MİA

  • 7 052

İspan professor: "Hansı ölkə Qarabağa sərmayə qoysa, bundan faydalanacaq" - MÜSAHİBƏ

image

Pan-Avropa Beynəlxalq İttifaqının üzvü, İspaniyanın Kral I Xuan Karlos Universitetinin hüquq professoru Karlos Uriarte Sançes “Caliber” analitik mərkəzinə müsahibəsində müharibədən sonra Qafqazdakı mövcud vəziyyət, iqtisadi əlaqələr və nəqliyyat dəhlizlərinin perspektivləri mövzusunda maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İspaniya ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında münasibətlər əladır. 11 fevral 1992-ci ildə başlayan tam hüquqlu diplomatik əlaqələrimiz var. İkitərəfli əlaqələr yaxşıdır, baxmayaraq ki, məzmun məhduddur, buna görə də onları gücləndirmək niyyəti var.

Azərbaycan hakimiyyəti İspaniyanın əhəmiyyətli bir Avropa ölkəsi olduğunu bilir və 2005-ci ildə Madriddə Azərbaycan səfirliyinin açılmasına töhfə verən ikitərəfli əlaqələrin inkişafına maraq göstərdi.

İspaniya Azərbaycanın ərazi bütövlüyünü və BMT-nin bu məsələ ilə bağlı qətnamələrini dəstəkləyir.

- Azərbaycanın iştirak etdiyi nəqliyyat, logistika və enerji layihələrini necə qiymətləndirirsiniz?

- Azərbaycan geosiyasi mövqeyi cəhətdən əhəmiyyətli bir bölgədə yerləşir. Azərbaycan ərazisi Avrasiya regionunda Avropa və Asiya kimi mühüm iqtisadi bölgələr arasında nəqliyyat marşrutu olaraq Rusiya və İrana alternativ ola biləcək yeganə ərazi ola bilər.

Azərbaycan bu amilin əhəmiyyətini və coğrafi mövqeyinin xüsusiyyətlərini mükəmməl başa düşür. Bu səbəbdən Bakı həm ölkə daxilində, həm də bütövlükdə regionda nəqliyyat infrastrukturunu fəal şəkildə inkişaf etdirməyə çalışır. Məlumdur ki, müstəqillik illərində Azərbaycan neft və qazın dünya bazarlarına ixracı və tranziti üçün bir sıra nəqliyyat dəhlizlərinin yaradılmasına diqqət yetirirdi.

Azərbaycanın həyata keçirdiyi və iştirak etdiyi Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP boru kəmərləri kimi vacib layihələri qeyd edə bilərəm. Avropa dəmir yolunu Cənubi Qafqaz və Orta Asiya ərazisindən Uzaq Şərq dövlətləri ilə birləşdirmək üçün nəzərdə tutulmuş Bakı-Tbilisi-Qars dəmir yolunu da qeyd etməmək mümkün deyil.

Yuxarıda göstərilən bütün nümunələrdən göründüyü kimi, Azərbaycan ən uğurlu enerji və logistika layihələrində iştirak edir.

- Zəngəzur dəhlizi haqqında nə düşünürsünüz? Cənubi Qafqaz regionunda bu dəhlizin rolu nədir?

- Zəngəzur Azərbaycanın tərkibində idi, amma 1920-ci illərdə Ermənistana verildi. Sonralar iki ölkə arasındakı dəmir yolunun bəzi hissələri dağıldı və Azərbaycanın bir hissəsi olan Naxçıvanla əlaqəsi kəsildi.

Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsinin Naxçıvanla əlaqəsini bərpa etmək üçün vacibdir. Bu, xüsusən Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən həyata keçirəcəyi ticarətlə bağlı Avropa ilə qarşılıqlı əlaqəni gücləndirəcək. Əminəm ki, bu, Mərkəzi Asiya ölkələrinin inkişafında mühüm rol oynayacaq.

Üçlü bəyanata görə, Qarabağ məsələsi ilə əlaqədar bağlanan bütün nəqliyyat xətləri yenidən açılacaq. Süveyş kanalı qəzası nəticəsində Asiyadan gələn malların gecikməsi və qiymətində artım oldu. Əslində, bu qəza bizə yeni bir alternativ yola ehtiyac olduğunu göstərdi və Zəngəzur dəhlizi də bu alternativ yola çevrilə bilər. Süveyş kanalına da alternativ ola bilər.

Başqa sözlə, Zəngəzur Dəhlizi bölgənin sürətli iqtisadi artımına töhfə verəcək.

- Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra onların bərpası ilə fəal məşğul olunur. Bunun üçün Bakı xarici investisiyalar cəlb edir. İspaniya Azərbaycanın azad edilmiş ərazilərinə sərmayə qoymaqda maraqlıdırmı?

- Bu İspaniya üçün maraqlı olmalıdır, çünki bu proses Madrid ilə Bakı arasında əlaqələrin güclənməsinə təkan verəcək, onları daha da yüksək səviyyəyə qaldıracaq. Bu da İspaniyanı Orta Asiya ölkələrinə yaxınlaşdıra bilər.

Azərbaycan isə beynəlxalq siyasətdə Avropa ölkələri ilə daha sərfəli mövqe tuta bilər. Hazırda əsas investorlar Türkiyə, Rusiya və İsraildir. İspaniyanın bu ölkələr arasında alacağı pay çox vacibdir. İspaniya üçün Azərbaycan Amerikanın kəşfi kimi bir şeyə çevrilə bilər. Çünki Qafqazın bu bölgəsi uzun sürən müharibələr və qeyri-sabitlik səbəbindən viran qalıb və yenidən qurulmalıdır. Hansı ölkə bura sərmayə qoyarsa, uzun müddətdə bundan faydalanacaq.

- İspaniyada investorları hansı sahələr maraqlandıra bilər?

- İnşaat, enerji sahələrinə sərmayə qoyula bilər. İspaniya xarici enerji mənbələrindən və ya təbii enerji qaynaqlarından asılı olan bir ölkədir. Bundan əlavə, Avropa təbii qaz baxımından Rusiyadan asılıdır. İspaniya azad edilmiş ərazilərə sərmayə qoymaqla Rusiya qazına alternativ tapa bilər və bununla da Rusiyanın Avropaya təzyiqini azalda bilər.

Dövlət sektoru ilə yanaşı, özəl ispan şirkətləri də Azərbaycanın dağıdılmış bölgələrinin bərpasına sərmayə qoya bilərlər. Bundan əlavə, Azərbaycan infrastrukturun bərpası və tikintisində maraqlıdır. Qarabağda yeni yollara və yeni hava limanlarına ehtiyac var. Və bunun üçün yeni investorlar lazımdır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər