Qlobal bazarlar yüksək enerji qiymətləri, bahalaşan borclanma və inflyasiya risklərinin eyni vaxtda güclənməsi ilə üz-üzədir. Neftin qiymətinin 100 dolları keçməsi və dövlət istiqrazlarının gəlirliliyinin çoxillik maksimumlara yüksəlməsi hökumətlər, şirkətlər və istehlakçılar üçün maliyyə təzyiqini artırır.
Dünya iqtisadiyyatı 2026-cı ildə gözlənildiyi qədər ciddi yavaşlamadan yayınsa da, yeni risklər formalaşır. Reuters-in son təhlillərinə görə, qlobal bazarlar artıq iki əsas reallıqla daha ciddi şəkildə hesablaşmağa başlayıb: borclanma xərclərinin son iki onilliyin yüksək səviyyələrinə çıxması və neftin 100 dollar/barrel həddinin üzərində qalması.
Neft 100 dollardan yuxarı qalır
Oktyabrın 5-də Brent markalı neftin qiyməti 101 dolların üzərində olub. Qiymətlər əvvəlki günlərə nisbətən müəyyən qədər geriləsə də, bazarda əsas problem yalnız neft hasilatının həcmi deyil.
Reuters-in məlumatına görə, Yaxın Şərqdən neft ixracının bərpasına baxmayaraq, nəqliyyat, sığorta və emal sahəsində yaranan problemlər qiymətləri yüksək saxlayır. Hörmüz boğazından keçən neft həcmləri müharibədən əvvəlki səviyyənin təxminən 80 faizinə çatsa da, Brent hələ də 100 dollardan yuxarıdır.
Bunun əsas səbəblərindən biri daşınma xərclərinin kəskin artmasıdır. Reuters bildirir ki, Yaxın Şərqdən Asiyaya neft daşıyan iri tankerlərin gündəlik tarifləri ilin əvvəlindəki təxminən 30 min dollardan 1,2 milyon dollara qədər yüksəlib.
Beləliklə, neft bazarında vəziyyət klassik “təklif azaldı, qiymət artdı” modelindən daha mürəkkəb hala gəlib. İndi logistika, sığorta, tanker çatışmazlığı və emal güclərinin məhdudluğu da qiymətin formalaşmasında mühüm rol oynayır.
Borclanmaq daha baha başa gəlir
Enerji bazarındakı təzyiqə daha bir problem – dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi əlavə olunur.ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi oktyabrın əvvəlində 5,34 faizə yüksəlib. Bu, 2002-ci ildən bəri ən yüksək göstəricilərdən biridir. ABŞ göstəricisi qlobal maliyyə bazarında əsas etalon hesab edildiyi üçün onun yüksəlməsi digər ölkələrin və şirkətlərin borclanma xərclərinə də təsir göstərə bilər.
Fransada 10 illik istiqrazların gəlirliliyi 2002-ci ildən bəri ən yüksək səviyyələrə yaxınlaşıb, Böyük Britaniyada isə 30 illik borclanma xərcləri 6 faizi keçərək 1998-ci ildən bəri görünməmiş həddə çatıb. Yaponiyada da istiqraz gəlirlilikləri çoxillik maksimumlara yüksəlib.
Bu vəziyyət hökumətlərin borca xidmət xərclərini artırır. ABŞ-da 40 trilyon dollardan çox dövlət borcu üzrə illik faiz ödənişlərinin 1 trilyon dollara yaxınlaşması Vaşinqton üçün də ciddi maliyyə problemi yaradır.
İnflyasiya təhlükəsi yenidən gündəmdədir
Yüksək neft qiymətləri iqtisadiyyata yalnız yanacaq xərcləri vasitəsilə təsir göstərmir. Nəqliyyat, istehsal, aviasiya və kənd təsərrüfatında xərclərin artması nəticədə digər məhsul və xidmətlərin qiymətlərinə də keçə bilər.
Dünya Bankının sentyabrın sonunda açıqladığı qiymətləndirməyə görə, qlobal iqtisadiyyat enerji şokuna indiyədək gözləniləndən daha davamlı reaksiya verib. Təşkilat 2026-cı il üçün qlobal iqtisadi artım proqnozunu təxminən 2,6 faiz səviyyəsində saxlayır. Lakin enerji qiymətlərində yeni yüksəlişin inflyasiyanı və borclanma xərclərini daha da artıracağı xəbərdar edilir.
BMT də qlobal artımın 2026-cı ildə 2,6 faiz, 2027-ci ildə isə 2,9 faiz olacağını proqnozlaşdırır. Təşkilatın fikrincə, enerji şoku inflyasiya təzyiqini yenidən gücləndirib və qeyri-müəyyənliyi artırıb.
İqtisadiyyat hələ böhrana sürüklənməyib
Bütün bu risklərə baxmayaraq, analitiklər hazırkı vəziyyəti avtomatik olaraq qlobal iqtisadi böhran kimi qiymətləndirmirlər. Dünya Bankı bildirir ki, enerji bazarlarının sürətlə uyğunlaşması, strateji ehtiyatlardan istifadə, alternativ enerji mənbələrinin genişləndirilməsi və bəzi ölkələrdə daha güclü maliyyə siyasəti iqtisadiyyatın daha ağır zərbə almasının qarşısını alıb. Süni intellekt infrastrukturu üzrə böyük investisiyalar da xüsusilə ABŞ və Asiyada iqtisadi aktivliyi dəstəkləyir.
Lakin əsas sual şokun nə qədər davam edəcəyidir. Neft qiymətləri uzun müddət yüksək qalsa və dövlət istiqrazlarının gəlirliliyi aşağı düşməsə, hökumətlər eyni vaxtda həm inflyasiyanı cilovlamaq, həm də bahalaşan borc yükünü idarə etmək məcburiyyətində qala bilərlər.
Belə bir ssenaridə yüksək enerji qiymətləri, yüksək faizlər və zəif iqtisadi artımın bir araya gəlməsi stagflyasiya riskini yenidən dünya iqtisadiyyatının əsas müzakirə mövzularından birinə çevirə bilər.
Lalə Mehralı
“Keçmişin yanacağı” yenidən diqqət mərkəzindədir...
Ən azından pandemiyadan bəri...
Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...
Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...
Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...