1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü Azərbaycan xalqının dil və mədəniyyətinin qorunması və inkişaf etdirilməsi üçün əlamətdar bir gündür. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə təsis edilib və hər il qeyd olunur.
Azərbaycan dili qədimdən bəri şeirə bənzər, xoş ahəngli və zəngin bir dil kimi tanınır. Ulu Öndər Heydər Əliyev bu dili xalqımızın milliliyinin əsas amili kimi vurğulayıb və hər bir gəncin bu dili ən incəliklərinə qədər bilməsini və istifadə etməsini vacib sayıb. Dil hər bir millətin milliliyinin əsasıdır və onun qorunması, inkişaf etdirilməsi millətin varlığının və mədəniyyətinin qorunması deməkdir.
SSRİ dönəmində milli dillərin sıxışdırılması prosesi gücləndirilmiş və ana dili məsələsinin təbliği cəsarət tələb edirdi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi sayəsində Azərbaycan dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda ardıcıl mübarizə aparılıb. Onun təşəbbüsü ilə 1978-ci il aprelin 2-də Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi tanınması təmin edildi.
Müstəqillik dönəmində isə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili olaraq təsdiq edildi. Heydər Əliyev tərəfindən imzalanmış 2001-ci il 18 iyun tarixli fərman dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi istiqamətində mühüm bir addım oldu və Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasına səbəb oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanıb, Azərbaycan Milli Ensiklopediyasının nəşri həyata keçirilib və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri Azərbaycan dilində nəşr edilib. 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Azərbaycan dili dünya azərbaycanlılarının milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi və dilimizin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması üçün mühüm bir vasitədir. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biridir və onun tətbiqi, qorunması və inkişaf etdirilməsi hər bir azərbaycanlının borcudur.
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini