Siyasət

  • 915

Ətraf mühitin qorunmasında Heydər Əliyev siyasəti TƏHLİL

image

Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, ölkəmizin zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması həmişə prioritet məsələ olmuşdur. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə (1969-1982) yaşıllığın qədrini bilməyənlərə anlatdı ki, yaşıllıq olmayan yerdə həyat yoxdur. Hər kəs iki ağac əkib böyütməlidir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbəi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra müharibə şəraitində, ağır vəziyyətdə olsaq da, nəinki Bakı şəhərində, eləcə də, respublikamızın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırıldı. Planetin ağciyərləri olan meşələrin qorunması yenidən gündəmə gəldi. Yaşıllaşdırma paytaxt Bakıda və Abşeronda bundan sonra başladı.Qeyd edək ki, Heydər Əliyevin rəhbərliyi dövründə, 1969-1982-ci illərdə ətraf mühit sahəsində 8 qanun qəbul olunub, Hökumət səviyyəsində 30-dan artıq qərar təsdiq edilib. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bu iş ardıcıl, müntəzəm və sistem halında görüldüyü üçün böyük səmərə vermişdir. Təbiətə yönəlik hər hansı qəsd ulu öndəri çox hiddətləndirərdi: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”Bu sözlərdə görkəmli dövlət xadiminin böyüklüyü qədər sadəliyi, dərinliyi qədər şəffaflığı əksini tapır. Biz burada qəbul etdiyi qərarların arxasında duran saf qəlbli, qüdrətli bir insanın durduğunun şahidiyik. Əlbəttə, bu böyüklükdə, dəyanətdə və düşüncədə olan insana şahidlik lazım deyil. Çünki hara baxırsan, onun saf toxum səpdiyi Azərbaycan məkanından, hətta bütöv keçmiş SSRİ məkanından səs gəlir: canlı insan səsi, təbiət səsi, göylərə ucalan ağacların, yerlərdə uzanan su kanallarının səsi deyir ki, biz o böyük insanın, geniş qəlb sahibinin insanlığa xidmət edən əməllərinin şahidiyik.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərimiz ekoloji məsələləri bir daha ön cərgəyə çəkdi və meşə, torpaq, su və s. haqqında bir sıra yeni qanunlar qəbul edildi. 1998-ci ildə ekoloji prioritetləri müəyyən edən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlandı. Bu Proqramda nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanda müasir Təhlükəli Tullantılar poliqonu, Xıllı Nərə Balıqartırma zavodu inşa edildi.Dövlət başçısı kimi Ümummilli Liderin ekoloji siyasətinin prioritet istiqamətlərindən biri də ölkədə mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, xüsusən də ölkənin su təchizatı, onun inkişafı və dirçəlişi olub. Ona görə də, bu istiqamətdə Ulu Öndər Heydər Əliyev tərəfindən bir çox tədbirlər həyata keçirilib. Bakıda yaşıllıq zonalarının salınması su təchizatında böyük irəliləyişlər nəticəsində mümkün olub. Ekoloji sahədə görülən işləri nəzərdən keçirəndə aydın başa düşmək olur ki, ulu öndər Heydər Əliyevin o illərdəki fəaliyyətinin əsas məğzi təbiəti gələcək nəsillər üçün qoruyub saxlamaq, insanların mədəni səviyyəsini və həyat tərzini yüksəltmək olmuşdur. Bir faktı qeyd etmək yerinə düşər ki, havaya atılan zəhərli maddələrin miqyasının azaldılması haqqında Avropada əsas ekoloji problem kimi fikirləşməyə başlayanda, Azərbaycanda 70-ci illərdə görülən tədbirlər nəticəsində zəhərli maddələrin miqdarı 30 faizdən çox azalmışdır. Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, xüsusən də Bakıda və Abşeron yarımadasında yaşıllıq zolaqların genişləndirilməsi üçün verdiyi tapşırıqlar, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, ölkənin su təchizatı, inkişafı və dirçəlişi istiqamətində gördüyü tədbirlər bu gün də uğurla davam etdirilir.Ulu öndərimizin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni şəraitə uyğun milli proqramlar hazırlanır. Prezident İlham Əliyevin imzası ilə həyata keçirilən bu proqramlar təbiətimizin daha da zənginləşməsindən, təbii sərvətlərimizin etibarlı və effektli mühafizəsindən xəbər verir. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq əhəmiyyətli tədbir də ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycanın strateji hədəflərini ortaya qoyur.

Rəfiqə Kamalqızı

Digər xəbərlər