SİYASİ RAKURS
ADP və Müsavatn "Ümid"i kənarlaşdıraraq bir araya gəlmək səyləri səmimi təsir bağışlamır
Parlament seçkiləri başa çatar-çatmaz müxalifət düşərgəsində yerdəyişmələr müşahidə olunmaqdadır. Bir sıra partiyalar seçkilər ərəfəsində blok və birliklərdə təmsil olunsalar da, indi vəziyyət dəyişmək üzrədir. Yeni müttəfiq axtarışlarına çıxan müxalifət partiyaları hətta bunun üçün bir müddət əvvəl uzun müddət müttəfiqlik etdikləri pariyalardan da imtina etməli olurlar. Buna misal kimi, Azərbaycan Demokrat Partiyası (ADP) ilə Müsavatı göstərmək olar.
"Ümid" sədri Sərdar Cəlaloğlunun ona olan ümidlərini doğrultmadı
Xatırladaq ki, Sərdar Cəlaloğlunun sədri olduğu ADP İqbal Ağazadənin sədrlik etdiyi "Ümid" partiyası ilə "Qarabağ" blokunda əməkdaşlıq edirdi. Hətta ADP-nin dəstəyi ilə İqbal Ağazadə 2010-cu ildə deputat da seçilə bilmişdi. Baxmayaraq ki, o, ADP qarşısında müttəfəqilik öhdəlikləri götürmüşdü, sonradan öz sözünə və vədinə əməl etməyən "Ümid" sədri Sərdar Cəlaloğlunun ona olan ümidlərini doğrultmadı. Beləliklə, hələ parlament seçkilərindən öncə münasibətlərində soyuqluq yaşanan iki partiyanın arasının birdəfəlik pozulacağı gözlənilən idi ki, bu da faktiki baş verdi.
Müsavat -"Ümid" yaxınlaşması da mövsümi xarakter daşıyırıdı
"Ümid"lə Müsavat partiyası da bilavasitə əməkdaşlıq etməsə də, onlar arasında müəyyən yaxınlaşmalar müşahidə edilirdi. Hətta bu iki partiya eyni mövqedən çıxış edərək, ara-sıra bir yerdə bəyanatlar səsləndirir, özlərinə yaxın mətbu orqanlarda birgə çıxışlar edirdilər. Lakin bu yaxınlaşmalar da mövsümi xarakter aldığına görə, tezliklə başa çatdı.
Maraqlı məqamlardan bir də budur ki, "Ümid"lə əməkdaşlığa son qoyan hər iki partiya - ADP və Müsavat indi bir araya gəlməyi düşünür. Məsələn, Müsavat partiyası artıq AXCP, yaxud da REAL və NİDA kimi təşkilatlarla əməkdaşlıq edə bilməyəcəyini yəqinləşdirib. Çünki AXCP sədri Əli Kərimli hətta Müsavat başqanı Arif Hacılının ona əl uzatmaq səylərinə rəğmən, onu rədd edir. NİDA və REAL isə uzağı bir müddət bundan sonraya qədər fəaliyyət göstərərək gündəmdə qala bilmək gücündədir. Sonradan hər iki qurumun siyasi arenadan sıxışdırılaraq çıxarılacağı ehtimal olunur.
ADP-nin də AXCP, NİDA, REAL kimi siyasi təşkilatlarla baxışları bir araya sığmadığına görə onlarla birgə siyasi iddialarda bulunması qeyri-mümkün görünməkdədir.
Sərdar Cəlaloğlu Müsavata elçi düşüb: "Müsavat liderlərinin ağzını aramışam"
Nəticədə kənarda qalmamaları və siyasi gündəmdən silinməmələri üçün yeni birlik axtarışına çıxan ADP və Müsavat məcburi şəkildə, zorən müttəfiq olmağa məhkum olduqlarını gizlətmirlər. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu deyir ki, onlar faktiki olaraq "Ümid" partiyası ilə əməkdaşlığa son veriblər və Müsavatla əməkdaşlıq məsələsi gündəmə gələ bilər. Yəni ilk olaraq, Sərdar Cəlaloğlu Müsavata elçi düşüb: "Əgər Müsavatda əməkdaşlıqla bağlı maraq yaranarsa, bu məsələni müzakirə etmək olar. Məncə, əməkdaşlıq etmək mümkündür. ADP buna hazırdır. Açığı, özüm bir-iki dəfə Müsavat liderlərinin ağzını aramışam. Amma bilirəm ki, hələlik Müsavat buna hazır deyil".
Buna baxmayaraq, ADP sədri indiki münasibətlər sistemində yalnız Müsavatla sıx əməkdaşlıq edə biləcəyini istisna etməyib.
Göründüyü kimi, Müsavat necə deyərlər, "çəm-xəm" etsə də, nəticə etibarilə buna məcbur olacaq. Çünki partiyanın tək olaraq siyasi arenada qalması, üstəlik Arif Hacılının başqanlığı dönəmi başlayar-başlamaz təşkilatın parçalanması bu amili təşkilat rəhbərliyinə diktə edir. Əks halda növbəti parçalanmalardan da yaxa qurtara bilməyəcək. Müsavatı daha çətin günlər gözləyə bilər.
Gülağa Aslanlı Müsavatı Sərdar Cəlaloğluna baha satmaq istəyir: "Məsələ müzakirə olunmalı, sonra qərar qəbul edilməlidir"
Müsavat rəhbərliyinin də ADP sədrinin mövqeyinə münasibəti vacibdir. Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı qeyd edib ki, ADP sədrindən konkret təklif almayıblar: "Yəni partiyamıza rəsmən belə bir təklif edilməyib. Əgər daxil olarsa, Müsavat partiyası bu təklifi müzakirə edib qərarını verəcək. Müsavat Azərbaycanda fəaliyyət göstərən, partiyamızla funksional asılılıq istəyən təşkilatla buna gedə bilər. Konkret olaraq funksional əməkdaşlıq ola bilər. Lakin birinci bu məsələ müzakirə olunmalı, sonra qərar qəbul edilməlidir. Amma burada söhbət Azərbaycanın vacib məsələləri ilə funksional əməkdaşlıqdan gedir. Biz Müsavat olaraq buna hazırıq".
Beləlikilə, uzun çək-çevirdən sonra, Müsavat tərəfi də ADP ilə eyni prizmadan çıxış edə biləcəyini inkar, ya da rədd etməyib. Digər tərəfdən, Müsavat tərəfi ADP-nin təklifini dərhal qəbul etmədiyinə görə, əslində qiymətini artırmaqla məşğuldur. Lakin bu partiyalar məcbur olaraq bir araya gəlsələr belə, onların həmin əməkdaşlıqları uzun sürməyəcək. Çünki belə əməkdaşlıqlar uzağı mövsümi xarakter daşıyır. Növbəti seçki proseslərində siyasi-ictimai rəy bunu daha aydın şəkildə görəcək. İddialarını və baxışlarını şəxsi müstəvidə quran müxalifət partiyaları hər zaman seçkilər mühitində ayrılmağa məcbur olublar. Biz bu amili 2013-cü ilin prezident, eləcə də sonuncu parlament seçkilərində də gördük. Ona görə də hətta ADP və Müsvat bir araya gəlsələr belə, bunu müttəfəqlik, əməkdaşlıq kimi görmək, ortada səmimiyyətin olduğunu düşünmək qeyri-mümkündür.
Rövşən NURƏDDİNOĞLU