Vətənimizin ayrılmaz parçası olan Kəlbəcər rayonu füsunkar gözəlliyə, möhtəşəm təbiətə, zəngin təbii ehtiyatlara və geniş strateji əhəmiyyətə malikdir. Vətənimizin bu zəngin sərvətlərə sahib olması tarix boyu hər zaman bədnam qonşularımızın diqqətini cəlb etmiş, xalqımın başına bir sıra müsibətlər gəlmişdir. Belə həmlələrdən sonuncusu XX əsrin 80-ci illərində başlamış, 1993-cü ilin aprelin 3-də Kəlbəcər rayonu xarici havadarların dəstəyi ilə erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. Son 30 ildə həyata keçirilən dövlət quruculuğu, ordumuzun müasir standartlara cavab verən texnika ilə təchiz edilməsi, xalq-ordu birliyinin sarsılmaz birliyi nəticəsində müzəffər ordumuz düşmən ağır məğlubiyyətə düçar etdi və qarşı tərəf kompromisə getməyə məhkum oldu. 10 Noyabr üçtərəfli bəyanat nəticəsində Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə qan tökülmədən düşmən tapdağı altından azad edilərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə rayonda bərpa-quruculuq işlərinə, erməni vandalizminin nəticələrinin aradan qaldırılmasına başlanılmışdır. Düşmən tapdağı altından azad edilmiş digər rayonlarda olduğu kimi, Kəlbəcər rayonunda da bərpa-qurculuq işləri təxirəsalınmaz şəkildə davam etdirilir. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə, həmçinin, Kəlbəcər rayonuna müntəzəm səfərlər edir, aparılan bərpa quruculuq işlərinə xüsusi olaraq nəzarət edir. 2021-ci ilin avqust ayının 16-da Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayona səfər etmiş, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməlini qoyublar. Həmçinin, Kəlbəcər Elektrik yarımstansiyasının da açılışı edilib. Prezident İlham Əliyev 2022-ci ilin iyun ayının 26-da rayona səfəri çərçivəsində Kəlbəcər-1 Kiçik Su Elektrik Stansiyasının, rayonda yerləşən Komando hərbi hissəsinin açılış mərasimində iştirak etmiş, həmçinin şəhərin baş planı təqdim edilmişdir. bu səfəri zamanı Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, İstisu mineral su zavodunun, İstisu sanatoriyasının da təməlqoyma mərasimində iştirak etmişdir. Qarşıya qoyulan planlar çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri son sürətlə davam etməkdədir. Prezident İlham Əliyevin verdiyi müvafiq fərmana əsasən, böyük qayıdış siyasəti də uğurla icra edilməkdədir. Yurdlarından məcburi olaraq didərgin düşmüş soydaşlarımızın bir hissəsi artıq doğma el-obalarına qayıdıblar. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində düşmən tapdağından azad edilmiş ərazilərimizdə də həyat yenidən canlanacaq, region, həmçinin Kəlbəcər rayonu hərtərəfli inkişaf yoluna qədəm qoyaraq, ölkəmizin qabaqcıl bölgələrindən birinə çevriləcək.
Akif Qasımzadə
YAP Yasamal rayon təşkilatının fəalı