Siyasət

  • 984

Kəlbəcər bir təbiət möcüzəsidir

image

Azərbaycanın zümrüd qaşı, Qarabağın qala qapısı Kəlbəcər zirvədir, ucalıqdır... Kəlbəcər babalarımızın qədim tariximizin daş kitabələrinin yaddaşa yazdıqları saxlanc yeridir. Bu yurdun hər qarışı tarixdir. Kəlbəcər ölkənin ən yüksək dağ rayonu, qədim insan məskənlərindən olmaqla yanaşı, mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi diyardır. Kəlbəcər qızıl, civə və başqa mineral daşlarına, isti, narzan və sərin bulaqlarına, şəfalı dərman bitkilərinə, saf ab-havasına, əsrarəngiz mənzərələrinə və saymaqla bitməyən digər sərvətlərinə görə dünyanın heç bir yeri ilə müqayisə edə bilməyəcəyimiz zəngin bir məkandır. Kəlbəcər bir təbiət möcüzəsidir. Bu möcüzəni, bu əsrarəngiz gözəlliyi nə sözlər, nə rəssam fırçası, nə şair qələmi ifadə edə bilər…Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərindən başlayan erməni təcavüzü Kəlbəcərdən də yan keçmədi. 1993-cü il aprel ayının 2-də Kəlbəcər mənfur düşmən tərəfindən işğal olundu. Bu işğal 27 ildən artıq bir müddət davam etdi. 27 il xalqımızın bağrı Kəlbəcər həsrəti ilə alışdı yandı. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 kəlbəcərli əsir götürüldü və itkin düşdü. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Təəssüflər olsun ki, erməni vandalları 1993-cü ildə Kəlbəcəri işğal etdikdən sonra buradakı mədəni abidələrimizin əksəriyyətini dağıdıb izini silməyə çalışmışlar. Düşmən Ermənistanı Qarabağla birləşdirmək, Kəlbəcər və digər ərazilərimizdə məskunlaşmaq üçün qədim Göyçə mahalının Basarkeçər (ermənilər "Vardanes" adlandırırlar) rayonundan Kəlbəcərə yol çəkmişdilər. Ermənilər bu yolla həm təbii sərvətlərimizi, oğurladıqları, söküb dağıtdıqları evlərin əşyalarını daşıyırdılar, həm də bir gün qaçacaqlarını bildikləri üçün Laçın dəhlizindən başqa, alternativ yola sahib olmaq niyyətində idilər.Qeyd edək ki, altı da, üstü də tükənməz sərvət olan Kəlbəcəri itirməklə Azərbaycan zəngin xəzinələr diyarını itirmişdi. Düz 27 il Kəlbəcərə qayıdacağıq dedik, buna ürəkdən inandıq və nəhayət, doğma yurdumuza döndük. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən noyabrın 25-də azadlığına qovuşdurulması ilə ürəyimizdə qaysaq bağlamış Kəlbəcər yarası sağaldı. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir. Bununla belə, Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. Əlbəttə, hərbi əməliyyatların gedişində Azərbaycan şəhidlər verib. Amma bu əməliyyatlar çox mürəkkəb relyefə, böyük əraziyə malik Kəlbəcərdə də aparılsaydı, o zaman itkilərimiz daha çox ola bilərdi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi.2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Tarixi Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcərin bərpası, yenidən qurulması strategiyasına ötən il avqustun 16-da Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11.6 kilometrlik möhtəşəm tunelin təməlini atmaqla start verən Prezident İlham Əliyev bu nadir təbiətli bölgəmizdə bir daha söylədi ki, artıq Kəlbəcərin inkişafı ilə bağlı planlarımızı reallaşdırırıq. Bu il iyunun 26-da Kəlbəcərə yenidən səfər edən Prezident İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış oldu, Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, "İstisu" sanatoriyasının təməlini qoydu.Yeri gəlmişkən, qeyd edək ki, hazırda Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. İlin sonuna qədər yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi nəzərdə tutulur. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcər rayonu təbii enerji potensialına malikdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilmiş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilmişdir. Həmçinin “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur.Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Kəlbəcər rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir və bütün keçmiş məcburi köçkünlər, o cümlədən Kəlbəcər rayonunun sakinləri də tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.Kəlbəcərin quruculuq və bərpası ilə bağlı gətirdiyimiz bəzi nümunələrdən də göründüyü kimi, iki il əvvəlin bu zamanlarında bir-bir azadlığına qovuşdurulan tarixi torpaqlarımız indi də quruculuq zəfərini yaşayır. Azadlığından ötən iki il ərzində dövlət başçısının birbaşa nəzarəti və rəhbərliyi altında Kəlbəcərdə müstəsna əhəmiyyətə malik olan o qədər böyük layihələr həyata keçirilib ki, əminliklə deyə bilərik ki, çox qısa zamanda kəlbəcərlilər doğma yurdlarında yeni və firavan həyata başlayacaqlar.Ən əsası, həyata keçirilən infrastruktur layihələr Kəlbəcərin Azərbaycan iqtisadiyyatına tez bir zamanda inteqrasiya olacağından da xəbər verir.

Salman Balakişiyev
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının sədri

Digər xəbərlər