Siyasət

  • 997

İqlim dəyişmələrinə qarşı beynəlxalq həmrəylik TƏHLİL

image

Prezident İlham Əliyev: "Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək"

Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasında olduğundan zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunə kimi səciyyələnir.

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edərkən bildirdiyi kimi, 200-ə yaxın dövlətin Azərbaycanın COP29-a sədrliyini yekdilliklə dəstəkləməsi ölkəmizə olan etimadın göstəricisidir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək.

QLOBAL İQLİM DƏYİŞİKLİKLƏRİ MƏSƏLƏSİNİN MÜZAKİRƏ OLUNDUĞU MƏRKƏZ

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. Bu, tədbir Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, beynəlxalq birlik 30-40 ölkə deyil:"Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir. İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik".

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Anderson bildirib ki, Azərbaycan qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcək. O vurğulayıb ki, Azərbaycanda keçiriləcək COP29 çox vacibdir. Belə ki, burada iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir.

YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin həqiqətən də ölkəmizin iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü və nümunəsi olduğunu deyən qonaq "Troyka" mexanizminin yaradılmasını çox vacib bir addım kimi dəyərləndirib və bu müdrik qərara görə təbriklərini çatdırıb.

Dünya qazıntı yanacağından yeni yanacaq növünə doğru keçid prosesindədir. Azərbaycan yaşıl iqlim və yaşıl keçid nöqteyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirir. Neft və qaz sənayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımlar önəmli rola malikdir. Rəqəmsal əsaslı və "ağıllı kənd təsərrüfatı" konsepsiyasının inkişaf etdirilməsi, tullantıların idarə edilməsi, ətraf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə ölkəmizdə həyata keçirilən tədbirlər yüksək dəyərləndirilir. Bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi əhəmiyyət daşıyır.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub.

COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulan Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanır.

ƏMƏKDAŞLIĞI VƏ MƏQSƏDYÖNLÜ FƏALİYYƏTİ EHTİVA EDƏN QLOBAL PLATFORMA

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı direktoru İnger Andersenin Bakıya rəsmi səfəri çərçivəsində UNEP və Azərbaycan Respublikası tərəfindən 2026-cı ildə ölkədə Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyi elan edilmişdir.

5 iyun 2026-cı il tarixində Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ətraf mühit ilə bağlı əməkdaşlığı və məqsədyönlü fəaliyyəti ehtiva edən ən böyük qlobal platformadır. 1972-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Ətraf Mühit Günü bəşəriyyət və planetimiz üçün ekoloji tərəqqinin sürətləndirilməsi naminə reallaşdırılan bütün fəaliyyət və tədbirlərdə istər əyani, istərsə də onlayn formatda iştirak edən milyonlarla insan tərəfindən qeyd olunur. 2026-cı ildə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü çərçivəsində əsas diqqət iqlim dəyişmələri ilə bağlı məsələlərə yönəldiləcək.

Son bir neçə ildir ki, dünya ölkələri iqlim dəyişmələri, təbiətin məhv olması və ətraf mühitin çirklənməsi və tullantılar kimi üç amilin törətdiyi planetar böhranı həll etmək naminə həmişəkindən daha sıx əməkdaşlıq edir. BMT-nin sonuncu İqlim Dəyişmələri Konfransında (COP28) iştirak edən ölkələr bərpa olunan enerji, səmərəlilik və metan qazı ilə bağlı yeni öhdəliklər xüsusunda razılığa gəlmiş, həmçinin qazıntı yanacaqları dövrünün bitdiyinə işarə etmişlər. İnger Andersen qeyd etmişdir ki, dünya hökumətləri, şirkətlər, vətəndaş cəmiyyəti və insanlar qazıntı yanacaqları dövrünə son qoyulması, deqradasiyaya uğramış təbiətin bərpası, çirklənmə səviyyəsinin azaldılması və daha sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması da daxil olmaqla, bəşəriyyəti dəyişiklik etməyə çağırır. Ümumdünya Ətraf Mühit Günü qlobal səyləri bir araya gətirmək üçün vahid platformadır. "2026-cı ildə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə qədər iqlim böhranı ilə bağlı irəliləyişə nail olmaq üçün Azərbaycan Respublikası ilə birgə işləyə biləcəyəm" – deyə bildirib.

"ÖLKƏMİZ KİÇİK ADA DÖVLƏTLƏRİNİN PROBLEMLƏRİNİ PRİORİTET İSTİQAMƏTLƏRDƏN BİRİ KİMİ MÜƏYYƏN EDİB"

Xoş sözlərə görə minnətdarlıq edən Prezident İlham Əliyev UNEP ilə Azərbaycan arasında əməkdaşlıqdan, İnger Andersonun regionlarımıza səfər edərək oradakı ekomühitlə tanış olmasından və gənclərlə görüşündən məmnunluğunu bildirib. Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl enerjiyə keçid sahəsində planlarına toxunan dövlətimizin başçısı bildirib ki, bu, siyasi iradəmizin olduğunu göstərir.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz Qlobal Cənubu təmsil edir və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək.

Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz kiçik ada dövlətlərinin problemlərini prioritet istiqamətlərdən biri kimi müəyyən edib və "Troyka" çərçivəsində digər həmkarlarla bu məsələ ilə bağlı da yaxından işləyir.

Azərbaycanın özünün də iqlim dəyişikliyi problemlərindən əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, bir dövrdə Azərbaycanda quraqlıq halları, yağıntının miqdarının azalması baş verirdisə, son dövrlərdə yağıntının miqdarının artdığı müşahidə olunmaqdadır.

Söhbət zamanı tullantıların idarə olunması, Xəzər dənizinin ətraf mühit məsələləri, onun suyunun azalması və bu istiqamətdə daha sistemli işin, həmçinin əməkdaşlığın həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Azərbaycan Prezidenti çıxışlarının birində bildirib: "Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər