PDF Oxu

Siyasət

  • 579

Azərbaycanın 5 min illik dövlətçilik tarixinin 44 günü TƏHLİL

image

Azərbaycan xalqı dünya xalqları arasında ən qədim dövlətçilik tarixinə malik xalqlardandır. Mövcud tarixi sənədlərə, araşdırmalara əsasən təsdiq olunur ki, Azərbaycanın dövlətçilik tarixinin yaşı 5 min ildən çoxdur. Bu ərazilərdə eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərindən yaradılmış Aratta dövlətinin təşəkkül tapmasından bu yana yeni dövlətlər, imperiyalar yaradılsa da, xalq öz dəyələrinə, ənənələrinə sadiq qalıb. Dünya dövlətləri, imperiyaları arasında tanınan güclü dövlətlər isə Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena, Albaniya, Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Səfəvilər hesab olunur. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan ərazisində mövcud olmuş dövlətlər, imperiyalar arasında ən qüdrətlisi Nadir şahın qurduğu Əfşarilər dövlətidir. Nadir şah heç bir döyüşdə məğlub olmayıb. Rusiya çarı Nadir şahın böyük gücə və imkanlar malik olmasında qorxaraq birinci Pyoturun işğal etdiyi Dağıstanı və Bakını azad etməyə məcbur olur. Nadir şah 1737-ci ildə üsyan edən əfqan tayfalarına məğlub edir Herat və Qəndəharı tutur. Qısa müddət sonra Şərqi Hindistana sahib olur. Belə ki, 1739-cu ilin 24 fevralında böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol dövləti üzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Hindistanı tutduqdan sonra Nadir Sindi Orta Asiyaya yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir şah 1740-cı ildə Buxara və Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bilir. Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir 1741-ci ildə Dağıstan üzərinə yeriyir. 1743-cü ilə qədər Nadir Şahın ordusu Dağıstanda bir neçə qələbə qazanır.

Nadir şah ərəb İraqını ələ keçirmək üçün Osmanlı imperiyası ilə müharibə aparır, 1746-cı ildə Osmanlı ilə köhnə sərhədlər üzərində sülh müqaviləsi bağlayır və Bəhreyn, Oman kimi ölkələrə yürüş edir. Nadir şahın qələbələri onun öldürülməsinə qədər davam etdi. Bundan sonra Azərbaycanın çətin, ağır dövrləri başladı. 1813-cü il oktyabr ayının 12-də və 1828-ci il fevralın 10-da Rusiya ilə indiki fars-molla rejimi arasında bağlanan “Gülüstan” və “Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ərazisini Araz çayı sərhəd olmaqla quzeyə və güneyə böldü. 1988-ci ildən sonra Azərbaycan erməni vandalizminin qurbanına çevrildi. Ermənistan xarici ağalarının hərbi, siyasi, maliyyə dəstəyinə arxalanaraq Azərbaycanın 20 faizə qədər torpaqlarını işğal etdi. Bu müddətdə Azərbaycan dövləti problemin sülh yolu ilə həllinə çalışsa da, Ermənistan heç bir danışıqlara və BMT qətnamələrinə, beynəlxalq çağırışlara əhəmiyyət vermədi.

Tarixin yeni səhifəsi

Fakt ondan ibarətdir ki, son iki yüz il ərzində Azərbaycanın torpaq bütövlüyünə qəsd olunub, əraziləri işğala məruz qalıb. Bəlkə də dünya ölkələri arasında yeganə dövlət Azərbaycandır ki, hazırkı qonşu dövlətlərlə sərhədləri keçmiş ərazilərindən başlayır. Bununla yanaşı, ərazisinin bir hissəsi erməni vandal –terrorçu dəstələri tərəfindən işğal olunmuşdur. Eyni zamanda, erməni terror maşını dayanmaq bilmir, vaxtaşırı mülki əhalinin yaşadığı ərazilərdə terror aktları törədirdi. Bu isə qəbuledilməz idi və uzun müddət davam edə bilməzdir. Belə də oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi, ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək, tarix yazan lider olduğunu nümayiş etdirdi. 22 il bundan əvvəl prezident seçkilərində Cənab İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.

2020-ci il sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Birbaşa döyüş meydanında düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olub. Eyni zamanda, döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah-sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub. Azərbaycan bayrağı Cəbrayıla, Hadruta, Füzuliyə, Zəngilana, Qubadlıya, Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına sancıldı. 2020-ci il noyabrın 8-də Qarabağın incisi sayılan Şuşanın azad edilməsi ilə noyabrın 10-da ermənilər təslim aktına imza atdı və 3 dövlətin – Azərbaycanın, Rusiyanın, Ermənistanın iştirakı ilə Bəyənnamə imzalandı.

8 noyabr Zəfər günümüz gələcək bütün tariximizdə daim yaşayacaq

Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq 8 noyabr Zəfər günümüz gələcək bütün tariximizdə daim yaşayacaq. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliyev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin “torpaqlarımızın işğaldan azad edilməsi” vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir. Bu qələbə xalq-iqtidar birliyinin nəticəsidir. Bu, “Qarabağ Azərbaycandır və nida” deyən Qalib Sərkərdəmizin “Dəmir yumruq” siyasəti ilə güclü Ordumuzun 44 gün ərzində qazandığı Qələbə Zəfəridir. 8 noyabr Zəfər Günü - 44 günlük Vətən müharibəsində Vətən uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev üçrəngli Bayrağımızı ucaltdı. Prezidentimiz Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.

Azərbaycan bundan sonra daha böyük qələbələrə imza atacaq

Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyev xalqa müraciətində güclü və qüdrətli ordu yaratmaqla sülhün və təhlükəsizliyin təmin olunmasına nail olunduğunu bilindirdi: “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”. Hazırda Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ildə 5 milyard manat, 2024-cü il də 3, 5 milyard, 2025-ci ildə isə 4,5 milyarda manat maliyyə vəsaiti ayrılıb. Görülən və həyata keçirilən işlərin nəticəsi olaraq keçmiş məcburi köçkün ailələrinin azad edilmiş ərazilərə təhlükəsiz və etibarlı şəkildə geri qayıdışına başlayıb. İnsanlarımız Füzuliyə, Laçına qayıdırlar. Zəngilan rayonun Ağalı kəndində də sürətlə görülən işlər bu kəndin sakinlərini qoynuna aldı. Ağalı kəndinə əhalinin köçürülməsindən sonra Talış kəndinə köç başladı.Şuşa, Füzuli, Cəbrayıl, Laçı şəhərlərinə, Laçının Zabux və Sus kəndilərinə, Ağdam rayonun Sarıcalı, Kəngərli kəndləri, Xocalı rayonunun Xocalı şəhərinə və Ballıca kəndinə, Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərinə əhalinin köçürülməsi təmin edilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 54 minə yaxın əhali köçürülüb. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 57 min təşkil edir. Hazırda Xankəndi şəhərində 7 mindən çox insan yaşayır ki, onlardan 1300-dən çoxu Qarabağ Universitetinin müəllim, tələbə kollektividir. 530 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Təbii ki, təmir, tikinti, bərpa işlərindən sonra əhalinin işğaldan azad edilən ərazilərə köçürülməsi təmin ediləcək. Yəni qələbələr, yeni uğurlara ölkəmizin hər yerində olduğu kimi işğaldan azad edilən ərazilərmizdə də davam etdiriləcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər