Azərbaycanla Ermənistan arasında SSRİ dağıldıqdan sonra baş verənləri üç mərhələyə bölmək olar. SİA-nın məlumatına görə, bunu Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə beynəlxalq hüquq üzrə ekspert, Azərbaycanın BƏM-də hüquq komandasının üzvü Stefen Fietta (Stephen Fietta) deyib.O qeyd edib ki, birinci mərhələ Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində 1991-ci ildə başlanan döyüşlərdir. Ekspert xatırladıb ki, 1994-cü ildə atəşkəs əldə olunana qədər Ermənistan Azərbaycanın Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal edib və bu ərazilərdə öz nəzarətində olan qeyri-qanuni rejim qurub.S.Fietta vurğulayıb ki, ikinci mərhələ Azərbaycan torpaqlarının 30 il Ermənistan tərəfdən işğal altında saxlanılması olub.Hüquqşünas 2020-ci ildə baş verən 44 günlük müharibəni üçüncü mərhələ kimi adlandırıb.BƏM hakimlərinin nəzərinə çatdırılıb ki, Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli saziş kimi tanınan atəşkəs sazişi imzalandıqdan sonra da Ermənistan Qarabağ bölgəsinin bir hissəsində hərbi birləşmələrini yerləşdirməyə davam edərək regional sülh və sabitliyə ciddi təhlükə yaradırdı.“Siz ötən həftə azərbaycanlıların törətdiyi “vəhşiliklər” haqqında çox eşitdiniz. Azərbaycanda və başqa yerlərdə bu prosesləri izləyən insanlar bunu birtərəfli hesab edərək qəzəblənəcəklər. Çünki onlar təkcə Ermənistanın zorakılıqla 1 milyondan çox azərbaycanlını öz yurd-yuvasından qovmasını deyil, 17 dövlət tərəfindən tanınan Xocalı soyqırımını və Qafqazın Xirosiması hesab edilən Ağdam şəhərinin yerlə-yeksan edilməsi kimi epizodları xatırlayacaqlar. Onlar həmçinin Ermənistanın etnik təmizləmə kampaniyasının bütün spektrini, ayrı-ayrı dəhşətli qəddarlıq hərəkətlərindən tutmuş məcburi köçkün düşmüş azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını almaq üçün ərazilərə minaların basdırılmasına kimi bir çox şeyləri xatırlayacaqlar”, - hüquqşünas deyib.S.Fietta vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı iddiaları əksər hallarda faktlarla dəstəkləməyib.