Siyasət

  • 3 242

Milli Məclisdə nələr oldu? Baş nazir təsdiq edildi və... - DETALLAR

image

Fevralın 16-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin sədri bildirib ki, bu il fevralın 7-də ölkəmizin siyasi həyatında tarixi əhəmiyyətli bir hadisə baş verib. Demokratik və şəffaf şəraitdə keçirilən azad və ədalətli seçkilərdə möhtərəm cənab İlham Əliyevin parlaq qələbəsi onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərinə verilən yüksək qiymətin ifadəsi oldu.

Ölkəmizin bütün ərazisində keçirilən növbədənkənar Prezident seçkiləri milli inkişaf tariximizə Zəfər seçkiləri kimi daxil oldu. Xalqımız Azərbaycanın qüdrətli dünya dövlətinə çevrilməsində həlledici rolu olan liderinə sonsuz inam və etimadını bir daha ifadə etdi, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin davam etməsini istədiyini bildirdi. Bu müdrik seçim bölgədə və dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycanda səriştəli və məsuliyyətli rəhbərlik amilinin davamlılığını təmin etdi.

Spiker diqqətə çatdırıb ki, o, Milli Məclisin adından möhtərəm cənab İlham Əliyevə məktub göndərib və yenidən dövlət başçısı seçilməsi münasibəti ilə ona səmimi təbriklərini çatdırıb və xoş arzularını ifadə edib.

Spiker qeyd edib ki, bizə qürur verən bir məqam da bundan ibarətdir ki, möhtərəm cənab Prezidentin andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi ənənə halını alıb. Bu da dövlətimizin rəhbərliyi tərəfindən parlamentə verilən önəmi nümayiş etdirir.

Milli Məclisin sədri bildirib ki, fevralın 14-də andiçmə mərasimində söylədiyi nitqdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ötən 20 ildən artıq dövrdə ölkəmizin keçdiyi inkişaf yolunu geniş təhlil edib, bu dövrü uğur və qələbələrlə dolu olan illər kimi dəyərləndirib, eyni zamanda, qarşıya çıxan çətinlikləri və problemləri, xüsusən Qarabağın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsini xalqımızın yumruq kimi birləşərək həll etdiyini bildirib.

Proqram xarakteri daşıyan dərin məzmunlu nitqində dövlət başçısı yeni tarixi dövrdə qarşıda dayanan vəzifələrə nəzər saldı, dövlətimizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş torpaqların bərpası, sosial-iqtisadi inkişaf, texnoloji üstünlüyün təmin edilməsi, milli-mənəvi dəyərlərə sadiq olan gənc nəslin yetişdirilməsi, azərbaycançılıq məfkurəsinin gücləndirilməsi və digər sahələrdə görüləcək işlərdən danışdı, xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurətini qeyd etdi.

Milli Məclisin sədri möhtərəm cənab Prezidentin siyasi məharətinin və səriştəsinin, yaradıcı təfəkkürünün və yenilməz əzminin dövlətimizin inkişafı naminə qarşıya qoyulan bütün hədəfləri əldə etməyə imkan yaradacağına əminliyi ifadə edib. Spiker qeyd edib ki, Milli Məclis isə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

Spikerin çıxışı alqışlarla qarşılanıb.

Gündəlik təsdiq olunduqdan sonra Milli Məclisin sədri bildirib ki, bu gün iclasın gündəliyində 8 məsələ var və 1-ci məsələ Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərar layihəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş nazir vəzifəsinə Əli Hidayət oğlu Əsədovun namizədliyinə razılıq verilməsi üçün Milli Məclisə müraciət edib.

Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq, parlament Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi məsələsinə dair qərar qəbul etməlidir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Əli müəllim Əsədovu hamımız yaxşı tanıyırıq. O, Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisadçı alim və mütəxəssisdir. İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosentdir. 1980-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda işləyib, 1989-cu ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

Əli Əsədov siyasi fəaliyyətə 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaqla başlayıb.

Əli müəllim birinci çağırış Milli Məclisin deputatı, İqtisadi siyasət komissiyasının üzvü olub. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin aprel ayında Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Daha sonra o, Prezident Administrasiyası rəhbərinin müavini, Prezidentin köməkçisi – İqtisadi məsələlər şöbəsinin müdiri vəzifələrində işləyib.

2019-cu il oktyabrın 8-dən Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışıb, bu il fevralın 14-dən Baş nazir səlahiyyətlərini icra edir. Əli Əsədovun iqtisadi məsələləri dərindən bilən təcrübəli mütəxəssis olması Nazirlər Kabinetinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasında mühüm rol oynayır. Əli müəllim yüksək işgüzar və mənəvi keyfiyyətlərə malik olan, bütün bilik və bacarığını işə sərf edən bir insandir.

Spiker Sahibə Qafarova Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsində fəaliyyətini layiqincə davam etdirəcəyinə əminliyini bildirib.

Sonra Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, parlamentin komitə sədrləri Ziyafət Əsgərov, Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Elnur Allahverdiyev, Etibar Əliyev, Qüdrət Həsənquliyev çıxış ediblər.

Millət vəkilləri ölkə Prezidenti İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki çıxışını Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edən Yol xəritəsi kimi dəyərləndiriblər. Ölkə başçısının Azərbaycanın gələcəyi ilə bağlı çox nikbin mesajlar verdiyini vurğulayıblar. Bildirilib ki, Prezidentin çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesi, Ermənistanla münasibətlərin sülh müqaviləsi əsasında tənzimlənməsi, Zəngəzur dəhlizinin açılması və Türk dünyası ilə inteqrasiyanın yüksək səviyyədə inkişafı əsas istiqamətlər olaraq qeyd edilib.

Deputatlar ölkəmizin bundan sonra sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıda duran məsələlərin həlli baxımından Baş nazir vəzifəsinə böyük təcrübəyə malik, iqtisadçı alim Əli Əsədovun namizədliyinin irəli sürülməsini məqsədəmüvafiq hesab ediblər. Əli Əsədovun Baş nazir kimi 5 illik fəaliyyəti dövründə yüksək peşəkarlıq nümayiş etdirdiyini, onun Azərbaycan dövlətinə və xalqına sadiq olduğunu söyləyiblər, həmçinin Əli Əsədovun Yeni Azərbaycan Partiyasında fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ səsə qoyularaq qəbul edilib.

Sonra iclasda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu vəzifəyə onun namizədliyini irəli sürdüyünə və göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Heydər oğlu Əliyevə dərin təşəkkürünü bildirib.

Baş nazir müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm cənab Prezidenti bu yüksək kürsüdən bir daha təbrik edib.

Əli Əsədov bildirib ki, qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha dövlət başçımıza yüksək inam və etimadını göstərdi.

O, qeyd edib ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, respublikamızın bölgənin Lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsini təmin edib.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi, 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şanlı səhifəsidir.

Bu gün Azərbaycan postmüharibə dövrünün çağırışlarına uyğun olaraq yeni inkişaf strategiyası ilə inamla irəliləyir, milli dövlət quruculuğunun növbəti şərəfli mərhələsini yaşayır.

Baş nazir bildirib ki, fevral ayının 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində cənab Prezident son 20 ildə Azərbaycanın daxili və xarici siyasətində əldə edilən nailiyyətlər və uğurlar barədə ətraflı danışdı.

Eyni zamanda, andiçmə mərasimində dövlət başçısı ölkəmizin və cəmiyyətimizin hərtərəfli inkişafının əsas istiqamət və hədəflərini müəyyən edən proqram xarakterli geniş çıxış etdi.

Növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi sənaye kompleksinin təkmilləşdirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi əsas prioritet olacaqdır.

Cəmiyyətimizin həyatının bütün sahələrində, o cümlədən sosial sahədə inkişaf dövlət başçımızın hər zaman diqqət mərkəzində olub və olacaqdır.

Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ən önəmli vəzifə olaraq Hökumət qarşısında duracaqdır.

Təbii ki, cənab Prezident öz çıxışında qeyd etdiyi kimi, sosial rifahla bərabər əhalimizin, əsasən gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə və ənənələrə, azərbaycançılıq prinsiplərinə əsaslanaraq formalaşması, müasir çağırışlara və texnologiyalara yiyələnməsi Dördüncü Sənaye İnqilabı dövründə gələcək inkişafımızın təminatçısı olacaqdır.

Baş nazir qeyd edib ki, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün əsas prioritetlərimizdən biri yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Bunun üçün müasir təhsilin, sağlam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərtlərdir.

Əlbəttə ki, bütün bunlara nail olmaq üçün müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı, maliyyə müstəqilliyimizin daha da gücləndirilməsi təmin edilməlidir.

Növbəti dövrdə Azərbaycan Hökumətinin işinin əsas prioritetlərini bu hədəflərin reallaşdırılması, bununla bağlı qarşıda duran vacib çağırışlara çevik reaksiya verilməsi təşkil edəcəkdir.

Bu baxımdan 2030-cu ilədək Milli Prioritetləri özündə ehtiva edən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramı və digər irimiqyaslı proqramlar bu istiqamətdə fəaliyyətimizin səmərəli şəkildə davam etdirilməsi üçün yaxşı zəmin yaradır.

Bu prioritetlərdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”dir. Təsadüfi deyil ki, COP29 kimi mötəbər beynəlxalq tədbir məhz ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilir.

Əli Əsədov bildirib ki, 2019-cu ildə cənab Prezident tərəfindən ilk dəfə Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi zamanı bu yüksək kürsüdən çıxışından ötən müddətdə Nazirlər Kabineti ilə Milli Məclis arasında fəal birgə iş aparılıb.

Ötən müddət ərzində Hökumət və ölkəmizin qanunverici orqanı arasında konstruktiv və səmərəli işbirliyi qurulub, müxtəlif qanun layihələrinin və sənədlərin məhsuldar birgə müzakirəsi keçirilib. Baş nazir buna görə deputatlara təşəkkürünü ifadə edib. O, ümidvar olduğunu bildirib ki, növbəti müddətdə də bu xoş ənənə davam etdiriləcək və birgə səylərlə bundan sonra da ölkəmizin tərəqqisinə və xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcəkdir.

Əli Əsədov onu da qeyd edib ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat deputatların diqqətinə təqdim ediləcək və ötən il Hökumət tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunacaq.

Baş nazir çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti ölkəmizin davamlı inkişafının və xalqımızın firavan həyatının təmin edilməsi ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcəkdir.

Əli Əsədov öz çıxışında deputatların qaldırdıqları məsələlərə münasibət bildirib.

Əli Əsədov ona etimad göstərən cənab Prezidentə, Milli Məclisə minnətdarlığını ifadə edib. O, hökumət üzvləri ilə birlikdə verilən tapşırıqların təmin ediləcəyini söyləyib.

Əli Əsədovun çıxışı deputatlar tərəfindən alqışlarla qarşılanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Əli Əsədovu təbrik edib və çətin, məsuliyyətli işində ona uğurlar arzulayıb.

Sonra Milli Məclis sədrinin müavini Adil Əliyev gündəliyin növbəti 3 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, qeyd edib ki, ikinci məsələ “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsidir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qanun layihəsini təqdim edib. O, bildirib ki, sənəd Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Kommunal xidmətlərə (su təchizatı şəbəkəsinə) qoşulma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi"nə uyğun olaraq, habelə tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydasının, eyni zamanda qoşulma xəttinə görə ödəniş məbləğinin təsdiq edilməsi və Nazirlər Kabinetinin “Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarının təsdiq edilməsi haqqında” 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarının ləğv edilməsi barədə Nazirlər Kabinetinin qərar layihəsinin qəbul edilməsi məqsədi ilə hazırlanıb.

Layihədə tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydalarında müvafiq anlayışlardan istifadə edilməsi zərurəti ilə bağlı “Su təchizatı və tullantı suları haqqında” qanunun 1-ci maddəsinə qoşulma nöqtəsi, fiziki qoşulma, qoşulma müqaviləsi, qoşulma xidmətinə görə ödəniş, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə texnoloji qoşulması, texniki şərtlər, məişət abonenti anlayışlarının əlavə edilməsi təklif olunur.

Bununla yanaşı, qanunun 23-cü maddəsinin 1-ci, 4-cü və 5-ci hissələrində müvafiq dəyişikliklərin edilməsi, 24-cü maddənin 2-ci hissəsinin yeni redaksiyada verilməsi, Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması başlığı altında yeni 24-1-ci maddənin əlavə edilməsi, 25-ci maddənin 1-ci və 2-ci hissələrində dəyişikliklər edilərək yeni redaksiyada verilməsi, 3-cü və 4-cü hissələrin əlavə edilməsi və 60-cı maddənin 1-ci və 5-ci hissələrinə dəyişiklik edilməsi təklif olunur.

Sadiq Qurbanov bildirib ki, qanun layihəsinə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasının hüquqi əsasları bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdiriləcək. Qeyd edilib ki, təklif olunan qoşulma qaydaları mövcud istehlakçıların hüquqlarının qorunması və keyfiyyətli su təchizatı xidmətinin göstərilməsi üçün sistemin fəaliyyətinin dayanıqlığının artırılmasını və yüksəldilməsini özündə ehtiva edir. Bununla yanaşı, sənəddə sahibkarlıq subyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulmasının daha da optimallaşdırılması, vətəndaşlar və digər istehlakçılarla xidmət qurumlarının münasibətlərində şəffaflığın artırılması, həmçinin tariflərin və qoşulma tələblərinin şəffaflığının təmin edilməsi, təklif olunan qoşulma qaydalarının qoşulma ilə bağlı münasibətlərin tikintiyə icazə, eləcə də tikintinin istismarına icazə çərçivəsində tənzimlənməsi nəzərdə tutulur. Bildirilib ki, qanun qəbul edildikdən sonra su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtlərini müəyyən edən müvafiq qaydalar da yenilənəcəkdir.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Tahir Rzayev, deputatlar Vüqar Bayramov, Elşad Mirbəşir oğlu, Hikmət Məmmədov, Azay Quliyev, Aydın Hüseynov, Fəzail Ağamalı, Elnur Allahverdiyev, Rəşad Mahmudov, Məlahət İbrahimqızı çıxış ediblər. Çıxışlarda qanun layihəsinin əhəmiyyətindən danışılıb, sənədin istehlakçıların hüquqlarının qorunmasına, sahibkarlıq subyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulmasının optimallaşdırılmasına xidmət edəcəyi bildirilib. Millət vəkilləri bəzi qeyd və təkliflərini də səsləndiriblər.

Müzakirələrin yekununda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Komitə sədri bildirib ki, təqdim olunan dəyişikliklər Nizamnamənin 92-ci və 93-cü maddəsində müəyyən edilmiş ifadə formasının "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərindən irəli gələrək normayaratma texnikası baxımından uyğunlaşdırma məqsədilə hazırlanıb.

Sənəddə təklif edilən dəyişikliklər karantin qoyulan xəstəliklər meydana çıxdıqda bununla bağlı məlumatlandırılan orqanın (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin) Nizamnamədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kimi ifadə edilməsini nəzərdə tutur. Dəyişikliklər qəbul edildikdən sonra Nizamnamədə nəzərdə tutulmuş tədbirləri həyata keçirən orqanın (qurumun) hansı orqan (qurum) olmasının müəyyənləşdirilməsi səlahiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.

Deputat Fəzail Ağamalı məsələ ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, təklif edilən dəyişiklik "İcra haqqında" Qanunun 50.2-ci maddəsində nəzərdə tutulmuş borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmələr tərəfindən baxılmasının prosessual əsaslarının müəyyən edilməsi və Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin təkmilləşdirilməsi zərurətindən irəli gəlir.

Sənəddə Məcəllənin 231-ci maddəsinin adına, 231.3-cü və 231.4-cü maddələrinə müvafiq olaraq "borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri" ifadəsinin əlavə edilməsi təklif olunur. Bununla yanaşı, Məcəlləyə 231.3-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Əlavədə bildirilib ki, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır.

Müzakirələrdə parlamentin komitə sədrləri Fazil Mustafa, Hicran Hüseynova, deputat Qüdrət Həsənquliyev məsələ ilə bağlı öz fikir və qeydlərini bildiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, diqqətə çatdırıb ki, təklif olunan dəyişiklik toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması ilə bağlıdır. Komitə sədri birinci oxunuş zamanı məsələyə dair əlavə heç bir təklifin daxil olmadığını qeyd edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, layihə ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb. Layihədə, həmçinin ödənişli yollarda tariflərin təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanının razılığına dair məsələ öz əksini tapıb.

Komitə sədri layihənin birinci oxunuşu zamanı deputatlar tərəfindən qaldırılan bəzi məsələlərlə bağlı müvafiq arayışların təqdim edildiyini də söyləyib.

Komitə sədri Siyavuş Novruzov, deputatlar Fəzail Ağamalı, İltizam Yusifov, Aydın Hüseynov, Vahid Əhmədov dəyişikliklərin vacibliyini bildiriblər, bəzi məqamlarla bağlı qeydlərini səsləndiriblər.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, layihəyə birinci oxunuş zamanı deputatlar tərəfindən müsbət münasibət bildirildiyini söyləyib, ikinci oxunuşda məsələ ilə bağlı komitəyə heç bir əlavə təklifin daxil olmadığını deyib.

Layihədə təklif olunan dəyişiklik qida obyektinin təsdiqindən imtina edilməsi üçün əsasları dəqiqləşdirir. Belə ki, aparılan qiymətləndirilmə nəticəsində qida obyektində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda qida obyektinin təsdiqindən imtina ediləcəkdir.

Müzakirələrdə çıxış edən deputat Vüqar Bayramov bir sıra təkliflərini səsləndirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin sonuncu məsələsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Spiker qeyd edib ki, qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və müvafiq Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov bu qanun layihəsini təqdim edib. Deputat bildirib ki, "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" 2021-ci il 31 may tarixli Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsində "bərpa olunan enerji mənbələri"nin anlayışı verilib. Şəhərsalma və Tikinti Məcəlləsinin 11.2.4-cü maddəsində qeyd olunan külək, günəş və su enerjisinin bərpa olunan enerji mənbələrinə aid edildiyini nəzərə alaraq, təqdim olunan layihədə maddənin yeni redaksiyada verilməsi məqsədəmüvafiq hesab edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Elçin Bayramlı

Digər xəbərlər