MİA

  • 4 007

Multikulturalizmin və tolerantlığın mərkəzi Azərbaycandır - ŞƏRH

image

Azərbaycandakı multikulturalizm və tolerant mühit mövcud dəyərlərimizə əsaslanır. Bu dəyərlər tarixboyu formalaşmış və etnik zənginliyi ilə seçilən Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşamış və bu gün də belədir. Müxtəlif xalqların adət-ənələrinə, dininə hörmətlə yanaşma xalqımızın milli keyfiyyəti olmaqla yanaşı, humanizm dəyərlərinə, birgəyaşama mədəniyyətinə söykənir. Fərqli etnik qrupların sülh şəraitində yaşaması, bərabərhüquqlu fəaliyyətinə yaradılan zəmin multikulturalizmin Azərbaycan modelinin formalaşdığının göstəricisidir. Bu gün ölkəmizin demək olar ki, bütün ərazisində qeyri-xalqların nümayəndələri qarşılıqlı anlaşma və dialoq şəraitində vahid bir ailə kimi yaşayır və milliyyətindən asılı olmayaraq hər kəs bərabərhüquqludur. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da əksini tapıb. Belə ki. Konstitusiyanın 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Milli Məclis tərəfindən qəbul olunan "Dini etiqad azadlığı haqqında", "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunlar da tolerantlıq və multikulturalizm prinsiplərinin ölkəmizin qanunvericiliyində əksini tapdığını bir daha təsdiqləyir. Ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin "Multikulturalizm ili" elan olunması dövlətimizin multikultiralizm siyasətinə əsaslanır. Əlbəttə ki, humanizm prinsiplərinə əsaslanan ölkəmizdə insan ləyaqətinə xələl gətirən, ona zidd olan dinlərin yayılması və təbliğinə imkan verilmir. Mövcud qanunlar və mövcud mühit Odlar diyarından dünyaya bir mesajdır. Xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşaması nümunədir. Azərbaycanın multikulturalizm modelini öyrənmək istəyən hər kəs ölkəmizin istənilən məkanına üz tutsa, mövcud mühiti görə bilər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, "Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir". Belə böyük dəyərlərə sahib olmaq hər xalqın həyatına həkk olunmayıb. Azərbaycan dünya ölkələrinə müxtəlif icmaların dinc şəraitdə və qarşılıqlı hörmət münasibətində birlikdə yaşaya bilmək modeli kimi nümunə göstərə bilir. Paytaxt Bakıda, Qubada, Zaqatalada, Qusarda, Qaxda, İsmayıllıda və digər yerlərdə müxtəlif xalqların necə sülh, dostluq şəraitində yaşadığı diqqətdən yayınmır. Hər bir məkanda etnik qrupların icmaları, mədəniyyət mərkəzləri, öz etiqad və ayinlərini yerinə yetirmək üçün olan ibadətgahlar və s. fəaliyyətdədir ki, ölkəmizə gələn qonaqlar bunu yüksək dəyərləndirirlər.

"AZƏRBAYCANDA BÜTÜN XALQLAR BİR AİLƏ KİMİ YAŞAYIR"

Əlbəttə ki, bu gün müxtəlif dövlət qurumlarında qeyri-xalqların nümayəndələri təmsil olunur, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Qarabağ uğrunda gedən döyüşlərdə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri həmrəy oldular. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə iştirk etdilər. Azərbaycan vətəndaşı olaraq bir yumruq altında birləşdilər və silaha sarıldılar. Bu birlik, həmrəylik sağlam mühitə, tolerant və mültikultural mühitə söykənir. Hətta, Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalında ölkəmizdə yaşayan qeyri-xalqların təmsilçiləri iştirak etdilər. Dünyaya bir mesaj olaraq çatdırıldı. Dövlət başçısının bildirdiyi kimi: "Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş "Xarıbülbül" festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər".

MULTİKULTURAL MÜHİT: RAHAT VƏ AZAD HƏYAT

Azərbaycanda onlarla müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətdə olması ölkəmizdə hökm sürən bu mühiti əsaslandıran amillər sırasındadır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və digər qurumlar ölkəmizdə sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Bu bir daha ona əsaslanır ki, molokanlar, yəhudilər, tatlar, saxurlar, ləzgilər üçün Azərbaycanda geniş imkanlar yaradılıb və hər bir xalqın nümayəndəsi rahat və azad nəfəs alır. Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Qeyri-xlqların yaşadığı Krasnaya Sloboda, İvanovka kimi kəndlərə daima dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir.

QİBTƏ EDİLƏ BİLƏCƏK BİR MƏKAN

Qəbələnin qapısından içəri daxil olan insanlar azərbaycanlıların, udilərin, ləzgilərin, rusların və digər etnosların buradakı yaşam tərzini gördükdə heyrətlənir və hətta qibtə belə edirlər. Belə mühit demokratik dəyərləri ilə öyünən Qərb ölkələrində təsadüf olunmur. Çoxmillətli və fərqli mədəniyyətlərin qovuşduğu Qəbələdə tarixboyu hansısa qarşıdurmalara, narahatçılıq doğuran məqamlara rast gəlinməyib. Bu məkanın milli tərkibinə nəzər salsaq görərik ki, burada yaşayan əhalinin 80 faizə qədərini azərbaycanlılar, digər hissəsini isə ləzgilər, udilər, türklər və başqa millətlər təşkil edir. Müxtəlif xalqların nümayəndələri yaşadıqları üçün burada ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udilər üçün öz ana dillərində dərslər keçirilir.

TOLERANTLIĞIN KİÇİK MODELİ

Azərbaycanda dini və milli mənsubiyyətinə görə heç kəsə fərq qoyulmur, onların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşılır, vahid ailə kimi yaşayırlar.Bu gün Nic qəsəbəsinin tolerantlığın kiçik modeli kimi də qəbul edilməsi də əbəs deyildi. Qəsəbədə üç kilsə, iki məscid, habelə müsəlmanların və xristianların ziyarət etdikləri müqəddəs yerlər var. Onu da bildirək ki, 10 minə yaxın udinin 4 minə yaxını məhz burada, Qəbələnin Nic qəsəbəsində gözəl, rahat bir şəraitdə yaşayır. Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.

Bu gün ölkəmizin istənilən bir məkanında azlıq təşkil edən xalqlara dövlətimiz tərəfindən dilini, dinini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Və bu Azərbaycanın multikulturalizm modelidir ki, öyrənilir və tədqiq olunur.

Nəzakət ƏLƏDDİNQIZI

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər