PDF Oxu

MİA

  • 10 839

Anqlosakson qlobalizmi və insan haqları

image

Anqlosakson variantında ingilis millətçiliyi daha da mexaniki xarakter alır. Burada pozitivist və praqmatik fəlsəfi cərayanlar da, bütün müsbət töhfələrinə baxmayaraq, az rol oynamır. Anqlosakson liberal millətçiliyi təbliğatın və sosial mifologiyanın köməyilə kütlələri hakim elitanın əmlakı və siyasi maraqlarının müdafiəsinə səfərbər edir.

Fəlsəfə elmləri doktoru Ə.Abbasov yazır: "Müasir anqlosakson millətçiliyi birbaşa nə mədəniyyətlə, nə etnosla, nə dinlə, nə irqlə (dərinin rəngi ilə) bağlı deyil. O, aydın məzmuna malik deyil və kollektiv identifikasiya funksiyasını sanki ötəri daşıyır: onun məqsədi vətəndaş cəmiyyəti üzvlərinin səfərbərliyi hesabına bu cəmiyyəti potensial xarici təhdiddən müdafiə etməkdir. Müstəqil məzmun, avtonom məna kəsb etmədiyindən, xarici təhlükə uzaqlaşdıqca və yaxud ortadan çıxdıqca, anqlosakson millətçiliyi yox olmalıdır - adi məntiqə görə! Lakin "soyuq müharibə"nin sonu, sosialist düşərgəsinin dağılması praktikada tam başqa "məntiq" ortaya çıxardı. Anqlosakson millətçiliyi yox olmadı, əksinə, daha da eybəcər (etik-əxlaqi və mənəvi baxımdan) mahiyyət alaraq, bütün dünyaya hegemonluq etmək cəhdinə girişdi, müxtəlif yerlərdə "şər mərkəzləri" axtarıb, aşkarlamağa başladı. Mahiyyətcə özü ən başlıca "şeytan əməli" olan müasir anqlosakson millətçiliyi insan hüquq və azadlıqlarının qorunması şuarı altında bütün dünyada qanlı, məkrli əllərini soxmadığı yer qoymadı. İlk hədəf seçilənlər də müsəlmanlar və islam ölkələri oldu. Onların bir qismi, digərlərinin üstünə qısqırdıldı, "yaxşı" müsəlman "pisə" qarşı qoyuldu (anqlosakson meyarları çərçivəsində!). "Qlobal sülh" yaratmaq adı ilə tonlarla müasir ağırçəkili bombalar insanların başına yağdırıldı, yüz minlərlə adam ardı-arası kəsilməyən partlayışlarda məhv edilib, külə döndərildi... Adını da islam fundamentalizmindən bəhrələnən terrorizm qoydular. İndi də anqlosakson epidemiyasının başbilənləri və onların müttəfiqləri, yırtıcı xislətli əlaltıları iki gündən bir yığışıb dünyada baş alıb gedən terrora qarşı birgə əməliyyatlar, fəndlər axtarırlar. Üstəlik də, deyirlər: gəlin qloballaşaq, universallaşaq. Soruşulur: hansı hüquq, ədalət və qarşılıqlı hörmət əsasında? Dünyanın gözü qarşısında işğal olmuş Qarabağın zülmünə, xəritədən silinmiş Yuqoslaviyanın acı aqibətinə, Əfqanıstanın, İraqın, Liviyanın, Misirin, Suriyanın, çeçen və fələstinlilərin məhv edilməsinə biganə qalan anqlosakson hüququ və etikası əsasındamı?!"

Bütün bunlar azmış kimi, anqlosakson qlobalizminin pretorlarından olan bədnam Z.Bjezinski "Seçim. Qlobal hökmranlıq, yoxsa qlobal liderlik" kitabında utanıb-çəkinmədən yazır: "Son nəticədə, Amerikanın milli təhlükəsizlik maraqları tələb edir ki, müsəlmançılığın ardıcılları formalaşan qlobal cəmiyyətin eyni hissəsi kimi özlərinə baxsınlar, necə ki, planetin indi də çiçəklənən və başqa dini ənənələrə malik demokratik ölkələri. Vacibdir ki, islam dünyasının siyasi aktiv elementlərinin gözündə Biriəşmiş Ştatlar islam sivilizasiyasının dirçəlişi yolunda fundamental maneə kimi görünməsin..."

Həmin adını çəkdiyimiz əsərdə Z.Bjezinskinin "dünya terrorizmi", "beynəlxalq terrorçuluq" ilə bağlı xeyli fikirləri vardır. Bu da təsadüfi deyildir. Professor Yusif Rüstəmov əsərlərinin birində onunla qiyabi dialoqa girərək, Bjezinskinin bu problemlə bağlı birtərəfli, ikili standartlı mövqeyini haqlı olaraq tənqid etmişdir: "Lakin Qərbin başqa tanınmış adamları kimi Z.Bjezinski də erməni terrorizmi üzərindən sükutla keçir, onların yüz ildən çoxdur azərbaycanlılara qarşı apardığı soyqırımı haqqında danışmaq istəmir, bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının taleyi onu maraqlandırmır". Y.Rüstəmov daha sonra belə bir vacib məqamı da vurğulayırdı: "Terrorçuluq dövlət siyasətinə çevriləndə, daha qorxulu və uzunmüddətli olur. Bütün dünya, beynəlxalq təşkilatların gözü qarşısında törədilən erməni dövlət terrorizmi bu qəbildəndir".

Müəllif qeyd edir ki, Azərbaycana qarşı aparılan terrordan danışmayan Bjezinski, bununla belə, müəyyən səmimi etiraflar da etməyə məcbur olur ki, bu etirafların məğzinə varanda, bir çox mətləblər daha da aydın olur, həmçinin, anqlosakson "azadlıq və sülh məktəbi"nin nə qədər məkrli, riyakarcasına fəaliyyət göstərdiyi aşkarlanır. Özünüz fikir verin:

Z.Bjezinski yazır: "İsrail demokratik və mədəni cəhətdən Amerikaya qohum ölkə olaraq, avtomatikcəsinə onun hüsn-rəğbətindən faydalanır. Biz hələ Amerika yahudi icmasının böyük təsiredici siyasi və maliyyə dəstəyindən danışmırıq... Təxminən 1960-cı illərin ortalarından başlayaraq, İsrail Amerikadan faizsiz maliyyə yardımı (1974-cü ildən sonraki dövrdə 80 mlrd. dollar) alaraq, onun xüsusi himayəçiliyindədir. ABŞ, praktiki olaraq, təkbaşına hərəkət edərək, BMT-nin narazılığına və sanksiyalarına zidd gedərək, ona müdafiə təqdim etmişdir".

Başqa bir etiraf: "Geniş mənada, bu gün öz xarici siyasət prioritetləri ilə ən fəal, təsirli və varlı etnik lobbilər bunlardır: yəhudi, kubalılar, yunan və erməni lobbisi. Onların hər biri xarici siyasət məsələlərində öz iştiraklarını hiss etdirirlər, istər ərəb-İsrail konflikti, Kastro Kubasına qarşı embarqo, Kiprin status məsələsi, yaxud da Azərbaycana yardımın edilməsinə qadağa olsun".

Yenə bir maraqlı etiraf: "Seçki kampaniyalarının pul vəsaitləri açıq surətdə bu və ya digər etnik problemlərin Konqres tərəfindən dəstəklənməsi üçün istifadə olunur, istər bu Azərbaycana yardımın göstərilməsinə rədd cavabı verilməsi olsun, yaxud da İsrail üçün əlverişli maliyyə rejiminin yaradılması. Etnik fraksiyaların Konqresdə fəaliyyəti adi hadisə olub. Konkret etnik lobbilərin maraqlarının ifadəçisi və hətta onların itaətkar alətləri olan konqresmen və senatorlar artıq az deyil və bu praktika, hər şeyi götür-qoy etdikdə, genişlənə bilər..."

Amerikanın sayılıb-seçilən politoloqunun bu cür məqsədyönlü, yaxud da qeyri-iradi etiraflarından, o qənaətə gəlmək olar ki, "demokratiyanın beşiyi" saydığımız ABŞ-ın özündə heç bir təminatlı nə azadlıq, nə də ədalət var. Həqiqi demokratiya isə insanların və etniklərin çeşidlənməsindən, onların hansınasa yerli-yersiz önəm, imtiyaz verilməsindən çox-çox uzaqdır. Amerikanın alıb-satılan konqresmenlərini və senatorlarını görəndə keçmiş SSRİ-nin Ali Sovetinə və onun "xalq deputatları"na şükürlər oxumalı olursan. Üstəlik də, xalqın pulu, enerjisi havayı israf olunub yalançı "demokratik seçkilər" adı ilə göylərə sovrulmurdu! Belə olduqda, Leninin "rədd olsun burjua parlamentarizmi!", "rədd olsun burjua demokratiyası!" kimi ifadələri, istər-istəməz, adamın yadına düşür.

Mənfəətdar liberalizmin "hüquq", "azadlıq", "ədalət" paradiqmasının bu cür və bu qaydada zəfər çaldığının şahidi olaraq, bər-bəzəkli dekorasiyalar arxasında stresslər, intiharlar, ruhi xəstəliklər, pozğunluq, narkomaniya, alkoqolizm kimi bəlaların və saysız-hesabsız cinayətlərin gizləndiyini görərək, yalnız bu qənaətə gəlmək olar: dünya yenidən əsaslı formatlaşmaya ehtiyaclıdır.

Ə.Abbasov göstərir ki, mənəvi-əxlaqi, siyasi-hüquqi normalar mahiyyətində mövcud olub, fəaliyyət göstərən insan haqları, ilk növbədə, insanlığa məxsusluğun mədəni təzahürüdür. Müasir dövrdə universal dəyərlər səviyyəsində üstün tutulan insan haqları hər bir dövlətin, siyasi rejimin, cəmiyyətin və millətin keyfiyyət göstəricisidir. Bu haqlar, normativ istiqamətli ideyalar olaraq, tanınması və reallaşması zəruri bilinən ideallar məcmusudur. Haqlara sahib və cavabdeh olmaq ayrı-ayrı regionlar, cəmiyyətlər və xalqlar tərəfindən öz təşəkkülü və inkişafı baxımından müxtəlif səciyyə daşımışdır. Bu səciyyənin ortaya çıxmasında siyasi, sosial-iqtisadi, hüquqi məqamlarla yanaşı, etno-milli, dini-mədəni müxtəlifliyin də rolu əhəmiyyətli olmuşdur. Müasir dövrdə bu müxtəlifliklərdən irəli gələn səciyyə daha da artmaqdadır. İndiki qloballaşma şəraitində, beynəlxalq inteqrasiyanın durmadan artdığı bir dövrdə istər ölkədaxili, istərsə də dövlətlərarası təqdimatda insan haqlarının təmin və müdafiə edilməsində müxtəliflik amillərinə münasibətdə daha çox həssaslıq və qayğı tələb olunur. Bu həssaslıq və qayğı hüquqi normalarda, qanunvericilikdə özünü göstərməklə yanaşı, siyasi və ümumi mədəniyyətin ayrılmaz elementinə çevrilməkdədir.

Adekvat anlaşılması və etibarlı təmin olunması baxımından, insan hüquqları ümumi, kollektiv təqdimatdan çox, təkcə və xüsusi təqdimata ehtiyaclıdır. Ümumiyyətlə, insan haqlarının cəmiyyət, sosial toplum, icma, sosial kateqoriya şəklində xüsusi bir növü yoxdur. Yalnız konkret insanlar həm müstəqil fərdlər, həm də dövlətin vətəndaşı kimi insan hüquq və azadlıqlarına sahib ola bilərlər. İnsan haqları anlayışı altında hansısa azlığın və ya çoxluğun mücərrəd hüquqları yox, konkret şəxsin haqları nəzərdə tutulur. İnsan haqlarının beynəlmiləl, universal statuslu olması bütün dövlətlərin qarşısında bu haqların təmin və müdafiə edilməsi ilə bağlı tələblərin qoyuluşunu zəruri edir. İnsan haqları heç bir milli-mədəni, coğrafi, irqi, sivilizasion, ictimai-siyasi, konfessional mənsubiyyət meyarlarına istinadən məhdudlaşdırıla bilməz. Bu məntiqə zidd olaraq, kimlərinsə "biz demokratiyaya hazır deyilik" deyərək, insan haqlarının pozulmasına bəraət qazandırmağa çalışması anlaşılmaz və qəbuledilməz bir mövqedir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər