdadır. Burada həyata keçirilən məkrli nəzarətin və faktiki olaraq, total idarəetmənin reallaşmasında əsas rol kütləvi informasiya vasitələrinə, xüsusən də, televiziya kanallarının üzərinə düşüb. Müasir televiziya, sanki öz üzərinə mənfəət ideoiogiyasının təntənəsinə xidmət edən həm idarəetmə, həm də nəzarət missiyasını götürüb.
Ə.Abbaosov yazır: "Müasir dünyada supermaterialist motivlərin və ifrat kapital-bazar fundamentalizminin hökmranlığı altında insanı ali, artıq əldə etdiyi yüksək səviyyədən bəsit duyğular və instinktlər səviyyəsinə endirmək cəhdləri reallaşdırılır, bunu da qloballaşmanın ayrılmaz, obyektiv atributu kimi qələmə verirlər. Bir növ əks-istiqamətdə tarixi təkamülə səylər göstərilir, insani və bəşəri dəyərlər deqradasiyaya uğradılır.
Şübhəsiz ki, belə olduqda, qlobal miqyasda insan hüquq və azadlıqlarına qarşı qəsd həyata keçirilir. Ən azı ona görə ki, insan varlığına təcavüz edilir, onun öz dünyasına və taleyinə, tarixi ənənəsinə və milli ruhuna sahib olmaq hüququ əlindən alınır. Yəni insanın insan olmaq haqqı yox edilir. O, keçmiş, bu gün və gələcək zaman müstəvilərində canlı əşyaya, tamamilə mənəviyyatdan məhrum edilmiş məxluqa çevrilmək təhlükəsi ilə üzləşdirilir. Belə davam edərsə, onun bir ali varlıq kimi nə azadlığından, nə də etirafından danışmağa dəyməz.
Antibəşəri məqsədlərə xidmət edən bu mənfur cəhdlər hansısa gizli-qaranlıq qüvvələrə, bütün dünya üzrə öz mafiya şəbəkəsini yaratmış korporasiya və şirkətlərə, ekstremist siyasi dairələrə, yəqin ki, xeyir gətirir, lakin mürəkkəb və ziddiyyətli keçid dövrünü yaşayan, demokratiyaya doğru irəliləmək istəyən ölkələrə böyük əngəllər törədir, onları məhvedici zərbələrə məruz qoyur. Azərbaycan da burada istisna deyil. Həqiqi demokratiyaya, tərəqqiyə, insan haqlarına qarşı olan bu cəhdlər, ola bilsin ki, psevdodemokratlara və yalançı vətənpərvərlərə, "hüquq müdafiəçiləri"nə, xarici maliyyə mənbələrindən qrantlar uman qeyri-hökumət təşkilatlarına da xeyir gətirir, lakin bütövlükdə, xalqımız və dövlətimiz üçün ziyanlıdır, milli maraqlarımıza ziddir."
Müllifin fikrincə, qibtəedici inadkarlıqla həyata keçirilən bu mənfur cəhdlər nəticəsində, insana və insanlığa qarşı törədilən ziyanın mühüm cəhdlərindən biri ondan ibarətdir ki, insanın ruhu söndürülür və deməli, onun layiqli mövcudluğunun hüquq və azadlıqları ilə birgə, üstündən xətt çəkilir, insan haqları ideyası öz mənasını itirir və ''insan haqları" məfhumu get-gedə spekulyasiya, siyasi alver vasitəsinə çevrilir. Bu gün biz bunu artıq görürük. Əfsuslar ki, həm nəzəri, həm də praktiki mənada, mənfur axının qarşısını almaqda olduqca zəif görünürük.
Vurğulamaq istərdim ki, insan haqlarının etibarlı təmin olunması insanların özündən çox asılıdır və onlar passiv manipulyasiya obyektinə çevrilmək ehtimalından uzaqlaşarlarsa, hüquqlarının təminatı da artar. Ona görə də, fərdlərin hüququ şüurunun, siyasi fəallığının yüksəlişi prosesinin məqsədyönlü və elmi əsaslar üzrə tənzim olunması əhəmiyyətli və vacib məsələdir, xüsusən də, köklü transformasiya prosesini yaşayan cəmiyyətlər üçün. Bu məsələ düzgün həllini taparsa, müxtəlif qəbildən olan manipulyasiyalardan insan düzgün qoruna bilər. Cəmiyyətimizin açıq olması burada müxtəlif ölkələri təmsil edən təşkilatların, işgüzar və turist qruplarının gəliş-gedişinin intensivləşməsi və genişlənməsi ilə müşahidə olunur. Onların sırasında xüsusi tapşırıq yerinə yetirənlər, müxtəlif missioner və dini məqsəd güdənlər xeyli dərəcədə çoxdur. Belə vəziyyət insanlarla manipulyasiya üçün məkrli məqsədlər güdən müxtəlif qüvvələrə real imkan yaradır və ölkəmizin milli təhlükəsizliyinə ziyan vurmaq ehtimalını artırır. Ən başlıcası - vacibdir ki, sağlam ictimai rəyin formalaşması və təsiri məsələsi öndə tutulsun, bu istiqamətdə zəruri işlər görülsün.
Fikrimcə, "Milli maraqlar və milli ideologiya" adlı kitabımda qeyd etdiyim kimi, milli maraqların ödənilməsində, milli təhlükəsizliyin dövlət strategiyasının düzgün müəyyənləşməsində, suverenliyin möhkəmləndirilməsində, sosial münasibətlərin ahəngdarlığının və sağlam mənəvi-psixoioji, hüquqi mühitin qorunmasında zəruri nıəhdudiyyət (qadağa) prinsipi mühüm əhəmiyyət kəsb edir. Ən ali qanunlar, konseptual və praktiki bağlantılar səviyyəsində fəaliyyət göstərməli olan bu prinsip rəhbər tutulmazsa, cəmiyyətimizin, necə deyərlər, nə sağlam fiziologiyası, nə də normal psixologiyası mümkün deyil. Açıq demokratik cəmiyyətə transformasiya dönəmində yeni müstəqil ölkələr üçün bu məqamın nəzərə alınması, xüsusən, önəmlidir.
İstənilən cəmiyyət, mürəkkəb sosial sistem olaraq, dünya ölkələri şəbəkəsində yaşayır və bununla da, qlobal təsirlərə məruz qalır. Cəmiyyət bu təsir selində, eyni vaxtda, destruktiv səciyyə daşıyan entropiya qəbul etməli olur. Entropiyanın cəmiyyətimizə sərbəst, hər hansı bir nəzarətdən kənar daxil olması isə çox təhlükəlidir. Lokal və qlobal ictimai həyatın istehsal tullantıları qismində, qeyri-müəyyənlik, nizamsızlıq, özbaşınalıq, destruktivlik və əxlaqsızlıq simptomları kimi təzahür edən entropiyanın çərçivələnməsi, onun azlığı, minimum həddə saxlanılması cəmiyyətimizin nizam-intizamlılığının, inkişaf və tərəqqisinin şərtidir. Mürəkkəbləşən dünyada ictimai turbulentliyin qarşısını almaq - hər bir cəmiyyətin borcu və başlıca qayəsidir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru