İsa Qəmbərov Hacıbaba Əzimova möhtac qalıb
Siyasi arenada nəzəri cəlb edən maraqlı olaylar sırasında diqqət çəkən əsas mövzu müxalifət partiya sədrləri arasında qarşıdurmaların gərginləşməsidir. Bu qarşıdurmaların daha çox AMİP, Müsavat, AXCP (i), ADP və ALP liderləri arasında getməsi vəziyyətin son dərəcə kritik olduğunu göstərir. Demək olar ki, hər gün mətbuatda bir partiya sədrinin digərini tənqid və təhqir edən ifadələrinə rast gəlinir. İsa Qəmbərov Etibar Məmmədovu qorxaqlıqda, zəiflikdə günahlandırırsa, Sərdar Cəlaloğlu Əli Kərimovu xarici qüvvələrin Bakıdakı təmsilçisi adlandırır. Əvəz Temirxanda Rəsul Quliyevi satqın, xəyanətkar adlandırmaqla gününü boş keçirənlərdən olmadığını gsətərməyə çalışır. Qısası müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin bir-birinin şərəf və ləyaqətinini alçaldan ifadələr səsləndirmələri adi hala çevirilib.
Maraqlı məqam ondan ibarətdir ki, didişən partiya sədrləri rəqiblərini bir qəpiqliq etmək üçün "cırtdan" partiya sədrlərindən istifadə etməyə çalışırlar. Bu mənada, İ.Qəmbərov "Əhrar" və "VAMBP" sədrlərindən istifadə etməklə rəqiblərinə güc gəlməyə cəhd göstərir. "Əhrar" partiyasını sədri Vaqif Hacıbəyli AMİP liderini hədəfə alaraq onu konkret əqidəyə və ideyaya malik olmayan siyasətçi adlandırıb:"E.Məmmədov özünə hörmət etməyi bacaran siyasətçi olsaydı siyasətdən getdiyini bəyan edərdi. Əgər siyasi mədəniyyət nümayiş etdirmirsə, deməli, E.Məmmədovun qüsurları mövcuddur".
"VAMBP" sədri H.Əzimov isə bir ağacda oturub, min budağı silkələmək yolu tutur. O, gah Ə.Kərimovu, E.Məmmədovu, gah da R.Quliyevi, S.Cəlaloğlunu, müəyyən hallarda isə Eldar Namazovu söyüb-təşqir edir:"Müxalifətin inteqrasiyasına mane olan əsas ünsürlər Ə.Kərimov, S.Cəlaloğlu, E.Məmmədov və Lalə Hacıyevadır. Bu satqınlara aramızda yer olmamalıdır. Onları siyasətdən getməyə məcbur etməliyik. Bununla müxalifət sağlamlaşar və İ.Qəmbərov sağlam müxalifətin liderinə çevrilər."
H.Əzimovun İ.Qəmbərovu müdafiə etməsi, onu göstərir ki, Müsavat başqanı "VAMBP" sədrinə yeni vədlər verib. Təbii ki, bu vədlər söz yığıncağından başqa bir şey deyil. Çünki İ.Qəmbərov zaman-zaman öz çirkin iddialarını reallaşdırmaq üçün "cırtdan" partiya sədrlərindən istifadə edib. Ancaq planlarını tam başa çatdırdıqdan sonra həmin partiya sədrlərindən imtina edib. Necə ki, İ.Qəmbərov "Bizim Azərbaycan" adlı qondarma qurumdan uzun müddət rəqiblərini söymək üçün istifə etsə də, sonradan onlar haqqında təsisçisi olduğu "Yeni Müsavat" qəzetində tükürpədici yazılar yazdırdı. Düzdür, təhqirə dözümsüz yanaşan "Bizim Azərbaycan" blokunda təmsil olunan partiya sədrləri İ.Qəmbərovla əlaqələrini kəsdiklərini bildirdilər. Hətta Müsavatı qurumdan çıxarıb, ayrıca fəaliyyətə başladıqlarını bəyan etdilər.
İ.Qəmbərovun maraqları naminə yenidən H.Əzimovdan, V.Hacıbəylidən istifadə etməsi, başqanın dəyişməz ampluada olduğu göstərir. Sadəlövh H.Əzimov İ.Qəmbərovla əməkdaşlıqdan məmnun qaldığını söyləyib: "Biz İ.Qəmbərovla ağa-qul prinsipini aradan götürməyə qərar verdik. Bundan sonra o, bizə şəxsi təsərrüfat işçisi kimi baxmayacaq. Biz də çalışacağıq ki, onun istənilən tapşırığını canla-başla yerinə yetirək".