İnsan hüquq və azadlıqlarına məxsusluq ayrı-seçkiliyə yol verilmədən, konkret şərait və yerli səciyyələr nəzərə alınmaqla, hər bir fərdə şamil olunmalıdır. Hansısa şəxsi xüsusiyyət və keyfiyyət, sosial-siyasi və iqtisadi şərait, mədəni, intellektual səviyyə baxımından fərqlilik, dini və mədəni özünəməxsusluq, iqtisadi cəhətdən imkanlılıq, hansısa peşə və vəzifə sahibliyi, dövləti səlahiyyətlilik haqların bu və ya digər ölçüdə çox və ya az tanınması üçün əsas ola bilməz. İnsan haqları, subyektiv yanaşmadan irəli gələn bəzi istisna və məhdudiyyətlə tanındıqda, öz həqiqi mahiyyətini itirir, müəyyən fərdlərin, bir imtiyazlı qrupun hüquqlarına çevrilir. Fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov yazır: "Bu, insan haqlarının ümumbəşəri və universal təyinatına ziddir. İnsan haqları, insan mövcudluğunun hüquqi əsası və təzahürü olmaqdan daha çox, insanın şərəf və ləyaqətinə hörmətin, əxlaqi-mənəvi yanaşmanın ifadəsidir. Bu haqlara insan olan, insan məfhumuna məzmun verən bütün varlıqlar sahib olmalıdır. Əgər hansısa insanın hüquq və azadlıqları tapdanırsa, nəzərə alınmırsa, onlara əsassız məhdudiyyətlər qoyulursa, deməli, o insanın şərəf və ləyaqətinə zərər yetirilir. İnsan haqlarının reallaşdırılmasında ədalət, azadlıq və bərabərlik prinsiplərinin rəhbər tutulması başlıca tənzimləyici, sosial tarazlaşdırıcı əhəmiyyətə malikdir. Bu prinsiplər hüquq və azadlıqları qeyri-müəyyən, mücərrəd əsaslardan daha müəyyən, konkret və tənzim oluna bilən müstəviyə keçirir. İnsan hüquqları belə bir tənzimləmə vasitəsilə daxili dolğunluğunu və tarazlığını əldə edir, hər hansı bir səlahiyyət sahibi olan subyektin qeyri-hüquqi fəaliyyətindən, dövlətin qanunsuz müdaxilə və məhdudlaşdırmalarından qorunmuş olur.
İnsan hüquqlarının gözlənilməsi XX əsrin ikinci yarsından etibarən beynəlxalq həyatın fundamental prinsipinə çevrilməyə başlamışdır. Beynəlxalq miqyasda qəbul edilmiş bəyannamə və konvensiyalarla insan haqları hər bir dövlətin xarici və daxili siyasətinin prioritet məsələsi qismində təqdim edilir. Beynəlxaq miqyasda müdafiə mexanizmlərinin yaradılması insan hüquqlarının qorunması işində müstəsna rol oynamaqdadır. Beynəlxalq miqyaslı hüquqi təcrübələr ayrı-ayrı dövlətlər tərəfindən nəzərə alınır və ölkədaxili fəaliyyətdə tətbiq edilir. Beləliklə də, dövlətlərin insan haqlarını, bilavasitə təminat altına alması və müvafiq müdafiə yollarını təşkil etməsi insan hüquq və azadlıqlarının ictimai praktikada inkişafına müsbət təkan vermiş və verməkdədir. Qloballaşma prosesinə qoşulan dövlətlər ənənəvi əməkdaşlıq çərçivəsində məhdud qala bilmirlər, dövrün siyasi norma və dəyərlərini, mədəniyyətini və təfəkkür tərzini də qəbul etməli olurlar".
Bu gün insan haqları, məhz belə bir müstəvidə öz hüdudlarını genişləndirir. İnsan hüquqlarının təmin və müdafiə olunması istiqamətində dövlətlərin göstərdikləri fəaliyyətin əhəmiyyəti göz qabağındadır. Bu gün bir çox dövlətlər insan hüquqları ilə əlaqədar, o cümlədən, dini və mədəni müxtəlifliyi nəzərə almaq şərti ilə daxili qanunvericilikdə mütərəqqi işlər görməkdədirlər. İnsan hüquqları dövlətlərin konstitusiyası və qanunları vasitəsilə təmin olunur, onların müdafiəsi üçün lazımi strukturlar yaradılır və beynəlxalq insan hüquqları rejimləri ilə tərəfdaşlıq həyata keçirilir.
Bütün pozitiv irəliləyişlərə baxmayaraq, insan haqları beynəlxalq ictimai, humanitar-mədəni və siyasi problem kimi, bu gün də öz aktuallığını qoruyur. İnsan huquqları sahəsində qüsur və nöqsanların, neqativ təzahürlərin ortaya çıxmasına, əsasən, dövlətin müxtəlif orqan və strukturlarının, həmçinin, səlahiyyətli şəxslərin hərəkətləri və ya hərəkətsizliyi səbəb olur. Dövlət hakimiyyətindən qeyri-məhdud istifadə halları, bəzi dövlət məmurlarının vəzifə və mövqelərindən sui-istifadə etməsi, ədaləti təmin etməyə borclu olan strukturların qeyri-obektiv fəaliyyət göstərməli və yaxud fəaliyyətsizliyi insan haqlarının qorunmasında ciddi problemlərin yaranmasına gətirib çıxarır. Bir çox mütəxəssislərin vurğuladıqları kimi, bəzən siyasi rejimin özü insan haqları məsələsində ən böyük ''baş ağrısı"na çevrilir. Belə hallarda, elə həmin mütəxəssislərin fikrincə, beynəlxalq humanitar müdaxiləni məqbul və hətta zəruri saymaq olar.
Müəllif göstərir ki, insan hüquqlarının daha səmərəli təmin və müdafiə olunması üçün fərdlərin və bütövlükdə, cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi, onların şüurlu, məqsədyönlü fəaliyyəti və təşəbbüskarlığı zəruridir. Cəmiyyətin daxili imkanlarını, özünü təşkil mənbələrini hərəkətə gətirəcək alternativ strukturların mövcudluğu vacibdir. Bu mənada, vətəndaş cəmiyyətinin qərarlaşması və inkişafı olduqca əhəmiyyətlidir. Bütün hallarda, maarifləndirilmə ümumi ictimai rəyin formalaşması kontekstində aparılmalıdır. İnsan haqları məsələsi bu və ya digər formada ictimai maraqla üst-üstə düşür. Cəmiyyət üzvlərinin mövcud siyasi sistemin mahiyyəti və hüquqi mexanizmlər, institutlar haqqında müxtəlif baxışları vardır ki, onlar insan hüquq və azadlıqlarını da əhatə edir. İctimaiyyət hüquqları pozulan insanlar haqqında müxtəlif kanallar vasitəsilə xəbərdar olur və bu mövzuda ictimai rəydə müvafiq qənaətlər formalaşır. Konkret hüquq pozuntusu qarşısında ictimai rəy müxtəlif qənaətlərin ziddiyyəti və münaqişəsi zəminində öz mövcudluğunu hiss etdirir. İctimai rəyin milli elitaya, siyasi liderlərə və siyasi qərar qəbuletmə prosesinə təsiri hesabına hüquqların təmin olunması işində müəyyən müsbət nəticələr əldə etmək mümkündür. Dini, etnik və mədəni müxtəlifliklərlə səciyyələnən mühitdə ictimai rəyin dəstəyi ilə insan hüquqlarının təmin olunduğu məlumdur. İnsan haqları uğrunda mübarizə aparanlar daim konkret mühitdə formalaşan ictimai rəyin köməyinə ehtiyac hiss etmiş və ona arxalanmışlar.
Ə.Abbasov yazır: "İctimai rəy, bir növ, cəmiyyətin vicdanı funksiyasını həyata keçirir. Nə qədər ki, ictimai rəy və bu əsasda ictimai iradə zəifləyirsə, bir o qədər də cəmiyyətdə məsuliyyətsizlik və vicdansızlıq artır, qeyri-insani davranışa və həyat tərzinə yol açılır, demokratik institutlar isə, ictimai dəstəkdən məhrum olaraq, öz mahiyyətini itirirlər. Demokratik institutların fəaliyyəti ictimai rəyin və ictimai iradənin obyektivliyindən və effektivliyindən, bilavasitə asılıdır. Bu səbəbdən də, demokratiyaya transformasiya prosesini yaşayan cəmiyyətdə həmişə ictimai rəy məsələsi diqqət mərkəzində olmalıdır. İctimai rəy insan haqlarının təmin və müdafiə olunması cəhətdən nə qədər əhəmiyyətlidirsə, insan haqları da ictimai rəyin sərbəst formalaşması baxımından, bir o qədər əhəmiyyətlidir. Sərbəst surətdə formalaşmış ictimai rəy - obyektiv və sağlam ictimai rəydir. İctimai rəyin sərbəst formalaşması informasiya mübadiləsinin və ictimai təşəbbüskarlığın mövcudluğunu təmin edən hüquq və azadlıqların həyata keçirilməsi ilə sıx əlaqədədir. Kütləvi informasiya vasitələrinin, ictimai təşkilat və siyasi qurumların normal, demokratik prinsiplər əsasında fəaliyyət göstərməsi obyektiv ictimai rəyin, eyni zamanda, yüksək siyasi mədəniyyətin formalaşmasında çox əhəmiyyətlidir. Fikir və söz azadlığı, məlumat azadlığı, sərbəst toplaşmaq hüququ, seçib-seçilmək hüququ və digər hüquqlar, bu baxımdan, böyük məna kəsb edir. Hüquqların reallaşması istiqamətində ictimai rəyin təsir imkanları cəmiyyətin iqtisadi, sosial, siyasi strukturlarından, mənəvi, dini-mədəni, həyat səviyyəsindən və psixoioji amillərdən də asılıdır".
Demokratik təsisatların yaradılması ilə yanaşı, cəmiyyət daxilində demokratik normalara, o cümlədən, insan hüquqlarına dair idrakın, adekvat təsəvvürlər sisteminin olması çox əhəmiyyətlidir. İnsanlar öz mənafeləri və ya ictimai maraqlarla üst-üstə düşən məsələlər haqqında qənaətlərini ifadə etdikləri zaman siyasi proseslərə və strukturlara təsir edə, insan hüquqlarının əxlaqi və siyasi normaya çevrilməsində yardımçı ola bilərlər.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru