Siyasət

  • 1 311

ABŞ-nin regional siyasətindəki yanlışlıqlar bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinə təhdiddir

image

“Amerika Birləşmiş Ştatlarının dünyada jandarma rolu heç kimə sirr deyil. Müxtəlif bəhanə və əsassız “səbəblər”lə dünyanın inkişaf etməkdə olan sakit ölkələri qan gölünə çevrilib, bu siyasətin məntiqi nəticəsi kimi əsasən müsəlman ölkələrində vətəndaş müharibələri hələ də davam etməkdədir. “Ərəb baharı”, “narıncı inqilablar” adı altında ölkələrin dincliyini alan, saxta demokratiya bəhanəsi ilə neoimperialist siyasətini yürüdən rəsmi Vaşinqtonun bir niyyəti olub, o da dünya ağalığına sahib olmaq. Sovet hakimiyyətinin süqutundan sonra dünyanı birqütblü idarə etmək iştahasını açıq şəkildə ortaya qoyan ABŞ planetimizdə müharibə, münaqişə ocaqlarının sayını artırıb. Belə regionlardan biri də Cənubi Qafqazdır. Ermənistanın Azərbaycana təcavüzündən sonra ABŞ başda olmaqla dünya güclərinin ikili standartlardan çıxış etməsi, ölkəmizə qarşı başladılan ədalətsiz müharibədə işğalçının yanında olması beynəlxalq münasibətlərin həmin ölkələr tərəfindən tapdanmasını açıq şəkildə sübuta yetirdi. Əgər belə olmasaydı, Ermənistan-Azərbaycan münaqişəsi bu qədər uzanmazdı. Əslində qondarma, heç bir işlək mexanizmi olmayan, yalnız ara-sıra bəyanatlar verməklə işini bitmiş hesab edən, daha çox “turist diplomatiyası” kimi yadda qalan ATƏT-in Minsk qrupu da Vaşinqtonun göstərişi və rəhbərliyi altında Azərbaycanın torpaqlarının Ermənistana peşkəş edilməsinə çalışırdı”.
Bu fikirləri Səs Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, 44 günlük müharibədən sonra Ermənistanın ikili oyunlar oynaması, üzdə sülh, arxada isə müharibəyə hazırlaşması da burada ABŞ-ın məkrli siyasətinin izlərini göstərir: “Ermənistan revanş əldə etmək, ABŞ-ın başçılıq etdiyi Qərb isə Cənubi Qafqaza yerləşmək üçün siyasətin ən çirkin üzünü tətbiq edir. Halbuki, Azərbaycan Qərb üçün ən etibarlı tərəfdaş olduğunu dəfələrlə sübuta yetirib. Azərbaycan Avropa üçün enerji təhlükəsizliyinin təmin olunmasında əvəzolunmaz tərəfdaşdır. Bütün bunlara rəşmən, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələrdə ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə zidd fikirlərin səsləndirilməsi indiyədək əldə edilmiş münasibətlərin ruhuna tamamilə ziddir. Hər kəsə məlumdur ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Orada azərbaycanlılarla yanaşı ermənilər yaşasa da tarixin heç bir dönəmində Ermənistanın ərazi subyekti olmayıb. Qarabağa ermənilərin köçürülməsinin tarixi Vaşinqtondakılara da məlumdur. Amma erməni lobbisinin məkrli planı və bu planın amerikalı senatorların, konqresmenlərin əli ilə həyata keçirmək istəyi, bunun üçün Azərbaycana qarşı açıq şəkildə qarayaxma kampaniyasının aparılması dünya birliyi tərəfindən də birmənalı qarşılanmır. Bu gün Avropada və ABŞ-nin təsir dairəsinə aid ölkələrdə separatçılıq özünün kulminasiyasına yüksəlib. Həm Avropada, həm də ABŞ-nin iradəsi ilə idarə olunan ölkələrdəki separatçı hərəkətlərə qarşı çox sərt mövqe tuturlar, etirazçılar həbs edilir, öldürülür. Avropada 450-ə yaxın separatçı ocaqların olduğunu bilən az deyil. Krımda, Abxaziyada, Cənubi Osetiyada baş verənləri separatçılıq adlandıran ABŞ nədənsə Qarabağdakı ermənilərin əməlində separatçılığı görmür, daha dəqiq desək görmək istəmir. Təbii ki, bu addımlar ABŞ-Azərbaycan münasibətlərində soyuqluq yaradır, xalqımız ikili standartlara bundan sonra da dözümsüzlük nümayiş etdirmək niyyətində deyil. Azərbaycanın 44 günlük müharibədə və ondan sonrakı dövrdə apardığı siyasətin mahiyyətində regionda sülhün təhlükəsizliyin bərqərar olmasıdır. Rəsmi Bakının Ermənistana 5 baza prinsiplərinə söykənən sülh müqaviləsini göndərməsi və bütün bunlarla beynəlxalq təşkilatları da məlumatlandırması ölkəmizin sağlam siyasət yürütdüyünə əyani misaldır. Ermənistan və onun ABŞ, Fransa kimi havadarlarının regional siyasətində yanlışlıqlar bütöv Cənubi Qafqazın təhlükəsizliyinə təhdiddir”.

Digər xəbərlər