Siyasət

  • 1 237

Yoxa çıxan qəbiristanlıq, yaxud itkin düşən qəbirlər ŞƏRH

image

“O kənd bizim kəndimizdi”silsiləsindən 2-ci yazı

Yazının başlığı Don Braonun “İtmiş simvollar”ı kimi sirli və yaxud Aleksandr Belyayevin “Professor Douelin başı” romanının adı kimi fantastik görünsə də məsələ bu kitablardakından daha qəlizdir. Ona görə ki, bu kitabları 2-3 günə, lap elə ən geci 2-3 aya oxuyub başa çıxaraq, itmiş simvolları tapa, elə professor Douelin başının başına nələr gəldiyini də bilə bilərik. Amma qeybə çəkilən yeddi səhabə kimi yoxa çıxan qəbristanlığı axtaran kənd camaatı dörd ilə yaxındır ki, bu barədə heç bir məlumat ala bilmirlər. Mövzu marağınızı çəkdisə məsələ barədə daha ətraflı danışaq.

İşğaldan azad edilən bütün ərazilərin əhalisi kimi Zəngilan rayonu Məmmədbəyli kəndinin camaatı üçün də viran olmuş, çoxunun heç daşı da qalmamış yurd yerinə baş çəkib, ilərin həsrətini ovutmaq ən böyük istəyə çevrilmişdi. Bu kəndin sakinləri 27 ildən sonra doğma yurda dönərək, ata-baba qəbiristanlığına üz tutub -“Ana, mən gəlmişəm”, “Ata, nəvələrini gətirmişəm”, “Bacı, sənin üçün çox darıxmışam”, “Qardaş, neçə ildir gələ bilmədiyim üçün məni bağışla” demək istəyirdi. Lakin necə deyərlər “sən saydığını say, gör fələk nə sayır”. “Gedib də dönməmək, dönüb də bulmamaq var” deyirlər həm də. Bu kəndin əhalisi illər əvvəl qoyub getdikləri hər şeyi itirdiklərini və bir də heç vaxt əldə edə bilməyəcəklərini bəkə də elə o vaxt, buranı tərk etmək məcburiyyətində qaldıqları gün dərk etmişdilər, lakin bu qədərini heç ağıllarına da gətirməmişdilər.

Kənd camaatı 27 ildən sonra geri dönəndə kənddə evlər, ağaclar olmasa da, quru dərələr, bomboz bozarmış çöllər, suyu qurumuş arxlar, ciddi zədə alsa da, nə yaxşı ki, səkkizguşəli türbə yerində idi. Lakin kəndin qəbiristanlığı daşı-torpağı qarışıq yoxa çıxmışdı. Nəinki qəbiristanlıq və qəbirlər, hətta Qəbristanlıq dərəsi də yoxa çıxmış, yeri düzlənib və əhəglənmişdi. Kənd camaatı da o gündən bəri dərə qarışıq yoxa çıxan qəbiristanlığı axtarır.

Əlbəttə, bu mənzərəni görənlərin ağlına ilk gələn erməni vandalizmi və bu vandalizmin daha nələrə “qadir” olması idi. Lakin bu dəfə məsələ heç də belə deyildi. Bir qədər Məmmədbəyli kəndi və kənd qəbiristanlığının tarixi barədə.

Kənddəki XIV əsrin əvvəllərinə aid səkkizguşəli türbə bu kəndin tarixi köklərinin ən az 7-8 əsr keçmişə söykəndiyinin bildirir. Məmmədbəyli türbəsi adlandırılan bu türbənin üzərindəki yazılardan bəlli olur ki, bu ərazidə yaşayış ən azı XIII əsrin sonlarından mövcud olmuşdur. Kəndin yuxarı hissəsində yerləşən, üzərində Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilən türbə, türbənin içindəki və ətrafındakı məzar daşları buranın qədim yaşayış məskəni olduğunun göstəricisidir. Yaşlı insanlar deyirdilər ki, keçən əsrin 50-ci illərinə kimi bu abidəyə və onun ətrafında olan qəbrlərə yaxınlaşmağa hər adam cürət etməzmiş. Çünki, burada ilanlar çox olarmış və həm də insanlar buraya qeyri-adi yer, ilanların qoruduğu “ocaq” kimi baxırmışlar. Sonralar kənd əhalısinin sayı artdıqca insanlar bu türbənin yaxınlığında da evlər tikməyə başlamış və beləliklə də, ilanlar da tədricən azalaraq yox olmuşlar.

Kəndin yuxarı hissəsindəki bu qədim qəbristanlıqdan başqa, bir də kəndin aşağı hissəsində, nisbətən yaxın keçmişə aid ikinci, əsas qəbiristanlıq var idi. Var idi deyirəm, çünki artıq yoxdur. Hündür dərənin ətəklərindən başlayaraq üzüyuxarı salınmış qəbristanlığın əsasının nə zaman qoyulduğu barədə dəqiq məlumat yox idi. Böyüklüyünə və qəbirlərin köhnəliyinə görə, ehtimal etmək olardı ki, bu qəbiristanlığın da 100 illərlə yaşı var və 1993-cü ilin oktyabrında Məmmədbəyli kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunana qədər bura kənd camaatının əzizlərinin dəfn edildiyi müqəddəs ziyarətgah olmuşdur.

İndi isə qəbiristanlığın nədən yoxa çıxmasının səbəblərini araşdıraq.

Hələ SSRİ dövründə İran və Azərbaycan sərhəddində, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” adlı elektrik stansiyaları tikilməsi haqda danışıqlara başlanılıb. Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşma əsasında elektrik stansiyalarının layihələndirilməsi işi 1982-ci ildə sona çatdırılıb. Uzun müddət aparılmış müzakirələrdən sonra 1991-ci ildə yekun texniki layihə hazırlanıb və 1992-ci ildə tikinti işlərinə başlanılıb. Ancaq ərazilərin ermənilərin nəzarətinə keçməsindən sonra işlər dayandırılıb. Ermənistan KİV-lərinin verdiyi məlumata görə isə İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalamışdır (3). Amma bu məlumat rəsmi təsdiqini tapmayıb.

Araz çayı üzərində elektrik stansiyalarının tikilməsi mövzusu 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə çıxarılıb. 1994-cü ilin 28 iyun - 2 iyul tarixlərində Heydər Əliyevin İrana beş günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanıb (2).

1996-1997-ci illərdən başlayaraq ikitərəfli razılaşma əsasında hər iki hidroqovşaq üzrə müəyyən işlər İranın müvafiq şirkətləri tərəfindən davam etdirilib və 1999-cu ildə inşaat işlərinə başlanılıb. Bəndin tamamlanması 2008-ci ildə baş tutmuş, su anbarının üzərindəki SES isə 2010-cu ildə açılmışdır. İran şirkəti tərəfindən tikintisi başa çatdırılan Xurafərin su anbarı Araz çayının suyu ilə 2010-cu ildə tam doldurulub və Azərbaycanın 1300 hektardan çox ərazisini su altında qoyaraq prosesi yekunlaşdırıb (2).

2016-cı ildə “Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sazişə əsasən Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədilə Birgə Texniki Komissiya yaradılıb. Bu komissiyanın fəaliyyəti üzrə Azərbaycan tərəfindən səlahiyyətli orqan Azərbaycan Energetika Nazirliyi müəyyən edilib. Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrası məqsədilə işçi qrupları yaradılmış və müvafiq istiqamətlər üzrə işlər davam etdirilmişdir.

İkinci Qarabağ müharibəsi zamanı, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməliyyatları nəticəsində Azərbaycan Ordusu Azərbaycanın İranla beynəlxalq səviyyədə tanınan bütün sərhədlərini nəzarətə götürdükdən sonra “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı yeni situasiya yaranıb. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.

Bu il may ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi. Açılış mərasimi təntənəli və uğurlu keçsə də günün sonu İran Prezidenti üçün uğurlu olmadı. İran Prezidenti İbrahim Rəisini geri qaytaran helikopter qəzaya uğradı. Qəzaya uğrayan helikopterin qalıqları hadisədən 12 saat sonra tapıldı. İran Prezidenti ilə birgə xarici işlər naziri Hüseun Əmir-Abdollahian və başqa vəzifəli şəxslər də bu qəzada həlak oldular.

Sual oluna bilər ki, Araz çayı üzərindəki su elektrik stansiyasının bu kəndə və kəndin yoxa çıxan qəbiristanlığına nə aidiyyatı var. Məsələ bundadır ki, qəbiristanlığın yoxa çıxması məhz bu tikinti ilə əlaqədardır. Belə ki, Hələ 1991-1992-ci illərdə tikinti işlərinə başlanılarkən qonşu Havalı və Zərnəli kəndləri ilə yanaşı Məmmədbəyli kəndinin də başqa əraziyə köçürüləcəyi barədə xəbərlər yayılmağa başlamışdı. Köçürülməyə səbəb Araz çayı üzərində tikiləcək bənddən sonra suyun səviyyəsinin qalxacağı və bu ərazilərin su altında qala biləcəyi ehtimalları idi. Hətta o zamanlar bunu eşidən yaşlı kənd sakinləri etiraz edirdilər ki, əgər bu ərazilər su altında qalarsa xəstəlik yayıla bilər. Çünki 1952-1953-cü illərdə bu kənddə epidemioloji xəstəlik yayılıb və bu xəstəlikdən bir neçə adam dünyasını dəyişib. O zaman kənd vəba epidemiyası adı altında karantinə götürülüb və kəndə giriş-çıxış qadağan edilib. Kəndin aşağı hissəsində, çadırlar qurulub və həkim briqadaları bu çadırlarda qalaraq insanların müalicəsini aparıblar. Lakin bu xəstəlik və müalicə barədə də müxtəlif fikirlər mövcuddur. Deyilənə görə hətta xəsəlik filan da olmayıb. Sadəcə kəndin say-seçmə, boy-buxunlu, cüssəli, sağlam adamlarına xəstəlik adı ilə iynə vurub öldürürmüşlər. Meyitləri isə hərbçilər aparıb çalalar qazaraq qüsulsuz-kəfənsiz basdırırlarmış. Kənd sakini Firuzə xanım deyirmiş ki, onun Səyyarə adında çox boy-buxunlu, sağlam, cavan bir bacısı olub. Səyyarəyə peyvənd adı ilə iynə vurulub və bu iynədən sonra heç bir xəstəliyi olmayan bu gənc xanım dünyasını dəyişib. Hətta deyilənə görə kəndin o zamankı feldşeri Xansıvar kişiyə xəstəlik olmadığını iddia etdiyi və bunu sübut edəcəyini söylədiyi üçün zorla iynə vurub öldürüblər. Kənd camaatının Xansıvar kişi deyə haqqında bəhs etdiyi feldşerin o zaman 24 yaşı olub. Deyilənə görə çox savadlı, həlim xarakterli bir insan imiş. Xansıvar kişinin həyat yoldaşı İzafə xanım danışırmış ki, axşam vaxtı həkimlərin onlara gəldiyini görən həyat yoldaşı ona uşağı da götürüb qaçmağını söyləyib. İzafə xanım körpə oğlunu da götüb, pəncərədən çıxaraq qaçıb. Gələn adamlar Xansıvar kişinin əl-qolunu tutub, zorla ona iynə vurub gediblər. Kənd feldşeri bu iynədən sonra gecə rəhmətə gedib. Hərbiçilər ertəsi gün səhər gəlib meyitin qolundan və ayağından yapışıb maşının arxasına atıb aparıblar.

Kənddə Qızdarbəyi adlı bir qadın da olub ki, o hamıdan qoçaq tərpənib. Kənd camaatı deyir ki, bu qadın qapını bağlayaraq iynə vurmaq üçün xüsusi geyimdə onlara gələn həkimləri evə buraxmayıb. Həkimlər evin qapısını zorla açıb evə daxil olanda bu qoçaq qadın saxladığı sopa ilə onları döyüb və qaçaraq ot tayasında gizlənib. Ara sakitləşəndən sonra qadın gizləndiyi yerdən çıxıb və bundan sonra uzun illər də yaşayıb.

Deyilənə görə, hətta o zaman gizli olaraq kəndin camaat qarışıq yandırılması qərara alınıb. Lakin o zamankı SSRİ Ali Sovetinin baş katibi N.S.Xuruşov bir xilaskar olub, bu qərarın həyata keçirilməsini dayandırıb. Belə ki, kənd camaatı inanırdı ki, Xuruşov vertalyotla ta buralara kimi gəlib, komissiyanın işi ilə tanış olub və bundan sonra kəndin yandırılması qərarı ləğv edilib. Beləliklə, bu xəstəliyin təbii yolla yayılan vəba olmadığı müəyyən edilib və xəstəlik də yavaş-yavaş aradan çıxıb.

Bəs bu xəstəlik nə idi, hardan və nədən yaranmışdı soruşanda kənd camaatı belə nəql edir ki, xəstəliyin yayılmasına səbəb Məhəmməd adlı birinin müharıbədən qayıdarkan özü ilə gətirdiyi ampulun içindəki naməlum maddə olub. Belə ki, deyilənə görə, Məhəmməd müharıbədən geri dönərkən özü ilə gətirdiyi şüşə ampuldakı naməlum məhlulu divarın üstündə əldəyməz bir yerdə saxlayırmış. Bir gün həyat yoldaşı təmizlik işləri apararkən bu şüşə yerə düşərək sınıb və içindəki məhlul da ətrafa dağılıb. Bu hadisədən sonra qadın xəstələnib. Xəstəlikdən ilk bu qadın, sonra isə Məhəmməd vəfat edib. Beləliklə, xəstəlik yayılmağa başlayıb. Ozamankı adamlar deyirmişlər ki, o şüşə sınıb dağılan zaman o məhəllədən keçən hər kəs xəstələnib.

Bu yerdə ötən illərdə izlədiyim bir videomaterial yadıma düşür. Videomaterialda keçən əsrin 50-ci illərindən başlayaraq Kremldə “İmam Hüseyn əməliyyatı” adlı gizli bir planın hazırlandığından və bu plana əsasən İmam Hüseyn geninə məxsus xüsusiyyətləri özündə daşıyan mərd, ədalətli, döyüşkən, məğrur və s. müsbət keyfiyyətlərə malik güclü genə sahib olan azərbaycanlıların geninin zəif xarakterli, itaətkar, yaltaq, laqeyid və sairə kimi mənfi keyfiyyətlərə dəyişdirilməsi üçün peyvəndlər aparıldığından bəhs olunurdu. Məmmədbəyli kəndində o zaman baş verənlərin “İmam Hüseyn əməliyyatı” adı altında aparılan peyvədləmə ilə eyni illərə təsadüf etməsi məndə bu kənddəki xəstəlik adı ilə vurulan peyvəndlərin də bəlkə elə “İmam Hüseyn əməliyyatı”-nın tərkib hissəsi olması barədə şübhələr yaratdı. Elə bu şübhələrin izinə düşüb bu mövzu ilə bağlı bir az araşdırma etdim və eyni illərdə Azərbaycanın başqa bölgələrində də vəba və digər xəstəliklərlə əlaqəli peyvəndləmə əməliyyatları ilə bağlı dəhşətlı faktlara rast gəldim.

Tarix üzrə fəlsəfə doktoru Xaliyyəddin Xəlilli “Çarəsiz qalanda insanlığın sığındığı fəlsəfə” kitabında yazır ki, XX əsrin 52-54-cü illərində “Kreml Azərbaycanda həyata keçirdiyi “Gen əməliyytı”nda genetik xəstəliklər kateqoriyasına daxil olan 63 xəstəlik, onun 240 sindromunu bilərəkdən yaydı və heç bir müalicə tədbiri görmədiyindən 4,8 milyon azərbaycanlı məhv edildi” (1).

Elə Xalyəddin müəllimin yuxarıda adı çəkilən kitabından öyrəndim ki, mənim saf kəndçilərimin xilaskar hesab etdikləri Xuruşov bu əməliyyatların başında dururmuş. Xalyəddin Xəlilli yazır: “İ.V.Stalinin ölümü ilə SSRİ-də rejim bir qədər yumşalsa da, N.S.Xuruşovun Azərbaycan xalqının mənəvi dəyərlərinə qibtə və həsədindən doğan nifrəti Azərbaycanda “Gen layihəsi” həyata keçirmiş generallarla, ayrı-ayrı mütəxəssislərlə tez-tez şəxsi fərdi görüşlər keçirərək Azərbaycan xalqına “Genetik hucum”ları sürətləndirməyi tapşırırdı. 1953-cü ilin son altı ayı ərzində Gennadi Nikolayeviç Satarov şəxsən N.S.Xuruşova 12 “Məxfi arayış” yazmışdı. Azərbaycan xalqına “Genetik hucum”ların fəallarından V.V.Qriqoriyevi N.S.Xuruşov 1953-cü il sentyabrın 17-də Kremldə qəbul edir. V.V.Qriqoriyev yazır ki, o, stolun üstündəki mənim hazırladığım kəşfiyyat qovluğuna işarə edərək dedi: - bütün bu yazdıqların, elmi qeydlərin bizim üçün çox vacib məsələdir. Azərbaycana daha nə edə bilərik? O, “gen mutasiya”ları və başqa üsullarla SSRİ Səhiyyə Nazirliyi, MN-nin BKİ-nin sənaye kompleksləri qarşısında Azərbaycan əhslisinin sayını maksimum 2 (iki) milyona endirməyi ciddi bir məsələ kimi qoymuşdu” (1).

Bu acınacaqlı faktlarla tanış olduqdan sonra yenə mövzumuza qayıdaq. Əlbəttə ki, keçən əsrin 50-ci illərində Məmmədbəylı kəndində baş verənlərin düzünü bir Allah, bir də dövlət təhlükəsizlik arxivlərində sovet dövrünə aid qorunan sənədlər bilir.

1991-1992-ci illərdə kəndin köçürülməsi ilə bağlı xəbərlər yayılanda yaşlı insanları narahat edən məsələ məhz, bu ərazilərin su altında qalması ilə torpaq altında ölməyən virusların yenidən baş qaldırma ehtimalının olması idi. Təzə qəbirlər köçürülsə belə, qəbristanlıqda baş daşları olmayan, itib-batmış köhnə qəbirlər olduğu üçün bu çox təhlükəli olar deyirdilər. 32 il əvvəl Qəbristanlıq dərəsini yerli-dibli yox etməyin mümkün olması heç insanların ağlına da gəlmirdi. İndi isə Qəbiristanlıq dərəsi tamamilə yoxa çıxıb. Dəqiq ili bilməsəm də, illər əvvəl, təxminən 2005-2008-ci illər arasında Arazın o tayındakı qohun və tanışlardan Məmmədbəyli kəndinin sakinlərinə qəbirlərin köçürülməsi barədə xəbərlər gəlib. Məmmədbəyli qəbiristanlığındakı bir məzardan qızıl dəbilqə və xəncərin çıxdığı və bu əşyaların Ərdəbildəki muzeyə aparıldığı deyilib. Bir sərkərdəyə məxsus məzardan çıxan əşyaların şəkillərini kənd sakinlərindən çoxu görüblər. Əlbəttə ki, o zamanlar indiki ağıllı telefonlar olmadığı üçün şəkillər MMS vasitəsi ilə göndərilirdi və telefon nəsilləri dəyişdikcə bu şəkillər də heç kimdə qalmayıb. İnternet səhifələrində də bu faktı təsdiq edən məlumata rast gəldim. Vikipediya yazır ki, “İnşaat zamanı bir neçə Tunc dövrünə aid yer, o cümlədən Sak-İskit döyüşçüsünün qəbri tapılmışdır”(2). Vikipediyadakı bu məlumatın kənd camaatının dedikləri ilə uyğun gəlməsi bizə həm də onu deyir ki, bu kəndin və onun qəbiristanlığının tarixi biz düşündüyümüzdən də çox-çox qədimmiş. Çünki tarixdən bizə məlumdur ki, Tunc dövrü e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmiş, İskit dövlətinin süqutu isə qot tayfalarının hücumu nəticəsində III əsrin 2-ci yarısında baş vermişdir (7).

Vikipediyadakı eyni mənbə yazır: “Su anbarının tikintisi nəticəsində CəbrayılZəngilan rayonlarının bir çox kəndləri və onların əraziləri su altında qalmışdır. Çayın kənarı boyu uzanan dəmir yolu və Bakı-Zəngilan şose yolu da anbarın ərazisində suyun altında qalmışdır” (2).

Haqqında bəhs etdiyimiz Məmmədbəyli kəndi Bakı-Zəngilan şose yolunun üstündəki kəndlərdən biridir və yuxarıda da qeyd etmişdik ki, su anbarlarının tikintisi nəticəsində 1300 hektardan çox ərazi su altında qlmışdır.

Göründüyü kimi araşdırmalar göstərir ki, işğaldan azad edilmiş digər ərazilərdən fərqli olaraq Məmmədbəyli qəbristanlığını erməni vandalizmi yoxa çıxarmayıb. İnsafən deyək ki, bu mənfurların gücü ancaq dağıtmağa, talamağa çatır, ta Qəbiristanlıq dərəsini yerli-dibli yoxa çıxmağa yox. Aydın məsələdir ki, qəbristanlıq tikintini aparan İran şirkəti tərəfindən köçürdülüb. Amma necə? Hara? Bu barədə isə heç bir məumat yoxdur.

Əlbəttə, Araz çayı üzərində tikilmiş hidroqovşaq və su elektrik stansiyaları ölkəmiz üçün və ətraf ərazılərin inkişafı üçün çox müsbət hadisədir. Belə ki, rəsmi məlumatlara görə, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 meqavat olan “Xudafərin” və 40 meqavat olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq. Eyni zamanda, bu layihə çərçivəsində vətəndaşlar üçün 40 mindən çox iş yeri yaradılır. Bu da, təbii ki, bölgədəki insanların həyatlarının iqtisadi cəhətdən yaxşılaşmasına töhfə verəcəkdir.

İki ölkənin siyasi və əməkdaşlıq iradəsinin göstəricisi olan bu layihə regional əməkdaşlıq əlaqələrinin genişlənməsinə də xidmət edəcək. Layihə həmçinin Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən sayılır.

Ölkə prezidenti İlham Əliyevin sözləri ilə desək: “Göründüyü kimi, “Xudafərin” və “Qız Qalası” ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür” (4).

Deməli, hər şey yaxşıdır, qalır bircə qəbristanlığın daşındığı yeri tapmaq. Kənd işğaldan azad edildikdən sonra kəndə gedən sakinlər yaxın ətrafda heç bir izə rast gələ, rəsmi idarələrdən isə heç bir məlumat ala bilmirlər.

Oktyabrın 20-si Məmmədbəyli kəndinin işğaldan azad edilməsinin 4-cü ili tamam olur. Bu 4 ildə də xeyli dəyişiklik olub. İndi Qəbiristanlıq dərəsinin əhənglənmiş yeri də artıq yoxdur. Çünki Araz çayı üzərindəki su anbarlarına yığılan su artdıqca bu ərazı də artıq suyun altında qalıb.

“Su aydınlıqdır” deyirlər. Su aydınlıq olsa da, bu su məsələsində Məmmədbəyli camaatı üçün aydın olmayan, qaranlıq qalan çox məsələlər var. Məsələn, qəbristanlıq hara daşınıb, daşınılan yer niyə əhalidən gizlədilir və sairə. Suyun aydınlığı altında qaranlıq qalan, aydın olmayan məsələlərdən biri də kənd camaatının geri qayıtması üçün yeni salınacaq Məmmədbəyli kəndinin yeridir. Havalı və Zərnəli kəndlərini su altında qoyan Araz indi Məmmədbəyli kəndində Həkəri ilə birləşərək elə bu kəndin ərazisinin də bir hissəsini bol sularının altında qoyublar. Suyun kəndə doğru qalxması prosesi davam edir və kəndin daha çox hissəsinin su altında qalacağı söylənilir. Yeddi əsr yaşı olan Məmmədbəyli türbəsinin sudan zərər görməməsi üçün abidənin ətrafında bədləmə işlərinin aparıldığı deyilir.

Əkin sahələrinin və yaşayış yerlərinin su altında qalması ilə əlaqədar olaraq yeni kəndin Məmmədbəyli kəndinin ərazi vahidinə daxil olan, su basma ehtimalı olmayan daha hündür ərazilərdə salınacağı, hətta işğaldan əvvəl Məmmədbəyli kolxozunun kökəltmə birliyi yerləşən ərazidə salınacağı deyilsə də, son aylarda yayılan məlumata görə, Məmmədbəyli əhalisini köçürmək üçün Məmmədbəyli kəndindən iki kənd yuxarıda, yəni Babaylı və Ağalı kəndlərindən sonra, Qubadlı rayonuna gedən yolda, Həkəri çayının qollarından birinin kənarında yeni kənd tıkilir. Suyun aydınlığı altında aydın olmayan bir məsələ daha. Niyə Məmmədbəyli kəndi öz qədim ərazisindən çox-çox uzaqda tikilir? Niyə bu qərar alınarkən kənd camaatına kəndin yeni yeri haqqında heç bir məlumat verilməyib? Niyə kənd camaatının fikri ilə heç maraqlanmayıblar? Və sairə.

İndi kənd camaatı sosial şəbəkələrdə bu suallara cavab axtarırlar. Onlar deyirlər ki, düzdür kəndin salındığı yeni ərazi çay kənarında, yaşıllıqlar qoynunda, gözəl yerdə olsa da, o bizim kənd deyil axı. Axı yeni kəndin salınması üçün Məmmədbəyli kəndində və Məmmədbəyli kolxozunun sahəsinə aid, su basma ehrimalı olmayan hələ çox ərazi var. Dədə-babalarımızın goru sözün əsl mənasında çatlasa da, əvvəlki kəndimiz, əvvəlki evlərimiz olmasa da, heç olmasa başımızı qaldırıb ətrafa baxanda dədə-babalarımızdan bizə miras qalmış torpaqları görə biləydik. Ətrafa baxanda dədə-babalarımızın yadigarı günbəzimizi (Məmmədbəyli türbəsini), Kumqayamızı, Sarıtəpəmizi görməyəcəyiksə, uşaqlıq xatirələrimizın izi olan dərələri, təpələri seyr etməyəcəyiksə, gözümüzü uzaqlara dikəndə baxışlarımızın qarşısını Arazın o tayındakı dağlar kəsməyəcəksə, üzümüzü Həkəriyə çevirəndə gözümüzə Şəhri-Şərifan dəyməyəcəksə, ta bunun harası bizim kənd oldu. İndi biz necə deyək ki, “O kənd bizim kəndimizdi.”

Son zamanlar qeyri-rəsmi yayılan xəbərlərə görə təxminən bir ilə Məmmədbəyli kəndinin əhalisi məcburi köçkün həyatına son qoyub, geri dönəcək. Ancaq təəssüf ki, öz doğma yurdlarına deyil, başqa ərazidə salınmış eyni adlı kəndə. Kənd camaatının çoxu buna inanmaq istəməsədə, ancaq “od olmasa tüstü çlxmaz” deyirlər. Əgər bu “çıxan tüstünün odu görünərsə”, deməli, nə yüz illərldən bəri bizə gəlib çıxan yurd yerləri, nə əvvəlki adlar, nə əvvəlki məhəllələr, nə əvvəlki bağ-bağça, nə əvvəlki evlər, nə əvvəlki qəbiristanlıq, nə də əvvəlki mənzərə olacaq. Mənim də bu yazını yazmaqda məqsədim qədim Məmmədbəyli, onun artıq tarixin arxivlərinə gömülmüş qədim qəbiristanlığı və bu kəndin başına gələnlərin bir qisminin tarixdə qalması idi. Axı, o kənd bizim kəndimizdi.

İstifadə edilmiş ədəbiyyat:

1. Xəlilli X. “Çarəsiz qalanda insanlığın sığındığı fəlsəfə”. Bakı.2023

2. https://az.wikipedia.org/wiki/%22Xudaf%C9%99rin%22_su_anbar%C4%B1

3.https://az.wikipedia.org/wiki/%22Q%C4%B1z_qalas%C4%B1%22_su_anbar%C4%B1

4. https://president.az/az/articles/view/65901

5. https://musavat.com/news/xudanin-da-aferin-dediyi-layihe-nece-heyata-kecirildi_746342.html

6. https://gundemxeber.az/olke/cemiyyet/72493-ran-ve-azerbaycan-araz-cayi-uzerinde-elektrik-stansiyalarinin-tikintisini-davam-etdirir.html

7.https://kayzen.az/blog/q%C9%99dim-%C5%9E%C9%99rq/21723/iskit-d%C3%B6vl%C9%99tl%C9%99ri.html

Asya Əhmədova

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı

Digər xəbərlər