PDF Oxu

Siyasət

  • 1 614

Yeni reallıqlar yaratdıq ŞƏRH

image

Prezident İlham Əliyev 28 May- Müstəqillik Günündə Kəlbəcər və Laçın rayonlarına səfər etdi, Laçın şəhərinə qayıdan əhali ilə görüşdü və onlara evlərin açarını təqdim etdi. Bu kimi tarixi məqamlar hər zaman bizləri bir daha 30 illik işğal dövrünün reallıqlarını yada salmağa çağırış edir. Bu baxımdan ki, 30 il torpaqlarımıza qovuşacağımız günü səbirsizliklə gözlədik. Azərbaycan dövlətinin bu istiqamətdə göstərdiyi səylər hər birimizə məlumdur. Qarşı tərəf hər vəchlə danışıqlar prosesini uzatmağa can atır, müxtəlif bəhanələrlə bu danışıqlardan yayınırdı. Cənab İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bu məqamlara xüsusi diqqət yönəltdi. “Siz yaxşı bilirsiniz, mən uzun illər ərzində çalışırdım ki, biz bu işğala danışıqlar yolu ilə son qoyaq. 20 ilə yaxın apardığım danışıqlar bunu bir daha göstərir” söyləyən dövlət başçısı onu da vurğuladı ki, bütün Azərbaycan xalqı, dünya ictimaiyyəti də yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Biz heç vaxt bununla razılaşa bilməzdik. Azərbaycan dövləti ən yüksək tribunalardan dəyişməz mövqeyini bəyan etdi. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 30 il aparılan danışıqlar da Azərbaycanın mövqeyindən bir addım belə geri çəkilmədiyinin nümayişidir. Münaqişənin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu istisna edilmədi. Bu gün qürurla qeyd edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz bizə Zəfər sevincini yaşatdı. Laçınlılarla görüşündə “Biz düşməni döyüş meydanında məğlub etmişik. Danışıqlar yolu ilə olsaydı, daha yaxşı olardı, ancaq mən deyirdim ki, biz hər varianta hazır olmalıyıq və azadlıq gününü hər birimiz yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq” deyən Müzəffər Ali Baş Komandan bildirdi ki, danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Güclü ordumuz var. Bu ordu düşməni 44 gündə diz çökdürdü və torpaqlarımızdan qovdu. Gənclərimiz vətənpərvərlik, milli ruhda böyüyərək bu sevgilərini canları, qanları ilə tarix yazmaqla sübut etdilər. Hazırda bu torpaqlarımızda yeni həyat qurulur. Bircə faktı qeyd etmək kifayətdir ki, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaransın. Qısa müddətdə iki Beynəlxalq Hava Limanının işğaldan azad edilmiş Füzuli və Zəngilan rayonlarında tikilib istifadəyə verilməsi, üçüncü aeroportun Laçında tikintisinin davamı və 2025-ci ildə başa çatdırılmasının nəzərdə tutulması Azərbaycan dövlətinin qüdrətini, nəyə qadir olduğunu nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin laçınlılarla görüşündə qeyd etdiyi kimi, bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Ümumilikdə ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək. Bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Laçınlıların Laçın şəhərinə məhz may ayında qayıdışının digər rəmzi mənası rayonun may ayında işğal edilməsidir. 1992-ci ilin mayında rayon işğal altına düşdü, 31 il sonra laçınlılar Laçına qayıtdı. Artıq xalqımız mərhələli şəkildə həyata keçirilən qayıdışın sevincini yaşayır. Dünya bir daha bu torpaqların sahibinin kim olduğunu görür. Ermənilərin 30 ildə yerlə-yeksan etdikləri ərazilərimiz tarixi sahibinə qovuşub yeni həyatı yaşadıqları üçün sevinclidirlər.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Digər xəbərlər