PDF Oxu

Siyasət

  • 10 214

Müəllim peşəsini müqəddəs hesab edən dahi lider... TƏHLİL

image

Düşünürəm ki, ən şərəfli, ən ülvi, ən uca ad olan müəllimlik dünyada ən çətin, eyni zamanda ən müqəddəs və ən gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edən şəxsiyyətlərdir. Məhz müəllimlər valideynlə bərabər, bəlkə də, ondan daha çox istənilən uşağın hər cür şıltaqlığına, əziyyətinə dözür, kədəri ilə kədərlənir, sevinci ilə sevinir-bu müəllimlərin üzərinə düşən ən ağır yükdür. Bəşəriyyət etiraf edir ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir-bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu mənən yetkinləşdirir. Hazırda dövlətimizin qazandığı müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin nəticəsidir. Müəllimləri yeni cəmiyyət quruculuğunun memarları hesab etsək səhv etmərik-axı hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Dünya ölkələrində Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də verilmişdir-“Müəllimlərin vəziyyəti ilə bağlı BƏT/UNESCO tövsiyyəsi” dünya üzrə müəllimlərin statusu və vəziyyətinə toxunan standart sənəd qəbul olundu-1994-cü ildə isə Beynəlxalq Əmək Təşkilatı və BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilaı olan YUNESCO tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilmişdir-həmin vaxtdan başlayaraq 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu tarix həm də BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir-bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Müəllimlər Günü hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə qeyd edilir. Müstəqil Azərbaycanda isə bu tarix Ulu öndər tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilmişdir. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü bu müqəddəs peşə sahiblərinə böyük sevgi ilə qeyd edilir. Heç şübhəsiz ki, müstəqil Azərbaycanın müəllimlər ordusu həmişə olduğu kimi bundan sonra da xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edərək respublikamız üçün layiqli vətəndaşların yetişdirilməsində səy və bacarıqlarını əsirgəməyəcəklər. İnsanı öz halal zəhməti hesabına yaşadan və ucaldan hər bir peşə şərəfli olduğu kimi, hər bir peşə sahibi də hörmətə layiqdir-lakin dünyada bir peşə var ki, o peşənin sahibləri hər bir cəmiyyətin, hər bir fərdin həyatında əlahiddə rol oynayır, insanların mənəvi və əqli inkişaf səviyyəsini müəyyən edir, hər bir fərdin yetkin vətəndaşa çevrilməsinə öz töhfələrini verirlər-bunlar əlbəttə ki, MÜƏLLİMlərdir.
Müəllim adını dünyanın ən şərəfli varlıqları daşıyırlar. Milyonlarla insan bu adın ziyasından işıq alır. Bu ad bizə əlimizdən qələm tutaraq ilk dəfə ana, vətən kəlmələrini yazdıran varlıq, ilk dəfə bizə həyatı bütün boyaları ilə dərk etdirən məxluqdur. Vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs bu adın qarşısında baş əyir-Ümummilli lider də müəllim adının müqəddəsliyini daim vurğulamışdır. Bəli, müəllim sözün əsl mənasında müqəddəs varlıqdır. İnsanlara elm öyrətməklə öz həyatını şam kimi əridən, qəlblərdə əbədi taxt quran bir şəxsiyyətdir. Bu şərəfli peşə sahibləri hər birimizin həyatında ikinci valideyn rolunu oynayır. Müəllim yeni təfəkkürlə böyüyən gənc nəslin mənəvi aləminin əsl memarıdır. Dahi Atatürkün dediyi kimi, “Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir”. Şair demişkən “hər könüldə yeri olan” müəllimlərimiz qəlbimizdə əzəmətli taxt qurublar. Müəllim uşaqlığımızdan qocalanadək hər birimizin təfəkküründə saf, təmiz duyğulara malik bir şəxsiyyət kimi qalmaqdadır.

Bütün tarixi dövrlərdə və bütün ölkələrdə görkəmli tarixi şəxsiyyətlər, dövlət adamları müəlimlərə və müəllimlik peşəsinə yüksək qiymət vermiş və bu müqəddəs işi cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, Nizami müəllimi Günəşə, Rumi müəllimi yanar şama, Füzuli müəllimi gənc qəlbin memarına bənzətmiş, Tusi müəllimi elmin çırağı adlandırmış, Sidqi müəllimi dadlı meyvələr yetişdirən bağbana, Cavid müəllimi cahan süfrəsinə çiçək bəxş edən bəxtəvərə bənzətmişdir. Bu müdrik fikirlər arasında XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”. Bu qiymətli sözlər Ulu öndərin müəllimlik peşəsinə sıx bağlı olmasından, bu peşəyə yaxından bələd olmasından, ilk peşə ixtisasının və ilk vəzifə təyinatının müəllimlik olmasından irəli gəlir. Müəllim Kainatın sirrlərini öyrənərək yaşam dünyamızı gözəlləşdirən, insanlığa elm-mədəniyyət, bilik-savad, təlim-tərbiyə verən, bizi yetişdirən, ən əsası da vətənə layiqli övlad olmağı öyrədən, hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibidir!
Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, hər zaman onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlamış, bu müqəddəs peşə sahiblərinin qayğısına qalmışdır. Müəllimlik sənətini şərəfli bir sənət hesab edən Umummilli lider Azərbaycan müəllimlərinin I qurultayındakı nitqində demişdir: “...siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz… mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim. Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxtdan dərs vermək təcrübəm olmuşdurdur…”.

“Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”-deyən Ulu öndər məktəblə, maariflə həmişə sıx bağlı olmuşdur-“…hesab edirəm ki, cəmiyyət harada olursa olsun kəsib təhsilə xərcləməli, gənc nəslin savadına, biliyinə, müəllimə kömək etməlidir…” Müəllimlik peşəsini ürəkdən sevən, müəllim əməyinə yüksək qiymət verən dahi şəxsiyyət Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız “Xalq müəllimi” fəxri adını qürur hissi ilə qəbul etmişdir. Müəllimlik adını çox yüksəkdə tutan və müəllimliyə müqəddəs bir peşə kimi baxan Heydər müəllim “ …Mən Аzərbаycаnın sаdə vətəndаşıyаm. Bu аddаn yük­sək аd yохdur. Аncаq bundаn dа yüksək аd müəllimlikdir…”-demişdir. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə, təhsil işçilərinə xüsusi ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlamış, bu müqəddəs peşə sahiblərinin qayğısına qalmış, hər fürsət düşdükcə öz müəllimləri ilə görüşərək onlara səmimi minnətdarlığını ifadə etmişdir. Ulu Öndər qeyd edirdi ki, hər birimiz tutduğumuz mövqedən, hansı məslək və peşə sahibi olmağımızdan asılı olmayaraq, bütün nailiyyətlərimizə görə, ilk növbədə, məktəbə və müəllimə borcluyuq-o dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimlərimizə özünün əsl silahdaşları kimi baxırdı. Əslində, ölkəmizin və millətimizin ən böyük müəllimi də elə Heydər Əliyevin özü idi-onun bioqrafiyasını araşdıran bir çox tanınmış müəlliflər bu böyük dövlət adamını həm də Ustad müəllim kimi xarakterizə edirlər.

Həyatını müəllimliyə həsr edən insanlara hörmətlə yanaşan, bu adı daşıyanlara qayğı göstərən Ulu öndər müəllimlərin əməyini fədakarlıq hesab etmiş, onlarla bağlı bütün söhbətlərində bu müqdds peşə sahiblərini hər zaman xalqına, millətinə sədaqətlə xidmət edən və eyni zamanda qəhrəmanlıq göstərən böyük insanlar adlandırmışdır. Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, gələcək üçün onun dəyərini yüksək qiymətləndirən Ulu öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz layiqli yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını qeyd etmiş, hər kəsin həyatında onun əvəzsiz rol oynadığını dəfələrlə vurğulamış, məhz təhsili hər bir dövlətin, ölkənin, fərdin, bütövlükdə cəmiyyətin həyatının, onun gündəlik fəaliyyətinin mühüm bir sahəsi hesab etmişdir. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”-deyən Ulu öndərin aşağıdakı dəyərli fikirləri də səciyyəvidir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, …cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Dahi rəhbərin orta təhsilin qarşısında duran vəzifələrlə bağlı qiymətli tövsiyə və tapşırıqları bütün zamanlar üçün dəyərini saxlayan əsl fəaliyyət proqramı hesab oluna bilər.

Ümummilli lider orta ümumtəhsil məktəblərində şagirdlərin bütün müvafiq elmlər üzrə zəruri biliklərə yiyələnməsini, onların seçdikləri gələcək ixtisaslara uyğun fənləri daha dərindən öyrənməsini lazım bilmiş, bunlarla yanaşı, istisnasız olaraq hər bir şagirdin mükəmməl bilməsi son dərəcə vacib olan fənləri də ayrıca vurğulamışdır: “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər… Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər-gənclərimiz ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Bu çağırış bütün zamanlar üçün əhəmiyyət kəsb edən şüardır-bu gün orta məktəblərdə yuxarı sinif şagirdləri dərslərə getmir, qəbul olmaq istədikləri ali məktəblərin profilinə uyğun repititor yanına gedir, dar çərçivədə müəyyən fənləri öyrənməklə kifayətlənirlər. Texniki ali məktəb tələbələri ana dilində danışmaqda çətinlik çəkir, tariximizlə bağlı hadisələrin onlara aid olmadığını düşünürlər-faciə odur ki, doktoranturaya qəbul imtahanı verən, gələcəkdə alim olmağa iddialı olanların bəziləri illər boyu işğal altında olan rayonlarımızın adlarını sadalamaqda çətinlik çəkirlər. Texniki ali məktəblərdə ictimai və humanitar elmlərə qarşı aparılan mənfi kompaniyaya yuxarı səviyyədə himayədarlıq edilir- “mən universitetdə ictimai fənlərin tədrisini ləğv edəcəm, Allah ya mənə verər, ya onlara”-deyən ali məktəb rəhbəri Ulu öndərin hər bir gənc “ana dilimizi, ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi bilməlidirlər”-çağırışına laqeyid yanaşır, təhsildə sabotajla məşğul olur.

Məktəblərin, müəllimlərin ən əsas, şərəfli vəzifəsini cəmiyyətə, xalqa, bütövlükdə ölkəyə dəyərli vətəndaşlar hazırlamaqda görən Ulu öndər təhsilin məzmunca milli müstəqilliyimizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlərin, xüsusən Azərbaycan dilinin, tarixinin və ədəbiyyatının tədrisinin mahiyyətcə yeniləşməsini, müasir tələblərə cavab verən səviyyəyə qaldırılmasını çоx vacib şərt hesab etmişdir. Bu narahatlıq təsadüfi deyildir-belə ki, sabahın qurucuları оlan gənclərin milli ideоlоgiyaya yiyələnməsi məhz orta məktəbdən başlayır və bu vəzifənin düzgün təşkili ölkə üçün həyati əhəmiyyətə malikdir. “Milli ideоlоgiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çоx ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər”. Təəssüf ki, orta məktəblərdə bu çağırışa biganəlik hələ də qalır, texniki ali məktəblərdə isə ictimai və humanitar fənlərə ayrılan saatlar sürətlə azaldılır, onları seçmə fənlər blokuna salmaq ənənəsi geniş vüsət alır.

Azərbaycan müəllimlərinin hər birinin ən yüksək mənəviyyata, yetkin vətəndaşlıq hisslərinə malik olan insanlar olduğunu dəfələrlə vurğulayan Ümummilli lider böyük pedaqoq məharəti ilə müəllimlərə təkcə öyrənmək və öyrədə bilmək bacarığını dеyil, həmçinin, məktəbliləri, tələbə -gəncləri Vətənə sədаqətlə хidmət еtmək ruhundа böyütməyi, onları хаlqımızın milli-mənəvi dəyərləri əsаsındа tərbiyə еtməyi tövsiyə еdirdi. “Uşаqlаr gərək оrtа məktəblərdə bütün fənləri mənimsəsinlər. Bunlаrın hаmısı ilə bərаbər, bizim хаlqımızın zəngin tаriхini, mədəniyyətini, mənəviyyаtını, mənəvi dəyərlərini uşаqlаrа öyrətmək, çаtdırmаq, uşаqlаrı məhz həmin ənənələr ruhundа tərbiyə еtmək müəllimlərin müqəddəs bоrcudur. Mən аrzu еdərdim ki, müəllimlər bunu hеç vахt unutmаsınlаr…“-dahi şəxsiyyət öz istəklərini belə bildirmişdir. Ulu Öndər öz­lərini Vətən tоrpаğının bir zərrəsi sаyаn gənslərin tər­biyə еdilib yеtişdiril­mə­sində müəllim əməyinə, оnun şəхsiyyətinə yüksək qiymət vеrmiş, “müəllim аdı şə­rəfli аddır, müəllim аdı yüksək аddır”-demişdir. Müəllim cəmiyyət üçün ən dəyərli, bilikli, zəkаlı, tərbiyəli, və­tənpərvər vətəndаş hаzırlаdığı üçün onun vəzifəsi şərəflidir, müəllim dün­yаdа yеgаnə şəх­siyyətdir ki, cəmiyyət öz gələcəyini – uşаqlаrının tərbiyəsini yаl­nız оnа еtibаr еdir.

Ulu öndər dəfələrlə bildirmişdir ki, ölkədə təhsilin hərtərəfli yüksəlişində, təlim-tərbiyə prоsesində qarşıda duran mühüm, çоxşaxəli vəzifələrin uğurla həyata keçirilməsində təkcə məktəbin, оrada çalışan pedaqоji heyətin əməyi kifayət deyildir-yeniyetmə və gənc­lərin gələcəyin savadlı mütəxəssisi, layiqli vətəndaşı kimi fоrmalaşması üçün bütün cəmiyyət bunda maraqlı оlmalıdır, məktəblə ailənin birgə fəaliyyəti təmin edilməlidir. “Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi оlmadan mükəmməl tərbiyə оla bilməz, çünki bu prоses kоmpleks bir prоsesdir və оnun səmərəliliyini valideynlərlə pedaqоqların birgə səyi ilə yüksəltmək lazımdır”. Görkəmli şəxsiyyətin milli təhsil və tərbiyə məsələlərinə dair nəzəri kоnsepsiyaları sоn dərəcə qiymətlidir və çağdaş dövrdə də, gələcək yüzillərdə də öz dəyərini, əhəmiyyətini saxlamaq gücünə malikdir-bu konsepsiya hər bir təhsil alanın, hər bir pedaqоqun, ümumən, hər bir Azərbaycan vətəndaşının fəaliyyət devizi, həyat amalıdır.

Ulu öndər dəfələrlə bəyan etmişdir ki, hər bir dövrdə, istənilən vəziyyətdə təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyin yetkin, kamil şəxsiyyəti kimi hazırlamaqdır. Hər bir insan əsl vətəndaş olmalıdır, həm də dövlətinə, millətinə, ənənələrinə, xalqına sadiq olan vətəndaş olmalıdır. Təhsil və tərbiyə prоsesində müəllimin peşə hazırlığı, savadı, mənəviyyatı mühüm əhəmiyyət daşıyır, əsl pedaqoq оlmaq, şagird və tələbələrə mükəmməl, hərtərəfli bilik vermək, оnları nəcib mənəvi amallara sədaqət ruhunda yetişdirmək üçün məktəblərdə müvafiq şərait, lazımi mühit yaradılmalı, müəllimin özü bu yüksək keyfiyyətləri dərindən mənimsəməli, yetirmələrinə nümunə оlmalıdır: “Məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı gərək, birincisi, mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün… Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər”. Gəncliyi hər bir millətin yaşaması, inkişafı üçün təməl daşı hesab edən Ulu öndər qeyd edirdi ki, bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir-çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir-belə ki, ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Bu gün dünyada inkişaf çox sürətlə gedir və gedən bu proseslərdə ölkəmiz də yaxından iştirak edir. Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması, onların yaradıcılıq potensialının inkişafı, öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılmışdır-bütün ümumtəhsil məktəblərində təhsil alan uşaq, yeniyetmə və gənclərə dövlət rəmzlərimizə, müstəqilliyimizə, xalqımızın tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanır, vətənpərvər ruhlu, Azərbaycan dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilir. Heç şübhəsiz ki, bu proseslərdə, ölkəmizin inkişafı və rifahı üçün müəllimin üzərinə daha çox məsuliyyət düşür. Azərbaycan müəllimi həmişə öz işinin öhdəsindən məharətlə gəlmiş və bundan sonra da vətənimizə, millətimizə yararlı gənclər, dövlətimizə layiqli vətəndaşlar yetişdirəcəkdir!

Ümummilli lider təhsil illərində yalnız “əla” qiymətlərlə oxumuş, həmişə də öz müəllimlərinə böyük hörmət və ehtiramla yanaşmış, onları daim minnətdarlıqla xatırlamışdır: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumağım mənim üçün çətin olmamışdır. İndiyə qədər həyatımda keçdiyim yol mənim biliyim, elmim – hamısı məhz orta məktəbdə aldığım təhsillə, müəllimlərin mənə verdiyi biliklərlə, müəllimlərin mənə və o illərdə oxuyan mənim kimi gənclərə göstərdikləri qayğıkeşliklə, eyni zamanda müəllimə böyük hörmətimlə, ehtiramımla bağlıdır. Mən indi də müəllimlərimi heç vaxt unutmamışam və ömrümün son dəqiqəsinə qədər unutmayacağam. Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir məfhum olubdur. Mən bu gün müəllim qarşısında baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirir”.

Ulu öndər Naxçıvan Pedaqoji Texnikumunda təhsil aldığı dövrdə ən fəal və əlaçı tələbə olmuş, ictimai işlərdə fəal iştirak etmiş, idman yarışlarında birincilik qazanmış, incəsənətlə – rəssamlıqla, aktyorluqla məşğul olmuş, daim mütaliə etmiş, kitablar oxumuş və hərtərəfli inkişaf etmiş qamətli, yaraşıqlı bir gənc olmuşdur. Naxçıvan Pedaqoji Texnikumu öz məzunları və müəllimləri ilə məktəb və pedaqoji fikri tariximizdə çox layiqli yer tutmuş və pedaqoji kadr hazırlığında daim yüksək pillədə durmuşdur. Burada dərs deyən müəllimlər təcrübəli, bilikli, peşəkar müəllimlər olmuşlar, hər cür çətinliklərə baxmayaraq həvəslə, fədakarlıqla çalışmışlar-onların bir çoxu Qori və İrəvan Müəllimlər Seminariyalarını bitirmiş, Moskva və Leninqrad universitetlərində təhsil almış həvəslə çalışan, peşəkar müəllimlər idilər -pеdаqоji tехnikum Nахçıvаn Muхtаr Rеspublikа­sı­nın mааrif və mədəniyyətinin tərəqqisində, müəllim kаdrlа­rı­nın yеtişməsində, təkmilləşməsində müstəsnа rоl оynаmışdır.

Özünün bütün həyаtını Аzərbаycаnа, оnun inkişаfınа və tərəqqisinə həsr еdən dahi şəxsiyyət bаşqа sаhələrdə оlduğu kimi, хаlqımızın təhsilinə, оnun yüksəlişinə, bu sаhədə şərəflə çаlışаn insаnlаrın şəхsiyyətinə, işinə, əməyinə həmişə yüksək qiymət vеrmiş, оnlаrа böyük hörmət və еhtirаmını bildirmişdir. Bu hörmət və еhtirаm оnun bütün çıхışlаrındа, fəаliyyətində-istər müəllimlər qаrşısındа çıхışlаrındа, istər müəllimlər qurultаyınа göndərdiyi təbrik məktublarında, istərsə də rеspublikаmızın prоblеmləri ilə bаğlı digər məruzə və çıхışlаrındа həmişə оlmuş və özünü göstərmişdir. Azİİ-nin yubley tədbirində iştirak edən Ulu öndər zalda vaxtilə ona Naxçıvanda dərs demiş “Fəlsəfə” kafedrasının dosenti Əli Talıbovu görüb ona yaxınlaşır, əlini Əli müəllimin çiyninə qoyub, “Biz sənə Qara Əli deyərdik, maşallah cavan qalmısan, mənə de görüm Kantın “şey özündə”sinin axırı nə oldu”- onu qucaqlayır- böyük qürurla “müəllimlərim mənim həyat yolumun məşəlidir”-deyir.

Azərbaycanda təhsilin qədim və zəngin tarixi vardır-tarixin bütün mərhələlərində Azərbaycanda müəllimin, təhsilin rolunu yüksək qiymətləndirmişlər- Azərbaycanda iqtisadiyyat, mədəniyyət, həyatın bütün sahələrində, elm sahəsində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir-hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilməli və onu qiymətləndirməli, bütün varlığı, keçdiyi həyat yolu ilə həmişə məktəbə, müəllimə borclu olduğunu unutmamalıdır. Ümummilli lider deyirdi: “Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax, mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin hafizəsində qalsın. Xatirimdədir, biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq-müəllimdən həm qorxurduq, həm də ona hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur-mən tək deyiləm, hesab edirəm, Azərbaycan vətəndaşlarının əksəriyyəti mənim kimi belə düşünür. Hər kəs öz həyatında müəllimlə özünün əlaqəsi haqqında fikirlər söyləyə bilər. Ancaq mənim çoxillik həyatımda, dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən çox yadımda qalan, mənim üçün əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir”.

Ümummilli liderin müəllimlik peşəsinə оlаn münаsibətində həmişə bir müdriklik, qаyğıkеşlik, bu sənətə böyük hörmət və ehtiramı görünür-bu, bir tərəfdən оnun dövlət bаşçısı kimi vəzifəsindən irəli gəlsə də, digər tərəfdən оnun ilk iхtisаscа müəllim оlmаsı ilə bаğlı olduğunu dеyə bilərik. Ulu öndərin insanlara yanaşma tərzi, onlarla ünsiyyət və münasibəti, hər bir adamla “öz dilində danışması” onun pedaqoji məharətini, psixoloji, etik, estetik biliklərə dərindən yiyələnməsini, geniş dünyagörüşünə, çevik və hərtərəfli bilik və məlumatlılığa malik olmasını göstərir. Bu dahi şəxsiyyətin səlis və aydın nitqi, insanlara humanist münasibəti, demokratik düşüncələri, tolerantlığı, əzmkarlığı, peşə fədakarlığı, dərin zəkası, incə yumoru, dəmir iradəyə sahibliyi, habelə səliqəli geyimi, vüqarlı yerişi, ifadəli baxışları, düzgün davranış və hərəkətləri hər bir müəllimin peşə keyfiyyətləri, peşə fəaliyyəti üçün bir nümunədir.

Ümummilli lider 1980-ci ildə аli məktəb işçilərinin rеspublikа müşаvirəsində “…Biz istəyirik ki, hər bir аli məktəb müəllimi öz sаhəsində səriştəli оlsun, gеniş ümumi məlumаtа, yахşı pеdаqоji vərdişlərə, mühаzirə охumаq, dərs dеmək, öyrətmək, tərbiyə еtmək üçün bütün bаşqа zəruri kеyfiyyətlərə mаlik оlsun. Bunun üçün gərək hər bir аli məktəb müəllimi еlmi biliklərdən əlаvə, yахşı nitq, dil qаbiliyyətinə, nаtiqlik məhаrətinə, bütün bаşqа pеdаqоji kеyfiyyətlərə və vərdişlərə yiyələnsin ki, bütün bunlаr üst-üstə оnа həqiqətən yахşı tərbiyəçi оlmаq imkаnı vеrsin..”-demişdir. Bu gün Prezident İlham Əliyevin səriştəli müəllim kadrları hazırlığı problemini təhsil işçilərinin qarşısına bir vəzifə olaraq qoyması Ulu öndərin ideyalarından irəli gəlir.

“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”-deyən dahi rəhbər həmçinin müəllimlərin dərin еlmi- pеdаqоji biliklərə yiyələnməsini və оnlаrı tələbələrə çаtdırа bilməyi vаcib аmillərdən sаyırdı. O müəllimlərin mənəvi tərbiyəsinə, оnlаrın, ilk növbədə yüksək əхlаqi kеyfiyyətlərə yiyələnməsinə xüsusi əhəmiyyət vеrir və bunu daha yüksək qiymətləndirirdi. Ümummilli lider müəllimlərin işinin ən çətin, lаkin ən lаzımlı və gərəkli iş оlduğunu qеyd еdir və оnlаrın üzərinə düşən vəzifələrin Vətən üçün, хаlq və millət üçün əhəmiyyətli оlduğunu dəfələrlə qeyd edirdi: “…hər bir müəllim bilməlidir ki, оnun üzərinə düşən vəzifə, оnun dövlət üçün, millət üçün, Аzərbаycаn хаlqı üçün gördüyü iş bütün bаşqа sаhələrdə fəаliyyət göstərən insаnlаrın hаmısının işindən ən gərəklisidir, ən lаzımlısıdır”.

Ulu öndərin müəllimlik peşəsinə verdiyi qiymət, təlim və tərbiyə haqqında söylədiyi müdrik fikirlər həmişə aktual və əhəmiyyətlidir-o fikirlər pedaqoji elmin dəyərli mənbəyi, fəaliyyətimizin kompası, təhsilimizin metodoloji əsasıdır. “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”-deyən Ulu öndər üçün müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşür. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən məhz müəllimlər gəlir. Hər birimiz üçün müəllim doğma və əzizdir-çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq. “Müəllimlər cəmiyyətin memarlarıdır”- desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Ümummilli lider həmişə müəllim əməyini yüksək qiymətləndirir, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı.

Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi rifah halının qayğısına qalmışdır. Azərbaycan tarixinin Heydər Əliyev epoxası taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə, xüsusilə ölkə təhsilinə diqqət və qayğısına görə böyük bir dövrdür desək, yanılmarıq. “Təhsil millətin gələcəyidir”-deyən Ulu Öndər təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyirdi: ”Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır”.

Azərbaycan təhsilinin milli tariximizdə yüksəlişi Ümummilli liderin adı ilə bağlıdır-Sovet dövründə Azərbaycan gənclərinin həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda təhsil almalarına şərait yaradan Ulu öndərin təşəbbüsü və qayğısı sayəsində keçmiş SSRİ-nin ən məşhur ali məktəblərində xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc ali təhsil almış, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmışdır-dahi insan onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” adlandırmışdır.

Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirmiş, təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirilmiş, planlı islahatların əsası qoyulmuş, Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər görülmüşdür-bu illərdə müəllim əməyi yüksək qiymətləndirilmiş, onlara böyük hörmətlə yanaşılmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalınmışdır. Ulu öndər 1998-ci ildə Azərbaycan müəllimlərinin qurultayında demişdir ki, “müəllimlik peşəsi asan peşə deyildir-bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən almışıq”.

Müəllim adı həmişə çox uca tutulmuşdur, o gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, gələcəyini müəllimə etibar edir-bununla sanki məktəbin, müəllimin məqsəd və vəzifəsi də müəyyənləşir, xalqın, dövlətin gələcəyi formalaşır. Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlardan olmuşlar və bu gün də müəllimlər cəmiyyətdə özlərinə layiq yer tuturlar. Onlar öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır. Ümummilli liderin sözləri ilə desək, “...müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətəndaşlar hazırlayır”-bu gün də ölkəmizdə müəllim adının ucalığını qoruyan, öz intellektindən, biliyindən minlərlə şagirdinə, tələbəsinə pay verən dəyərli müəllimlərimiz az deyildir.

Ulu Öndər hər zaman müəllim peşəsinə böyük dəyər vermişdir-o yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi-bu dahi insan fədakar əməyi ilə fərqlənən müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə xüsusi diqqət yetirirdi. 70-ci illərdə 817 nəfər “Əməkdar müəllim” fəxri adı almış, 3 nəfər müəllim o dövrün ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Prezident hər zaman müəllim əməyinə yüksək dəyər vermiş, onların fəaliyyətinin maddi və mənəvi stimullaşdırılması ilə bağlı ardıcıl olaraq qərarlar qəbul etmişdir. Onun rəhbərliyi dövründə hər il müəllimlərin peşə bayramı ərəfəsində təltif edilməsi təcrübəsi tətbiq edilmiş, bu dövrdə 3 mindən çox təhsil işçisi dövlət təltiflərinə, o cümlədən 1500 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Orta məktəbdə mənə dərs deyən, uşaq vaxtlarımdan, gənclik çağlarımdan məni tərbiyə edən müəllimləri heç vaxt unutmamışam, həmişə onları minnətdarlıqla yad etmişəm- mən bunu həm cəmiyyətdə müəllimlərə hörməti daha da artırmaq üçün, həm də böyük bir həyat yolu keçmiş insan kimi, müəllimin cəmiyyətdə nə qədər mühüm rol oynadığını qeyd etmək üçün deyirəm. Əgər müəllim olmasa, heç birimiz cəmiyyətdə indi tutduğumuz yeri tuta və bugünkü kimi fəaliyyət göstərə bilmərik. Ümummilli lider müəllimlik sənətini, müəllimin işini, zəhmətini həmişə yüksək qiymətləndirmişdir-“...hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir-bu, mənim prinsipial mövqeyimdir”. Ümumiyyətlə, müəllim haqqında, onun keyfiyyətləri barədə günlərlə, saatlarla danışsaq da fikrimizi bitirə bilmərik. Azərbaycanda görkəmli ziyalılarımız, elm və sənət adamlarımız, ədiblərimiz hər zaman müqəddəs varlıq olan müəllim haqqında dəyərli fikirlər söyləmişlər. Ulu Öndər söyləyirdi ki, müəllimlərimizin əsas vəzifəsi əlbəttə ki, ilk növbədə, gənc nəslə – məktəblərə qədəm qoyan şagirdlərə, ali məktəblərə qəbul olunan gənclərə yaxşı təhsil verməkdən ibarətdir. Amma gərək unutmasınlar ki, hər bir azərbaycanlı gənc yaxşı təhsil almaqla yanaşı, həm də gərək dəyərli vətəndaş kimi formalaşsın, öz dövlətinə, millətinə və xalqının adət-ənənələrinə sadiq vətəndaş kimi yetişsin!

Ümummilli liderin memarı olduğu Azərbaycan Respublikası bu gün dünya durumunu müəyyənləşdirəcək güc mərkəzlərinin hesablaşdığı varlı, inkişaf etmiş, güclü orduya malik, torpaqlarını azad etmiş, qürurlu, məğrur, “Kosmik ailə”nin üzvü, müxtəlif sahələrə aid öz modelini yaradaraq ixrac edən, nümunə olan, Böyük Turan Birliyini qurmağı hədəfləmiş dünya dövlətidir. Bütün bu qazanılan və qazanılacaq neçə-neçə uğurların sarılmaz əsası Ulu Öndərin fenomenal təhsil siyasətinin məntiqi nəticəsidir. “Təhsilimizin məqəsdi gənc nəsilə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan həm də eyni zamanda yetkin vətəndaş olmalıdır”

Ümummili liderin müəllim peşəsinə sonsuz diqqəti onun siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. “Azərbaycanın əldə etdikləri bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intelektual potensialının formalaşmasında böyük xidmətləri vardır”-deyən Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkədə müəllimlərə, bütövlükdə təhsilə və təhsil işçilərinə eyni həssaslıqla xüsusi diqqət və qayğı göstərilir. Hər yeni dərs ilinin başlanğıcı Azərbaycanda onlarla yeni məktəbin, eləcə də bu və ya digər ali məktəbin, yeni fakültələrin, yeni tədris korpuslarının açılışı ilə yadda qalır. Azərbaycanda müəllimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə Prezident tərəfindən davamlı olaraq xüsusi addımlar atılır.

Azərbaycanın vətənpərvər gəncləri 44 günlük Vətən müharibə ilə torpaqlarımızı yağı düşməndən azad edərək xalqımıza zəfər sevincini yaşatdılar, onlar 23 saat 43 dəqiqəlik antiterror əməliyyatı ilə yadelliləri birdəfəlik qovaraq bütöv Qarabağda üç rəngli bayrağımızı dalğalandırdılar. Danılmaz faktr ki, bizə qələbə sevincini yaşadan hər gəncin bu qədər vətənpərvər ruhlu olmasında müəllimin əməyi əvəzsizdir və bir daha sübut olundu ki, müəllimin uzun illər ərzindəki fəaliyyəti nəticəsində qarşıya qoyulan vəzifələrə-Vətənin keşiyində duran, torpaqlarımız, ümummilli dəyərlərimiz üçün canından keçməyə hazır olan vətəndaşlar yetişdirməyə nail olunmuşdur. Bu, Azərbaycan müəlliminin, təhsilimizin, eyni zamanda Ümummilli liderin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevin ən böyük uğurudur. Son illər təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü şəkildə görülən işlər dövlətimizin daha da qüdrətlənməsinə, savadlı, bacarıqlı gənclərin yetişdirilməsinə imkan verir. Düşünürəm ki, biz gələcəkdə də işlərimizi bu istiqamətdə qurmalıyıq-yüksək intellektli, bilikli, bacarıqlı gənclər yetişdirmək ən böyük amalımız olmalıdır, çünki bizi qarşıda böyük işlər gözləyir. Azərbaycanın inkişafını olduğu yerdən daha da irəliləməsi, eyni zamanda Qarabağın, işğaldan azad olunmuş ərazilərin yenidən bərpası intellektlə, biliklə sıx bağlıdır.

Bu gün müstəqil Azərbaycan əzəmətlə işıqlı sabahlara doğru irəliləyir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə atdığımız hər addımda isə həm milli, həm də bəşəri dəyərləri özündə əks etdirən, qəlbi vətənpərvərlik hisi ilə döyünən, torpağımızın hər qarışı uğrunda canlarını fəda edən dəyərli, elmli gənclərimizi görməkdəyik-Vətən müharibəsi bu güc və sevginin bariz nümunəsi oldu. İndiki gənclərin yüksək mənəvi keyfiyyətlərini formalaşdıran isə ölkəmizdə milli təhsil siyasətimizi uğurla həyata keçirən, elm və bilik yollarında yorulmadan fəaliyyət göstərən müəllim ordusudur. Məhz Azərbaycan müəllimi sabahın hərtərəfli zəkaya malik olan vətəndaşını yetişdirir. Hazırda onlarla gəncimiz dünyanın müxtəlif ölkələrində tanınmış universitetlərdə öz təhsillərini davam etdirməkdədirlər. Bütün bunlar bir daha sübut edir ki, bu gün ölkəmizdə müasir standartlara cavab verən savadlı gənclik formalaşmaqdadır. Bunun üçün isə hər birimizin taleyində əhəmiyyətli yeri olan, bilik xəzinəsini daim insanların üzünə açan müəllimlərimizə borcluyuq. Bu məqamda İslam dünyasının dahi şəxsiyyəti Həzrəti Əlinin bir kəlamı yada düşür: “Mənə bir hərf öyrədənin köləsi olaram”. Doğurdan da, müəllim öz biliyi, yüksək mənəvi keyfiyyətləri və əməlləri ilə cəmiyyətə layiqli töhfələr verir-bəşəriyyət bu dəyərli varlığın qarşısında baş əyməlidir.

Hal-hazırda məktəblərimizdə yüksək qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur. Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir. Məhz bu inkişafın davamı olaraq, heç şübhəsiz ki, müstəqil Azərbaycanın müəllimlər ordusu xalqın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, Vətənə layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər. Hər birimizə yazmağı, öyrənməyi, düşünməyi öyrədən müəllimlər bizim qürur mənbəyimizdir.

Yaşar Əhmədov

Fəlsəfə üzrə fəlsəfə doktoru,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin

“Humanitar fənlər” kafedrasının dosenti

Digər xəbərlər