SİYASİ RAKURS
AXCP-nin hüquqi varisi kimi onları tanıyacaqlar
Əli Kərimlinin AXCP-sinə qarşı alternativlik iddiası qoyaraq, yeni AXCP təsis edən Razi Nurullayev növbəti bəyanatında deyib ki, o və tərəfdarları Ədliyyə Nazirliyi, məhz onun sədri olduğu siyasi təşkilatı real AXCP kimi tanıyacaq. Qeyd olunub ki, nazirliyin müvafiq cavabından sonra rəsmi AXCP-nin hansı tərəf olduğu konkretləşəcək və ədalətli mövqe ortaya qoyulacaq. Razi Nurullayev nazirliyin son açıqlamasına da toxunaraq deyib ki, bu amil məsələnin kifayət qədər gündəmdə olduğunun və ona diqqətlə yanaşıldığının göstəricisidir: "Ümid edirik ki, nazirlik AXCP-nin hüquqi varisi kimi bizi tanımalıdır. Fikirlərimizdə qərarlıyıq. Düşüncəmə görə, müsbət cavab da ala bilərik. Araşdırmanın tez bitəcəyi düşüncəsində deyiləm...Qərarın tezliklə verilməsini gözləmirəm. Ədliyyə Nazirliyinin bu məsələyə müdrik yanaşacağı qənaətindəyəm..."
Əli Kərimli "Azadlıq" qəzeti bağlanır adıyla sadə zəhmətkeşlərdən pul yığmaqla məşğul olub
Beləliklə, alternativ AXCP-nin sədri Əli Kərimliyə sonuncu və bu dəfə "öldürücü" zərbəsini vurmağı gözləyir. Atrıq onu da deyə bilərik ki, vaxtilə Əli Kərimlinin ən yaxın çevrəsində olanlar sırasında yer almış cəbhəçilər də ondan imtina edir, bilavasitə Razi Nurullayevin cəbhəsinə qoşulmaq qərarını verirlər. Onlardan biri də vaxtilə AXCP gənclər komitəsində təmsil olunan, eləcə də həbsdə olan Seymur Həzinin ən yaxın adamı, hazırda Razi Nurullayev cəbhəsinin funksioneri kimi fəaliyyət göstərən Eltural Mürsəlzadədir. Kifayət qədər maraq doğuran məsələyə münasibət bildirən Eltural Mürsəlzadə, həmçinin Seymur Həzinin də Razi Nurullayevə dəstək verəcəyini istisna etməyib. Halbuki Seymur Həzi bütün dövrlərdə məhz Əli Kərimlinin yaxın çevrəsində olub və onun qədər radikallığı, dağıdıcılıq meyilləri ilə seçilib. Hətta Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetində dövlət və hakimiyyət əleyhinə yazılarla çıxış edib, eləcə də xarici qüvvələrin maliyyələşdirdiyi "Azərbaycan saatı" adlı verlişdə aparıcılıq fəaliyyəti göstərib. Lakin törətdiyi məlum cinayətindən dolayı həbs edildikdən sonra Əli Kərimli, ümumiyyətlə onunla maraqlanmayıb. Sadəcə, "Azadlıq" qəzetindəki ümumiləşdirilmiş "siyasi məhbus" fotoları çərçivəsində Seymur Həzinin də şəkli yer alıb, vəssalam. Bununla da AXCP sədri Seymur Həziyə "dəstək verdiyi" qənaətinə gəlib. Ancaq söz yox ki, burada da Əli Kərimlinin hər hansı bir səmimiyyətindən söhbət gedə bilməz.
Lakin son dövrlər, xüsusilə həbs olunmamışdan öncə AXCP-də Əli Kərimliyə qarşı başlanan narazılıq dalğasında anidən Seymur Həzi də başlıca mövqelərdən birini tutub. Məsələn, Eltural Mürsəlzadə deyir ki, elə Əli Kərimliyə ilk real müxalif mövqeyi sərgiləyən də məhz partiyanın o zamankı gənclər komitəsinin sədri Seymur Həzi olub: "Biz AXCP gənclər komitəsinin üzvləri olaraq Əli Kərimlinin siyasətinə qarşı çıxdıq. Onun avtoritarlığına, yerlibazlığına etiraz etdik. Həm də "Azadlıq" qəzeti bağlanır" adıyla sadə zəhmətkeşlərdən yığdığı pullara qarşı çıxdıq. Nəhayət, öz təşkilatımız olan AXCP-ni qurduq. İndi Seymur Həzi həbsdədir və Əli Kərimli onun adından istifadə edir. Lakin biz Seymur Həzini unutmadıq".
Əli Kərimlidən imtina edənlər onu xarici qüvvələrlə iş birliyində, total saxtakarlıqda, iqtidarla dialoq mühitini pozmaqda günahlandırırlar
Göründüyü kimi, Razi Nurullayevi dəstəkləyən cəbhəçilər öz ittihamlarında və mövqelərində kifayət qədər haqlıdırlar. Məsələn, daha bir Razi Nurullayev tərəfdarı da bildirir ki, Əli Kərimli özündən yalançı lider obrazı düzəltməklə nəyəsə nail olacağını düşünür. Bunu AXCP Şirvan rayon şöbəsinin sədri İsmayıl Nadirli ifadə edib. Xüsusilə, partiyanın qurultayında baş verən rüsvayçılıqlara, özbaşına qərarlara və avtoritarizmə toxunan cəbhənin "nurullayevçi" qanadının tərəfdarı vurğulayıb: "Adi qaydada normal seçki keçirə bilmirlər, demokratiyadan danışıb, total saxtakarlıq edirlər, amma özlərini demokratiyanın carçısı sayırlar. Əli Kərimli özündən yalançı lider obrazı düzəltməklə nəyəsə nail olacağını düşünür. Amma 5-10 nəfərlik mitinqlə nəyəsə nail olmaq mümkünsüzdür. Cəmiyyətin fikirlərini təkcə mitinqləmi ifadə etmək olar? Daha alternativ yollardan istifadə etmək məsləhət deyilmi? Ümumiyyətlə, müxalifət hökumətin etməli olub, etmədiyi məsələləri müzakirəyə çıxarmalı və öz təkliflərini irəli sürməlidir. Bütün bunlar üçün danışıqlar və dialoq vacib şərtlərdəndir. Bəzi xarici qüvvələr AXCP-nin keçmiş sədri Əli Kərimlidən ölkəmizə təsir və təzyiq vasitəsi kimi istifadə edir və qarşılıqlı siyasi anlaşmanın yaranmasına mane olur".
Beləliklə, məsələnin mahiyyəti bəlli olduğu qədər hadisələrin heç də Əli Kərimlinin xeyrinə cərəyan etmədiyini də görmək mümkündür. Daha dəqiq desək, hətta Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini rəsmən qeydə almasa belə, artıq aysberqin yerindən tərpəndiyini deyə bilərik. Çünki belə davam edərsə, Əli Kərimlinin AXCP-sindən əsər-əlamət belə qalmayacaq. Verilən açıqlamalardan, bəyanatlardan da görünür ki, köhnəlmiş, naftalin iyi verən müxalifət son dayanacağına çatıb. Müxalif düşüncəli ictimai rəy isə yeni, müasir siyasi baxışlara söykənən, dövlətçilik əleyhinə çıxış etməyən, xarici qüvvələrə satılmayan sivil müxaifətçiliyin tərəfdarlarıdırlar.
Rövşən NURƏDDİNOĞLU