Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salınması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev geniş nitq söyləyərək partiyanın keçdiyi tarixi yola, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərə toxunub.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün də ardıcıl şəkildə davam etdirilməsi ilə bağlı fikirlərdir. Dövlətimizin başçısı açıq şəkildə bildirib ki, Azərbaycanın ümumi inkişaf strategiyası Ulu Öndər tərəfindən müəyyənləşdirilib və bu strategiya bu gün də ölkəyə yol göstərir. Prezidentin “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri müasir Azərbaycanın inkişaf fəlsəfəsinin əsas mahiyyətini ifadə edir.
Bu siyasi xəttin əsasında, ilk növbədə, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi dayanır. Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri güclü dövlətçilik ənənələrinin formalaşdırılması, dövlət institutlarının möhkəmləndirilməsi və Azərbaycanın milli maraqlarının ardıcıl şəkildə müdafiə olunması olub. Bu gün həmin istiqamətlər dövlət siyasətinin mühüm prioritetləri kimi davam etdirilir.
Prezident İlham Əliyev qurultaydakı çıxışında Ulu Öndərin hakimiyyətə qayıdışının tarixi əhəmiyyətinə də diqqət çəkib. O qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi və iqtisadi vəziyyət dövlətçiliyin qorunmasını və sabitliyin təmin olunmasını zəruri edirdi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi inkişafının yeni mərhələsinin başlanğıcı oldu.
Yeni Azərbaycan Partiyasının yaradılması da həmin tarixi mərhələnin mühüm hadisələrindən biri idi. Partiyanın fəaliyyəti sonrakı illərdə Azərbaycanın siyasi həyatında mühüm yer tutdu. Prezident İlham Əliyevin qurultayda vurğuladığı kimi, YAP artıq 30 ildən çoxdur hakim partiyadır və bu müddət ərzində ölkənin inkişafında partiya fəallarının da töhfəsi olub.
Ulu Öndərin siyasi kursunun mühüm istiqamətlərindən biri iqtisadi müstəqilliyin təmin edilməsi idi. Heydər Əliyev müstəqil dövlətin siyasi baxımdan olduğu kimi, iqtisadi baxımdan da güclü olmasının vacibliyini daim diqqətdə saxlayırdı. Bu məqsədlə xarici investisiyaların cəlb edilməsi, enerji resurslarından səmərəli istifadə və Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası istiqamətində mühüm addımlar atıldı. “Əsrin müqaviləsi”nin imzalanması bu siyasətin mühüm nəticələrindən biri kimi tarixə düşdü. Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında həmin dövrdə Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün xarici sərmayənin əhəmiyyətini qeyd edib.
Bu gün iqtisadi müstəqillik Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə, kənd təsərrüfatının modernləşdirilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi və yeni investisiya imkanlarının yaradılması ölkənin gələcək inkişafının əsas istiqamətlərindəndir.
Ulu Öndərin siyasi xəttində dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi də mühüm yer tuturdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın hərbi potensialı əhəmiyyətli dərəcədə gücləndirildi. Güclü iqtisadiyyat, müasir ordu və milli həmrəylik 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi prosesdə mühüm rol oynadı.
2023-cü ildə Azərbaycanın suverenliyinin bütün ərazisində tam bərpa olunması isə dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırdı. Beləliklə, Ulu Öndərin qarşıya qoyduğu müstəqil, güclü və öz milli maraqlarını qoruyan Azərbaycan dövlətinin yaradılması strategiyası yeni tarixi reallıqlar şəraitində davam etdirildi. YAP-ın VIII Qurultayının məhz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi dövrdə keçirilməsi də xüsusi siyasi-tarixi məna daşıyır. YAP-ın öz məlumatında qurultayın bu baxımdan ilk dəfə yeni reallıq şəraitində keçirildiyi vurğulanır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm fikir ondan ibarətdir ki, zaman keçdikcə taktiki və müəyyən strateji məqsədlər dəyişə bilər, lakin siyasi kursun ana xətti dəyişməz qalır. Dövlət başçısı bu ana xətti müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və Azərbaycanın öz imkanlarından maksimum istifadə etməsi kimi xarakterizə edib.
Bu yanaşma dövlət siyasətində ardıcıllığın əhəmiyyətini göstərir. Çünki dövlətçilik uzunmüddətli prosesdir və milli inkişaf strategiyası yalnız bir dövrün deyil, gələcək nəsillərin də maraqlarını nəzərə almalıdır. Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu siyasi kursun ardıcıllığının dövlət idarəçiliyində hansı nəticələr doğura bildiyini göstərən mühüm nümunələrdən biridir.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını müdafiə edən, regional proseslərdə fəal iştirak edən dövlət kimi çıxış edir. Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında Azərbaycanın beynəlxalq müstəvidə böyük hörmətə layiq ölkəyə çevrildiyini və bir sıra ekspertlərin ölkəmizi orta güc dövlətləri sırasına daxil etdiyini bildirib. Eyni zamanda, dövlət başçısı iqtisadi müstəqilliyin tam təmin edildiyini və Azərbaycanın öz taleyini özü müəyyənləşdirdiyini vurğulayıb.
YAP-ın VIII Qurultayı həm də qarşıdakı mərhələnin vəzifələrinə baxış baxımından əhəmiyyətlidir. Yeni tarixi reallıqlar Azərbaycan qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradır. Suverenliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, hərbi potensialın gücləndirilməsi, insan kapitalının inkişafı, gənclərin dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakının təmin edilməsi qarşıdakı dövrün əsas istiqamətləri sırasında yer alır.
Beləliklə, YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Ulu Öndər Heydər Əliyevin siyasi irsinin müasir dövrdə də dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bir daha nümayiş etdirdi. Bu irsin əsasını müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, milli maraqların qorunması, iqtisadi və hərbi qüdrətin artırılması, xalq-dövlət birliyinin gücləndirilməsi təşkil edir.
Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin dəyişməz qalması isə dəyişən dünyada Azərbaycanın öz strateji məqsədlərinə ardıcıl şəkildə irəliləməsi baxımından mühüm amil kimi təqdim olunur. Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, bu siyasət 2003-cü ildən bu yana davam etdirilib, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək.
Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız partiyanın növbəti qurultayı deyil, həm də müasir Azərbaycanın keçdiyi tarixi yolun, əldə olunan nəticələrin və qarşıdakı inkişaf perspektivlərinin nəzərdən keçirildiyi mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Qurultayda səslənən fikirlər göstərir ki, zaman dəyişsə də, Azərbaycanın dövlətçilik, müstəqillik və milli inkişaf istiqamətində müəyyən etdiyi əsas siyasi xətt öz mahiyyətini qoruyur.
Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri