Siyasət

  • 2 558

Unutma, dədənə də biliyi müəllim öyrədib KÖŞƏ

image

Böyük filosof, şair və yazıçı Şəms Təbrizinin müəllimlərindən olmuş Bağdadın tanınmış alimi Şеyх Əvhаəddin Kirmаni əsərlərinin birində yazır: “Bir gün tələbələrimə dərs dediyim zaman qapı döyüldü və içəri bir oğlan daxil oldu. O ədəb-ərkanla salam verib, Şəms Təbriziyə yaxınlaşdı, onunla qucaqlaşıb öpüşdü. Mən onlara rahat söhbət etmələri üçün arxada yer göstərdim. Onlar söhbət etdilər, nəhayət qonaq getdi. Mən Şəms Təbrizidən soruşdum ki, o kim idi və siz hansı dildə danışırdınız? Şəms Təbrizi cavab verdi ki, o şəxs mənim Təbrizdə qonşumdur, bura alış-verişə gəlib. Danışdığımız dil isə Azərbaycan dilidir”. Bəli, tarixin müxtəlif dönəmlərində böyük filosof, şair və yazıçı Şəms Təbrizi kimi onlarla işıqlı insan elm öyrənmək, müəllim öyüd-nəsihəti almaq üçün uzaq-uzaq məmləkətlərə ayaq açıblar. Artıq müəllim dərsini almaq üçün sərhədləri aşıb, şəhərləri, kəndləri gəzməyə ehtiyac yoxdur. Çünki bu gün məmləkətimizdə bilikli və savadlı müəllimlərimizin sayı kifayət qədərdir. Söz yox ki, dünən olduğu kimi, bu gün də hər bir vəzifə mənsubu, elm fədaisi müəllimin bilik xəzinəsindən bəhrələnməklə yüksək zirvələrə ucalır. Müəllim xalqın maariflənməsinə, cəmiyyətin inkişafına töhfələr verən, dahilər yetişdirən, xaruqələr yaradan, qaranlıq gecənin işıqlı sabahıdır. Ona görə də, müxtəlif fərqli peşələr içərisində ən müqəddəs və şərəfli peşə müəllimlikdir. Valideyn görmüşəm ki, iki uşağının şıltaqlıqlarına dözə bilməyib, özünü qınayır, bəzən isə hönkür-hönkür ağlayıb, uşaqlarına qarğışlar yağdırır. Müəllim isə sinifdə olan 30-35 uşağın hər birinin hərəkətlərinə, davranışlarına dözümlü yanaşır, onların başlarını sığallayıb, öyüd-nəsihətlə bilik və savad öyrədir. Həm də böyüyərkən necə bir vətəndaş olmağı başa salır.

İnanmıram ki, kimsə ilk dəfə məktəbə gedib parta arxasında oturduğu o anları unutsun. Heç kim parta arxasına ona ”a” hərfini, “ana” kəlməsini öyrədən müəlliminin adını, simasını, görünüşünü yadından çıxara bilməz. Bu, mümkün də deyil. Çünki gözəl, şirin anlar, xatirələr heç zaman yaddan çıxmır. Uca peyğəmbərimiz Məhəmməd (ə.s) hədislərinin birində deyirdi: “Oxumaq oxumaq, qəbr evinə qədər oxumaq”. Həzrəti Əli (ə.s) isə bildirirdi: “Mənə bir hərif öyrədənin qulu olaram”. Bu gün müəllimlər uşaqlara oxumağı, yazmağı öyrədir, təlim-tərbiyə aşılayır, böyük mütəfəkkirlərin, dahi şair və yazıçıların əsərlərinin incəliklərini başa salır, tarixin, ədəbiyyatın qaranlıq səhifələrini başa salır, yerin göyün, bəşəriyyətin sirrlərindən agah edir. Biz qarşılığında nə edirik? Təəssüflər olsun elələri var ki, müəllimlərin zəhmətini yerə vurur, onun müqəddəs adına kölgə salmağa çalışır. Son vaxtlar isə müəllimlərin gözdən salınması kampaniya xarakteri daşıyır. Sanki kimlərsə bilərəkdən işıqlı ziyalıların üstünə hücum çəkib, onların adını ləkləməyə çalışırlar. Bu işdə qanmadan kütlənin sırasına qoşulanlar da var. Hansı ki, elə müəllimin əməyi hesabına adam olub, çörək, iş əldə ediblər. Vəzifə pilləsində yüksələnlər, harın, qudurğan biznesmen olanlar da az deyil. Çox vaxtı da həmin şəxslər “o müəllim zay müəllimdir”, “filan müəllim yaxşı dərs demir”, “filan müəllimi müəllimlikdən qovmaq lazımdır” deyənlər də var. Sertifikasiya deyilən məzhəkəli oyunun ortaya atılmasından sonra müəllimlərin kölgəsini qılınclayanların sayı da artıb. Bir el məsəlində deyildiyi kimi, “keçəli söyənlər az idi, gicin biri də bu yandan çıxdı”. Həmin giclər sosial şəbəkələrdə müəllimlərin ünvanına hər cür təhqirlər yazırlar. Müəllimlərin özləri ilə yanaşı, valideynlərini də təhqir edənlər tapılır. Deyən lazımdır, axı sənə və dədənə biliyi öyrədən müəllimdir. Ən azı pulu saymağı öyrədən müəllim olub. Saymaq yazdım, yadıma müəllimlərin təhqir edilməsi kampaniyasında “Xəzər”, “ ATV”, “Speys”, “Real” və digər TV-lərin fəallıq göstərmələri düşdü. Əsas da götürüblər ki, onlara bu mövzunu Dövlət İmtahan Mərkəzi verib. DİM iddia edib ki, 2500 şəxs sertifikasiyadan keçməyib. Həm də səhlənkarlıq edərək yayıb ki, guya şəxslər olub ki, 209552-ni sözlə yazan olmayıb. Pah... həngamə bundan sonra başlayıb. Nankor yığnağından ibarət olan TV aparıcıları həmin rəqəmi kağız parçasına yazıb, düşüblər şəhərin canına və əhali ilə bir-bir söhbət edib, onlara başa salırlar ki, müəllim adına iddia edən şəxslər var ki, bunu sözlə yaza bilməyiblər. Sonra da utanmazcasına ha..ha..., hi...hi..., atmacaları ilə öz ağıllarınca gülüb, müəllimləri lağa qoyublar. İşin biabırçı tərəfi ondan ibarətdir, TV aparıcıları təlim almış ovçarka tulaları kimi iyləyib, axtarıb özlərinə uyğun “təhsil üzrə ekspert”lər də tapıblar. Başına iki əllə qapaz qoyduğum “ekspert” də ağzını açıb gözünü yumub müəllimləri təhqir etmək üçün beynindəki və qarnındakı zəhərli zibilləri ağzı vasitəsi ilə ifraz edib. Qanmayır ki, TV aparıcısı ondan istədiyini ifadə etməsi üçün alət olaraq istifadə edir. Söz yoz ki, qanmaza ağıl öyrətmək çətindir. Belə bir həvəsim də yoxdur. Sadəcə, onu bildirməyi özümə borc bilirəm ki, 57 min şəxsdən 2500 nəfəri imtahandan az bal toplayıbsa, bunu faciə saymaq düzgün olmaz. Ən azı bu hal ümumi sayın 2,3 faizi deməkdir. Digər tərəfdən, bir şəxs 209552 rəqəmini sözlə yaza bilməyibsə, bunu da fəlakətli məsələ kimi yozub, müəllimlərin gözdən salınması kampaniyasında istifadə etməyə dəyməz. Ola bilər ki, yenicə universiteti bitirib və sertifikasiya oyununda iştirak etdiyi zaman həddindən artıq həyəcanlı və narahat olub, bu da nəticədə yanlış fikrin yazılmasına gətirib çıxarıb. Əgər belə problemləri qabardıb, onun həllinə çalışansınızsa, buyurun, boşanmaların fəlakətli vəziyyət almasından yazın və problemin həllinə çalışın. Sosial şəbəkələrdəki biabırçı yazışmaları, videoları paylaşın ki, ictimai qınaq hesabına onun aradan qaldırılmasına nail olun. Yazmayacaqlar, çünki təlimat almayıblar. Sabah, yəni “Bilik günü” yaxınlaşanda həmin müəllimləri təhqir edənlər, başlayacaqlar bu dəfə təriflər yağdırmağa, mədhiyələr deməyə. Bu yerdə məşhur Azərbaycan filmi olan ”O olmasın, bu olsun” kinofilmində ona meymun deyib, sonra da əl verib görüşmək istəyən bəyə Məşədi İbadın dediyi fikir yadıma düşdü: “Rədd ol, mürtəd oğlu mürtəd, mənə meymun dediyin bəs deyil, bir də əl verib görüşmək də istəyirsən”.

İLHAM ƏLİYEV

Digər xəbərlər