Müxalifət

  • 5 847

Müxalifətin parçalanmasında xüsusi rolu olan partiyalar -AXCP və Müsavat

image
SİYASİ RAKURS

Arxivlər də bunu təsdiq edir

Zaman-zaman, xüsusilə seçkilər ərəfəsində fəallaşan ənənəvi müxalifət partiyaları hər məğlub duruma düşdükcə, günahı bir-birində axtarmağa çalışıb. Bu günahaxtarmaların sonu isə gəlib çıxır "hakimiyyətə işləmək" ittihamına. Söz yox ki, "sənin parityan hakimiyyətə işləyir" ittihamı hər zaman müxalifətin parçalanması, pərakəndəliyi ilə nəticəsini tapıb. Belə bir faktorun əsasını isə məhz AXCP və Müsavat partiyaları qoyub. Əgər arxivi araşdırsaq, heç də uzaq olmayan tarixi dövrlərin siyasi proseslərini yenidən süzgəcdən keçirsək, deyilənlərin nə qədər doğru olduğunu bir daha görmək olar.

SİDSUH - parçalanmanın əsasını qoyan "hərəkat"

Məsələn, 1998-ci il prezident seçkiləri dövrünü götürək. Həmin ərəfələrdə müxalifət "SİDSUH" ("Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat") adlanan təşkilatda birləşmişdi. Lakin Cəbhə və Müsavat "vahid namizəd" məsələsində ümumi fikrə gələ bilmədilər, nəticədə qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyən hər iki siyasi partiya bir-birini hakimiyyətə işləməkdə suçlayaraq, "boykot" taktikasını seçdi. Bununla da, "SİDSUH" adlı qurumun fəaliyyətinə son qoyulmuş olur. "SİDSUH" - parçalanmanın əsasını qoyan "hərəkat" kimi müxalifətin rüsvayçılıq tarixinə yazılır.

"Demkonqresin Demnkonqres 1"-ə və "Demkonqres 2"-yə parçalanması

2000-ci il parlament seçkilərində də motivcə eyni aqibət yaşanmışdı. Həmin ərəfədə müxalifətin "Demokratik Kongresi" ("Demkonqres") adlanan birlik yarandı və orada yenicə barışığa getmiş AXCP və Müsavat hegemonluğu ələ aldı. Belə ki, hər iki partiya arasında aparılan uzun müzakirə və ittihamlardan sonra, nəhayət cəbhə və Müsavat proporsional qayda ilə seçkidə iştirak üçün ümumi siyahı hazırladı. Siyahıda birinci Əbülfəz Elçibəy, ikinci İsa Qəmbər, üçüncü isə Əli Kərimli oldu. Lakin az keçməmiş Elçibəy dünyasını dəyişir. Bu əsnada, əlinə düşən fürsəti fövtə verməyən Ə.Kərimli "Yurd" qruplaşmasının dəstəyi ilə parityadakı rəhbərlik postunu işğal edir və sədr seçilir.

Ancaq Müsavat AXCP-də baş verən hadisələri dəstəkləmir. Məsələn, İsa Qəmbər özünəməxsus şəkildə gediş edərək, Ə.Kərimlinin partiya sədri kimi tanımadığını bəyan edir və onun sədrliyinə qəbul etmədiyini bildirir. Nəticədə, "Demkonqres" iki yerə parçalanır. "Demkonqres-1" Müsavatin qərargahında və "Demkonqres-2" də cəbhənin qərargahında isclaslarını keçirir. Beləliklə, Müsavat tərəfindən ağır duruma salınmış Ə.Kərimli İ.Qəmbərdən revanş almağa hazırlaşır. Bu olaylar 2003-cü ilin prezident seçkilərinə qədər davam edir.

Rəsul Quliyev İsa Qəmbərə, Etibar Məmmədov isə Əli Kərimliyə savaş elan etmişdi

2003-cü il prezident seçkiləri də AXCP və Müsavat üçün tragikomediya şəklində davam edir. Müsavat "Bizim Azərbaycan" bloku yaradır, Cəbhə isə AMİP-in o zamankı sədri Etibar Məmmədovla koalisiyadadir. Səbəb də odur ki, 3 il qabaq İ.Qəmbər Ə.Kərimlini tanımaqdan imtina edəndə E.Məmmədov onu AXCP sədri kimi tanımışdı və əvəzində prezident seçkilərində dəstəklənəcəyi barədə söz almışdı. Əslində, sonda Ə.Kərimli də E.Məmmədovu İ.Qəmbərin namizədliyini dəstəkləməyə razı sala bilmişdi. Düzdür, E.Məmmədov çox güzəşt istəyirdi, amma əsas odur ki, "prezident seçiləcəyi təqdirdə" (təbii ki, bu baş vermədi və baş verə də bilməzdi -R.R.) birinci postu İsa Qəmbərə verməyə razılaşmışdı. O vaxt E.Məmədov-Ə.Kərimli bloku Müsavat qədər olmasa da, real güc idi. Amma artıq hər şey hazırlanan anda məlum oldu ki, İsa Qəmbər gecə ilə R.Quliyevlə separat saziş bağlayıb. Baş nazir "postu" Quliyevə söz verilib. Başqa sözlə, İ.Qəmbər E.Məmmədova qarşı siyasi dələduzluq edərək, onu aldatmağa nail olmuşdu. İctimai rəy isə bütün bunları bilavasitə bunu televiziya ekranlarından da gördü. Seçki qurtaran kimi isə bu dəfə ADP-nin o zamankı sədri R.Quliyevlə Müsavat başqanı İ.Qəmbər bir-birlərinə qarşı amansız müharibə elan etdilər. Söz yox ki, Etibar Məmmədovla Ə.Kərimli də, həmçinin savaşa girişdilər.

"Azadlıq" seçki bloku da eyni aqibəti yaşadı

Beləliklə, bir-birindən düşmən kimi ayrıllıb "Demkonqersi" parçalayan Kərimli və Qəmbər qrupları 2005-ci ilin parlament seçkiləri ərəfəsində "barışıb" bir araya gəldilər. 2005-ci il parlament seçkiləri ərəfəsi "Azadlıq" seçki bloku və "YES" Ukrayna, Gürcüstanda və Qırğızıstandakı inqilablardan ruhlanan Azərbaycan müxalifəti "narıncı" rəngli "Azadlıq" seçki blokunu yaradır. Cəbhə və Müsavat bir araya gəlir. Amma indi ortada yeni oyunçu da var: Eldar Namazov və onun yaratdığı "YES" bloku. 2003-cü il parçalanmasından sonra Müsavat əzilmiş vəziyyətdə, Kərimli isə yüksəlişdə və müxalifətin "lideri" olmaq iddiasındadır. Müsavat seçkidən sonra mitinqə münasibət barədə fikir ayrılığını bəhanə edərək və uğursuzluqda Ə.Kərimlini günahlandıraraq əldə olunmuş razılaşmanı pozur və parlamentin işinə qatılır. Halbuki 5 il əvvəl oxşar addımı atdığına görə, yəni parlamentin işinə qatıldığına görə Müsavat üzvü Vaqif Səmədoğlunu partiyadan çıxartmışdılar. Ancaq Ə.Kərimli də bu dəfə parlamentə düşə bilmir. Müsavat isə "Azadlıq" seçki blokundan çıxır.

Partiyalar bir-birlərini "hakimiyyətə işləyirsən" ittihamlarını öz daxillərinə də yönəldiblər

2010 parlament seçkilərində olduğu kimi, 2008-ci ildən sonra da ənənəvi müxalifət heç görünmürdü. AXCP və Müsavat yenidən canlanmaq üçün "cəhd edirlər". Bu iki partiyanın Müsavatın keçirilməsi nəzərdə tutulan qurultayında birləşməsi ideyası meydana atılır. Çünki Müsavatın nizamnaməsinə görə artıq bu dəfə Qəmbər başqan ola bilməz. Əli Kərimli bu qarmağa keçir. İsa Qəmbər dərhal Lalə Şövkətə qarşı "Rusiya adamısan" ittihamı irəli sürür və Əli Kərimli qəfildən "Azadlıq" blokundan çıxır, 2000, 2003 və 2005-ci illərdə onu pis vəziyyətdə qoyan Müsavatla müttəfiqlik qərarı qəbul edir. Cəbhə ilə Müsavat parlament seçkilərinə getmək üçün koalisiya yaradırlar. Amma 2010-cu ildə nə Müsavat, nə də AXCP parlamentə düşə bilməyərək yenidən biabırçı məğlubiyyətlə qarşı-qarşıya qalmış olur.

Beləliklə, illər bu düşmən və bir-birlərinə patoloji nifrət edən parityaları son nəticə etibarilə "Milli Şura"ya gətirib çıxarır. Ancaq burada da uzun müddət duruş gətirə bilməyən Müsavat AXCP-ni Rusiyaya satılamaqda ittiham edərək, oradan uzaqlaşır. Bu isə "hakimiyyətə işləyirsən" ittihamını yenidən gündəmə çıxarır. Ancaq fakt budur ki, hakimiyyət bu partiyaların ciddiliyini heç vaxt qəbul etməyib. Xalq də onların siyasi uğur qazanacağına hə zaman böyük şübhələrlə yanaşıb. Beləluiklə, 2013-cü ilin prezident seçkiləri də həmin partiyalar üçün iflasa uğrayıb.

Qarşıdan isə 2015-ci ilin parlament seçkiləri gəlir. Görünür, bu seçkilərdən sonra həmin parityaların ayaqda qalmaları artıq bu dəfə 100 faiz mümkünsüz görünəcək. Çünki onların öz daxillərində də vəziyyət normal deyil. Bu gün artıq həmin partiyalar bir-birlərini "hakimiyyətə işləyirsən" ittihamlarını öz daxillərinə də yönəldiblər. Baş verən istefalar, qarşıdurmalar və s. bənzər hadisələr də deyilənləri təsdiq edir.

Rövşən RƏSULOV