Türkmənistanın Türkmənbaşı şəhərində oktyabrın 8-də Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Mərkəzi Asiya sammitləri tarixində ilk dəfə olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin tamhüquqlu üzv kimi iştirak etdiyi bu mötəbər tədbir regionlararası inteqrasiya və strateji əməkdaşlığın yeni mərhələsini başlatdı.
Dövlət başçısı öz nitqində ilk növbədə sammitin yüksək səviyyədə təşkilinə və sammitdə iştiraka görə Türkmənistan rəhbərliyinə minnətdarlığını bildirib və Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Prezident xüsusilə vurğulayıb ki, son illərdə qarşılıqlı yüksəksəviyyəli səfərlərin intensivləşməsi dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirib. Mərkəzi Asiya ölkələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində fəal iştirak etməsi, orada məktəblər və uşaq yaradıcılıq mərkəzləri inşa etməsi bu həmrəyliyin və sarsılmaz dostluğun ən bariz nümunəsidir.
Çıxışın vacib tərkib hissələrindən birini regionun nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi məsələləri təşkil edib. Cənab Prezident İlham Əliyev Türkmənistan və Qazaxıstan xam neftinin, eləcə də Mərkəzi Asiyadan gələn müxtəlif sənaye yüklərinin Azərbaycan ərazisindən keçən tranzit həcmlərinin ilbəil davamlı olaraq artdığını diqqətə çatdırıb. Dövlət başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycanın müasir logistika və nəqliyyat infrastrukturu, xüsusən də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və dəniz nəqliyyatı imkanları Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta Dəhlizin dayaq nöqtəsidir. Bu marşrut Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına və dəniz çıxışlarına ən təhlükəsiz, səmərəli və qısa yolla inteqrasiyasını təmin edən etibarlı körpü rolu oynayır.
Energetika sahəsindəki layihələrə toxunan ölkə rəhbəri ənənəvi karbohidrogen resurslarının tranziti ilə yanaşı, bərpaolunan enerji sahəsindəki birgə təşəbbüslərin böyük gələcəyə malik olduğunu bildirib. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə həyata keçirdiyi regional "yaşıl enerji" proqramı çərçivəsində Mərkəzi Asiyada istehsal olunan elektrik enerjisinin Xəzər dənizinin dibi ilə Azərbaycana, buradan isə Avropa bazarlarına ixracı istiqamətində praktiki addımlar sürətlə davam etdirilir. Prezident İlham Əliyev vurğulayıb ki, regionda hökm sürən siyasi və iqtisadi sabitlik, eləcə də dövlətlər arasındakı qarşılıqlı etimad bütün bu nəhəng infrastruktur və enerji layihələrinin uğurla icrası üçün təməl şərt rolunu oynayır. Çıxışın yekununda bir daha təsdiq olunub ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid geopolitik məkan kimi çıxış edərək yalnız iqtisadi sahədə deyil, bütün Avrasiya məkanında təhlükəsizlik və sabitliyin təmin olunmasında aparıcı rol oynayırlar.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qardaş Mərkəzi Asiya ölkələrinin dəstəyi ilə həyata keçirilən bərpa və quruculuq layihələri xalqlarımız arasındakı dostluq və həmrəyliyin əyani təzahürüdür. Bu həmrəyliyin bariz nümunəsi olaraq Özbəkistan Füzuli şəhərində dahi mütəfəkkir və astronom Mirzə Uluqbəyin adını daşıyan müasir məktəb binası inşa edib. Eyni zamanda, Qazaxıstan tərəfindən dahi bəstəkar Kurmanqazının adını daşıyan Uşaq Yaradıcılıq Mərkəzi tikilib istifadəyə verilib, Qırğızıstan isə Ağdam rayonunda qırğız xalqının qəhrəmanlıq eposunun simvolu olan Manas adına məktəb binasını inşa edərək azad torpaqlarımızın dirçəlişinə öz dəyərli töhfəsini verib. Bu layihələr Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın haqlı mübarizəsinə və qələbəsindən sonrakı quruculuq işlərinə verdiyi sarsılmaz qardaş dəstəyinin unudulmaz rəmzidir.
Rahim Muradov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı