Siyasət

  • 1 144

YAP-ın təsis konfransı Azərbaycanın tərəqqisinə yol açdı ŞƏRH

image

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü tamam olur. Bu tarix 550 mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.

Müstəqillik tariximizdən bəlli olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyəti ələ alan bir sıra partiyaların yarıtmaz fəaliyyəti ölkədə ağır siyasi, iqtisadi və sosial böhran yaratmışdı. Bu partiyaların təmsil etdikləri iqtidarların anormal idarəetmə metodları daxili situasiyanı gərginləşdirməklə yanaşı, respublikamızın müstəqil dövlət kimi gələcək perspektivlərini ciddi təhlükə altına salmışdı. Ölkədəki xaosun və qeyri-müəyyənliyin acı nəticələrini yaşamağa məhkum olan Azərbaycan xalqı belə bir şəraitdə vəziyyətdən çıxış yolunu axtarmağa başladı. Beləliklə, 1992-ci ilin ağır günlərində YAP-ın cəmiyyətin sosial sifarişi olaraq yaranması və siyasi meydana çıxması mövcud ictimai-siyasi şəraitdən irəli gəlirdi. Partiyanın təsis konfransı Azərbaycanın bütün regionlarından gələn nümayəndələrin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. YAP-ın Proqram və Nizamnaməsi qəbul edildi.

Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkədə hakim partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı.

Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, xalqın marağı naminə qətiyyət və prinsipiallığı sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirən YAP əsl ümumxalq partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasında Heydər Əliyev missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir.

Bu baxımdan təsadüfi deyil ki, YAP-ın birinci qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq cənab İlham Əliyev partiya sədrinin müavini, ikinci qurultayda isə sədrin birinci müavini seçilmişdir.2005-ci ilin mart ayında YAP-ın III qurultayının nümayəndələri çox məsuliyyətli bir seçimə imza ataraq cənab İlham Əliyevi partiyanın sədri seçdilər. Heydər Əliyevin siyasi əmanəti olan partiyaya sədr seçkisinə ulu öndərimizin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi. Bu onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri yeni sədrini yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşərək Yeni Azərbaycan quruculuğunda fəal iştirak etsinlər.

Cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına, YAP-a Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər