Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin ən mühüm tezislərindən biri bu fikir oldu: «Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi». Bu cümlə yalnız partiya tarixinə verilən qiymət deyil, həm də müstəqil Azərbaycanın son otuz ildən artıq dövrünün məntiqini açıqlayan konseptual yanaşmadır.
1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayının əhəmiyyətini dərk etmək üçün o dövrün reallıqlarını xatırlamaq lazımdır. Müstəqillik bərpa edilsə də, ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın nəzarəti tamamilə itirilmişdi. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, bundan cəmi bir ay sonra isə AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Prezident İlham Əliyev qurultayda bunu açıq şəkildə dilə gətirdi: hakimiyyəti ələ keçirmək üçün məhz bu təxribata əl atılmış, torpaq faktiki olaraq düşmənə təhvil verilmişdi. Sonrakı aylarda itkilər daha da artdı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı Ermənistanla keçmiş muxtar vilayət arasında böyük coğrafi əlaqə yaratdı və canlı qüvvə, silah-sursat, texnika axını asanlaşdı. Dövlət başçısının qiymətləndirməsinə görə, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət məhz o vaxt baş vermişdi.
Daxildə vəziyyət heç də yaxşı deyildi. İnflyasiya 1000 faizi ötmüşdü, xəzinə boş idi, neftlə və qazla zəngin ölkədə qaz və elektrik enerjisi qıtlığı yaşanırdı. Torpaqlarımız işğal olunarkən hakimiyyətdəkilər vətəndaş müharibəsinə yol açmış, qardaş qanı tökmüşdülər. Bir-birini əvəzləyən «liderlər» iflic vəziyyətində idi və çətin anda ölkəni başlı-başına buraxıb qaçırdılar. Prezident qurultayda acı bir həqiqəti xatırlatdı: Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmiş dörd rəhbərdən üçü Bakıdan qaçmışdı. Bu, unudulmamalı olan, gənc nəslin də mütləq bilməli olduğu utancverici tarixdir.
Məhz belə bir şəraitdə cəmiyyətin cəsarətli, mütərəqqi, dövlətin taleyini düşünən insanları Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər. Prezident İlham Əliyevin ifadəsi ilə desək, Yeni Azərbaycan Partiyasının yaradılması ictimai sifariş idi, xalqın tələbi idi. Xalq yaxşı bilirdi ki, Heydər Əliyev 1987-ci ildə Politbürodan uzaqlaşdırılandan iki həftə keçməmiş erməni millətçiləri Qarabağı Ermənistana birləşdirmək iddiası ilə çıxış etmiş və bu iddia sovet rəhbərliyi tərəfindən dəstəklənmişdi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, separatizm meyillərinə imkan verməzdi. Buna görə də xalq öz nicat yolunu Ulu Öndərlə bağlayırdı.
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır. Yeni Azərbaycan Partiyası hakimiyyətin verdiyi imkanlar hesabına deyil, əksinə, hakimiyyətin təzyiqləri şəraitində, müxalifət partiyası kimi yarandı. Təsis qurultayına toplaşan insanlar şəxsi mənafe deyil, dövlətin taleyi barədə düşünürdülər. Onları birləşdirən əsas amil Heydər Əliyevin şəxsiyyətinə, onun təcrübəsinə və iradəsinə olan sonsuz inam idi. Məhz bu inam qısa müddətdə ümumxalq hərəkatına çevrildi və 1993-cü ilin iyununda xalq Ulu Öndəri hakimiyyətə dəvət etdi. Bu, Azərbaycan tarixində xalqın öz taleyini öz əlinə aldığı nadir anlardan biri idi.
1993-cü ilin oktyabrında Heydər Əliyev Prezident seçildi və Azərbaycan tarixində yeni mərhələ başladı. Separatçılıq və parçalanma təhlükələri, iki dövlət çevrilişi cəhdi dəf edildi. Bir milyon qaçqın və köçkünün yaşadığı humanitar fəlakət şəraitində, heç kimin kömək etmədiyi bir vaxtda dövlətçiliyin əsasları qoyuldu. Atəşkəsdən bir neçə ay sonra «Əsrin kontraktı» imzalandı, ölkəyə investisiya axını başladı. 1993–2003-cü illərdə Azərbaycan beynəlxalq təcriddən çıxdı, BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT kimi qurumlar ölkəmizin haqlı mövqeyini əks etdirən sənədlər qəbul etməyə başladı.
Bu gün geriyə baxanda aydın görünür ki, Naxçıvanda başlanan yol zəncirvari qələbələrə gətirib çıxarıb: dövlətçiliyin xilası, iqtisadi müstəqillik, güclü ordunun yaradılması, 2020-ci ilin noyabrında Zəfər, 2023-cü ilin sentyabrında tam suverenliyin bərpası. Bütün bu nailiyyətlərin təməli 1992-ci ilin noyabrında qoyulmuşdu. Müxalifət partiyası kimi yaranan YAP bu gün 30 ildən çoxdur ki, iqtidardadır və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.
Qələbələrimizin başlanğıcını xatırlamaq təkcə keçmişə ehtiramın ifadəsi deyil. Bu, həm də tarixi yaddaşın qorunması, gənc nəslin həqiqətləri bilməsi və gələcək qələbələrin təminatıdır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu tarixi missiyanın davamçısı olduğunu dərk etməli və təsis qurultayının ruhunu bu gün də yaşatmalıdır.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini