Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə kimi tarixə düşdü. Bu qurultayı əvvəlkilərdən fərqləndirən ən başlıca cəhət onun tamamilə yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilməsidir. Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultaydakı nitqində xüsusi vurğuladığı kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.
Bu fikrin arxasında böyük bir tarixi yol dayanır. VII Qurultay da öz dövrü üçün yeni mühitdə toplanmışdı: o zaman 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərdən cəmi bir neçə ay keçmişdi və bütün dünya Azərbaycanın təkbaşına işğala son qoymasından danışırdı. Lakin həmin vaxt Qarabağın bir hissəsində hələ də qanunsuz silahlı birləşmələr mövcud idi, separatçı rejimin qalıqları bölgədə sabitliyə təhdid yaradırdı. 2023-cü il sentyabrın 20-də bu problemə birdəfəlik son qoyuldu. Beləliklə, VIII Qurultay artıq işğal, separatizm və münaqişə anlayışlarının tarixə qovuşduğu bir Azərbaycanda keçirildi.
Prezident İlham Əliyev qurultay tribunasından iki tarixin - 8 Noyabrın və 20 Sentyabrın xalqımız üçün eyni əhəmiyyət daşıdığını bildirdi. Bu iki hərbi Zəfər təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün presedentdir. Çünki bu qələbələr böyük güclərin açıq və gizli müqaviməti fonunda qazanıldı. Partiya Sədrinin xatırlatdığı kimi, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq idi. 44 gün ərzində Azərbaycana həm açıq müstəvidə, həm də bağlı qapılar arxasında təzyiqlər göstərildi, hədə-qorxular səsləndirildi. Lakin heç kim bizi yolumuzdan döndərə bilmədi.
Qurultayda diqqətə çatdırılan mühüm məqamlardan biri də Zəfərdən sonrakı dövrdə görülən gərgin işlərdir. Dövlət başçısı vurğuladı ki, biz bir gün belə ara vermədik. İkinci Qarabağ müharibəsindən antiterror tədbirlərinə qədər olan dövrdə Azərbaycan bir neçə cəbhədə - həm diplomatik, həm də hərbi müstəvidə fəaliyyət göstərdi. Beynəlxalq təşkilatlarda geniş maarifləndirmə kampaniyası aparıldı, Qarabağ bölgəsində strateji mövqelər möhkəmləndirildi, şərti sərhəddə gedən proseslər Ermənistanı 2022-ci ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımağa vadar etdi. Bu tanınma isə Qarabağdakı erməni silahlı birləşmələrinin işğalçı qüvvə olduğunun faktiki etirafı idi.
Bu gün mənzərə tamamilə fərqlidir. Azərbaycanla Ermənistan arasında müharibə yoxdur, sərhədlərdə sakitçilik hökm sürür, sülh müqaviləsi paraflanıb, sülh dünyanın ən mötəbər məkanında - Ağ Evdə möhürlənib. Vaxtilə «Qarabağ Ermənistandır və nöqtə» deyənlər indi «Qarabağ Azərbaycandır!» deməyə məcbur olublar. Lakin Prezident İlham Əliyev bir məqama xüsusi diqqət çəkdi: bu dəyişiklik heç də xoş niyyətin təzahürü deyil, Azərbaycanın gücünün nəticəsidir. Ona görə də 2018–2020-ci illərin tarixini, Ermənistan rəhbərliyinin ərazi iddialarını və təhqiramiz bəyanatlarını unutmamalı, tarixin təhrif olunmasına imkan verməməliyik.
VIII Qurultayın gündəliyi də yeni dövrün tələblərini əks etdirirdi. Artıq partiyamızın qarşısında torpaqların azad edilməsi deyil, qazanılmış Zəfərin qorunması, möhkəmləndirilməsi və onun üzərində güclü dövlətin daha da inkişaf etdirilməsi vəzifəsi dayanır. Hərbi gücün artırılması, ideoloji təhlükəsizliyin təmin edilməsi, fəal xarici siyasət, iqtisadi sabitlik və «Böyük Qayıdış» - Partiya Sədrinin müəyyən etdiyi bu istiqamətlər qarşıdakı illər üçün aydın yol xəritəsidir.
Qurultayda partiyamızın özünün rolu da xüsusi qiymətləndirildi. Partiya Sədri bildirdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, iqtidardadır və ölkəmizin son illərdəki uğurlu və şərəfli yolunda partiya fəallarının çox böyük payı, böyük töhfəsi var. Bu qiymət hər bir YAP üzvü üçün yüksək etimadın ifadəsidir. Partiyamızın qəbul etdiyi qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün deyil, bütün bölgə üçün önəm daşıyır. Deməli, qarşıdakı dövrdə partiya sıralarında fəallıq, intizam və təşəbbüskarlıq daha da artmalı, hər bir üzv dövlətimizin strateji hədəflərinin həyata keçirilməsində öz yerini və məsuliyyətini aydın dərk etməlidir.
Tam suverenlik şəraitində keçirilən ilk qurultay hər bir YAP üzvünə həm qürur, həm də məsuliyyət hissi aşılayır. Qürur ona görədir ki, biz tarixi ədalətin bərpasının şahidi və iştirakçısı olduq. Məsuliyyət isə ona görədir ki, bu Zəfəri gələcək nəsillərə daha güclü bir Azərbaycan kimi əmanət etmək bizim borcumuzdur. VIII Qurultay məhz bu borcun dərk edildiyi, yeni hədəflərin müəyyənləşdiyi tarixi forum kimi yadda qalacaq.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri