PDF Oxu

MİA

  • 4 837

İnsan hüquqlarının qorunmasına təhdidlər

image

Tarix göstərir ki, cəmiyyəti öz total nəzarəti altında saxlayan, bütün informasiya kanallarına və vasitələrinə senzura tətbiq edən və fərdlərin siyasi azadlıqlarını böyük ölçüdə məhdudlaşdıran siyasi iqtidarlar ictimai rəydən öz məqsəd və mənafeləri istiqamətində istifadə edirlər. İnsan hüquqlarını mütəmadi tapdalayan belə iqtidarlar, cəmiyyətdən gələn etiraz səslərinin qarşısını kəsmək üçün ictimai rəyi idarə olunan bir instituta çevirirlər. Fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov yazır: "Totalitar və avtoritar rejimlərə xas olan bu münasibət yalnız sistemin əsaslı demokratikləşməsi ilə dəyişdirilə bilər. İnsan hüquqlarının qorunmasında dövlət strukturları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının üzərinə də böyük məsuliyyət düşür. Onlar ictimai və siyasi problemlərə öz maraqları mövqeyindən deyil, ümumi mənafe müstəvisindən yanaşmalı və münasibət bildirməlidirlər. Bu halda, ictimaiyyət həmin təşkilatlara bir ümid yeri kimi baxa bilər.

İnsan hüquqlarının qorunmasında iqtisadi amil mühüm əhəmiyyət kəsb edir. Bir qayda olaraq, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə insan hüquqları daha müfəssəl şəkildə qorunur. Haqlar o yerdə və o zaman lazımınca təmin olunur ki, cəmiyyətin iqtisadi həyatı optimal təşkil edilir, hüquqi və etik normalar, ədalət prinsipi çərçivəsində idarə olunur. Bu mənada, insan hüquqlarının təminatında iqtisadi təməl məsələsi həm də mənəvi-psixoloji, sosial-aksioloji, hüquqi-əxlaqi məsələ kimi özünü göstərir. Ölkənin iqtisadi və siyasi müstəqilliyi insan hüquqlarının reallaşmasının zəruri şərtidir. Belə ki, bu halda şəxsiyyət və xalq suverenliyinə, vətəndaş seçiminə, milli mənafenin öndə tutulmasına zəmin yaranır. Qlobal kapitalizmin güc mərkəzləri, aparıcı qüvvələri tərəfindən ayrı-ayrı ölkələr, o cümlədən, Azərbaycanın iqtisadiyyatı ciddi təhdidlərlə üzləşməli olur ki, son nəticədə, insan hüquqlarının reallaşması sahəsində xeyli problemlər yaranır. Beynəlxalq güclərin, transmilli korporasiya və bankların maraqları heç də həmişə hansısa ölkənin milli maraqları ilə uzlaşmır. İnsan haqları xeyli dərəcədə, məhz bu uzlaşmama müstəvisində pozulur".

Müəllif yazır ki, insan hüquqları üçün ən böyük təhlükələrdən biri fundamentalizmdir, o cümlədən, bazar fundamentalizmi. Ekstremizmin bariz nümunəsi olan fundamentalizm totalitar psixologiyanın məhsuludur və bu səbəbdən də, həmişə təkcəyə, xüsusi olana möhtacdır. Burada bərabərhüquqluluğa, ədalətli əməkdaşlığa, alternativliyə yer qalmır, demokratik norma və prinsiplər isə öz əhəmiyyətini itirir. İqtisadiyyatda fundamentalizm liberallaşmanı hakim qrupların, oliqarxik azlığın maraqlarına tabe edir, patronaj-proteksionist münasibətlərin dominantlığını gücləndirir, rüşvət və korrupsiya üçün münbit şərait yaradır, bürokratiyanın iqtisadiyyata və bütövlükdə, ictimai həyata qeyri-qanuni müdaxiləsini artırır, cəmiyyəti inhisarçılıq və ədalətsizlik mühitində boğur, sosial maraq və mənafelərin ödənilməsində ziddiyyətliliyi və hətta antaqonistliyi şiddətləndirir. Aydındır ki, belə bir vəziyyətdə hüquq və azadlıqların pozulması genişlənir.

Ə.Abbasov daha sonra yazır: "Şəxsin mühüm insani keyfiyyətlərdən uzaqlaşması, bioloji inkişafı ilə sosial-mədəni inkişafı arasında mövcud olan uyğunsuzluq, qeyri-müəyyənlik, dəyişən həyat şəraitinə adaptasiyanın çətinlikləri, müasir dünyanın "doğruluğuna" inamın tükənməsi, hakim təbəqələrin sadə adamların qayğılarına, istək və arzularına biganəliyi, ictimai rəyin təsirsizliyi, kapitalın yeganə ölçü meyarı olması və s. əlamətlər müasir insanın özgələşməsini şiddətləndirməklə yanaşı, onun öz hüquqlarına münasibətdə də problemlər yaradır. Çoxşaxəli özgələşmə, xüsusən, yeni nəslin, gənclərin sosiallaşmasında öz mənfi nəticələrini ortaya qoyur. O, faktiki olaraq, gənclərin həyat perspektivlərini əlindən alır. Eyni zamanda, ağrılı problemlər qismində yüksək ümumi gərginliyi, insani münasibətlərdə təəssübkeşliyin və istiliyin itməsini, orientir və mənəvi dayaq rolunu oynayan bir çox mənəvi dəyər və meyarların sarsıntıya uğramasını, həyat tərzində instrumental-maddi amillərin təsirinin artmasını və s. qeyd etmək olar. Bunlar son nəticədə, psixotokslara, ağır keçən streslərə gətirib çıxarır, insan həyatının keyfiyyətini aşağı salmaqla, onu daha da mənasızlaşdırır və dəyərsizləşdirir".

Fikir, söz, əqidə, vicdan, etiqad azadlığı hüququ, dövlətin və vəzifəli şəxlərin qanunsuz hərəkətlərindən zərərin ödənilməsi hüququ, şəxsiyyət toxunulmazlığı, mənzil toxunulmazlığı hüququ və digər şəxsi hüquqlar mədəni inkişafı səciyyələndirən başlıca meyarlarıdır. Bu hüquqlara dövlətin həssas, qayğıkeş münasibəti cəmiyyətdə tolerantlığın, demokratikliyin, əmin-amanlığın göstəricisidir. Aristotel demişkən, dövlətin başlıca borcu - vətəndaşları xoşbəxt etməkdir. Xoşbəxtliyə aparan yol isə insan haqlarının təmin olunmasından keçir.

Bəşər tarixində demokratiya uzun bir yol keçmişdir.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov yazır ki, XX əsrin sonlarında müstəqillik əldə edən Azərbaycan cəmiyyəti yeni quruluşa, həqiqi demokratik proseslərə hələ hazır deyildi: "Demokratikləşmə isə, əslində, müstəqillik yolunun ən mühüm atributlarından biri idi. Çünki zəmanə özü bunu tələb edirdi. Müstəqilliyin yolu ümumbəşəri dəyərlərə qovuşmaqdan, siyasi plüralizmdən, söz və flkir azadlığından, demokratikləşmədən keçirdi. Milli-mənəvi dəyərlərin taleyi də xeyli dərəcədə onların bu ümumbəşəri dəyərlərə, müasir dövlətçilik tələblərinə uyğunlaşa bilmək şansından asılı idi.

O dövrdə milli istiqlaliyyət, imperiya buxovlarından azad olmaq, milli köklərə qayıtmaq istiqamətindəki fəaliyyət üçün daha böyük potensial var idi və bu istiqamətdə daha böyük əzm nümayiş etdirilirdi. Çünki hələ sovet dövründə də, əsasən, əxlaq, adət-ənənə, dini şüur, bədii ədəbiyyat və incəsənət vasitəsilə xalqın milli özünəməxsusluğu qorunub-saxlanırdı. Milli ruh hələ yaşayırdı.

Siyasi və ideoloji müstəvidəki buxovlar aradan götürüldükdən sonra milli-mənəvi dəyərlərin milli-siyasi təşkilatlanma prosesi ilə vəhdəti üçün real zəmin yarandı. Düzdür, burada da çətinliklər var idi".

Lakin bütün bu çətinlikləri aradan qaldıraraq, Ulu Öndər Heydər Əliyev və Onun layiqli siyasi varisi dövlət başçısı İlham Əliyev insan hüquqlarının etibarlı müdafiə olunduğu demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti qura bildilər. Buna görə də, Ulu Öndər Heydər Əliyev demişdir: "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir".

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər