Mütəllim Rəhimli: "AXCP və Müsavat daha çox millətçilik və kütlə psixologiyasına əsaslanaraq siyasət yürütdüklərinə görə fərqlənirlər"
Bu gün müxalif partiyalar arasında ciddi qarşıdurmalar mövcuddur. Bu isə müxalifətdaxili istefaların yaranmasını şərtləndirən amilə çevrilib. Maraqlı məqam isə odur ki, müxalifətdaxili çəkişmələrin gərgin xarakter almasını AXCP-Müsavat qarşıdurmasının mövcudluğu ilə əlaqələndirilir. İddia olunur ki, AXCP-Müsavat qarşıdurması müxalifətin parçalanmasını və zəif düşməsini şərtləndirən əsas amillərdəndir. Təbi ki, bu da haqlı sual yaradır: doğurdanmı müxalifətin mövcudluğu yalnız AXCP və Müsavatdan ibarətdir?
Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimli isə fərqli mövqedədir. "Səs" qəzetinə açıqlamasında M.Rəhimli bildirdi ki, müxalifət yalnız AXCP və Müsavat partiyalarından ibarət deyil: "Sadəcə olaraq, bu partiyalar Azərbaycan Xalq Cəbhəsinin ortaya qoyduğu əsas siyasi xəttə, yəni daha çox millətçilik və kütlə psixologiyasına əsaslanaraq siyasət yürütdüklərinə görə fərqlənirlər. Onlar arasında olan qarşıdurma və barışmazlıq isə yalnız müxalifətin radikal kəsimini parçalayır və zəiflədir. Müxalifətdə təmsil olunan digər partiyaların fəaliyyətinə isə onların heç bir təsiri yoxdur. Bu müxalif qurumlar apardıqları siyasətdə beynəlxalq aləmdə baş verən prosesləri qiymətləndirərək problemlərə milli maraqlar prizmasından yanaşırlar".
"Rəsul Quliyev növbəti dəfə müxalifətin yenişləməsinin və partiya sədrlərinin istefa verməsinin vacibliyini bildirib. Bu təklifin müxalifət partiyaları tərəfindən dəyərləndirilməsi nə dərəcədə mümkündür" sualını cavablandıran M.Rəhimli bildirdi ki, hər bir şəxs səlahiyyətləri imkan verdiyi çərçivədə və nüfuz edə biləcəyi sahədə danışmalıdır: "Əks halda hörmətdən düşər və qeyri-ciddi şəxsə çevrilər. Rəsul Quliyevi heç kim müxalifətin vəkili elan etməyib ki, o, bununla bağlı təkliflər və göstərişlər versin. Ən yaxşı halda özünün hərəkətləri haqqında qərar verə bilər. Çox güman ki, buna da ehtiyac var. O indiyə qədər etdiyi səhvləri etiraf etməli və siyasi proseslərdəki mövqe və münasibətini dəyişməlidir. Hər bir şəxsin yeniləşməyə ehtiyacı olduğu kimi müxalifətin də buna tələbatı var. Amma bunu süni yolla həyata keçirmək olmaz. Artıq göründüyü kimi müxalifət meydanlarda kükrəyən toplumdan proseslərə adekvat yanaşa bilən müasir dünyagörüşlü siyasətçilərə çevrilməkdədir. Həm də bu tendensiya davam edir. Ona "obıvatel" səviyyəsində yanaşmaqla təklif və göstərişlərin verilməsi siyasi müstəvidə baş verənlərin dərk olunmaması anlamına gəlir".
"Müxalif partiya sədrlərinin yerlərini digərlərinə verməsi müxalifətin güc mərkəzinə çevrilməsinə imkan yarada bilərmi" sualına cavab olaraq M.Rəhimli bildirdi ki, ictimai-siyasi proseslərin dinamikliyi bir çox hallarda liderlərdən asılı olsa da, xalqın münasibəti daha vacibdir: "Əgər xaıq öz həyatından və yaşayış tərzindən razıdırsa, lider çətin ki, nəyisə dəyişdirə bilsin. Müxalif liderlərin əsas vəzifəsi ölkənin qarşısında duran problemləri ictimailəşdirməklə onun həllinə nail olmaqdır. Azərbaycanda indi bu istaqamətdə müxalifət fəaliyyət göstərir. Onun birləşərək güc mərkəzinə çevrilməsi ideyası düzgün deyil. Yəni müxalifət güc mərkəzinə çevrilib neynəməlidir ki? Güc mərkəzinə isə birləşməklə yox, cəzbedici və reallığa söykənən mükəmməl siyasi platforma ilə çevrilmək olar".
"Bütün hallarda bəzi müxalif partiyaları xarici dairələrlə iş birliyində günahlandırılıb. Maraqlı məqam isə odur ki, qarşı tərəf bu cür iddiaları təkzib etməyə cəhd göstərməyib. Bu şübhəli məqamların olmasından xəbər vermir ki" sualını cavablandıran M.Rəhimli onu da bildirdi ki, siyasi müxalifət yalnız ölkənin milli maraqlarını əsas götürərək fəaliyyət göstərməlidir: "Xarici təsir altına düşməsi onun xəyanətkara çevrilməsi deməkdir. Ona görə də heç bir halda buna yol vermək olmaz. Düşünürəm ki, müxalifət iki halda xarici qüvvələrə işləyə bilər. Birincisi, xaricdən maliyyə yardımı aldıqda. Bu zaman artıq üzərinə öhdəliklər götürür və onu yerinə yetirməyə məhkumdur. İkincisi, özü də bilmədən xarici maraqlara xidmət göstərir və ölkənin əleyhinə çalışır. Hər ikisi təhlükəlidir və yolverilməzdir".
GÜLYANƏ