PDF Oxu

Siyasət

  • 629

Bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Partiyanın VIII Qurultayında iştirak edərək ölkəmizin postmünaqişə dövründəki inkişaf prioritetlərini əhatə edən geniş, konseptual və strateji nitq söyləmişdir. Müzəffər Ali Baş Komandan bu mötəbər platformadan Vətən müharibəsində qazanılan tarixi zəfərdən və suverenliyimizin tam bərpasından sonra qarşıda duran ən başlıca vəzifənin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası olduğunu xüsusi vurğulamışdır. Dövlətimizin başçısının qurultayda bəyan etdiyi "Bundan sonrakı illərdə 'Böyük Qayıdış' daha da sürətlə gedəcək" fikri növbəti dövr üçün dövlət siyasətinin əsas magistral xəttini müəyyən edir.

Ölkə rəhbəri öz çıxışında Böyük Qayıdış Proqramının miqyasını və indiyədək görülmüş işlərin real nəticələrini konkret rəsmi göstəricilərlə diqqətə çatdırmışdır. Dövlət başçısı bildirmişdir ki, bu günə qədər azad edilmiş bölgələrin inkişafına 28 milyard manat vəsait ayrılmışdır. Bu nəhəng maliyyə resursunun böyük hissəsi birbaşa infrastruktur layihələrinə istiqamətləndirilmiş və həmin layihələrin böyük qismi artıq uğurla başa çatdırılmışdır. Məhz bu möhkəm infrastruktur bazasının formalaşdırılması sayəsində bu gün 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərimiz artıq məskunlaşıb və doğma ocaqlarına qayıdıblar. Dünən təqdim olunan son rəsmi məlumatlara əsasən, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Qısa müddət ərzində belə geniş miqyasda məskunlaşmanın və sosial-iqtisadi fəaliyyətin təmin olunması Azərbaycan dövlətinin təşkilatçılıq qüdrətini və güclü iradəsini əyani şəkildə sübut edir.

Prezident İlham Əliyev vurğulamışdır ki, təməl infrastruktur layihələrinin böyük hissəsinin yekunlaşması bundan sonrakı illərdə kütləvi köç prosesinin və "Böyük Qayıdış"ın daha da sürətlənməsinə tam zəmin yaradır. Dövlət başçısı ölkə qarşısında duran vəzifələrin yalnız bəhs edilənlərlə məhdudlaşmadığını, real miqyasın daha geniş olduğunu qeyd edərək, məhz strateji əhəmiyyət daşıyan ana istiqamətləri diqqətə çatdırdığını bildirmişdir. Çıxışının sonunda Yeni Azərbaycan Partiyasının fəallarının və bütün üyələrinin bu tarixi vəzifələrin icrasında yaxından və fəal iştirak edəcəklərinə əminliyini ifadə edən ölkə rəhbəri Partiyamıza yeni qələbələr arzulamışdır. Prezident İlham Əliyevin bu tarixi mesajları xalqımızın sarsılmaz birliyi, quruculuq əzmi və güçlü dövlət potesialı ilə Böyük Qayıdış hədəflərinə qətiyyətlə irəlilədiyini bir daha nümayiş etdirir.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Digər xəbərlər