Siyasət

  • 316

Bütöv Azərbaycanda demokratik və şəffaf seçki nümunəsi ŞƏRH

image

Sentyabrın 1-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə start verildi. Parlament seçkilərinə keçirilən seçkilər Azərbaycanda mövcud olan demokratik ənənələrə, Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun qanunlar əsasında həyata keçirilir. Bu günə qədər respublika ərazisində əhalinin maarifləndirilməsi, düzgün istiqamətləndirilməsi yönümündə aparılan təbliğat-təşviqat işləri öz nəticəsini vermiş oldu. Seçkilərin tam normal, ədalətli şəraitdə keçməsi ölkəmizdə demokratiyanın, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın düşüncə tərzinin formalaşması ilə bağlıdır. Bu dəfəki parlament seçkilərində də hər bir seçicinin öz seçimini azad, gizli şəkildə ifadə etməsi üçün bütün şərait yaradılmışdır. Nəsimi rayon ərazisində mövcud olan dairələrdə hər bir seçici ona təqdim olunan bülletini alaraq, öz seçdiyi və etimad göstərdiyi namizədə səs verirdi. Bu, seçkilərin şəffaf və ədalət prinsipinə uyğun olaraq həyata keçirildiyini təsdiqlədi.

Yerli və xarici müşahidəçilərin müşayiəti altında baş tutan parlament seçkiləri, hər zaman olduğu kimi, bu gün də sakit, əmin-amanlıq, seçki normalarına əməl olunmaqla davam edir. Hər məntəqənin təyin olunmuş seçiciləri bayram əhval-ruhiyəsi ilə öz namizədlərini gizli yolla, kimsənin müdaxiləsi olmadan pərdə arxasında dəstəkləyirdi. Seçki məntəqələrində veb-kameraların quraşdırılması seçkilərin şəffaflığına yaradılan təminatdır. Olduğumuz məntəqələrdə seçki prosesini izləyərkən yaradılan şəraitin canlı şahidinə çevrildik.

23 SAYLI NƏSİMİ-SƏBAİL SEÇKİ DAİRƏSİNİN 27 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

- Məntəqə sədri XANIM SULTANOVA:

- 1384 nəfər seçici qeydiyyatdadır. Səhərdən başlanan seçki prosesi, demək olar ki, heç bir qanun pozuntusu qeydə alınmadan davam etdirilir. Beynəlxalq və yerli müşahidəçilərin, məşvərətçilərin nəzarətində reallaşan seçki olduqca aktiv bir şəkildə keçir. Seçici fəallığı hiss olunmaqdadır. Səhər saatlarından başlayaraq, seçicilər məntəqələrə gəlib, öz namizədinə gizli yolla səs verirlər. Bütün proseslər tam nəzarətdə saxlanılır. Hər il olduğu kimi, bu dəfə də parlament seçkiləri müstəqil Azərbaycanın bizə verdiyi dəyərlərə istinadən yüksək bir səviyyədə təşkil olunmuşdur.

Səsvermənin gedişini izləyən müşahidəçilər isə prosesin normal və şəffaf keçirildiyini bildirirlər.

Seçici BABAYEV AĞABALA:

- Müxtəlif siyasi partiyaların və bitərəflərin nümayəndələri, eləcə də müşahidəçiləri seçki prosesini izləyir. Səs vermək üçün seçicilərə normal şərait yaradılıb və biz vətəndaş olaraq öz hüququmuzdan yararlanırıq.

EXİT ROLL-un "Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasın"nın nümayəndəsi Ayxan Verdiyev:

- Səhər saatlarından burdayam. Seçkilər normal keçir. Hər şey qaneedicidir. Seçicilərin anonim şəkildə sorğularını keçiririk. Hələ heç bir narazıçılıq, qanun pozuntusuna rast gəlməmişəm.

23 SAYLI NƏSİMİ-SƏBAİL SEÇKİ DAİRƏSİNİN 32 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

Məntəqə sədri RƏNA NAİBOVA:

- Bizim məntəqədə 1321 nəfər seçici qeydiyyata alınmışdır. Mən deyərdim ki, bu gün keçirilən seçki olduqca demokratik prinsiplərə əsaslanır və seçicilərin vətəndaş olaraq seçimində yüksək fəallıq etməsi bütöv Azərbaycanın seçicilərini azad seçim hüququnu təsdiqləyən bir faktordur. Hər bir seçicinin barmağı xüsusi cihaz vasitəsilə yoxlandıqdan sonra səsvermə hüququ reallaşdırılırır. Müxtəlif təşkilatları və qurumları təmsil edən müşahidəçilər, məşvərətçilər bizim məntəqədə seçki prosesini izləyirlər. Seçicilər sırasında 6 nəfər gənc ilk dəfə səs verənlərdir.

23 SAYLI NƏSİMİ-SƏBAİL SEÇKİ DAİRƏSİNİN 29 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

Məntəqə sədri KƏMALƏ QƏDİROVA:

- Məntəqəmizdə 1477 seçici qeydə alınıb. Saat 12.00-də artıq 268 seçiçi səs verib. Ölkəmizdə keçirilən parlament seçkiləri Azərbaycan dövləti üçün çox vacib və önəmli bir prosesdir. Dövlətimiz hər tərəfli və çox sürətlə inkişaf edir, beynəlxalq aləmdə öz sözünü deyir. Artıq Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və çəkisi xeyli artıb. Ölkəmizin inkişafı parlament seçkilərinin də şəffaf keçirilməsinə müsbət təsir göstərir. Bir neçə beynəlxalq təşkilat məntəqəmizdə. ATƏT-in nümayəndəsi Staunlnq Soern, eləcə MDB-nin müşahidəçisi seçkilərlə bağlı çox müsbər rəy söyləyirdilər, seçkilərin demokratik ab-havada keçirilməsini, heç bir saxtakarlıq, qanun pozuntusunun olmadığını bildirdilər. Ölkəmizin inkişafı haqqında hər kəsin müsbət fikirdə olması bizin üçün qürurvericidir.

YAP-ın məşvərətçi GÜLSƏNƏM BAYRAMLI:

- Parlament seçkilərini azad və demokratik şəkildə başa çatdırmaq üçün hər cür şərait və qanunvericilik bazası yaradılıb. Ölkəmizin hər yerində olduğu kimi, bu seçki məntəqəsi də müasir texniki avadanlıqlarla təchiz olunub, seçicilərin demokratik şəraitdə səs vermələri üçün imkan yaradılıb. Səhər saatlarından seçicilərdə aktivlik müşahidə olunur. Proses, demək olar ki, şəffaf və demokratik şəkildə keçir. Heç bir pozuntu yoxdur. Seçicilər məntəqəyə gələrək, normal şəkildə səslərini verib gedirlər.

23 SAYLI NƏSİMİ-SƏBAİL SEÇKİ DAİRƏSİNİN 28 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

Məntəqənin sədri Axundova Gülsüm:

- Azərbaycanda çox demokratik bir şəkildə parlament seçkiləri keçirilir. Məntəqəmizdə 1324 seçici qeyd alınıb. Bizə müraciət edən və seçkiyə gəlmək imkanından kənar olan, fiziki cəhətdən qeyri-sağlam insanlara seçim üçün imkanlar yaradılıb. Bildiyiniz kimi, daşınan seçki qutusu nəzarət altında mənzillərə aparılır və hər kəs özü kimsənin müdaxiləsi olmadan səsini verir. 7 seçiciyə səs vermək üçün daşınan qutu yaşadığı evə göndərilib. Bütün seçicilər, demək olar ki, bütövlükdə, ailə üzvləri ilə seçki məntəqələrinə gəlib fərdi olaraq səsini verir. Mən deyərdim ki, artıq Azərbaycanda yüksək səviyyədə seçki mədəniyyəti formalaşıb. Hər kəs dərk edir ki, Azərbaycanın taleyüklü məsələsinin həllində köməklik göstərə bilər. Bu əhali arasında aparılan maarifləndirmə işinin məntiqi nəticəsidir.

23 SAYLI NƏSİMİ-SƏBAİL SEÇKİ DAİRƏSİNİN 26 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

Məntəqə sədri BAXŞIYEV AĞAMAYIL:

- Məntəqəmizdə 1401 seçici qeydiyyadadır. Milli Məclisə seçkilər seçici axını ilə müşahidə olunmaqdadır. Seçicilərin fəallığı, müstəqil seçimi bütün seçkilərdə olduğu kimi, parlament seçkilərində də uğurla davam etdiyini göstərir. Səhər saatlarından başlayaraq, seçicilər məntəqələrə gəlib seçimlərində aktivlik göstərirlər. Səhərdən etibarən, artıq deyə bilərəm ki, bu müddət ərizində maksimum seçici fəallığı ilə rastlaşırıq. İnsanlar üçün bu gün önəmli olan seçkilərdə iştirak etməkdir. Qeyri-iş günü olmasına baxmayaraq, seçicilər çox fəaldırlar və əhvalları yüksəkdir. Seçkilər demokratik ab-havada, şəffaf keçir. Seçki hüququndan fəal şəkildə istifadə olunması isə, müsbət qiymətləndirilməli hadisədir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər