Siyasət

  • 1 492

“İran-Azərbaycan münasibətləri dövlətlərarası münasibətlərdə nümunə təşkil etməlidir” - MÜNASİBƏT BİLDİRİLDİ

image

“İranda keçirilən prezident seçkilərindən sonra Məsud Pezeşkianın prezident seçilməsi İran-Azərbaycan münasibətlərində tamamilə yeni bir səhifə açmaq üçün tarixi fürsət yaradıb. Bu fürsətin hansı formada dəyərləndiriləcəyini isə Məsud Pezeşkianın prezident kimi fəaliyyətinin ilk 100 günlüyündə görəcəyik.

Əslində İranla Azərbaycan sadəcə qonşu ölkə deyil, regionda biri-birinə ən yaxın ölkələrdir. İran-Azərbaycan münasibətləri dövlətlərarası münasibətlərdə nümunə təşkil etməlidir. Təəssüf ki, bəzi strateji məqamlarda, taleyüklü məsələlərin həll olunması mərhələlərində biz bunu müşahidə edə bilmədik, İran fərqli qərarlar qəbul etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, hazırda Azərbaycanın regionda baş verən hadisələrə ümumi baxışla bağlı irəli sürdüyü fikirlər, yeni reallığın qəbul edilməsi, “3+3” formatının yenidən gündəmə gətirilməsi kimi məsələlər aktualdır: “Bu həm İranın maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir, həm də bütün region ölkələrinin maraqlarını əhatə edir. Bu səbəbdən də fürsətlərin hər biri dəyərləndirilməlidir.Zənnimcə, İranın yeni prezidenti Məsud Pezeşkian İran-Azərbaycan münasibətlərində yeni bir ənənə yarada bilər. Azərbaycan Prezidenti qonşu və dost ölkənin prezidentini Azərbaycana dəvət edib. Əgər bu dəvət qəbul olunarsa, Pezeşkian ilk rəsmi səfərini ölkəmizə edərsə, çox mühüm tarixi addım olar. Həmçinin bu səfər İran-Azərbaycan münasibətlərində tamamilə yeni bir ənənə yaratmış olar.Nəticədə İran və Azərbaycan xalqlarının tarixi maraqları hər zaman bir olub. İranda yaşayan soydaşlarımız İran əhalisinin demək olar ki, yarısından çoxunu təşkil edir. Belə olan halda bir xalqı dini, ideoloji müstəvidə bölərək, biri-birinin maraqlarının əleyhinə yönləndirmək əsla doğru deyil. Tarix də, siyasət də təsdiq edir ki, bir xalqın vahid məqsədi olmalıdır. Lakin təəssüf ki, bəzi regional ambisiyalar, bəzi etnik qrupların hegemon davranışları mühüm strateji birliyin formalaşmasına kölgə salır. Hazırki mərhələdə isə İran-Azərbaycan münasibətlərini müsbət mənada yeni bir mərhələyə daşımaq olar. Ümid edirik ki, Azərbaycan ədəbiyyatı, tarixi, poeziyası, mədəniyyətini dərindən bilən, eyni zamanda İranda yaşayan digər xalqların dilini, tarixini, mədəniyyətini, ədəbiyyatını dərindən bilən siyasətçin, yəni Məsud Pezeşkianın prezident seçilməsi İranda yaşayan bütün xalqlar üçün bir fürsətdir. Nəticə etibarilə Pezeşkian özünün siyasətçi keyfiyyətləri, sosial kimliyi ilə İran xalqlarının hər biri üçün doğmadır və əldə etdiyi səs də göstərir ki, Məsud Pezeşkian İranın bütün regionlarından etnik mənsubiyyətindən asılı olmayaraq hamının səsini qazana bilib. İran cəmiyyəti onu islahatçı prezident kimi görür. Zənnimcə, bu da həm İran, həm də Azərbaycan üçün yaxşı bir fürsətdir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər