PDF Oxu

Siyasət

  • 3 959

Azərbaycan-İraq əməkdaşlığında yeni hədəflər TƏHLİL

image

Prezident İlham Əliyev: "Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz"

Azərbaycanın bir çox dünya ölkələri ilə olduğu kimi, İraq Respublikası arasında ikitərəfli münasibətləri uğurla inkişaf edir. 02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış və elə həmin ildən ölkələr arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.
Tarixi dövrə nəzər salsaq görərik ki, 18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı M.Bərzani ilə görüşmüşdür. 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İraq Respublikasının Xarici İşlər naziri Məhəmməd Əli Əl-Hakimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanmışdır. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri əlaqələrin davamlığına əsaslanır. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması bu əlaqələrin təməlinin möhkəmləndirilməsinə və genişləndirilməsinə yeni prespektivlər açır. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"i imzalanması əlaqələrin davamlığına söykənir. Səfər çərçivəsində gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirilib.

"BEYNƏLXALQ TƏSİSATLARDA BİR-BİRİMİZİ DƏSTƏKLƏMƏYƏ DAVAM EDƏCƏYİK"

Azərbaycan və İraq beynəlxalq aləmdə hər zaman bir-birinin yanında olan ölkələr olmuşdur. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxışı zamanı dövlət başçımız bildirib ki, biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik: "İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik".

Cənab Prezident çıxışı zamanı Prezidentin qonşu Ermənistana da səfər edəcəyini bildirərək iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı onu məlumatlandırıb: "Hazırda baş verənlərin dəqiq təhlili üçün bizim hamımız keçmişimizə, 1990-cı illərin əvvəlində nə baş verdiyinə nəzər salmalıyıq. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi. Beləliklə, qeyd etdiyim kimi, bu, ərazimizin təqribən 20 faizini təşkil edirdi və uzun illər ərzində onlara məxsus olmayan ərazini geri qaytarmaqdan imtina edirdi". Beynəlxalq vasitəçilik səylərinin illərlə özünü doğrultmadığını və heç bir nəticəyə nail olunmadığını bildirən dövlət başçımız "Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi" deyə bildirib.

AZƏRBAYCAN TARİXİ ƏDALƏTİ 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ ƏLDƏ ETDİ

Qeyd edək ki, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu. Azərbaycan tarixi ədaləti 44 günlük Vətən müharibəsində əldə etdi.

"Bundan sonra Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi: "Biz demək olar ki, 3 il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki, bu, qəbuledilməzdir, biz hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik. Qeyd etdiyim kimi, işğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi. Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Əfsuslar ki, onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu".
Vəziyyətin tarixçəsini qeyd edən Azərbaycan Prezidenti Azərbaycanın sülh müqaviləsinin layihəsi ilə bağlı təkliflərinin mübadilə olunduğunu bildirib. Lakin sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.

Cənab Prezident onu da bildirib ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər də yaxşı olar: "Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq. Beləliklə, mən həmkarımı bu barədə məlumatlandırdım ki, Cənubi Qafqazda real vəziyyəti daha yaxşı anlamaq mümkün olsun."

"BİZ BEYNƏLXALQ HÜQUQA TAM RİAYƏT EDƏRƏK ÖZ SUVEREN ƏRAZİMİZDƏ ANTİTERROR ƏMƏLİYYATINI APARDIQ"

44 günlük Vətən müharibəsindən sonra deyəsən, "dəmir yumruğ"un gücünü görmüş ermənilər unutqanlıq edirlər. Yaxın keçmişimizdə aldığı zərbələri yaddan çıxarırdılar. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq ötən ilin avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürdü. Ermənilər bu günə qədər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər.
2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğurudur. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edilib. Cənab Prezident "Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır"-deyə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur.
Qeyd edək ki, bu səfər hər iki ölkə arasında əməkdaşlığın daha da yaxşılaşması uğurlara gətirib çıxaracaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər