Siyasət

  • 1 526

Kəlbəcər rayonu yeni inkişaf dövrünə qədəm qoyub ŞƏRH

image

Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunu başdan-başa gülüstan adlandırmaq olar. Təbiətin muzeyi olan Kəlbəcər rayonu Qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı. Kəlbəcər şəhəri Bakıdan təxminən 458 km qərbdə, Bərdə - İstisu avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Mərkəzi Kəlbəcər şəhəridir.

Kəlbəcər rayonunun ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər rayonu ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Bu ərazidəki daş abidələr Şimali Azərbaycanda erkən türkçülük, atəşpərəstlik, xristianlıq və 7-ci əsrdən başlayaraq islamın yüksəlişi dövründə inşa edilmişdir. Azərbaycanda ilk dəfə olaraq 1976-cı ildə Kəlbəcər qayaüstü rəsmlərinin yaxınlığında icma aşkar edilmişdir. Burada diametri təxminən 20 metr olan dairəvi tikilinin qalıqları aşkar edilmişdir. Bu mürəkkəb tikintinin divarları qaya və çay daşlarından ibarətdir. Həmin yaşayış məntəqələrində həmin dövrə, yəni e.ə. III minilliyə aid gil qab qırıqları, taxıllar, dəvə gözü və çaxmaq daşından hazırlanmış bıçaqlar, ox ucları və digər əşyalar da aşkar edilmişdir.

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

1930-cu il avqust ayının 8-də inzibati rayon statusu almış Kəlbəcərin əhalisinin sayı 77 min nəfərdən çoxdur. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin səthi dağlıqdır (Murovdağ, Şahdağ, Göyçə, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsi). Ən yüksək zirvəsi Camış dağı (3724) və Dəlidağdır (3616). Ən böyük çayı Tərtər və onun qollarıdır. Bazarçayın da mənbəyi Kəlbəcər rayonu ərazisindədir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr, meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlarda alp və subalp çəmənlikləri geniş yer tutur. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaqlar mövcuddur. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları vardır. Təbiətin Kəlbəcərə bəxş etdiyi ən mühüm nemət İstisudur. İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. İstisuyun istiliyi 58,8 C0 qədərdir. 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. 12 bulaqdan ibarət İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarıb çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir.

Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur. Kəlbəcərin işğalı zamanı rayonun 54 mindən artıq əhalisi məcburi köçkün düşmüş, 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika və s. talan edilmiş və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı böyük qələbənin məntiqi davamı kimi siyasi müstəvidə əldə etdiyimiz zəfər kəlbəcərlilərin qanayan yarasına məlhəm oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, həyata keçirdiyi güclü dövlət-güclü ordu strategiyası, məharətli diplomatik siyasəti düşməni kapitulyasiya aktına qol çəkməyə məcbur edərək Kəlbəcəri döyüşsüz, canlı qüvvə itkisi vermədən azad etdi. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyannaməyə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Kəlbəcər rayonunda da aparılan böyük quruculuq işləri Kəlbəcərin əvvəlki şöhrətini bu rayona qaytaracaqdır. İşğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva üç dəfə Kəlbəcər rayonuna səfər etmişlər. 16 Avqust 2021-ci il tarixdə baş tutan səfər zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11.6 kilometrlik tunelin və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq 3,4 kilometr uzunluğundakı tunelin təməli qoyulub. Prezidenti İlham Əliyev Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak edib.

26 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə ikinci səfəri zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və hərbi hissənin açılış mərasimi olub. Səfər çərçivəsində İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, “İşğal” və “Zəfər” muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun, “İstisu” sanatoriyasının təməlini qoyub. Dövlət başçısı Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. Bu ilin avqust ayının 25-də baş tutan səfər zamanı isə ölkə başçısı və birinci xanım “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının və “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İstisu” Mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar, Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Kəlbəcər rayonunda bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri ilə Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb.

Günay Məmmədli

YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər