Siyasət

  • 4 098

Moskva Ermənistanla ciddi məşğul olacaq? – RUSİYA EKSPERTLƏRİNİN ŞƏRHİ

image

Ermənistan Rusiya əleyhinə bəyanatlar səsləndirməkdə davam edir. Belə ki, çərşənbə günü baş nazir Paşinyan parlamentdə hökumət saatı zamanı ölkənin KTMT-dən çıxacağını bildirib, lakin vaxt hələ müəyyən edilməyib. "Nə fikirləşirsiniz? Növbəti addım nədir? Sizcə geri dönəcəyik? Yox, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq”,- Ermənistanın baş naziri deyib.

Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi ilə bağlı reaksiyasına cavab olaraq, Ermənistan parlamentinin sədri Alen Simonyan diplomatik etika və siyasi etiket çərçivələrini tamamilə unudaraq Moskvaya qarşı əsl ittihamlar səsləndirdi. “Ermənistan uşaq sadəlövhliyi ilə sona qədər inanırdı və ümid edirdi ki, Rusiya onu tək qoymayacaq, onu və erməni xalqını “tərk etməyəcək”. Bu sözə görə üzr istəyirəm, amma deməyə bilməzdim”,- Simonyan qeyd edib.

Moskvada İrəvanın bu davranışı necə qarşılandı? Buna necə reaksiya gözləmək lazımdır? Rusiyalı politoloqlar bu barədə fikirlərini “Caliber” analitik mərkəzinə açıqlayıblar. Ekspertlərin şərhini oxucularımıza təqdim edirik.

“Moskvada şübhə yoxdur ki, Paşinyan və onun ətrafı Rusiyanın düşmənidir”

Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşovun sözlərinə görə, Ermənistan parlamenti spikerinin bəyanatı ona görə çox qəribə görünür ki, Ermənistan rəhbərliyi özü də Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Ona görə də, Rusiyanın üzərinə düşən öhdəlikləri harada və necə yerinə yetirə bilmədiyi tam aydın deyil.

“Digər tərəfdən, Ermənistan parlamenti sədrinin kobudluğu tamamilə məntiqlidir: axı ABŞ istərdi ki, Ermənistan Rusiyaya qarşı olsun ki, erməni xalqı onu ölümdən və xarabalıqdan xilas etdiyinə görə Rusiyanı minnətdarlıq hissi keçirməsin. ABŞ erməni xalqının Rusiyaya qarşı müharibəyə qatılmasını istəyərdi. Rusiyada indi praktiki olaraq heç bir şübhə yoxdur ki, Paşinyan və onun ətrafı, onun partiyası Rusiyanın düşmənidir.

Təbii ki, burada erməni xalqı özü qərar verməlidir ki, kim və nə olmaq istəyir. Amma parlamentin spikeri deyəndə ki, 2020-ci ildə Rusiya Ermənistan üçün Azərbaycanla döyüşməməklə zəiflik göstərdi, onda başqa sual da vermək olar: Baş nazir Paşinyan nə düşünürdü, niyə bəyanatlarını Moskva ilə razılaşdırmamışdı? Niyə 2020-ci ildə müharibənin başlamasını KTMT ilə əlaqələndirmədi? Axı hamıya məlumdur ki, hərbi əməliyyatları başlayan Ermənistan olub? Moskva bütün bunları sizə xatırlada bilər: sual budur ki, Paşinyan Ermənistanın dünyada təsirini durmadan azaldarkən, onu anti-Rusiya ölkəyə çevirdiyi bir vaxtda Ermənistan cəmiyyəti bunu nə qədər eşidəcək, indi yaşamaq uğrunda mübarizə aparmağa nə dərəcədə qadirdir?

Amma biz Ukraynanın timsalında Anti-Rusiya hərəkətlərinin necə nəticələndiyini və nə baş verdiyini görə bilərik. Paşinyanın ABŞ-ın yolundan getmək və Rusiyaya qarşı nifrət yaratmaq cəhdləri tamamilə əbəsdir, İrəvanda isə əsas şeydən danışmırlar: Ermənistanın özü hələ də yalnız KTMT və Moskvanın regiona təsiri sayəsində mövcuddur. Ona görə də bunu unutmamalıyıq”, - deyə V.Koltaşov vurğulayıb.

“Ukraynadakı əməliyyat başa çatdıqda, Moskva Ermənistanla ciddi məşğul olacaq”

Eyni zamanda, Rusiya Xalqlar Dostluğu Universitetinin Kütləvi kommunikasiyalar kafedrasının dosenti, politoloq Anar Həsənovun fikrincə, təbiidir ki, Rusiyanın müttəfiqinin,- Ermənistan hələlik Rusiyanın ən azı deklorativ müttəfiqidir- tonu belədir və bu Moskvada bəyənilə bilməz.

“Sözün həqiqi mənasında bir presedent başqa bir presedentin ardınca gedir, məsələn, Ermənistan rəsmilərinin Ukraynanın Buça şəhərindəki tədbirdə iştirakı ilə bağlı Moskvanın Ermənistana nota göndərməsi, habelə onların bu məsələ ilə bağlı anti-Rusiya bəyanatı. İndi burada yeni bəyanatlar var. Ona görə də, təkrar edirəm, bu, konkret presedent yaradır, çünki Rusiyaya münasibətdə onun digər müttəfiqləri və tərəfdaşları belə bəyanatlar vermirlər: Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus... Amma Ermənistan bu məsələdə bir növ “pioner” oldu”,- politoloq qeyd edib.

Onun sözlərinə görə, medalın digər üzü də var: Rusiyada çox aydın başa düşürlər ki, təkcə Ermənistandakı mövcud hakimiyyət və onun elektoratı deyil, faiz ifadəsində demək olar ki, bütün Ermənistan Rusiya siyasətinə qarşı antipatiya yaşayır. Ermənistanda Rusiya üçün sosial baza indi nəzərəçarpacaq dərəcədə kiçikdir. Və Paşinyan və komandası belə bəyanatlar verərkən ilk növbədə bu resursa arxalanır.

“Ona görə də Moskva da başa düşür ki, bu cür ritorika daha çox Ermənistandakı daxili auditoriyaya hesablanıb. Ancaq mənə elə gəlir ki, Rusiya hələ Ermənistana qarşı ciddi addımlar atmayacaq. Ciddi addımlar dedikdə nə nəzərdə tutulur? Bu, diplomatik əlaqələrin kəsilməsi, Rusiya səfirinin Ermənistandan geri çağırılması və digər hərəkətlərdir. Amma mən hələ bütün bunları görmürəm və Ermənistan hələ də Rusiyanın deklorativ müttəfiqidir və hələ də Aİİ, KTMT və digər təşkilatların üzvüdür. Yeri gəlmişkən, Ermənistan hazırda Aİİ-yə sədrlik edir. Hətta gözlədiyimiz avqust hadisəsi- rus sərhədçilərinin Zvartnots aeroportunu tərk etməsi, əminəm ki, Rusiya ilə Ermənistan arasında münasibətlərə təsir etməyəcək. Çünki bu mövzuda Putinlə Paşinyan arasında razılaşmalar əldə olunub. Hətta 102-ci Rusiya bazası Ermənistandan çıxarılsa belə,- yeri gəlmişkən, bu, tamamilə mümkündür,- xüsusi bir şey olmayacaq, Rusiya yalnız Ukrayna ilə münasibətləri barədə qərar verdikdən sonra bu məsələləri hərtərəfli həll edəcək. Ermənistan Rusiya üçün elə də böyük problem deyil. Birincisi, Rusiya böyük problemi həll edəcək, ondan sonra isə kiçik problemi həll edəcək- Moskvada Cənubi Qafqazda mövcud olan vəziyyətə yanaşma təxminən belədir. Bəli, deyəsən Rusiya regionu tərk edir, lakin bu o demək deyil ki, ora qayıda bilməz. İrəvan isə bunu nəzərə almalıdır. İndi bu yanaşmanın parlaq nümunəsi Gürcüstandır. Ümumiyyətlə, qeyd etmək olar ki, Rusiyanın Ermənistana qarşı kəskin addımları Ukraynadakı müharibə ilə sıx bağlıdır. Orada problem nə qədər tez həll edilsə, Ermənistanla da o qədər tez ciddi məşğul olunacaq. – A.Həsənov yekunlaşıdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər