Təki adı hallansın
Azərbaycan siyasi səhnəsində qeyri-ciddi qəbul olunan "siyasətçi"lərdən biri də ADP sədri Sərdar Cəlaloğlu hesab olunmalıdır. Bu şəxsin bu gün dedikləri sabahkı fikirlərilə uyğun gəlmir. Ümumiyyətlə, bu cür "siyasətçi"lərin məqsədi varlıqlarını göstərmək üçün ara-sıra üzdə görünüb kimisə yaxud nəyisə tənqid etməkdir. Amma kimi? Nəyi? Nə üçün? Bunu heç özləri də bilmir. Təki adları hallansın. Yaxşı əməl pis əməl. Fərq etmir.
Özü dili ilə etiraf edir
Ölkədə qanunverici orqana keçiriləcək seçkilər yaxınlaşır. ADP-nin rəyasət heyətinin iclasında partiyanın namizədlərinin, o cümlədən 9 saylı Binəqədi II Seçki Dairəsindən seçkilərə qatılmalı olan ADP sədri Sərdar Cəlaloğlunun namizədliyinin geri götürülməsi barədə qərar qəbul olunub. Səbəb kimi isə "hörmətli sədr" ATƏT-in seçkiləri müşahidə etməkdən imtina etməsini, eyni zamanda Azərbaycanın Avropa Şurası və Avropa İttifaqı ilə münasibətlərinin gərginləşməsini göstərib. Deyib ki, biz Qərb yönümlü partiyayıq və bu olanlardan sonra seçkidə iştirakımız yersizdir. Özü dili ilə etiraf edir ki, biz Qərbin maraqlarına xidmət edən bir siyasi təşkilatıq. Nə desələr onu edəcəyik. Onların dəstəyi olmadan biz heç kimik. Yaxşı ki, bunu etiraf edir.
İflasa uğramış layihə
2011-ci ilin fevralında ADP və "Ümid" partiyasının sazişlə birgə yaratdığı "Qarabağ" siyasi blokunun sonu elə əvvəldən məlum idi. Blok yaradılarkən partiyalar 2013-cü il prezident, 2014-cü il bələdiyyə və 2015-ci il parlament seçkilərində birgə və vahid namizədlə iştirak etmək öhdəliyi götürmüşdülər. Məlum olur ki, "Ümid" partiyası yaxınlaşmaqda olan parlament seçkilərinə "125"-lər klubunun tərkibində qatılacaq. Bununla da bu blokun da perspektivsizliyi aydın oldu və dağıldı. Sərdar Cəlaloğlunun bu "layihəsi"nin də iflası onu göstərir ki, bu şəxs siyasi səhnədə önəmli qəbul olunmur və hansısa maraqları olan dairələrin idarə etdiyi bir fiqurdur.
Sərdar bəy həm də "savadlı alim" dir
Sərdar bəy tək "siyasətçi" yox, həm də "alimdir". Tariximizlə, tariximizdə iz qoymuş şəxsiyyətlərimizlə bağlı da "maraqlı" fikirləri var. Dahi şairimiz Məhəmməd Füzulini "kafir", Səməd Vurğunu "dılğır", Cavanşiri, Babəki, Koroğlunu, Qaçaq Nəbini "düşmən", Həcəri "əxlaqsız" adlandıran bir şəxsin nə dərəcədə "savadlı" olması məlum olur. Halbuki bütün bu şəxsiyyətlərimiz Azərbaycan xalqının, onun gələcək nəslinin milli ruhunun, vətənpərvərlik hisslərinin güclənməsində əvəzolunmaz rola malikdirlər. Bəlkə də Sərdar Cəlaloğlu siyasi uğursuzluğa düçar olduğundan, indi də özünü gündəmdə saxlamaq üçün bu yola əl atıb. Xalqımız bu barədə kəskin etirazlarını bildirib. Tarix isə Sərdar bəyə öz qiymətini verəcək.
Tofiq Rəfailoğlu