Azərbaycan Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başladı. Həmin vaxta qədər Xəzər dənizinin qərb sahillərinin mühafizəsini ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər Dəniz Donanmasının gəmiləri Bakının azad edilməsi zamanı Port-Petrovska qaçırıldı və yalnız 1918-ci ilin noyabrında ingilislər Bakıya gəldikdən sonra geri qaytarıldı.
Hərbi Donanma müstəqil Azərbaycanın vacib öhdəliyi idi
Cümhuriyyət dönəmində dəniz donanması ilə hərbi nazirliyin donanma məsələləri ilə məşğul olan idarəsi olmadığı üçün Nəqliyyat Nazirliyi Xəzər Dəniz Donanması ilə məşğul olurdu. 1919-cu ilin sonunda Baş Qərargahda 6 nəfərdən ibarət xüsusi dəniz idarəsi yaradıldı. Ümumilikdə, Azərbaycan Xəzər Dəniz Qüvvələrinə 75, 100 və 120 millimetrlik topla təchiz edilmiş iki döyüş gəmisi – “Ərdahan” və “Qars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və yardımçı gəmiləri, nəqliyyat “Qartal” gəmisi, “Puşkin” hərbi paroxodu, eləcə də lazımı miqdarda kater vardı. Hərbi Dəniz Qüvvələri üçün kadrların hazırlanması məqsədilə Bakı Hərbi Dəniz Aviasiya Məktəbinin bazasında Xüsusi Dəniz Aviasiya Məktəbi, 1919-cu il oktyabrın 14-də isə Hərbi Dəniz Qüvvələrinin aviasiya bölməsi yaradıldı.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının Parlamenti 1991-ci il oktyabrın 9-da “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun qəbul etdi və bununla da Silahlı Qüvvələrin tərkibində Hərbi Dəniz Qüvvələrinin yaradılmasının hüquqi əsasları müəyyən olundu. Keçmiş SSRİ-nin müstəqil respublikaları - Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında bağlanmış müqaviləyə əsasən, Xəzəryanı dövlətlər kimi Xəzər Dəniz Donanmasının onun ərazisində yerləşən bütün bazaları, habelə donanmanın hərbi gəmilərinin 25 faizi Azərbaycana keçdi.
Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra...
1992-ci il iyulun 26-da müstəqil Azərbaycanın üçrəngli Dövlət bayrağı ilk dəfə olaraq “Bakılı” patrul gəmisində qaldırıldı və ölkə öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başladı. İlkin mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif növ gəmilərlə təchiz edilmiş beş diviziya və quru bölmələri daxil idi. Xəzər hövzəsində yerləşən müşahidə məntəqələrinin və mayakların fəaliyyəti zamanla bərpa olunmağa başladı.
“Azərbaycan Respublikasının Dəniz Bayraqları haqqında” 1997-ci il 4 noyabr tarixli Qanuna əsasən döyüş və yardımçı gəmilərdə qaldırılan bayraqlar haqqında Əsasnamə qəbul edildi. 2000-ci il avqustun 7-dən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırılır.
Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasında hərbi əməkdaşlıq haqqında saziş çərçivəsində Azərbaycana R-223 kiçik artilleriya kateri hədiyyə edilib. Səyahətinə 22 iyul 2000-ci ildə İzmir şəhərindən başlayaraq, üç dövlətin (Türkiyə, Ukrayna, Rusiya) ərazisini keçib, 5 dənizdən (Egey, Mərmərə, Qara, Azov, Xəzər), 3 boğazdan (Dardanel, İstanbul, Kerç), 2 çay (Don, Volqa) və onları birləşdirən 18 kanal cəmi 2345 dəniz mili qət edərək Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin zabitləri tərəfindən Hərbi Dəniz Qüvvələrinin əsas bazasına çatdırılıb.
Dəniz pişiklərinin Vətən müharibəsindəki şücaətləri
HDQ-nin peşəkar heyəti hər iki Qarabağ müharibəsində inanılmaz qəhrəmanlıqlar göstəriblər. Hələ 1-ci Qarabağ müharibəsində Qarabağ uğrunda döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin dəniz və quru hissələrinin şəxsi heyətindən qısa müddətdə dəniz piyada alayı yaradıldı. Alay Ağdam-Tərtər istiqamətində düşmən hücumunun qarşısını almaq məqsədilə 1994-cü il aprelin 19-da cəbhəyə yola salındı və 1994-cü il iyulun 25-də döyüş tapşırığını uğurla başa vurdular.
O cümlədən, Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin dəniz pişikləri, sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) xüsusi təyinatlı dəstəsinin birinci xüsusi təyinatlı qrupu müharibənin ikinci günündə Goranboy rayonunda milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu” istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirdi. Sonra isə hərbi dənizçilər Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində hücumu davam etdirərək bir çox yaşayış məntəqələrini, eləcə də düşmənin hərbi şəhərciyini və zastavasını azad edib, Xudafərinə bayraq sancaraq azad edilən əraziləri aidiyyətı üzrə digər qoşunların bölmələrinə təhvil veriblər.
Hərbi Dəniz Qüvvələri – xüsusi təyinatlılarının fədakarlığı nəticəsində Qubadlı rayonunun bir çox kəndi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib. Hərbi dənizçilər Qubadlıdakı uğurlu əməliyyatlardan sonra Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərinin azad edilməsində əsl qəhrəmanlıq, igidlik nümunələri göstəriblər. Düşmənin alınmaz qalaya çevirdiyi və neçə-neçə igidimizin şəhid olduğu Qızılqayanın alınması uğrunda döyüşlərdə də hərbi dənizçilərimiz xüsusilə fərqləniblər.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə inşa olunan Hərbi Dəniz Qüvvələrinin yeni bazasında müasir tələblərə cavab verən qərargah, körpülər, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hərbi şəhərcik tikilib, kommunikasiya xətləri və digər infrastrukturlar çəkilib.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb