Siyasət

  • 1 008

Repressiyanın sındıra bilmədiyi İsmixan Rəhimov ŞƏRH

image

Dünyada hər zaman gənclər arasında azad düşüncə, mütərəqqi yeniliklərə meyillik olub. Qapalı rejim olan sovet dönəmində, xüsusilə, II Dünya müharibəsi dövründə də Azərbaycan gəncliyində bu prosesin baş verdiyi bəllidir. Həmin gənclər “İldırım” adlı təşkilat yaradıblar. Bu qurumu yaradanların fikirləri, ideyaları, totalitar rejimin ən qəddar istintaq orqanlarına verdiyi mübariz əhval-ruhiyyəli cavabları diqqəti cəlb edir. Əsasən gənclərdən ibarət olan bu təşkilatın üzvləri o zaman Xalq Şairi Səməd Vurğuna gizli məktub göndərirlər. Həmin məktubun bəzi məqamlarını təqdim edirik.

“Hörmətli Səməd Vurğun!

“Bu məktub sizə Azərbaycanın azadlıq və istiqlaliyyətini, sərbəst inkişafını düşünən, arzulayan və öz həyatını bu yolda qurban verməyə hazır olan gənclər adından yazılır. Biz sizə edə biləcəyimiz mübarizənin məqsəd və yollarının hamısını şərh etmək fikrində deyilik. Lakin sizə çatdırmaq istəyirik ki, qolları bağlı Azərbaycan xalqının istiqlaliyyəti uğrunda son ana qədər mübarizə aparacağımıza and içmişik. Bizim sayımız sonsuzdur”.

Azərbaycan sevdalısı, bu mübariz gənclərin həmin gizli və imzasız məktubu illər sonra Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının əlinə keçir. Çox ciddi araşdırmalardan sonra təşkilat üzvləri həbs edilir. 1945-ci ilin yanvarında ekspertlər müəyyən ediblər ki, məktubun müəllifi, o zaman APİ-nin aspirantı İsmixan Məmməd oğlu Rəhimovdur.

Bəs o, kim olub?

“İldırım”-çıların ən fəal üzvlərindən biri İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşğul idi. O, 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olub. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası sovet rejim tərəfindən həbs edilib və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə instituta qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. Daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olub. Onu da qeyd edək ki, İsmixan Rəhimov 7 nəfər gənc həmkarı ilə "İldırım" adlı antisovet millətçi gənclər təşkilatı yaratdığına görə mühakimə edilib.

İsmixan Rəhimov 25 il azadlıq, 5 il seçki hüququndan məhrum edilmiş, bütün əmlakı müsadirə olunmuşdur. İsmixan Rəhimov haqqında məhkəmənin çıxardığı hökmdə deyilirdi: "İsmixan Rəhimov antisovet təşkilatın 1945- ci ildə və 1944- cü ilin əvvəlindən sistematik yığıncaqlarını təşkil edib, həmin yığıncaqlarda aktiv iştirak edərək sovet dövlətinin siyasətinə qarşı çıxmış, milli siyasətini pisləmişdilər. "İldırım" adlı antisovet təşkilatına sadiq qalacaqlarına and içmiş, antisovet təşkilatın nizamnamə və mərəmnaməsini tərtib etməyi öz öhdəsinə almışdılar.

Bu mubariz, fədakar insanın istintaq materiallarına qısaca nəzər salaq.

1948-ci ilin sentyabrın 27-də 1-ci dindirilmə:

Sual: Siz antisovet fəaliyyətinizə görə həbs olunmusunuz?

İsmixan Rəhimovun cavabı: Mən antisovet fəaliyyəti ilə məşğul olmamışam və bu barədə deməyə sözüm yoxdur. 1944-cü ildə ADU-nun filologiya fakültəsində mənimlə oxuyan Gülhüseyn Abdullayevlə birlikdə bir təşkilat yaratmaq istədik. Bu elə bir təşkilat olmalı idi ki, Azərbaycanın müstəqilliyi haqqında çalışsın. Bu gün bizim Konstitusiyamızda dövlət dili Azərbaycan dilidir. Amma bütün dövlət idarələrində rus dili əsas dil kimi istifadə olunur. Ona görə də dövlət idarələrində çalışanların əksəriyyəti ruslar olub. (Yəqin rus dillilər nəzərdə tutulub - Ə.B.) Odur ki, çoxlu sayda azərbaycanlı kadrlar yetişə bilmir. Biz elə bir Azərbaycan Respublikası nəzərdə tuturuq ki, orada kəsirlər olmasın. Bütün idarələrdə Azərbaycan dilində sənədləşmə aparılsın. Dünya mədəniyyətinin ən yaxşı nümunələrinə ana dilimizdə nail olmaq istəyirik.

Sonrakı didirilmə 1948-ci ilin sentyabrın 28-də baş tutur. (DTX-nin arxiv sənədləri) Milli düşüncə sahibi olan İsmixan Rəhimovun sonrakı cavablarında da heç bir təzyiqin, repressiyanın onu sındırmadığını hiss edirik. Ağır istintaq altında bu insan oz mübarizliyini, milli dəyərlərə sadiqliyini bir daha qoruyub saxlaya bilir. Bu insanların azad düşünsəsi milli kimlik uğrunda mübarizə aparan Azərbaycan xalqının azadlıq, müstəqillik ideyalarının ilk işatılarından olub. Bütün məhrumiyyətlərə baxmayaraq azadlıq ideyalarını şüurlara yaşadan və milli qüurunu qoruyub saxlayan belə insanları geniş auditoriya tanımalıdır.

Onu da qeyd edək ki, pedaqoq və tərcüməçi kimi fəaliyyət göstərdiyi Azərbaycan Dillər Universitetində İsmixan müəllimin adına auditoriya aşılıb. Universitetin rektoru Kamal Abdulla qeyd edib ki, məhz universitet üçün əlamətdar hadisə baş veririb. Azadlıq hərəkatının görkəmli nümayəndələrindən, antisovet “İldırım” təşkilatının qurucularından biri olan İsmixan Rəhimov adına auditoriyanın açılmasını universitetimiz üçün mühüm, əlamətdar hadisə kimi qiymətləndirirəm. Bu auditoriyada həm dərslər, həm də mühüm tədbirlər keçiriləcək”.

Professor Rəfail Hüseynov (“Bakı” qəzetinində çap olunmuş “Ömür neqativindən kadrlar” məqaləsində) yazırdı: “Baxtın sərt üzünü, dövrün boz sifətini görmüş bu insanlar taleyin bütün zərbələrinə mətanətlə sinə gəriblər. Zamanın ən ağır günlərində, dövrün insanı çiyridən bataqlıqlarında belə ləyaqətlərini, dəyanətlərini hifz edə biliblər. 40-cı illərdə qurmaq, yaratmaq eşqi ilə həyatlarında ilk addımlarını atanda da, Sibir səhralarında keçən fərəhsiz, ümidsiz, mühdiş illərdə də, bəraət alıb yenidən qaynar, diri həyata qoşulduqları vaxtda da onlar daxilən pak, əməllərində saf olublar”. Yekunda onu da qeyd edim ki, repressiya tariximizlə bağlı qaranlıq məqamlara aydınlıq gətirmək üçün “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabını bu il Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində çap etdirməyi planlaşdırırıq.

Əkrəm Bəydəmirli

Digər xəbərlər